Sükutun harayı  

 

 

Bir rejissor, aktyor kimi onun uğurlarının mayasında heç şübhəsiz ki, anadangəlmə fitri istedadı dayanırdı. O süjetləri ki, Çaplin düşünürdü, o ideyalar ki, Çaplinin ağlına gəlirdi - bunları sadəcə yüksək aktyor ustalığının, rejissor peşəkarlığının ayağına yazmaq səhv olardı. Lakin Çaplin fenomeninin sirrini yalnız fitri fəhmlə, düşüncə miqyasının genişliyi və orijinallığı ilə izah etməklə də iş bitmir. O, dünya kinosunda pantomimin (him-cim sənətinin), səsli nitqlə əlaqəsi olmayan ekran təhkiyəsinin əvəzsiz və bənzərsiz virtuozu kimi tanınır. Onun filmləri hər hansı mətləbi, fikri yalnız ekran görüntülərinin, min bir çaları olan plastikanın, hərəkətin dili ilə çatdıran təmiz, xalis kinematoqrafiyanın klassik nümunələridir. Amma bəlkə elə indinin özündə də ekranda Çaplinin balaca qəhrəmanının çıxardığı hoqqalara baxa-baxa uğunub gedən, ayrı-ayrı komik tryukların, him-cim ünsürlərinin arxasında dayanan 2-ci (bəzən də 3-cü) mənaların mahiyyətinə vararaq kövrələn tamaşaçıların çoxu bilmir ki, həmin tryukları, səhnələri ərsəyə gətirmək üçün Çaplin çox vaxt saatlarla, günlərlə yox, həftələrlə, aylarla tər tökürdü, cəmi 2-3 saniyə vaxt aparacaq bir kadrın çəkilişinə filmin son variantı üçün lazım olandan 25-30 dəfə artıq neqativ plyonka sərf edirdi.

Deməli, fitri istedad üstəgəl, zəhmət, inadkarlıq! - məncə, Çaplini dünya kinosunun dahilərindən birinə çevirən sirrin sadə, həm də dəqiq formulunu belə ifadə etmək olar.

Lakin Çaplin özü başqa cür düşünür, ən böyük uğurlarını öz inadkarlığı, əzablı axtarışları fitri istedadı ilə yox, anasının adı ilə bağlayaraq yazırdı: "O, mənim tanıdığım ən böyük mimika ustası idi. Məhz ona baxa-baxa, onu müşahidə edə-edə mən nəinki hissləri jest və mimikanın köməyi ilə ifadə etməyi, həm də insanın daxili aləminə nüfuz etməyi öyrəndim".

Qoy bu da olsun dahilik fəlsəfəsinin "Çaplin paradoksu"!

Çaplinin sənət aləmi, kino dünyası ilə ilk ünsiyyəti doğulduğu Londonun "Kenterberi" müzikhollundan başlayıb. Burada "sehrli güzgünün" göstərdiyi möcüzələr - Don Kixotun, Zoluşkanın macəralarından bəhs edən seanslar balaca Çarlza böyük ləzzət verirdi. Az sonra maddi sıxıntılar onu daha geniş dünyaya - Londonun səs-küylü küçələrinə çıxardı, "8 lankşirli oğlan" truppasında aktyor kimi ilk addımlarını ataraq uğur qazandı. "Çəkməli pişik" pantomimində çıxış etdikdən sonra o, öz dostları ilə "Cıdır" teatrının səhnəsində "Ciidi Ostend" tamaşasında da uğurla oynadı. 1913-cü il dekabrın 29-da Amerikanın "Kistoun" studiyası ilə  əməkdaşlığa başlayanda Çaplin artıq komik ampluada müəyyən təcrübəsi olan aktyor idi. Sonrakı ildə o, 35 filmdə (!!!) çəkildi. Birhissəli bu komik süjetlərin 24-nün ssenari müəllifi və rejissoru Çaplin özü idi.

