Yaralı bala kirpi
Səhər obaşdan kirpi,
balalarını yuxudan
oyadıb:
- Çıxıram sizə
yem dalınca. Görüm ilandan-çayandan nə tapıram. Mən qayıdıb gəlincə
yuvadan çıxmayın,
-deyərək getdi.
Kirpinin sözə
baxmayan balası Höcətbala deyilənləri
qulaqardına vurdu. Yuvadan çıxıb
üz tutdu yaxınlıqdakı təpəyə.
Bir az
gəzib-dolandı. Daşlıqdan
keçərkən ehtiyatsızlıq
üzündən bir daş çarpanağı
onun ayağını yaraladı...
Ayağı bərk ağrıdığından
Höcətbala artıq
yeriyə bilmirdi. O, yaxınlıqdan
ötüb keçən
dovşanı görüb
səslədi:
- Dovşan, ay dovşan, ayağımı daş yaralayıb. Məni belinə götürüb
həkimə çatdıra
bilərsənmi?
Dovşan başını tərpətməklə
razılığını bildirdi və ona yaxınlaşdı. Bala kirpi
belinə minməyi ilə dovşanın çığırmağı bir oldu. Həyəcanla: - Düş
belimdən, düş
belimdən, Tikanın
belimi deşdi! - dedi və oradan uzaqlaşdı.
Aradan bir az keçmişdi ki, bir tülkü göründü. Höcətbala ufuldaya-ufuldaya tülkünü çağırdı:
- Tülkü lələ, ayağımı yaralamışam,
məni həkimə çatdıra bilərsənmi?
Tülkü Höcətbalanı belinə
götürmək istədi. Ancaq tikanlar onun da
belinə sancıldığından
tezcə sıpıxıb getdi...
Höcətbalanın ayağının
ağrıları anbaan
artırdı.Birdən yolla
keçib gedən qurdu görüb əlacsız halda zarımağa başladı:
- Ay qurd baba, ayağım
əzilib, bərk ağrıyır. Məni həkimə
çatdıra bilərsənmi?
Qurd dayanıb
Höcətbalanı başdan-ayağa
süzdü. Gördü ki, yeriyə
bilmir. Nə fikirləşdisə, razılaşdı. İstədi ki, Höcətbalanı belinə götürsün.
Bu zaman hiss etdi ki, dərisinə nəsə sancıldı...
O da dovşan və tülkü kimi başını aşağı salıb Höcətbaladan aralaşdı...
Kirpi tamam taqətdən düşmüşdü. Daha yeriyə
bilmirdi. Bir az keçmişdi ki, uzaqdan gələn anasını
görüb sevincək
oldu.
Anası
Höcətbalanı belinə
götürüb, yolboyu
onu tənbeh edə-edə həkimə
çatdırdı...
KÜRT
ALABAXTA
Babamla bağçada işləyirdik. Birdən ağacların arasından bir alabaxta vurulmuş kimi şappıltı ilə yerə düşdü. Cəld cumub quşu tutdum. O yan-bu yanına nə qədər diqqətlə baxdımsa, nə qıçında, nə də qanadında bir zədə tapmadım. Bəs görəsən quş niyə uça bilmirdi?..
Alabaxtanı babama göstərdim. O da quşu diqqətlə nəzərdən keçirdi. Sonra gülümsəyə-gülümsəyə sözə başladı:
- Bilirsənmi, bala. Bu quş nə müddətmiş ki, yuvada kürt yatırmış. Yumurtanın üstündən təzəcə qalxıb. Uzun müddət yatdığına görə qıçı da, qanadı da uyuşubdur. Buraxaq getsin. Bir azdan uyuşuğu açılacaq. Quşu bağçaya buraxdıq. Qanadını şappıldada-şappıldada ağacların dibində xeyli gəzib-dolandı. Sonra yavaş-yavaş havaya qalxdı...
Ələsgər
ƏLİOĞLU
525-ci qəzet.- 2023.- 1 iyun.- S.14.