Sevgi kimi
füsunkar
REJİSSOR
ABDUL QƏNİNİN "ASILQAN" TAMAŞASINDAN
TƏƏSSÜRAT
Beynimdəki fikir fırtınasından
asılı vəziyyətdə
şəhərin mərkəzi
küçələri ilə
irəliləyirəm: "Hamımız asılıyıq
bu həyatda... Deyilmi?", "Qəhərlənmişəm
çox...", "Nə
gözəl allı-güllü
geyinmisiz, gəlin, yanımda əyləşin",
"Mən səni gözəl olduğun üçün deyil, çətin olduğun üçün sevdim...
", "Tamaşanın əhvalı
gözəldir...", "Mən əvəzdən də baxarsınız",
"Abdulun "Asılqan"
tamaşası olacaq, gələrsən"... İlk baxışdan təzadlı
görünən bu fikirləri ayrı-ayrı
zaman və məkan kəsiyində fərqli insanlardan eşitmişdim.
Amma bu emosional vəziyyətlərin hər
biri "Asılqan"la
bağlıydı.
Rejissor
Abdul Qəninin "Asılqan"
tamaşasını deyirəm.
Mövsümün bağlandığı
dönəmdə teatralları
Kukla Teatrının binasındakı 5 cərgəlik
çardaq-zala - Yuğ
Teatrına cəm edən, isti yay günlərində tamaşaçını
nəfəs çəkmədən
iki adamlıq səhnəyə kilidləyən
tamaşadan danışıram.
Tamaşanın səs-sorağını
premyeradan dərhal sonra dost-tanışın
paylaşımlarından izləmişdim:
-Necə tamaşa idi?
- Əhvalı gözəldir.
Bəyənəcəksən.
- Hə... Mütləq izləyəcəm. Lalə
xanım dəvət etmişdi: "...Günel,
iyulun 8-də Yuğa gələrsən. Abdulun
yeni tamaşası olacaq
- "Asılqan".
Abdul müəllimlə dialoqumuzdan:
- Bəs niyə "Asılqan"?
- Anarın "Asılqanda işləyən qadının
söhbəti" hekayəsinin
motivləri təkan verib tamaşaya... Burada dostlarımız İlqar Kamilin esseləri, Bahar Zamanın şeiri də var... Sonra Xəlil Cübran, Eliot, Nazim Hikmət...
Onlar mənim, Səməd Mənsur da pyesi işləyəndə
Lalənin zavalına gəlib...
Lalə
demişkən, Lalə
Əliyeva həm rejissor Abdul Qəninin ömür-gün yoldaşı,
həm də yuxarıda adları sadalanan müəlliflərin
əsərlərindən seçilmiş
parçaları mozaik
halda birləşdirərək
pyesə çevirən
müəllifdir. Bir sözlə,
"Asılqan" Abdul Qəni-Lalə
Əliyeva cütlüyünün
yaradıcılıq emalatxanasında
ərsəyə gələn
məhsuldur. Və bu məqamda etiraf etmədən keçə bilmirəm
ki, onlar incəsənət
cameəsində duruşu,
istedadı, birgə addımlarıyla seçilən
ən sevdiyim cütlükdür.
Lalə
xanımın göndərdiyi
afişanın fotosuna
baxıram. Demək,
"Asılqan"nın səhnəsində
Elşən Əsgərov-Ləman
Mərrix cütlüyü
tüğyan edəcək.
Aktyor Elşən Əsgərovun plastikasına
serialda və teatrda yaratdığı obrazlardan bələdəm.
Özünəməxsus duruşu
olan xarizmatik aktyordur. Ləman Mərrix isə sosial şəbəkələrdə
zərafətli şeir
ifaları ilə çoxdan diqqətimi çəkib. Hə, bir də baxışlarındakı
sehrlə. Mənə
görə, gözəl
qadın obrazı bir az sirli-sehirli,
tapmaca kimi olmalı...
Kukla Teatrının pillələrini
tələsə-tələsə qalxanda bu iki
maraqlı insanın tandemini izləmək üçün səbirsizlənirəm.
Foyedə xeyli adam toplaşdığına
görə tamaşa anşlaqla keçməlidir.
Gələnlərin arasında
sənət dünyasından
olanlar da var. Amma həmişəkindən
fərqli olaraq bu dəfə hamı uşaqsız gəlib. Məkan Kukla Teatrı olsa da... Vədə yetişəndə
Yuğ Teatrının
işığına toplaşanlar
ikinci mərtəbəyə
qalxır. Zala ən son daxil olanlar mən və aktyor Qurban Məsimovdur. 5 cərgəlik kiçik zal doludur. Harada oturacağımı düşünəndə
sevimli aktrisamız Gülzar Qurbanova səslənir: "Gəlin
yanıma. Nə gözəl allı-güllü
geyinmisiz. Gül-çiçəklilər
bir yerdə əyləşməlidir..." Gülzar xanımla yanaşı oturacağımdan
məmnun halda yenicə yerimi rahatlamışdım ki, düz
qarşımda, cərgələrin
arasına pərçim
edilmiş oturacaqda Seyhanı görürəm.
