Ermənistan cəmiyyəti sülh şəraitində
yaşaya bilmir
SÜLHÜN
ƏLDƏ EDİLMƏSİNƏ KİMLƏR MANE OLUR?
Müdriklər
deyiblər: "Yola işıq saçan da, yolu zülmətə
qərq edən də insanın məqsədidir". Belə görünür ki, erməni siyasətçilərin,
dövlət rəsmilərinin və din xadimlərinin əsas
məqsədi öz xalqının yolunu zülmətə
doğru yönəltməkdir. Təəssüf
ki, havadarları da bu işdə onlara dəstəkçi
rolunda çıxış edirlər.
Mülki insanlar və humanitar yüklərin
daşınması üçün həmişə
açıq olan Laçın-Xankəndi yolu
"bağlıdır" deyən Ermənistan rəhbərliyinin
və bəzi dövlətlərin rəsmilərinin əsl məqsədi
nədir? Azərbaycanın
Qarabağ bölgəsində yaşayan 20-25 min erməni əsilli
əhalinin humanitar fəlakət qarşısında qalması
barədə 2021-ci il dekabrın 12-dən
bəri uydurulan və ləyaqət hissini itirmiş bəzi
"jurnalistlər" tərəfindən geninə-boluna
tirajlanan davamlı erməni nağıllarının
yaradılması prosesi son vaxtlar daha da intensivləşmişdir.
Bu nağılların uydurulmasında və
yayılmasında bəzi dövlətlərin rəsmiləri,
həmçinin "ictimai və siyasi xadimlər" də
xüsusi canfəşanlıq göstərirlər.
Ermənistan rəhbərliyi də hər dəfə
fürsət düşəndə beynəlxalq kürsülərdən
Laçın yolunun bağlı olması barədə cəfəng
fikir səsləndirirlər. Sonuncu dəfə
mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi
Şurasının iclasında da erməni baş nazir Nikol
Paşinyan növbəti dəfə Laçın dəhlizinin
bağlı olması barədə yalan
danışmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev həmin iclasda müdrik diplomatik səriştə
nümayiş etdirdi və qarşı tərəfin
ittihamını rədd edərək, Laçın-Xankəndi
yolunun açıq olduğunu bir daha bəyan etdi və əlavə
mesajlarını da lazımi ünvanlara çatdırdı:
"Sizin tanıdığınız Ermənistan - Azərbaycan
sərhədində bütün beynəlxalq normalara uyğun
olaraq nəzarət-buraxılış məntəqəsi
qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi
Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda
yerləşir. Bu gün həmin nəzarət-buraxılış
məntəqəsindən erməni millətindən olan Azərbaycan
vətəndaşları və Xankəndi şəhərindən
təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu
görməlidir".
Təəssüf
ki, bu məsələdə qərəzsiz ola
bilməyənlər təkcə Ermənistan rəhbərliyi
və digər rəsmi şəxsləri deyildir. Onların havadarları da bəlli həqiqəti ya
görmürlər, ya da görmək istəmirlər. Azərbaycan öz suveren ərazisində
bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış
məntəqəsi qurub. Qərəzsiz hər
bir insana bəllidir ki, dağlıq hissəsi də daxil
olmaqla, Qarabağ bölgəsi beynəlxalq qanunvericiliklə
Azərbaycan ərazisi kimi tanınır. Ermənistanın
Baş naziri Nikol Paşinyan özü də dəfələrlə
bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6
min kvadrat km-lik ərazi bütövlüyünü
tanıyıb və bu əraziyə Dağlıq Qarabağ da
daxildir. Dünya dövlətləri də bilir ki,
keçmiş SSRİ vaxtında Azərbaycanın ərazisi,
ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
daxil olmaqla, 86.6 min kv.km təşkil etmişdir. Lakin bu faktlar Fransa və bəzi digər dövlətlərin
rəsmi şəxsləri üçün yetərli deyildir.