Kəmiyyət göz qabağında idi, lakin sonralar sənətçilərin, kinematoqrafçıların, nəzəriyyəçilərin dönə-dönə üz tutacaqları, müxtəlif aspektlərdən təhlilə cəlb edəcəkləri komik maskanın - balaca Çapli obrazının tam formalaşması hələ başa çatmamışdı. Akrobatik tryuklarla zəngin olan bu kiçik komediyalarda çəkilə-çəkilə o, dünya kino sənəti üçün kəşf etdiyi obrazı cidd-cəhdlə  təkmilləşdirir, müxtəlif variantları götür-qoy edirdi. O vaxtlar Fransa komik kino məktəbinin dünyada çox böyük nüfuzu vardı və taleyini gülüş sənətinə bağlayan Çaplin dünyanın ən məşhur gülüş ustası olan Maks Linder sanbalının nə demək olduğunu çox yaxşı başa düşürdü. Maksın komik tipi Fransa, İngiltərə, Amerika ekranlarının yaraşığı, milyonların sevimlisi idi. Tilsimi qırmaq, kinosevərlərin diqqətini bu tipdən yayındırıb özünə cəlb edə biləcək, sənətkar özünüifadəsinin uğurlu rəmzinə çevriləcək təzə obraz-maska yaratmaq lazım gəlirdi və Çaplin həmin o tipi - balaca səfili axır ki, sənət hadisəsinə çevirə bildi. Bu mənada səfil, avara Çaplinin kəşfi Çaplinin dünya kinematoqrafiyası qarşısında ən böyük xidmətidir. Bu qəhrəman uzun, əzablı axtarışların nəticəsi kimi meydana gəlmiş, filmdən-filmə təkmilləşərək 1916-cı ildə çəkilən "Sakit küçə" komediyasında estetik ideal, konsepsiya səviyyəsinə yüksəlmişdir. Çaplin öz yaradıcılığındakı bu dönüşün səbəbkarını sonralar böyük minnətdarlıq hissiylə xatırlayırdı: "O vaxta qədər mənim yalnız bir istəyim vardı: filmlərimə rəğbətlə yanaşan tamaşaçı kütləsinə xoş gəlmək. Bunun üçün isə hətta hadisələrin gedişi ilə bağlı olmayan effektlər yaratmaq belə kifayət idi... "Yanğınsöndürənlər" filminə ilk baxışdan sonra hər şey dəyişdi: üzünü heç vaxt görmədiyim naməlum bir adam mənə yazırdı: "Mən çox qorxuram ki, siz kütlənin quluna çevriləsiniz - necə ki, ilk filmlərinizdən kütlə sizin qulunuza çevrilmişdir. Kütlə isə, Çapli, qul olmağı yaman xoşlayır..."

Bu məktubdan sonra mən kütlənin tələb etdiklərindən yan keçməyə, öz zövqümə üstünlük verməyə başladım".

Nəticədə Çaplinin yaradıcılığı böyük keyfiyyət dəyişikliyinə məruz qalır; əgər bu filmə qədər Çaplin yalnız tamaşaçı marağını oynayırdısa, "Sakit küçə"də və ondan sonra istedadlı ifaçıdan orijinal yaradıcıya çevrilir. Bu filmdən sonra Çaplin öz yaradıcılığının ən kamil mərhələsinə qədəm qoyaraq onu XX əsrin canlı klassikinə çevirən, dahi səviyyəsinə qaldıran "Qızıl azarı", "Böyük şəhərin işıqları", "Parisli qız", "Yeni zamanlar", "Səhnə işıqları" kimi şedevrlərini yaradır.

