Dalıb gedir

 

Xəyallarda boğulacaq bu qoca.

Qarışdırmaqçın başını

"Çömçə" tapmır

adam qoca olunca.

Tay-tuşu yox,

qarı ölüb,

dost gedibdi dalınca...

- Göyə baxır,

gözündə nur qalmayıb,

görsün nəsə,

Hiss etdiyi bir az əzab,

bir az qorxu, vəsvəsə...

Getmək belə asan deyil,

Adam özü istəsə!

- Harda dava, qırğın varsa,

varıb ora Əzrayıl.

- Rejissordur,

Film çəkir,

Bilir son söz onundu!

Filmin titrində yazılan

 

Axırıncı isim onun!

Mərhumların ölüm aktı,

Çəkdiyi son rəsm onun

qovluğuna qoyulacaq, -

Hesab verəcək Allaha.

Eh, ay qoca,

Darıxmaqdan keçib daha,

Gördüyün gün, çəkdiyin kef

bir az "alır vaxtını"...

Lenti başa fırladırsan,

Təkrar, təkrar baxırsan...

Görən orda

başqa kaset  yoxdumu?!

- Bilirdinmi,

günlər necə uzun imiş?

- Hələ qara gecələr!

- Yalvaracaqsan ölümə,

İnanardın, desələr?!.

- Şər qarışır, - deyir qonşu,

Get evinə, yat, dincəl!..

Yazıq qoca...

Xırıltılı sinəsindən

elə uzun ah çəkdi...

Qonşu hələ çox cavandı,

Hardan bilsin: dincəlməkçün

ona ölüm gərəkdi!..

 

lll

 

Atam sevinməyib mən doğulanda.

Oğlan istəyirmiş... Eyvah,yenə qız!..

Nübar adı verən üçüncü qıza,

Mənaya varmayıb, elə mənasız...

 

 

Gülürəm: yaxşı doğulubmuşam,

Bomboş görünərdi bu dünya mənsiz.

Hamının bir yanı əskik qalardı,

Dost-dostsuz qalardı, düşmən düşmənsiz...

Yaxşı işlərimə sevinənlər var,

İkirəqəmliyə çatmadı sayı..

Kimə dost dedimsə, canımı verdim,

Dünyada var ki, dostum, havayı?!

 

 

Ömürlə birtəhər yollaşıb getdik,

Ayrı düşəcəyik bir gün xoşluqla.

Yerim boş qalacaq çox illər boyu,

Amma görünəcəm mən o boşluqdan...

 

lll

 

Gecə. Ölüb bütün canlılar sanki,

Səhər açılsaydı, diri görərdik.

Ay da buludlara sığınıb yatıb,

İldırım çaxsaydı, yeri görərdik.

 

 

Top-top oynamağa in-cin yoxdu,

Bir səs eşidəsən, him-cim yoxdu.

Şeir doğulmur, sancım da yoxdu,

İlham gəlsə, bəlkə, pəri görərdik!

 

 

Gündüz günün üzü, gecə astarı,

Yaz, yay - toy libası, qış - yas paltarı,

Bəsirət gözümüz açıla barı,

Sıfırıq, bəlkə Tək Biri görərdik!

 

lll

 

İnsan körpə doğulur,

Bağçada - uşaq,

Məktəbdə - şagird,

Sonra - tələbə,

Gedənə - yoldaş,

Gələnə - sirdaş,

Yeyənə - qardaş olur.

Sonralar... daş, ...daş...

Vətəndaş,

Əsgər,

Kimə - oğul,

Kimə - ər.

Bəzən adaş olur

insan insanla.

Əmi, dayı, qaynata,

İşçi, rəhbər olur.

Əli - mübtəda,

Əlinin dəli olması -

Xəbər olur!

Şəhərdə - kəndli,

Kənddə - şəhərli,

Qürbətdə - həmyerli

deyir biri -birinə.

Xoşbəxt! Bədbəxt!...

Baxır, yerinə...

Qoca, əməkdar,

Ağıllı, dəli.

Halal, müftəxor!

Ən son da ölü deyirlər insana!

Əməlinə görə

Kimə - rəhmətlik!

Kimə - görbagor!..

 

lll

 

Sözlərin ağzında şəkil dəyişir,

Dəyişmə, içindən gələn kimi de!

Alışıq deyilsən, utanırsansa,

"Filankəs deyirdi bəhmən..." kimi de.

 

 

Bir qədər başına dolan, gəz sözü,

Əgər sərtsə, bir az yumşalt, əz sözü,

Bəzəyib, düzəyib, o mərəz sözü

Dərdə əlac kimi, məlhəm kimi de!

 

 

Mən səni bilirəm, təmizdir için,

Di gəl ki, sözlərin od-alov saçır,

Elə kəskindi ki, iynədən keçir,

Səs tonunu dəyiş, gülən kimi de.

 

 

Uşaq da deyilsən, durum deyim,

Götür-qoy edirəm, görüm deyim,

Keçib ta, axırda birin deyim:

Elə bil ölmüşəm, ölən kimi de!

 

Nübar ELDARQIZI

525-ci qəzet.- 2023.- 2 iyun.- S.15.