Onlar özlərini "ermənidən daha
çox erməni" kimi aparır və Qarabağla
bağlı hansısa qaranlıq niyyətlərini həyata
keçirmək üçün revanşizm və separatizm
ideyaları ilə yaşayan separatçı qüvvələrə
hərbi və siyasi dəstək vermək və regionu yeni
müharibəyə sürükləmək niyyətlərindən
əl çəkmək istəmirlər.
Buna görə də Azərbaycan-Ermənistan münasibətlərinə
birtərəfli mövqe nümayiş etdirən dövlətlərin,
xüsusən də hazırda Avropa İttifaqının
(Aİ) sədri olan Fransanın qərəzli mövqeyi Azərbaycan
cəmiyyətində heç cür qəbul edilə bilməz. Üstəlik,
rəsmi Parisin Cənubi Qafqazla bağlı obyektivlikdən
uzaq mövqeyi bütövlükdə Aİ-nın mövqeyi
ilə ziddiyyət təşkil edir. Aİ ən azı
Azərbaycan dövləti ilə Ermənistan arasında hərtərəfli
sülhə nail olmaq üçün tərəflərin
görüşlərinin təşkil edilməsində və
müsbət nəticələrin əldə olunmasında
maraqlı olduğunu göstərir və bunun
üçün müəyyən addımlar atır. Xüsusən də Aİ Şurasının
Prezidenti Şarl Mişelin bu yöndə çabaları
müsbət qarşılanır.
Fransa rəsmilərinin
isə Ermənistanın haqsız mövqeyini müdafiə
etməsi və Azərbaycana qarşı aparılan yalan və
qərəzə əsaslanan
aqressiv siyasətin önündə getməsi, eyni zamanda Ermənistana
öldürücü silahlar ötürmək planı
bölgədə sülhün və sabitliyin təmin edilməsinə
xidmət etmir. Xüsusən də Azərbaycan
və Ermənistan arasında Laçın dövlət sərhədində
nəzarət-buraxılış məntəqəsinin
yaradılmasına münasibətdə Fransa rəsmilərinin
sərgilədikləri mövqe heç bir beynəlxalq qanunla
uzlaşmır. Fransa Prezidenti Emmanuel
Makronun və Fransanın Avropa və xarici işlər naziri
Ketrin Kolonnanın Laçın yolunda qurulmuş nəzarət-buraxılış
məntəqəsinin yaradılmasına etiraz bildirməsi,
(açıq-Nİ) yolun açılmasını və maneəsiz
hərəkətin təmin olunmasını tələb etməsi
təəccüb doğurur. Əvvəlcədən
onların özlərinə də bəllidir ki, bu yol
Qarabağda yaşayan mülki insanlar və humanitar yüklərin
daşınması üçün açıqdır.
Bəs onda sual doğur, Emmanuel Makron və Ketrin Kolonna
daha kimlər və nələr üçün yolun
açıq və maneəsiz saxlanmasını istəyirlər? Axı onlar bilməmiş
deyillər ki, son iki il yarım ərzində 10 noyabr 2020-ci il
tarixli Üçtərəfli bəyanatın müddəalarına
zidd olaraq, həmin yolla Azərbaycan ərazisinə
çoxsaylı cinayətlər törətmiş insanlar
keçirdilər, hələ də Azərbaycan ərazisində
qalmaqda davam edən 10 mindən artıq erməni silahlı
qüvvələri üçün silah-sursat, mina, canlı
qüvvə daşınırdı. Hətta bəzi məlumatlara
görə, Laçın-Xankəndi
yolu ilə uzun illər planlı şəkildə
narkotik vasitələr də daşınırmış və
separatçı rejim və onların rəhbərləri, o
cümlədən, hərbi canilər Arutyunyan, Sərkisyan və
Köçəryan bundan milyonlarla dollar məbləğində
qazanc əldə edirmişlər. Məgər
Fransa rəsmiləri bunları bilmirlər?
