Mərvə Dizdar
gerçəkliyi: mükafatdan sonrakı
qınaqlar
Bu qarışıq, səs-küylü
gündəmin içərisində
mədəniyyət adına gözəl hadisələr də olur. Məsələn, türkiyəli tanınmış
aktrisa Mərvə Dizdarın 76-cı Kann
Film Festivalında "Ən
yaxşı aktrisa"
seçilməsi...
Məşhur rejissor Nuri Bilge Ceylanın "Quru otlar üstündə"
filmindəki roluna görə kino dünyasının ən
mötəbər mükafatına
layiq görülən
Mərvə, Kannda fərqlənən ilk türk
qadın aktrisadır. Ona görə
də fikrimcə, onun bu uğuru
təkcə Türkiyənin
deyil, bütünlükdə
Türk dünyasının
uğurudur.
Təəssüf ki, bütün uğurlar, bütün qələbələr kimi
bu uğur da tənqidlərdən, qaralamalardan yayına bilmədi. Bu dəfə
bəziləri Mərvənin
Kanndakı nitqini hədəf aldı.
Belə ki, M.Dizdar mükafatını
alarkən filmdə yaratdığı xarakterin
və başına gələnlərin yaşadığı
ölkə üçün
elə də yad olmadığını
deyərək bu mükafatı əzilən
qadınlara ərməğan
etdiyini bildirdi: "Filmdə canlandırdığım
Nuray xarakteri inandığı şeylər
və varlığı
üçün mübarizə
aparan və bu uğurda bədəllər ödəməyə
məcbur qoyulan bir qadındır. Onu tanımaq və anlamaq üçün uzun-uzun çalışmaq
istərdim.
Amma təəssüf
ki, yaşadığım
coğrafiyada bir qadın olmaq, Nurayın və Nurayların duyğusunu doğulduğum gündən
bəri əzbər bilməyimi zərurətə
çevirir. Bu ödülü
ona layiq görülənlərə boyun
əyməyib etiraz edən, bu uğurda
hər şeyi gözə alan
və nə olursa olsun, ümid
etməkdən vaz keçməyən bütün
bacılarım və
Türkiyədə haqqı
olan gözəl günləri yaşamağı
gözləyən bütün
mübariz ruhlara ərməğan edirəm".
Aktrisanın Türkiyəni "yaşadığım
coğrafiya" adlandırması
və bir növ türk qadınlarının bu ölkədə dəyər
görmədiyi kimi mənalandırılan cümlələri
başda sənətçi
dostları olmaqla çoxlarının hiddətinə
səbəb oldu. Etirazçıların bəziləri onun bu sözləri Fransa kimi tarix
boyu digər xalqlara qarşı çox haqsızlıqlar
törətmiş bir
Avropa ölkəsində
söyləməsini daha
çox tənqid etdi. Onların fikrincə, Mərvə
bir türk filmində əzilən türk qadınını
oynaya, bununla dünyaya çıxa, hətta dünya miqyaslı ödül qazana bilər, amma oynadığı bu xarakterin Türkiyədə
var olduğunu söyləyə bilməz.
Yəni Mərvə Dizdar bir "xəyal ürünü"mü canlandırıb?!
Absurddur!
Hətta
bütün məsuliyyəti
ilə deyə bilərəm ki, bu etirazçıların
çox az
qismində vətən,
vətəndaş, xalq
təəssübü var. Onlar
bu təəssübkeşliyin
arxasında özlərinin
paxıl və xəbis simalarını gizləmək məqsədi
güdürlər.
İstər Türkiyənin "Yeşilçam" filmlərində, istərsə də son 20-30 ildə bütün dünyaya çıxan, dünyanın az qala hər yerində yayımlanan və buna görə də durmadan istehsal edilən türk seriallarının 10-dan 9-da məhz türk qadınının əzilməsi, fiziki, mənəvi istismar edilməsi, xor görülməsi, kölə kimi alınıb-satılması, nəslindəki, həyatındakı bütün kişilər tərəfindən səsinin boğulması kimi mövzular işlənir. Nə hikmətdirsə, həmin ekran işləri Türkiyədə nə o seriallarda oynayıb pul, şan-şöhrət qazanan sənətçilər, nə də gününün çoxunu onlara baxmaqla keçirən tamaşaçılar tərəfindən etiraz görməyib. Kimsənin, "bu cür filmlər, seriallar ölkəmizin imicinə zərbə vurur" fikri ağlına da gəlməyib. Bu filmlər, seriallar cəmiyyətdə daha çox marağa səbəb olub, o maraq yarandıqca daha çox çəkilib, daha çox pullar qazandırıb və nəhayətində, dünyanın bir çox ölkəsinə ixrac edilib. Hətta bununla o serialların rejissorları, sənətçiləri və tamaşaçıları qürur da duyub. Heç kim "ölkəmiz aşağılandı, pis təqdim olundu" deməyib. Ancaq içlərindən biri həmin obrazlardan birinə görə mükafat alıb həqiqəti söylərkən oldu "xalq düşməni". Bu situasiyada səmimiyyətdən, vətən təəssübündən söhbət gedə bilərmi? Fikrimcə, yox!
Mərvə Dizdar çox istedadlı, peşəkar və səmimi
aktrisadır. Bu mükafat onun
tam haqqı idi və
arxasında nələrin olmasından asılı olmayaraq, haqqını aldı. Sadəcə, o, nitqində qadınların gördüyü
zülmü təkcə Türkiyə ilə
məhdudlaşdırmamalı, bütün
dünyaya şamil etməli
idi. Axı bu həyata
qadın kimi gəlmək dünyanın çox yerində ömür
boyu çətinliklər, müsibətlər
yaşamaq deməkdir!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 1 iyun.- S.13.