Sözün sönməz işığında yaşanan Şahin Fazil ömrü

 

 

"Deyilən söz yadigardır"... Sözümü dahi şair Səməd Vurğunun bu məşhur poetik fikri ilə başlamağım heç təsadüfi deyil. Çağdaş poeziya elm mühitimizdə xüsusi yeri olan dəyərli şair alim Şahin Fazilin yaradıcılığı ilə bu unudulmaz misranın məzmunu arasında möhkəm bağlılıq var. Təbiət ürəklərdə təlatüm yarada bilən bu gözəl şairimizə qəribə bir duyum verib. Onun fəlsəfi görüşləri son dərəcə genişdir, xarakterindəki kübarlıq, həm əyilməzlik var. Ülvi hissləri zərrə-zərrə yaşayan duyğusal şair ən incə cizgiləri, çalarları şeirlə rəsm etməyi, canlandırmağı bacarır. Daş ürəklərin qapısını döyür onun incə ruhlu misraları. İnsan qəlbinin sirli dərinliklərindən daha əzəmətli bir mənzərə, hüdudsuz bir aləm varmı? Həqiqətlər insan qəlbinin dərinliklərində gizlidir. "Gözəl bir söz - kökü sağlam, budaqları göyə yüksələn bir ağac kimidir" buyurulur müqəddəs kitabda. Şair fikirləşir ki, insan ürəyi qəflətdən uzaq olmalı, yalnız xeyirxahlıq, xoşbəxtlik, düzlük, təmiz əxlaqı üçün döyünməlidir. Belə deyərkən bir yandan da şair hamımıza həyatın ən gözəl formulunu insanın kamil olmanın yolunu göstərməyi diləyir. Xoşbəxt həyatı sevməyən xalqın qardaşlıq ittifaqı arzusunda olmayan bir adam şair ola bilməz. "Şair olmayan məclisdə xalq da yoxdur" demişlər. Onların salamı da həqiqətdə ayrıca bir gözəlliyə malikdir.

Hər bir gözəl şeirdə gənclik mövcuddur. İnsanın qanına keçə biləcək gözəl bir şeiri eşitdiyi zaman o ruhən yüksəlir özündən uzaqlaşaraq buludların arxasına çəkilən gəncliyinin yanına qalxır. Ümumiyyətlə poeziyada sonsuzluğu təsdiq edən bir fəlsəfə var. Sağlam hissedici bir qəlbə malik olan, tarixin nəzərini özünə cəlb edə bilən hər bir insan bədii aləmlə maraqlanmalı, ondan aldığı bədii qidanı qanına hopdurmalıdır. Poeziyasız həyat kökündən ayrı düşmüş ağac kimidir. Ağac öz kökündən ayrı düşərsə, dözməz bu yanğıya, ayrılığa, həsrətə. Vaxtsız xəzana qovuşar, sarala-sarala "əlvida" söylər təbiətə. İnsan öz kökündən ayrı düşərsə-sönər qərib bir ulduz kimi. Sönər xəbərsiz-ətərsiz. Getdiyi yollarda bir iz qalar, bir nəqş. Deyərsən, o, heç yoxmuş bu dünyada. Hər bir xalqın yaradıcılığı özünəməxsus həqıqətlərindən doğulur. Sonra da birinin yaratdığından o birisi bəhrələnir. Bunların hamısı da xalq zəkasının zülalından qidalandığı üçün həqiqətə çevrilib əbədiləşir zamanla əfsanəyə dönür. Xalqın öz ömrü qədər, bəlkə bəzən daha artıq yaşayır. Şahin Fazilin yaradıcılığı da bu baxımdan seçilir.