İnandırıcı olmasa da belə
çıxır ki, ya Emmanuel Makron və Ketrin Kolonna bu məsələlər
barədə dərin məlumatlı deyillər, yaxud ətraflarında
olan əməkdaşların verdikləri yalan məlumatlar əsasında
Azərbaycanı ittiham etməyə
çalışırlar. Ya da bunu hansısa
qaranlıq məqsədlər üçün edirlər.
Yoxsa məşhur
"Məşədi İbad" filmindəki ritorik sualı
bir balaca redaktə etməklə burada xatırlatmaq yerinə
düşər: bu ermənilərin nəyinə və
harasına aşiq olublar ki, onlar üçün bu qədər
canfəşanlıq edirlər?!
Ermənistan
tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci
il tarixli Üçtərəfli bəyanata zidd olaraq
davamlı və sistemli şəkildə qanunsuz məqsədlər
üçün istifadə etdiyini, o cümlədən
Qarabağ bölgəsinə müxtəlif növ silah-sursat
və minalar, həmçinin hələ də burada qalan erməni
silahlı birləşmələrini gücləndirmək
üçün canlı qüvvə
daşıdığını və bundan qaynaqlanan təhlükəsizlik
təhdidlərini nəzərə alaraq, Azərbaycan dövləti
Azərbaycan və Ermənistan arasında sərhəddə nəzarətin
təmin edilməsi məqsədilə beynəlxalq qaydalara
uyğun olaraq 23 aprel 2023-cü il tarixdə müvafiq tədbirlər
həyata keçirmişdir. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Ermənistanla şərti sərhəddə
yerləşən Laçın rayonu ərazisində sərhəd
nəzarət-buraxılış məntəqəsinin
yaradılması barədə bəyanat yaymış və
bunun ardınca Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 3 may 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında Laçın dövlət sərhədində
buraxılış məntəqəsinin yaradılması tam
rəsmiləşdirilmişdir.
Beləliklə, Azərbaycan dövləti Azərbaycan-Ermənistan
sərhədində Laçın yolunda nəzarət-buraxılış
məntəqəsi qurmaqla ölkəmizin təhlükəsizliyinə
və ərazi bütövlüyünə qarşı olan təhdidlərin
aradan qaldırılması istiqamətində çox vacib
addım atdı. Bununla: a) Qarabağda yuva qurmuş terrorçuların,
cinayətkar, yaşadığı dövlətə
qarşı çıxan separatçı ünsürlərin
fəaliyyəti məhdudlaşdırıldı; b) Azərbaycan
ərazisinə Ermənistandan silah-sursat və minaların
daşınmasının, həmçinin, müxtəlif
ölkələrin vətəndaşlarının Qarabağa
maneəsiz gəlib-getməsinin və burada təxribat əməlləri
törətməsinin qarşısı alındı; c) Azərbaycana
məxsus təbii sərvətlərin talanması
və Ermənistana daşınmasının qabağı kəsildi;
d) ekoloji tarazlığın pozulması üzrə əməllər
dayandırıldı; e) sərhədimizin nəzarətsiz qalmış
həmin hissəsində suverenliyimiz tam bərpa olundu.
Son hadisələri təhlil edəndə görünən
odur ki, Azərbaycanın atdığı bütün
addımlar beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan
öz dövlət sərhədində sərhəd nəzarət-buraxılış
məntəqəsi qurub və ölkəmizin ərazisinə
daxil olan şəxslərin və yüklərin
yoxlanmasını həyata keçirir. Xankəndində
yaşayan ermənilər də artıq bu reallığı
qəbul etmişlər.
Lakin Azərbaycanın
atdığı bu addımlar Ermənistandan daha çox
onların havadarlarının, o cümlədən artıq
qeyd qeyd etdiyimiz Fransanın və bir neçə digər dövlətin rəsmi
şəxslərinin xoşuna gəlmir. Onlar
iddia edirlər ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında Laçın rayonu ərazisində sərhəd
nəzarət-buraxılış məntəqəsinin
qurulması qanunsuzdur. Amma soruşsan ki,
hansı beynəlxalq və ya milli qanuna görə Azərbaycan
öz dövlət sərhədində nəzarət-buraxılış
məntəqəsi qura bilməz, cavab olmayacaq. Bir qrup rəsmi
şəxslər isə bunun 10 noyabr 2020-ci il
tarixli Üçtərəfli bəyanatda nəzərdə
tutulmadığını bəyan edirlər. Xüsusən
də iddialarını əsaslandırmaq üçün
sözügedən Bəyanatın 6-cı bəndinə
istinad edirlər.
