Azərbaycan tarixinin ən qürurlu səhifəsi
Müstəqil Azərbaycanın memarı və qurucusu
Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti
çoxəsrlik dövlətçilik tariximizdə
mühüm yer tutur. Bütün həyatını Azərbaycan
xalqının və dövlətçiliyimizin taleyi ilə
bağlayan, mahir siyasi xadim Heydər Əliyev bənzərsiz və
müqayisəedilməz şəxsiyyət idi. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən
artıq bir dövr ərzində qazandığımız
bütün nailiyyətlərin fövqündə məhz Heydər
Əliyev fenomeni, qüdrəti və dühası, onun
uzaqgörənliklə yürütdüyü müdrik siyasi
kurs dayanmışdır.
XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın
siyasi həyatı və bütünlükdə cəmiyyətimiz
Heydər Əliyevin titanik səyləri sayəsində yeni
impuls, inkişaf parametrləri kəsb edərək
özünün yeni yüksəliş mərhələsinə
qədəm qoymuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə
Heydər Əliyev ideyaları həyatımızın
başlıca gerçəkliyi, inkişafımızın təməl
daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdəki
prezident seçkilərinin nəticələri, Heydər
Əliyevin siyasi varisi Prezident İlham Əliyevin inamlı qələbəsi,
seçkidən sonra həyata keçirilən siyasətin
xalq tərəfindən qətiyyətlə dəstəklənməsi
onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi
davam edir və uzunmüddətli resurslara malikdir.
Tam qətiyyətlə demək olar ki, Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizin
mühüm, intensiv inkişaf mərhələsini təşkil
edir. Bu mənada həmin dövrü tariximizin nəinki
sürətli və hərtərəfli yüksəliş illəri,
həm də ən yeni tarix adlandırmaq olar. Məhz bu zaman kəsiyində Azərbaycan
böyük intellektual və mənəvi potensialı, təbii
resursları - bir sözlə, milli gücü cəmləyib
ölkənin tərəqqisinin qüdrətli amilinə
çevirmək imkanı qazanıb və bununla da öz
tarixinin keyfiyyətcə yeni bir dövrünə qədəm
qoyub.
Ulu öndərimizin Vətəni və xalqı
qarşısında xidmətləri
saysız-hesabsızdır. Lakin əminliklə
demək olar ki, Heydər Əliyevin ən böyük xidməti
XX yüzilin sonunda xalqımızı vəVətənimizi düşdüyü
fəlakətdən qurtarmasıdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycanın
dövlət müstəqilliyi haqqında" Konstitusiya
aktı qəbul edilərkən keçirdiyimiz qürur və
iftixar hissləri hələ də yaddan çıxmayıb. Onu da unutmamışıq ki, ilk vaxtlar müstəqilliyimiz
yalnız kağız üzərində mövcud idi. Ölkənin o vaxtkı iqtidarlarının istər
daxili, istərsə də xarici siyasət sahəsində
uğursuz idarəçilik metodları və tam
bacarıqsızlığı daxili qarşıdurmanı son
həddə çatdırmış və separatçı
meyillərin güclənməsi üçün zəmin
yaratmışdı. Bu uğursuz siyasət
nəticəsində dövlət qurumları və ictimai təsisatlar
tamamilə tənəzzülə uğramışdı.
Demokratik dövlət qurulması, ölkənin
ərazi bütövlüyünün bərpa edilməsi kimi
taleyüklü vəzifələrin həyata keçirilməsi
istiqamətində nəinki konkret addımlar atılmır, əksinə,
ovaxtkı iqtidarların düşünülməmiş,
milli mənafelərə zidd siyasəti Azərbaycanı fəlakətə,
uçuruma sürükləyirdi.
1993-cü ilin hərcmərclik, xaos, anarxiya dolu o
taleyüklü günlərində Heydər Əliyev
xalqın təkidli xahişi ilə onun harayına gəldi. Həmin il
iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri
seçildi və bununla da ölkədə hakimiyyət
sükanı etibarlı ələ keçdi. Ulu
öndər qısa vaxt içərisində ölkədə
sabitliyi və əmin-amanlığı bərpa etdi. Həmin gün haqlı olaraq Azərbaycanın
müasir tarixinə Milli Qurtuluş günü kimi əbədi
daxil oldu. Heydər Əliyevin
Naxçıvandan Bakıya gəlişi ilə ölkəmizdə
yeni dövrün - demokratiya və inkişaf mərhələsinin
başlanğıcı qoyuldu.
1994-cü ildə çoxlarına qeyri-mümkün
görünən layihələri yalnız Ulu öndərimizin
şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində
reallaşdırmaq mümkün olub. Ümummilli liderimizin gərgin
əməyi sayəsində 1995-ci ilədək davam edən
iqtisadi tənəzzülə son qoyuldu. Makroiqtisadi
göstəricilər ilbəil yüksəldi. Dinamik inkişaf dövrü başlandı. Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində, milli sərvətlərimizdən
ölkənin və xalqın mənafeyinə uyğun istifadə
olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası
olduqca böyük əhəmiyyət kəsb edir. "Əsrin müqaviləsi" çərçivəsində
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin
reallaşması Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmlənməsində müstəsna rol oynadı.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısında başlıca xidmətlərindən
biri də dövlət quruculuğunun hüquqi
bazasının yaradılmasıdır. 1995-ci ildə
qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan
Respublikasının hüquqi, dünyəvi dövlət kimi
ilk dəfə olaraq insan hüquqlarının
qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.
Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş
hüquqları kimi hamılıqla qəbul edilmiş dəyərlər
Əsas Qanunun təməl prinsiplərini təşkil edir.
Konstitusiyanın qəbulu cəmiyyət və
dövlət həyatında demokratik dəyişikliklərə
böyük yol açmış, insan hüquq və
azadlıqlarının həyata keçirilməsi
üçün əlverişli şərait yaratmaqla, həyatımızın
bütün sahələrinin inkişafına təkan
vermişdir. Bu tarixi hadisə
xalqımızın ənənələrinə, milli və mədəni
dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə
müasir dünyəvi və vətəndaş cəmiyyəti
quruculuğu tələblərinə cavab verən dövlətçiliyin
formalaşması, siyasi və hüquq sistemlərində
sabitözülün yaradılması işində
mühüm addım olmuşdur.
Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik
xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla
yanaşı, xalqın milli intibah və inkişafının
təməl sütunu olan ideyanın-azərbaycançılıq
məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər
lider olmaqla bərabər, eyni zamanda, böyük azərbaycanlı
idi. Heydər Əliyev Azərbaycanın
türk dünyasında özünəlayiq yerini tutmasında,
türk dövlət və toplumları arasında
inteqrasiyanın güclənməsində böyük xidmətlər
göstərib. Heydər Əliyevin azərbaycançılığı
milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi
və dünya azərbaycanlılarının həmrəyliyi
naminə göstərdiyi tarixi xidmətdir.
Bu məfkurə Heydər Əliyevin böyük vətəndaş
hünərinin göstəricisidir və dünya azərbaycanlılarının
tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə
müstəsna töhfədir. "Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam", - böyük
öndərin dünya azərbaycanlılarının
qurultayında söylədiyi bu tarixi sözlər bu gün
dillər əzbəridir.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin
həyata keçirilməsi sahəsindəki xidmətləri
də əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət
həyatındakı rolunun artması, özlərinə
layiqli yer tutmaları üçün əlindən gələni
əsirgəməyib. Dövlətin idman
siyasətinin həyata keçirilməsi üçün
1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər
və İdman Nazirliyi yaradıldı. Bu mənada
1994-cü ili respublikanın idman həyatında
dönüş ili adlandırmaq olar. 1995-ci il
martın 5-də Heydər Əliyev yeni bir fərman
imzaladı. Həmin fərmana əsasən, Azərbaycan
Respublikası əhalisi arasında sağlam həyat tərzinin
təbliğ edilməsi və bədən tərbiyəsinin
maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə
ümumxalq yardımının təşkil olunması məqsədilə
gənclərin idmana marağını artırmaq və Azərbaycan
idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin
yaratmaq üçün fond yaradıldı. Ulu öndər Azərbaycanda
idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi
və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ
etdirmək, yüksək nailiyyətlər qazanmaq və
dünya şöhrətli idmançılar hazırlamaq
üçün bu sahə ilə birbaşa məşğul
olan qurumlar qarşısında konkret vəzifələr
qoymuşdu. İdmanın inkişafı üçün həyata
keçirilməli əsas tədbirlər sırasına
mövcud idman bazalarının, stadionların, meydança və
zalların qorunması, bərpası və təyinatı
üzrə istifadəsinin təmin edilməsi, yeni
arenaların tikilməsi, zəruri avadanlıqlarla təchizatı,
idman klublarının açılması, mütəxəssislərin
yetişdirilməsi, ölkə birinciliklərinin və digər
yarışların keçirilməsi,
idmançılarımızın beynəlxalq
yarışlarda iştirakının təmin edilməsi,
yüksək nəticələri olan idmançılara diqqət
və qayğı göstərilməsi, ölkəmizdə
beynəlxalq yarışların keçirilməsi, uşaq və
yeniyetmələrin daha geniş miqyasda idmana cəlb
olunması daxil edilmişdi.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmiz
daha yüksək nəticələr qazanmaq əzmindədir. Hər bir
dövlətin gələcəyi, hərtərəfli tərəqqisi
onun malik olduğu elmi-intellektual və mənəvi potensialdan,
hər bir gəncin taleyi onun biliyindən və savadından
asılıdır. Dövlətimizin
başçısı İlham Əliyevin
yürütdüyü məqsədyönlü siyasətdə
təhsilin inkişafı mühüm yer tutur. Milli təhsilimiz hazırda daha sürətli yüksəliş
mərhələsini yaşayır. Nəticədə,
təhsilin keyfiyyətinin yüksəlməsi, onun
dünyanın ən mütərəqqi təhsil sistemlərinə
inteqrasiyası istiqamətində köklü irəliləyişlər
baş verir.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Müstəqil Azərbaycan Ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Rəsmiyyə Mahmudova
Təsviri incəsənət müəllimi
525-ci qəzet.- 2023.- 1 iyun.- S.7.