Taksi xidmətlərində
özbaşınalıq – Narazılıq günbəgün
artır
PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU
NƏLƏRDİR?
Bu gün vətəndaşların
ən çox narazılıq etdikləri
xidmətlərdən biri
məhz taksi fəaliyyəti ilə bağlıdır. Həm sosial şəbəkələrdə,
həm də mətbuatda demək olar ki, hər
gün bu xidmətlə bağlı
müxtəlif narazılıqlara,
şikayətlərə rast
gəlirik. Xüsusilə,
taksi şirkətlərinin
xidmətlərindən istifadə
edən elə bir adam
tapmaq olmaz ki, qeyd edilən
fəaliyyətdən məmnun
qalsın. Amma qəribə olan
budur ki, təkcə sərnişinlər
deyil, elə taksi sürücüləri
özləri də də mütamadi olaraq öz narazılıqlarını dilə
gətirirlər. Hər iki
tərəf narazıdırsa,
demək ki, problemi kökündən həll etmək tələb olunur. Əvvəlcə vətəndaşların şikayətləri barədə
danışaq.
Məsələn, həmsöhbətim Gülnar
Əliyeva deyir ki, bu günlərdə
taksi sifariş edib və maşına
əyləşməyinə peşman olub. Sürücü
bir saniyə susmadan danışmağa
başlayıb: “Əvvəlcə
özünü qazi kimi təqdim etdi. Harada döyüşməsi,
veteran vəsiqəsi alıb-almadığı
və s. barədə
soruşdum. Amma dolaşıq cavablarından
aydın oldu ki, sadəcə bu addan istifadə
edir. Ən pisi isə budur ki, adamın
psixoloji problemləri var idi. Bəlkə taksini də narkotikin təsiri altında sürürdü.
Taksini yüksək sürətlə
idarə edirdi, yol hərəkəti qaydalarına fikir vermirdi. Bir neçə dəfə irad tutmaq istəsəm
də, adam
çox sərt reaksiya verdi. Ona görə də məcbur qalıb susdum. Rayondan gəlmişdim, xəstəxanaya
həkimin qəbuluna tələsirdim, gecikməyim
deyə, həm də yolu yaxşı
tanımadığım üçün
yarı yolda da düşə bilmədim”.
Həmsöhbətim deyir ki, sürücü
əvvəlcə çox
imkanlı olduğunu,
evləri, biznesi olduğunu, sadəcə başını qatmaq üçün taksi sürdüyünü deyib. Sonra isə qazandığı
pulun heç nəyə çatmadığını
bildirdi: “Üç manatlıq yola 5 manat verdim, pulun
üstünü belə
istəmədim, Allaha
şükür etdim ki, salamat ünvana
çatmışam”.
Səbuhi
Ağayev adlı həmsöhbətim isə
deyir ki, iş səfəri
ilə bağlı gecə yarı taksi sifariş etməli olub: “Sürücü taksiyə
əyləşəndən danışmağa başladı.
Qazandığı pul
heç nəyə çatmır, gecə yarı məcbur olub işləyir və s. daha sonra da icazə
belə istəmədən
siqaret çəkməyə
başladı. Çox pis
bir mənzərə idi”.
Başqa bir problem isə xanım sərnişinlərə
qarşı taksi sürücülərinin qeyri-etik,
əxlaqsız davranışları,
narkotik vasitələrin
təsiri altında maşını idarə etmələridir. Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin
bu günlərdə yaydığı məlumatda
deyilir ki, indiyədək qeyd olunan əməlləri törədən “Uber” və “Bolt” taksi şirkətlərinin 69 sürücüsü
saxlanılaraq məsuliyyətə
cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan
taksi sürücülərindən
bir qisminin cinayət məsuliyyətinə,
digərlərinin isə
inzibati məsuliyyətə
cəlb olunmaları təmin edilib.