Bəyanatın
6-cı bəndinə əsasən, Azərbaycanın birinci
öhdəliyi ondan ibarətdir ki, növbəti üç il
ərzində Dağlıq Qarabağla Ermənistan arasında
əlaqəni təmin edən Laçın dəhlizi üzrə
yeni hərəkət marşrutu inşa edib istifadəyə
verəcək və həmin marşrutun mühafizəsi
üçün Rusiya sülhməramlı kontingenti oraya yerdəyişmə
edəcək.
Azərbaycan bu öhdəliyini ən qısa müddətdə
tam yerinə yetirmişdir. Belə ki, Azərbaycanın Qarabağ
bölgəsi ilə Ermənistan arasında əlaqəni təmin
edən Laçın dəhlizi üzrə yeni hərəkət
marşrutu tam inşa olunmuş, istifadəyə verilmiş,
Rusiya sülhməramlı kontingenti həmin marşruta
köçürülmüşdür. Hazırda
Laçın-Xankəndi yolu açıqdır və vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin hərəkəti
Rusiya sülhməramlı kontingentinin mühafizəsi
altında həyata keçirilir. Yolun
bağlı olması barədə hər hansı iddianın
da heç bir əsası yoxdur.
Azərbaycan
Bəyanatın 6-cı bəndi üzrə digər öhdəliyinə
görə "Laçın dəhlizi üzrə hər iki
istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin hərəkətinə təhlükəsizlik
zəmanəti verir". Təhlükəsizlik
zəmanətinin verilməsi və təmin edilməsi mütləq
qaydada Ermənistanla sərhəddə tam nəzarətin təmin
edilməsini və bunun üçün müvafiq
strukturların bölmələrinin Laçın younun
başlanğıcında yerləşdirilməsini tələb
edir. Həmin öhdəliyi şərh edən bəzi
"siyasi xadimlərin və dövlət rəsmilərinin"
iddialarının əksinə olaraq, burada söhbət vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin Azərbaycan
ərazisinə maneəsiz (?) daxil olmasından yox, yalnız
yol boyu hərəkətə təhlükəsizlik zəmanətinin
verilməsindən gedir. Bu zəmanəti isə
yalnız müəyyən nəzarət tədbirlərini həyata
keçirməklə təmin etmək mümkündür.
Əks halda Ermənistanın təxribatçı
qrupları öz əməllərini davam etdirəcəklər.
Üç gün öncə onların sərhədi
pozmaq cəhdi də buna növbəti sübutdur. Burada aydın olmayan nə var ki?!
Birincisi, Laçın dəhlizi üzrə hər iki
istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin hərəkətinə təhlükəsizlik
zəmanətinin ən təsirli nümunəsi Azərbaycan
dövlətinin Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasındakı şərti sərhəddə
yaratdığı nəzarət-buraxılış məntəqəsidir. Bu məntəqənin
qurulması Azərbaycanın Qarabağ bölgəsində
yaşayan etnik ermənilərlə Ermənistan arasında
rabitə yaradılmasına heç bir maneə törətmir.