Onun ümumilikdə 40-dan çox kitab müəllifi olduğu bizə bəllidir bu, müstəsna bir yaradıcılıq xariqəsidir. Qəzəl, nət, qitə qəsidələrdən ibarət, oxucunu aləmlərdən-aləmlərə aparan, nəfis tərtibatlı "Beş divan"ı, qədim Qubanı əks etdirən faktlar üzərində qurulub yazilan "Quba tarixi" kitabı, "Qəzəllər", "Təzkireyi-Şahin", "Azərbaycan haykuları", Quba Tarix-Diyarşünaslıq muzeyində gördüyüm "Azərbaycan Osmanlı imperiyası XV-XVl əsrlərdə" adlı tarix mədəniyyət ətri verən əsəri, şair Ramız Qusarçaylıya həsr etdiyi "Sözləri ecazdı Qusarçaylının" kimi nümunələrin hər biri ayrı-ayrılıqda rənglərin, rəmzlərin sönməz odunu daşıyır mahiyyətində. Bunları oxuduqca, bizə yaxın, hətta bizim bəzi duyğularımızı əks etdirən isti səmimi bir yurd atmosferi duyuruq. Qibtəyə layiq bir şairdir Şahin Fazil. Onun yazdığı şeirlərə etibar, vəfa hissi hakimdir. Bəzən duyğusal şair illərdən şikayət edərək:

 

 

 

 

 

İllərə deyim, söyləyim mən

Cavanlığımda

Ömür ələyimdən, yaş ələyimdən

Çiçək keçirərdi, gül ötürərdi,

Ətir səpələrdi yaşımın üstə.

İllərə deyim, ahıl çağımda

Fəqət qar ələyir başımın üstə.

 

 

- desə , bəzən hər kəsin nəhs kimi tanıdığı rəqəmi "On üç" adlı şeirində belə tərənnüm edir:

 

Adamlar on üçə nəhs deyərdilər,

Elə hey on üçü pisləyərdilər:

- Ayın on üçündə çıxma səfərə...

- Ayın on üçüdür, gözlə özünü...

 

yaxud

 

Ömürdə qədər on üç ötürdüm

Amma deyilənin əksini gördüm.

 

- deyərək bu rəqəmə öz için

dəki nəzakətin yansımasıyla bir qeyri-adilik qazandıraraq bizim gözümüzdə ucaldır. Hər şeirini bir "bala" adlandıran şair, "Mənim balalarım" şeirində:

Üzsünlər ömürdən saat, gün, qəm,

Onların həyatı həyatım olar.

Mən qəhrəman ata olmaq istərəm,

Təki çox doğulsun şeir balalar.

- deyir.

"Avtoportret" şeirində zamanı qınayan şair:

Vaxtın sürətindən şikayətim var,

Ayları, illəri qınayıram mən.

Mən kimi cavanlıq edən az olar,

Mən kimi qocalan çoxmudur görən?

 

- deyir, beləcə həm şair, həm tərcüməçi, həm professor olan alimlik dərəcəsinə yüksələn, türk, rus, fars dillərini mükəmməl bilən, şöhrəti sərhədləri aşan Şahin Fazil bir-birindən qiymətli şeirlərilə bir əsrə yaxındir ki, Azərbaycanın poetik səsi olmaqda davam edir. Onun sözlərinə Məmmədbağır Bağırzadə, Əlibaba Məmmədov, Canəli Əkbərov, Tofiq Bakıxanov başqaları mahnılar bəstələmişlər.