Lalə xanımla
Abdul müəllimin sevimli
qızıdır. Özü
də Türkiyədən
atasının tamaşasını
izləmək üçün
gəlib. Düşünürəm
ki, zaldakı ən diqqətli və həyəcanlı tamaşaçı
da elə o olacaq. Arxa sıradan gələn tanış səs məni fikrimdən ayırır:
- Xoş gördük, Günel xanım.
Geri boylanıram. Abdul müəllimin
mehriban siması məni salamlayır:
- Xoş gördük. Səhərdən gözüm
sizi gəzirdi. Nə yaxşı yerdə əyləşmişəm.
Düz rejissor pultunun qarşısında.
Uğurlar!
- Minnətdaram.
Mənə soruşsalar, ən
maraqlı məqamlar səhnə arxasında baş verir. Və bu gün
şansıma tamaşanı
iki xətt üzrə izləmək düşüb. Həm səhnədə baş verənlərə tamaşa
edərək, həm də səs pultunun yanında, düz başımın üstündə dayanan rejissorun asta, lakin hökmlü replikalarını dinləyərək:
- İşığı azalt.
Musiqi.
Qadın:
Bu nədir e, birinin paltosunda asqısı yox, birinin düyməsi
qırıq, birinin cibi sökülüb...
Kişi:
Hm. Asılqan maraqlı
yerdir...
Və beləcə gözümüzün
qarşısında rəngarəng
"Asılqan" canlanır.
İlk baxışdan yazıçı
Anarın hekayəsidir.
Retro musiqi fonunda klassik tərzdə başlayır. Rejissor bu həmləylə tamaşaçını çaşdırır.
Və bir də baxırsan ki, gah gərilən, gah açılan
dramaturgiyanın ağuşundasan
e... Şeiriyyətdən İlqar
Kamilin ibrətamiz essesinə, essedən
dialoqlara bir balıq misalı rahatca üzüb keçirik. Diqqət edirəm, ayrı-ayrı müstəqil dramaturji materialların bir-birinə
ustalıqla "tikilməsi"
müəllifin uğurundan
xəbər verir. Getdikcə qəlizləşən
və bizi "Bundan sonra nə
olacaq?" təlaşıyla
ardınca aparan hadisəli əhvalatlar eynən rus nağıllarındakı matroşkalar
kimi bir-birinin içindən çıxır.
Baxırsan ki, ölçsən,
beşcə addımlıq
səhnədir. 5 addım
o yana, 5 addım bu yana və
səhnə bitir. Dekor isə asılqandan asılmış
paltolar. Amma rejissor kiçicik səhnənin
hər santimetrini elə uğurla dəyərləndirib, mizanlar
elə dəqiq və maraqlı təqdimatda qurulub ki, sanki səhnə getdikcə böyüyür,
müxtəlif dövrlərin
xiti olan zövqlü musiqilərin
müşayiəti ilə
ayrı-ayrı zaman və
məkan kəsiklərinə
düşürük. Çoxqatlı
rejissor işi tamaşaçını reallıqdan
qoparıb qəhrəmanların
təhtəlşüurundakı travmaları göstərir.
Gah romantik cütlüyün
saf eşqini izləyirik, gah ata-oğulun
təsirli epizoduna şahidlik edirik, gah da xəyanətin "təntənəsi"nə...
Və hər əhvalatın bizləri silkələyən bir sonluğu, düşündürən
mesajı var. Rejissorun
pçıltıyla havaya
buraxdığı replika
qulağımdan yayınmır:
- Bu yerdə asta... Yavaşca...
Səhnədəki aktyorlar qatarın
içində qucaqlaşırlar:
- Pəncərələr gözləmək,
qapılar dönmək
üçündür...
- Qanunlar pozulmaq üçün, savaşlar
yenmək üçündür...
- Sözlər tanıtmırsa
bizi, gözlər görünmək üçündür...
- Şeir ruhun ana dili...
-
Şeir, sərxoşluqdur, şair. Şeir bəzən ölmək, bəzən dirilmək üçündür...
Görünən o ki, bir saatdan çox müddətdə
səhnədə cəmi
iki aktyor var. Amma bu iki nəfər
elə gözlərimizin
qarşısındaca ilan
kimi qabıq dəyişdirir, buqələmun
kimi rəngdən-rəngə
düşür, cilddən-cildə
girir. Və zaman keçdikcə tamaşaçı
inanır, inanır
ki, səhnədə iki
yox, dörd, dörd yox, 6, 6 yox, 10 aktyor var. Özü də bir-birindən yaşına,
başına, danışıq
tərzinə, hətta
geyiminə görə
fərqlənən...