Ermənilər həmin yoldan nəzarət
mexanizminin tələbləri çərçivəsində
sərbəst şəkildə istifadə edirlər,
narazılıqları da yoxdur. Təbii ki,
burada söhbət erməni əsilli Azərbaycan vətəndaşlarından
gedir. Digər ölkələrin vətəndaşlarına
münasibətdə isə ölkənin qanunlarına
uyğun olaraq başqa rejim tətbiq olunur. Bir sözlə, Azərbaycan öz sərhədini
qoruyur. Sərhəddən Azərbaycan ərazisinə
daxil olan vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin sonrakı hərəkəti isə Rusiya
sülhməramlıların nəzarəti altında həyata
keçirilir. Rəsmi Bakı da ən
yüksək səviyyədə dəfələrlə bəyan
edib ki, Qarabağda yaşayan ermənilər (sonradan süni
şəkildə məskunlaşdırılan ermənilər
istisna olmaqla) Azərbaycan vətəndaşlarıdır və
onlar da Azərbaycan Konstitusiyası ilə müəyyən
edilmiş hüquq və öhdəliklərə malikdirlər.
Buna görə də Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında sərhəddə nəzarət-buraxılış
və gömrük məntəqəsi qurulmasının 10
noyabr 2020-ci il tarixli Üçtərəfli
bəyanatın müddəalarına zidd olması barədə
iddiaların heç bir məntiqi və hüquqi əsası
yoxdur. Məgər Azərbaycan öz sərhədlərini
cinayətkar ünsürlər üçün, silah-sursat və
mina daşınması üçün açıq
saxlamalıdır? Bunu mübahisə
obyektinə çevirənlərin məqsədi nədir?
İkincisi,
Üçtərəfli bəyanatın mətnində
yazılmayıb və Azərbaycan da öhdəlik
götürməyib ki, Qarabağda yaşayan 20-25 min erməni
əsilli əhalinin "ərköyünlüyünə"
görə Azərbaycan öz sərhədini qorumalı deyil.
Son bir neçə ayda azərbaycanlı ekofəalların
keçirdikləri aksiyalar, eləcə də Azərbaycan
ordusunun elektron müşahidə vasitələri ilə
monitorinqləri zamanı ermənilərin və onların
havadarlarının hansı hoqqalardan
çıxdığı bəllidir. Ermənistan tərəfinin
Üçtərəfli bəyanata məhəl qoymadan Laçın
dəhlizi vasitəsilə hərbi yüklər
daşımasının, Qarabağ ərazisində təminat
yollarını minalamasının, çoxsaylı təxribatlar
törətməsinin məqsədi burada Azərbaycan dövlətinin
apardığı genişmiqyaslı dinc quruculuq və bərpa
işlərinə və məcburi köçkünlərin
öz doğma yurd-yuvalarına qayıtmasına maneçilik
törətmək olmuşdur. Bütün
bunların kökündə duran isə ilk növbədə
sərhədimizin həmin hisəsinin uzun müddət nəzarətsiz
qalması idi. Nəzarət -
buraxılış məntəqəsi qurmaqla dövlətimiz
bu məsələni birdəfəlik həll etdi.
Nəzarət-buraxılış məntəqəsinin
qurulması Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq
istəyən erməni əsilli əhalinin əksəriyyəti
üçün də geniş imkanlar
açmışdır. Çoxsaylı mülki ermənilər
müraciət edərək Azərbaycan vətəndaşlığını
qəbul etmək istədiklərini bildirirlər. Lakin arutyunyan, babayan, köçəryan, sarqsyan kimi
əlləri qana bulaşmış cinayətkarlar onları
daim təhdid edərək qorxu içində saxlayırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına
müsahibəsində dediyi kimi: "... bu zəlilər, bu
yırtıcı heyvanlar, separatçılar qoymurlar" ki,
Qarabağda yaşayan erməni icması Azərbaycan cəmiyyətinə
inteqrasiya olunsun. Bu "Separatçı təlxəklər
toplusu bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz".
Düşünürəm ki, "Separatçı təlxəklər
toplusu" lap yaxın zamanlarda layiqli cəzasını alacaq
və Qarabağda yaşayan etnik erməni azlığı
dinc şəraitdə yaşaya biləcək.