Bu həm də daha bir problemi
ortaya çıxarır. “Uber”, “Yango”, “Bolt” və digər taksi şirkətləri işə
qəbul zamanı hər hansı yoxlama aparmır. “Maşının varsa, taksi fəaliyyəti ilə məşğul ola bilərsən”,
şüarını əsas
götürən taksi
şirkətləri əslində
vətəndaşların həyatı
ilə oynayırlar. Buna görədir ki, qəzaların sayı artmaqdadır, Bakıda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı normadan dəfələrlə
çoxdur. Bu da təbii ki,
tıxaclara gətirib
çıxarır.
İndi gələk taksi sürücülərinin narazılıqlarına. Onların ən
əsas şikayəti
qazanclarının aşağı
olmasıdır. Təəssüf
ki, buna görə də taksi sürücüləri
çox vaxt günahı
elə sərnişində
axtarır. Vətəndaş sayğacın yazdığı
məbləği verməyinə,
yaxud kartla ödəniş etməyinə
peşiman olur. Mütləq
artıq ödəniş
etməlisən. Yaxud
kartla ödəniş
edildiyini biləndə,
vətəndaşa imtina
verilir. Burda məsuliyyət daşıyan
tərəf isə həmin taksi şirkətləridir. Onlar tənzimləməni
normal şəkildə həyata
keçirməlidirlər ki,
vətəndaş əziyyət
çəkməsin.
Adının açıqlanmasını istəməyən taksi sürücüsü deyir
ki, illərdir bu işlə məşğuldur: “Hazırda
taksi şirkətlərindən
birində çalışıram.
Əvvəllər vətəndaşların heç bir şikayəti olmurdu.
Taksi şirkətləri fəaliyyətə
başlayandan sərnişinlərin
də şikayətləri
artıb. Çünki ödəniş çox azdır. Məcbur qalıb işləyirik.
Qazanan taksi şirkətləridir.
Etiraz edəndə isə heç bir nəticəsi olmur. Hesab edirəm ki, bir tənzilmləmə olmalıdır. Bəziləri
deyir ki, bunu ikinci iş
kimi görür. Mən isə ancaq bu yolla qazanc
əldə edirəm.
Əgər müştəri artıq ödəniş etməsi, ümumiyyətlə
dolana bilmərik”.
Yeri gəlmişkən,
mayın 17-də Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət
göstərən taksi
şirkətlərinin nümayəndələri
ilə görüş
keçirilib. Nazirliyin bununla bağlı
yaydığı məlumata
əsasən, görüşdə
ölkə ərazisində
sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə
taksi xidməti kompleks şəkildə tədqiq olunub. Ötən müddətdə səmərəli
idarəetmə sistemi
yaratmaqla taksi xidmətinin keyfiyyətinin
yüksəldilməsi imkanları
araşdırılıb. Əsas məqsəd isə vətəndaşlara keyfiyyətli
və təhlükəsiz
xidmət göstərilməsi,
sərnişinlərin və
fərdi məlumatların
təhlükəsizliyinin təmin
edilməsi və ekoloji tələblərə
riayət olunmasıdır.
Həmçinin, haqsız rəqabət
və inhisarçılığın,
qeyri-formal məşğulluğun
qarşısının alınması,
bu sahədə qanuni fəaliyyət göstərən bütün
sahibkarların maraqlarının
qorunmasıdır.
Nazirliyin məlumatına görə,
hazırda ölkə
ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda, taksi xidmətlərinin təşkilini,
sifarişlərin idarə
olunmasını həyata
keçirən əcnəbi
şirkətlərin məlumat
bazası xarici ölkələrdə yerləşir
ki, bu da
“Fərdi məlumatlar
haqqında” Qanuna ziddir.
Xatırladaq ki, sözügedən qanuna əsasən, ölkəmizdə fərdi
məlumatların informasiya
sistemləri dövlət
qeydiyyatından keçməlidir. Yalnız bundan
sonra fərdi məlumatların toplanılmasına
və işlənilməsinə
icazə verilir.