Həmişə deyirəm, böyük
həqiqətlər kiçik
detallarda gizli... Rejissor hadisələri bizə xırda simvolik detallarla, bəzən sözsüz səhnələrlə
çatdırır. Məsələn,
aktrisa bircə üst geyimini dəyişməklə necə
kişi obrazını
yarada bilərmiş. Sən demə, geyimlərimiz barəmizdə
bizdən çox informasiya verirmiş, təkcə tərzimizi deyil, həm də xarakterimizi yaradırmış... Mənə
görə, Elşən-Ləman
tandeminin oyunundakı
gah coşan, gah yerlərdə
sürünən plastikanı
izləmək həqiqətən
həyəcanvericidir. Hətta
emosional səhnələrdən
birində Elşənin
bıçaqla barmağını
yaralaması da maraqla qarşılanır. Bu məqam
diqqətli rejissorun da
nəzərindən yayınmır.
Ki, tamaşa alqış
yağışının müşayiəti ilə
bitəndə Abdul müəllim
səhnəyə çıxıb
ifaçıları qucaqlayır
və Elşənin yaralı barmağını
da vurğulamağı unutmur.
İkibir-üçbir zaldan çıxırıq. Hamı
kədərli finalın
abu-havasında. Mənim
gözlərim ən həyəcanlı tamaşaçını
- Seyhanı axtarır.
Düşündüyüm kimidir:
- Necəsən, Seyhancan?
- Qəhərlənmişəm...
- Nə düşünürsən
atanın tamaşası
barədə?
- Tamaşaya baxdıqca fərqli-fərqli emosiyalar
yaşadım. Sonda isə çox kövrəldim. Bu mənim
üçün önəmli
idi. Məncə, əsl tamaşa insanda iz buraxmalıdır.
Yeni sezonda da lazım olsa, hər ay bilet alıb, Azərbaycana uçmağa
hazıram... Sırf bu sənət əsərini təkrar-təkrar
izləyə bilmək
və bu hissləri yaşamaq üçün...
Seyhan haqlı. Əslində tamaşa mənə də mozaikanı xatırladır. Burada insanın həyatı boyu yaşadığı
bütün önəmli
hisslərdən bir rəng payı var. Elə ona görə
də İlqar abi - tamaşada sözü gedən esselərin müəllifi,
qürbətdə yaşayan
yazıçımız İlqar
Kamil yazanda ki mən əvəzdən də baxdınmı, bacı, necə idi, dedim:
- Abi, baxdım... Həyat kimi qarışıq. Ölüm kimi real. Sevgi kimi füsunkar.
Düzü, nə tamaşanın
süjet xəttindən,
nə də asılqan sözünün
yaratdığı assosasiyalardan
yazmaq istəmirəm.
Min dəfə eşitməkdənsə,
yeni sezonda gedib baxmaq yaxşıdır...
Asılqanla bağlı
ən yaxşı fikri tamaşadan sonra elə rejissor özü pıçıldamışdı:
- Hamımız asılıyıq
bu həyatda, deyilmi?..
Bəli,
cənab rejissor, çox vaxt nələrdənsə, bəzən
kimlərdənsə eynən
paltarlar asılqandan asılıb qaldığı
kimi, bizim də iplərimiz asılı...
- Bəs bu qədər
əsəri qarışdırmaq
rejissor kimi sizə çətinlik yaratmadı ki, Abdul müəllim?
- Yox. Mən həmişə
çətini seçirəm.
Özümdən asılı
olmadan!
...Dənizkənarı bulvardayam.
Paradoksa bax ki, az öncə asılqansız Yuğ Teatrında "Asılqan"ı
izlədik və Kukla Teatrının küncünə qısılmış
teatrın kiçik səhnəsində yaşanan
böyük eşq acısı içimizi alovlandırdı və inandırdı, inandırdı
ki, tamaşada səslənən
etiraf əslində
real həyatımızın acı həqiqətidir:
"Mən səni gözəl olduğun üçün deyil, çətin olduğun üçün sevdim..."
Bəli, əfəndim,
doğrudan da insan xisləti belə ki, həmişə çətin
olanı seçir. Və elə bu anda dənizkənarında
üz-üzə gəldiyim
Müslümün heykəli
əllərini səmaya
uzadıb içimdəki
monoloqu Şeyxin mübarək misraları ilə tamamlayır:
Hər gecəm oldu kədər, qüssə,
fəlakət sənsiz,
Hər nəfəs çəkdim,
hədər getdi o saət sənsiz!
Günel MEHRİ
525-ci qəzet.-
2023.- 29 iyul.- S.21.