Üçüncüsü,
ölkəmizin ərazisində ən yüksək
qanunvericilik aktı Azərbaycan Respublikasının Konstitusiyasıdır
və istənilən digər hüquqi akt, o cümlədən,
10 noyabr 2020-ci il tarixli Üçtərəfli
bəyanat tətbiq edilərkən onun müddəaları nəzərə
alınmalıdır. Konstitusiyada Azərbaycan
xalqının bəyan etdiyi əsas niyyətlərdən biri
"Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
qorumaq"dır. Konstitusiyanın 11-ci maddəsinin l hissəsi
də sərt və imperativ çərçivə müəyyən
etmişdir: "Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir". Dövlət
başçımız da bütün platformalarda məhz bu
mövqedən çıxış edir. Ona
görə də sərhədlərimizin qorunmasına, onun
istənilən nöqtəsində sərhəd-buraxılış
məntəqəsinin qurulmasına, etnik milli azlıqların
hüquqlarının qorunmasına münasibətdə Azərbaycan
dövlətinə qarşı hər hansı bir fərqli
iddia, fikir və ya sənədin əsası yoxdur. Digər tərəfdən, Üçtərəfli
bəyanat, eləcə də ondan sonrakı digər sənədlər
ölkəmizin ərazi bütövlüyünün
tanınması və hərtərəfli sülh haqqında
saziş deyildir və alternativi olmayan sənədlər kimi qəbul
edilə bilməz. Bu sənədlər tərəflərin
müharibədən sonrakı vəziyyətdə hərtərəfli
sülhün əldə edilməsi, o cümlədən sərhədlərin
delimitasiyası və demarkasiyası üzrə işlərə
başlamağa hazır olmaları barədə niyyətlərini
təsdiq edir. Üstəlik də, nəzərə
alaq ki, Üçtərəfli bəyanatın digər iki tərəfi
öz öhdəliklərini, xüsusən də 4-cü bəndini
yerinə yetirmir.
Üçtərəfli bəyanatın 4-cü bəndi
hansı öhdəliyi müəyyən edib? Bəyanatın
4-cü bəndinə əsasən, Rusiya Federasiyasının
sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin
çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir.
Lakin həmin öhdəlik bu günədək
yerinə yetirilmədiyinə görə erməni silahlı
qüvvələri Azərbaycan ərazisində qalmaqda davam
edir və seperatçılarla birlikdə Xankəndində
yaşayan erməniləri bir növ girovluqda saxlayırlar.
Dövlət başçımız bəyan etmişdir
ki, Xankəndində yaşayan ermənilər bizim vətəndaşlarımızdır
və onların təhlükəsizliyinin təmin edilməsi
bizim dövlətin vəzifəsidir. Lakin görünən
odur ki, hazırda orada yuva salmış cinayətkar
separatçıların və erməni silahlı dəstələrinin
fəaliyyətinə son qoyulmadan sabitlik və əmin-amanlığın
təmin edilməsi mümkün olmayacaq. Buna
görə də yaxın vaxtlarda onların bu bölgədən
çıxarılması labüddür. Bunu dövlətimizin
xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında
bir daha bəyan etmişdir: "qanunsuz erməni silahlı birləşmələrin
Qarabağdan çıxarılması ilə bağlı
mövqeyimiz konkretdir". Rusiyanın da bununla
bağlı mövqeyi bəllidir. Moskva
açıq şəkildə bildirir ki, "erməni
qoşunların çıxarılması Emənistanın
öhdəliyidir". Ermənistan isə
bu öhdəliyinə əməl etmək istəmir. Erməni silahlı dəstələrinin bölgədə
qalması isə Üçtərəfli bəyanatla müəyyən
edilmiş öhdəliyin yerinə yetirilməsinə maneə
törədir.