Yeri gəlmişkən, bir hadisəni vurğulayım ki, bir neçə il bundan əvvəl Şahın müəllimgildə qonaq olarkən söhbət əsnasında həyat yoldaşım Yaqub maraqla ondan niyə bəzi şeirlərinin altında tarixin olmadığını soruşdu. Qəfil verilən bu sualla şairin üz-gözü məyusluğa bələndi. Elə bil verilən bu sualla şairin qəlbində çox uzaq bir dünyayla bağlı xəyallara qapı açıldı. Zamanın imtahanından çıxmış bu ədəbi şəxsiyyət, buna səbəb kimi öz həyat yoldaşı Tamrida xanımla Əfqanıstan səfərindən qayıdarkən əlyazmalarla dolu bir çamadanının yolda itdiyini söylədi. Daha sonra: "Kaş ki, çamadan dolu varım-dövlətim itəydi, amma o əlyazmalar itməyəydi deyərək", - bu tarixi faktı bizə açıqladı. Təəssüf hissi ilə, bu səbəbdən bir çox şeirinin altında tarixin olmadığını, amma onun həqiqi həyatının mənbəyinin şeir olduğunu "şairi yaşadan onun sözüdür" sözlərini xüsusilə vurğuladı.

Bəzən bir xalqı onun bir şairinə, bir övladına görə tanıyırlar. Şairin öz ölkəsinin mədəniyyəti üçün yaddaqalan hadisəyə çevrilən yaradıcılığı dünyaya çıxan yolun bir parçasına, zəngin ədəbi irs miras qoyacaq bir ömür aynasına əbədi gənclik ehtirası ilə dolu coşğun ürəklər aləminə çevrilir. Şahin Fazil bu torpağın oğlu olmaqla bərabər, bəşəri miqyas qazanan şairlərdən biridir. Bu miqyas ona böyuk rəğbət, dərin hörmət qazandırıb. Könlünün hər guşəsındə "Ərşi Rəhman" gizli olan, sözünə hər zaman pak müsəlmanlığı ilə "Bismillah" kəlməsilə başlayan yüksək fəzilət sahibi Kərbəlayi Şahin Fazilin misralarında bu gerçəklik öz ifadəsini uğurla tapır:

 

Bəzən varlığımı sarır iztirab,

Allahla danışmaq istəyirəm mən.

İnsan verməyəndə suala cavab,

Allahla danışmaq istəyirəm mən.

 

Şairin haqqı axtarana ayna olan misraları ilə bütöv bir ömür xərclədiyi yaradıcılığı bu həqiqəti bütün aydınlığı ilə sübut edir. Uca Yaradanın zikrilə, vəhdət ruhu ilə hərəkət edən, hər an fərqli duyğular oyandıran şair, Allaha sığınaraq, "sözdə məna, mənada söz" deyərək təzə bir poetik dünya yaradır. İstəməklə əldə edilməyən, Allaha fəzli ilə gedilən bu yolbu yolçuluq hər kəsə də nəsib olmayan bambaşqa bir yolçuluqdur.

Şahin müəllim, şairlər üçün həyat hər gün yenidən başlayır. Odur ki, ilhamınızın qanadlarını möhkəmlədin. Bilirəm ki, yeni əsərlər sorağıyla gəzəcəksiniz neçə-neçə elləri. Çünki torpağın bərəkəti, ürəklərin xoş ülfəti, hərarəti, ömrümüzə zər şəfəqlərlə yazılan bu böyük günlərin şeiriyyəti alıb aparacaq sizi. Ürək isə həmişə pərvaz istər, ucalıq istər. Bu yolda ruhun - sərmayən, eşqin - xəritən, ağlın - bələdçin, sevgin - gücün olsun! Qarşıda zaman deyilən böyük sərraf varad insanı ucaltmır, insan öz adını ucaldır. Şair şöhrəti, şair əbədiliyi də elə buradan qaynaqlanır. Və bir də məna ömrün boyunda deyil, insanın gördüyü işdədir...

Bəli, 83 il bundan öncə dünyaya bir şair gəldi, şeirlərilə Allaha və Rəsuluna eşq və məhəbbətlə qul oldu! Könülləri sevgi ilə eşq bağına dəvət etdi! Sınıq qəlbləri ilahi eşq ilə sarıyıb bütövləşdirdi!

Ömrün daha da bərəkətli olsun, şair!

27 mart 2023

 

Gülnaz Qubalı

525-ci qəzet.- 2023.- 2 iyun.- S.12.