Çaplin sözün birbaşa mənasında kino adamı idi, dünyaya bu missiyanı yerinə yetirmək üçün gəlmişdi və əgər belə demək mümkünsə, onun yaratdığı filmlər xalis teyxa ekran əsərləri idi.  Elə buna görə də onun filmlərini ayrı-ayrı səhnələrə, epizodlara bölüb söz ilə təsvir eləmək mümkün deyil. Ümumiyyətlə, söz Çaplinin yaradıcılığında fikir, ideya daşıyıcısı kimi bəlkə də yüzüncü yerdə dayanır, çünki onun ekran dünyası yalnız kinematoqrafiyanın dili ilə yaradılan, yalnız kino sənətinin "gözü" ilə görünən dünya idi. 1922-ci ildə Çaplin "Böyük şəhərin işıqları" filmini çəkməyə hazırlaşanda artıq bütün dünya səsli kino ilə nəfəs alırdı. Yeni kəşfdən hədsiz qayğılanan Çaplin hər axşam adi tamaşaçı kimi Los-Ancelesin kinoteatrlarına gedərək, səsli filmlərə tamaşaçı reaksiyasını müşahidə edirdi. Öz studiyasında sınaq xarakterli bir neçə çəkiliş apardıqdan sonra Çaplin yazırdı: "Mən səsli filmlərə nifrət edirəm. Onlar dünyanın qədim sənətini - pantomimi korlamaq üçün yaranıb. Onlar sükutun, səssizliyin böyük gözəlliyini, müasir kinematoqrafiyanın binasını yerlə-yeksan edirlər. Ekranda plastik gözəllik daha vacib şərtdir. Kino - təsviri sənətdir... Mən, ümumiyyətlə, heç bir filmdə sözlə işləməyəcəm".

Əlbəttə, Çaplin öz sözünün üstündə axıra qədər dayanmadı, sonralar, yaşının nisbətən ahıl vaxtında səsli kinonun "Səhnə işıqları", "Kral Nyu-Yorkda" kimi nümunələrini yaratdı. Lakin yuxarıdakı fikirlər ekran sənətinin estetikası, kino dilinin təbiəti, real aləmin kinematoqrafik inikas tərzinin özünəməxsus xüsusiyyətləri barədə onun nəzəri görüşlərinin ifadəsi kimi son dərəcə qiymətlidir. Çaplinə görə, "danışan" filmlər - teatr şərtiliyini kino realizmi ilə birləşdirməyə uğursuz cəhddən başqa bir şey deyildi.

Dünya kinosunda Çaplinin ən böyük xidmətlərindən biri də ekssentrik oyun tərzinin psixoloji qatlarını kəşf etməsidir. Əvvəlki kinokomiklər nə qədər istedadlı olsalar da, komik tryukları psixoloji təhlil səviyyəsinə qaldıra bilməmişlər. Çaplinin yaradıcılığında isə komizm, ekssentrik oyun tərzi son məqsəd deyil, ümumi konsepsiyanın ifadəsinə xidmət edən vasitələrdən biridir. "Sakit küçə"dən sonra yaranan filmlərdə ən kiçik ekran görüntüləri, ən yığcam kadrlar belə Çaplinin yozumunda təkcə gülüş yaratmağa yox (ilk filmlərində olduğu kimi), həm düşündürməyə, heyrətləndirməyə xidmət edir.