Taksi fəaliyyəti
ilə bağlı problemlər məlumdur, bəs onların həlli üçün nə etmək lazımdır?
Hüquqşünas, yol hərəkəti üzrə
ekspert Ərşad Hüseynov mətbuata açıqlamasında bildirib
ki, taksi fəaliyyəti ilə bağlı qanunlar mövcuddur, lakin bu gün qanunvericiliyin təkminləşdirilməsinə ehtiyac var. Yəni həmin qanunlarda aqreqatorun, həmin taksilərin fəaliyyətinin
tənzimlənməsi üçün
heç bir müddəa yoxdur. Ona görə də mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır.
Ekspert problemin
həlli üçün
vahid nəzarət sisteminin tətbiqini də təklif edir. Onun sözlərinə
görə, problemi aradan qaldırmaq üçün vahid taksi sistemi deyil,
taksilərə nəzarət
qurumunun vahid sistemi olmalıdır: “Vahid taksi sistemi
nə praktiki, nə hüquqi, nə də nəzəri olaraq mümkündür. Burada söhbət
xidmətin vahidliyindən
getmir. Vahid nəzarət dövlət
adından olmalıdır”.
Ə. Hüseynov əlavə edib ki, taksilərə
vahid nəzarət sistemi olmayanda onlara yetərli nəzarət etmək mümkün olmur və sui-istifadə halları baş verir: “Məsələn, sürücülər normal qazanc
əldə etmək üçün 12-14 saat çalışırlar. Bu da təbii ki,
normal hal deyil”.
Avtomobil
nəqliyyatı üzrə
ekspert Eldəniz Cəfərov isə deyib ki, bu
sahədə mövcud
olan problemlərin həlli o qədər də çətin deyil: “Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericilik mövcuddur. Eyni zamanda, istehlakçıların
hüquqlarının müdafiəsi
ilə bağlı qanun da var. Taksi
sürücülərinin də
bir işçi kimi fəaliyyətini tənzimləyən, hüquqlarını
qoruyan Əmək Məcəlləsi də mövcuddur. Hazırda ölkədə
taksi fəaliyyətini
tənzimləyən iki
qurum var. Onlardan biri paytaxtda taksi fəaliyyətinə
nəzarət edən
Bakı Nəqliyyat Agentliyi, digəri isə regionlarda bu işi həyata
keçirən Azərbaycan
Yerüstü Nəqliyyat
Agentliyidir. Nazirlər Kabinetinin
də taksi fəaliyyəti ilə bağlı 2019-cu ildə
qəbul etdiyi qərar-reqlamenti də mövcuddur. Burada taksi
fəaliyyəti ilə
məşğul olan sürücülərə və
taksi fəaliyyətində
istifadə olunan avtomobillərə müəyyən
tələblər qoyulub.
Bütün bu tələblərə,
qanunvericiliyə və
nizamlayıcı qurumların
mövcudluğuna baxmayaraq,
taksi operator şirkətləri
Azərbaycan qanunlarına
hörmət etmir, Nazirlər Kabinetinin reqlamentini saymırlar.
Bu problemlərin həlli üçün resurslar
isə kifayət qədərdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qaydaları pozan,
Azərbaycan qanunlarına hörmət etməyən taksi operatorlarına qarşı müəyyən
sanksiyalar tətbiq edə bilər. Amma sanksiyalardan əvvəl
müəyyən sadə qaydalara əməl
olunmasına nəzarət etməli qurumlarımız da bir qədər fəallıq
göstərməlidirlər.
Belə ki, hər bir
qurum öhdəsinə düşən nəzarət
mexanizmlərini gücləndirməli, Nazirlər Kabinetinin qaydalarına riayət
olunmasını həm operator şirkətlərdən,
həm də sürücülərdən tələb etməlidir.
Burada isə, sadəcə, istək və
məsuliyyət olmalıdır”.
Pərvanə SULTANOVA
pervane525@mail.ru
525-ci qəzet.- 2023.- 1 iyun.- S.6.