Son vaxtlar Xankəndində "erməni xalqının müdafiəçiləri"nin aktivliyinin artması da narahatlıq doğuran məqamlardandır və onlara qarşı müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu aktivliyin fonunda seperatçıların sırasına yeni qoşulmuş Ruben Vardanyan Xankəndində yaşayan erməniləri silahlı qarşıdurmaya çağırmaqla bütün sərhədləri aşmışdır. Məgər Rusiyada çirkli pulların yuyulması ilə milyonlar qazanan və öz sərvətini qorumaq üçün "vətənpərvər cildinə" girərək Rusiyadan qaçıb Qarabağa sığınan, buradakı faydalı qazıntı yataqlarını istismar etmək məqsədi güdərək yerli etnik erməniləri öz maraqları naminə qarşıdurmaya və müharibəyə çağıran Ruben Vardanyanın Xankəndinə nə üçün gəldiyi bəlli deyil?! Vardanyanın azərbaycanlılarla ermənilərin gələcək münasibətlər sistemində yeri yoxdur. Onu erməni xalqının gələcəyi yox, özünün şəxsi maraqları, o cümlədən Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan faydalı qazıntı yataqlarını talan etmək və Qarabagdan cıxarmaq maraqlandırır. Onun ötən il Xankəndində keçirilən mitinqdə bəyan etdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünə təhdidir: "Bizim 3 yolumuz var: Azərbaycana inteqrasiya, ayrılmaq və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də verdim, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam". Bu gün də Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən Vardanyanın beynəlxalq axtarışa verilməsi və həbs olunmasının zamanı çatmışdır.
Azərbaycanın haqlı mövqeyinə qarşı çıxanlar 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi üzrə müəyyən edilmiş öhdəlikləri ümumiyyətlə müzakirə obyektindən çıxarmağa çalışırlar.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi hansı öhdəliyi müəyyən edib? Üçtərəfli bəyanatın 9-cu bəndinə görə: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin (!-Nİ) təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir". Ermənistan bu bənd üzrə üzərinə götürdüyü öhdəliyi nəinki yerinə yetirmək, heç xatırlamaq belə istəmir. Erməni rəsmiləri və siyasətçiləri Ermənistan ərazisindən Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən sərbəst və maneəsiz yolun açılmasını öz dövlətlərinin suverenliyinə təhdid kimi qiymətləndirir və bunu istisna edirlər. Azərbaycan ərazisində ermənilər üçün maneəsiz dəhlizin olmasını isə Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə təhdid hesab etmirlər. Təəssüf ki, Ermənistanın havadarları da belə düşünürlər. Bu cür düşüncə sahibləri olan siyasətçilər və dövlət rəsmilərinin hansı beynəlxalq hüquqa, hansı məntiqə əsaslandığını başa düşmək normal təfəkkürlü insanlar üçün, əlbəttə, çox çətindir. Yeri gəlmişkən, bu öhdəliyin yerinə yetirilmədiyi Fransa rəsmilərinin, həmçinin Ermənistanın daha bir havadarının - NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin də yadına düşmür. Belə təsəvvür yaranır ki, onların Azərbaycanın Naxçıvan bölgəsində blokada şəraitində yaşayan azərbaycanlılar barədə məlumatları yoxdur. Belədirsə, yadlarına salmağı lazım bilirik.
Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə hazırda Xankəndində yaşayan və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaga hazır olan erməni əsili insanların Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş hüquq və vəzifələrdən tam qaydada istifadə etməsi üçün lazımi şərait yaradıldığını bəyan etmişdir. Bu isə o deməkdir ki, ermənilər mədəni, təhsil, dil və s. hüquqlarını Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi reallaşdıra bilərlər.
O ki qaldı vaxtilə azərbaycanlı əhaliyə qarşı cinayətlər törətmiş bir qrup faşist təfəkürlü cinayətkar və kriminal dəstəyə, onlar hələ də hansısa illüziyalara qapılaraq nəyəsə ümid edirlər. Başa düşmək istəmirlər ki, xam xəyalların zamanı artıq keçmişdir. Həmin cinayətkar qrup ya Azərbaycan ərazisindən rədd olub getməli, ya da layiqli cəzasını alıb sonra insan kimi yaşamağı öyrənməlidir. Başqa alternativ yoxdur.
Natiq
İSAYEV
525-ci qəzet.-
2023.- 1 iyun.- S.10-11.