Ağdamdan reportaj  

 

 

O gün telejurnalist Səadət Məmmədova məni evimizə qonaq apardı. Qəribə səslənir, bilirəm, amma doğru sözümdür, evimizdə onun qonağı oldum.

Dedi sən samovar qaynada-qaynada evinizdən, küçənizdən, şəhərinizdən danış, biz çəkək.

idisə, iki dəfə cəhd elədim, qalaya bilmədim, samovar azca tüstülənib söndü. Niyə belə oldu, anlamadım, İsveçdə samovarı bir dəfəyə qalamağı öyrənmişəm. Köməyə operatorlardan biri gəldi.

Çayı isə özüm dəmlədim. 30 ildən sonra həyətimizdə, evimizin uçuq divarları arasında...

Çəkiliş gün boyu davam elədi. Səadət Məmmədova briqadası ilə işlərini görür, mənsə zamanın o üzünə - uşaqlıq çağına keçmişdim.

lll

Operatorlar kameraları müxtəlif yerlərdə quraşdırıb çəkirlər. Jurnalist ağsaçlı müsahibinə suallar verir, o da danışır.

Mən uşaqlıq illərindən boylanıb baxıram, amma o yaşlı müsahibin dediyini anlaya bilmirəm.

Öz işimin dalınca gedirəm - gah evimizin damına çıxıb Xıdırlı dağlarını seyr edirəm, gah da pəncərəmizdən küçəyə boylanıb gəlib-gedənə, maşınlara baxıram.

Sonra bacımla hovuzu doldurub sevimli oyunumuza başladıq. Çaydan qapaqlarından "gəmi" düzəldib döyüşdürdük. Mənim "gəmim" yenə döyüşdən qalib çıxdı, "düşmən gəmi"sini batırdı. Başqa bir oyunu pilləkəndə davam etdirdik, axırda yorulub oturduq, həmişəki kimi anamızın işdən gəlişini pilləkəndə gözlədik.

Darvazanın açılmasından bildim ki, gələn atamdır. Maşını içəri saldı. Təzə əkdiyi güllərin dibi qurumuşdu, gözü o saat aldı. Qoymazdı gülün dibi quruya. Şlanqı güllərə sarı çəkdi.

Evimizin kirayənişin qızları da dərsdən qayıtmışdılar. Otaqlarından piano səsi gəlirdi, Bethovenin "Ay işığı" sonatasıydı.

...Səadət Məmmədova ağsaçlı müsahibinə suallar verirdi...

Onları həyətimizdə qoyub, küçəyə çıxdım. Şəhəri gəzməyə getdim. Yorulanacan dolandım. Axşama doğru geri qayıtdım.

Şuşa dayanacağına çatmadan, "Köhnə hamam"ın tinindən sağa burulub küçəmizə yetişdim. Açıq pəncərədən bayıra axan hamam qoxusu burnuma dəydi. "Uçilişa"nın qızları ilə yenə üz-üzə gəlirik, saçımı qarışdırır, üzümə gülürlər.

 

Uşaqlarla milis küçəsində futbola bir azdan başlayacağıq.

Şahin təzə oyuncaqlarını küçəyə çıxarıb.

Sima xala oğlanlarının əlindən tutub şəhərə gəzməyə aparır.

Yolun o üzündə Qaçay əmi siqaret çəkir.

Açıq qapısından görünən həyətində Ələkbər əmi arvadı Marusya xalaya qızılgül yığır.

 

Ramiz həkimin balaca şıltaq qızı Elnarə qaça-qaça evlərinə gedir.

Rza yenə pəncərəni açıb, gitarasının səsi aləmə yayılır.

Çəpər qonşumuz Elza müəllimə məktəbdən dönür, üzündəki xoş təbəssümlə mənə salam verir.

Mənsə Tanrı dərgahına keçirəmmiş kimi səma rəngli darvazamızı açıb həyətimizə girirəm.

Nənəm eyvandakı uzun masanın o başında buğlanan samovardan çay süzür. Stəkana qonşu Ağca arvadın göndərdiyi builki qarağat mürəbbəsindən salıb qarışdırır. Hörümçək toru kimi dəqiq işlənmiş qırış sifətinə yaraşıq verən məhrəm gülüşlə "Çayını soyutma" deyir.

Çay içə-içə eyvandan baxıram.

Meşə kimi sıx həyətimizin ayağındakı hindən toyuğun qaqqıltısı həyəti başına götürüb. Demək, yumurtlayıb.

Alt evdə piano susub, indi növbə skripkanındır. Pərvanədir, Paqanininin "La Campanella"sını çalır.

...Səadət Məmmədova ağsaçlı müsahibinə sual verir:

- Evinizi necə xatırlayırsınız?

 

Vahid QAZİ

525-ci qəzet.- 2023.- 1 iyun.- S.9.