Çaplinin düşünüb yaratdığı, ifa etdiyi qəhrəman - Çapli özündə ən paradoksal keyfiyyətləri üzvi şəkildə qovuşduran mürəkkəb, çoxplanlı obrazdır. Avara, səfil taleyi yaşayan adam kimi o, son dərəcə yazıq, ədalətsizliyə qarşı mübarizə aparan haqq aşığı kimi son dərəcə gülünc, ürəyinin təmizliyinə, arzularının ülviliyinə, məhəbbətinin təmənnasızlığına, saflığına görə isə son dərəcə faciəvi bir insandır. Xarakterdəki bu üç səviyyənin vəhdəti Çaplinin virtuoz ifa ustalığı ilə təmin olunurdu. Onun qəhrəmanı daim xoşbəxtliyə can atır, xoşbəxtlik isə onun üçün xeyirxahlıq, başqalarının əzabını könüllü olaraq öz üzərinə götürməkdir. Ona görə də son tikəsini özündən gücsüzlərə, acizlərə verir, özü kimi yurdsuz-yuvasız adamların dərdinə şərik olmağa tələsir, başqalarının xoşbəxtliyinə uşaq kimi sevinir. Bu qəhrəmana xas olan ən ülvi, bəşəri keyfiyyətlər "Böyük şəhərin işıqları" filmində insanı riqqətə gətirən bir dillə təqdim olunur. Çapli küçələrdə gül satan kasıb, gözəl, lakin hər iki gözü kor bir qızı sevir və az qala həyatını riskə qoyaraq qızın müalicəsi üçün vəsait tapmağa, pul toplamağa başlayır. Uzun macəralardan sonra həbsxanaya düşmək bahasına o, öz istəyinə nail olur. Budur, gülsatan qızın gözləri açılıb, onun indi hətta kiçik bir mağazası da var. O, xoşbəxtdir, bəxtəvərdir və onu bu xoşbəxtliyə qovuşduran "şahzadənin" - öz təsəvvüründə yaratdığı milyonçunun yolunu səbirsizliklə gözləyir. Şahzadənin, milyonçunun əvəzinə isə qazamatdan çıxan səfil Çapli gəlir. Heyrətdən, təəccübdən gülsatan qızın gözləri hədəqəsindən çıxır. Çapli isə barmağını dodağına qoyub məsum-məsum, bir az da günahkarcasına gülümsəyir və başa düşür, hiss edir ki, gülsatan qız o boyda mərhəməti, alicənablığı onun balaca boyuna, səfil görkəminə heç vaxt yaraşdırmayacaq, inanmayacaq ki, xilaskarı indi onun qarşısında dayanıb sanki elədiyi yaxşılığın xəcalətini çəkən bu balaca səfildir. Buna görə də Çapli kədərlidir. Lakin onun gözlərinin dibinə çökmüş bu kədər nikbin kədərdir, çünki Çapli öz dərdinin, faciəsinin fövqündə dayanmağı bacaran qeyri-adi bir varlıqdır.

"Yeni zamanlar" filmində nəhəng istehsal maşınları ilə sadə zəhmət adamları arasındakı toqquşma, ziddiyyət əvvəlcə sırf komik vasitələrlə verilir, Çaplinin bu maşınlarla mübarizəsi, maşınlara qarşı qaldırdığı üsyan gücsüz bir adamın azman qüvvələrlə qeyri-bərabər döyüşü kimi şux gülüş doğurur. Polislərin təqib etdiyi qız süjetə daxil olan kimi isə vəziyyət dəyişir, konflikt fəlsəfi vəznlə yüklənir, ədalət axtarışında olan adamla həyatın sərt, amansız qanunları arasındakı ziddiyyətlər getdikcə dərinləşir və son nəticədə təbii ki, Çaplinin xeyrinə yox, ziyanına həll olunur.

Demək olar ki, bütün filmlərində xeyirxahlığın məğlubiyyəti bir sənətkar kimi Çaplin realizminin qələbəsi idi - ədalətli, təmənnasız, xeyirxah adamlar ən böyük qələbəni yalnız arzularında, xəyallarında qazanırlar.

Çaplin "Yolçu" filminin finalında öz qəhrəmanı Çaplinin aqibətini rəmzi detallarla göstərirdi. Budur, polislərin ölkədən qovduğu Çapli ABŞ və Meksika arasındakı sərhəd zolağının üstü ilə addımlayır. Yəqin ona görə ki, təhqir edilən, alçaldılan səfil insanlara bizim planetimizdə yer yoxdur. Lakin dünyanın hər bir guşəsində yaşayan bu cür adamların əsl qiymətini verə-verə, onları bizim dostumuza, simsarımıza çevirə-çevirə Çaplin özü bütün planetin övladına çevrildi...

 

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2023.- 2 iyun.- S.11.