Müasir Vyanaya və Avstriyanın zəngin
tarixinə səyahət
İki fədakar,
mənə yaşlı adam kimi xüsusən
hər cür qayğı göstərən yol
yoldaşlarımla birlikdə biz qatarla Çexiyanın
paytaxtı Praqadan Avstriya paytaxtı Vyanaya yola
düşdük. Çexiya ərazisində cənubi-qərbə
doğru irəlilədikcə hər yer qalın qar
örtüyü altında idi. Paytaxtda da
qar küçələri örtmüşdü,
gündüz mənfi 6-8oC şaxta olurdu. Ancaq hava küləksiz
olduğundan şaxtanı elə də hiss etmirdik, təmiz
havanı ağ ciyərlərimizə doldurmaqla rahat nəfəs
alırdıq. Təəssüf ki, yol boyu diqqəti
cəlb edən elə bir mənzərə seyr edə bilmədik.
Qarlı ətraf, Ukraynanın qış şəraitində
olan uzun sürən düzənliklərini yada salırdı.
Mən bir qədər əvvəl qatarla
Londondan Mançesterə, oradan isə Şotlandiyanın
paytaxtı Edinburqa getmişdim. İngiltərə
düzənliklərində maraqlı mənzərə
görə bilmədik, Şotlandiyada isə təpələr
və dərələrdən ibarət olan təbiət
öz gözəlliyini qürurla nümayiş etdirirdi. Valter Skottun tarixi romanlarının birində
yazdığının da şahidi oldum. O yazırdı
ki, düzənlikdə otlayan qoyunlar bir-birinə
sıxılırlar, dağ yamaclarında otlayan qoyunlar isə
bir-birindən aralı qaydada qidalanırlar. Çexiyada biz nə
dağ yamacı, nə də orada otlayan qoyunları
gördük, mənzərənin yeknəsəngliyi
yolçuda adətən melanxolik hisslər yaradır, axı adam yad ölkədə nəsə yeni bir
şeyi görməyə köklənir, bu, olmayanda
özünü aldadılmış kimi hiss edir.
Ölkənin
sərhədindəki Bratislavada biz kupesində oturduğumuz
çex qatarını tərk edib, Vyanaya gedən və artıq
Avstriyaya məxsus sərnişin qatarına mindik.
Avstriyalıların vaqonunda kupe yox idi, yalnız oturacaq
kresloları var idi, lap təzə olması gözə dəyirdi.
Qatarın yeganə bir eybi onda idi ki, hər beş-on dəqiqədən
bir dayanırdı, lakin vaqondakı sərnişinlərin tərkibində
elə bir dəyişiklik baş vermirdi, əslində, iri,
uzun vaqonda ən çoxu 7-8 adam gedirdi. Nəhayət,
qatar Dunay çayının üstündəki
körpü ilə sağ sahilə çıxdıqda, biz
Vyanaya daxil olduq. Dəmir yol vağzalı
böyük idi və biz yaxındakı beşulduz "İnter
Kontinental" otelinə yollandıq. Hər
şey Bakıda olarkən bu sahədə çox
yaxşı səriştəsi olan yaxın dostumuz tərəfindən
sifariş verildiyindən, bizə otelin qəbulunda tezliklə
otaqlarımzın açar-kod kartlarını verdilər.
Otelin hollu köhnə dəbə uyğun bəzədilmişdi
və onun bir hissəsini restoran ərazisi tuturdu. Elə
bil ki, otel
Vyananın köhnə saray zamanlarının bəzəyini,
həm də öz dəbdəbəsi ilə isə
müasirlikdən çox keçmişi yada salırdı.
Vyana bizi soyuq, sərt küləklə
qarşıladı və olduğumuz günlərdə
küləyin şiddəti azalmaq əvəzinə
artırdı.
Mövlud bayramı ərəfəsində
Avropada günəşli havanı ummaq da sadəlövhlük
olardı. Şönbrunn sarayına
baxmağa gedəndə, qayıtmaq üçün taksini
gözləməkdən ötəri daş divarların
arxasında küləkdən qorunmaq üçün gizlənirdik.
Taksi sürücülərinin əksəriyyəti
türklərdir, azərbaycanlılar da vardır. Lakin onlar bizdə yaranan təəssürata görə,
təəssüf ki, diqqətli xidmət göstərmələri
ilə öyünə bilməzdilər, adından azərbaycanlı
olduğu bilinən sürücü bizdən telefonla qəbul
etdiyi sifarişi üç dəfə dalbadal ləğv
etdiyini bildirdi.
Vyana Avropanın gözəl, tarixi və memarlıq abidələrini
zənginliyi ilə seçilən şəhərlərindən
biridir. Çox vaxt keçmişin dəbdəbəsinin,
barokko üslubuna xas olan arxitektura incilərinin hələ də
unudulmayan nişanələrinin izləri ilə
addımbaşı qarşılaşırsan. Dövlət Opera teatrı binasının yerləşdiyi
küçə çox sayda möhtəşəm qədim
binalarla doludur. Şəhər parkların
çoxluğu və böyüklüyü ilə də fərqlənir,
bu məsələdə Londonu yada salır. Yaşadığımız
otelin foyesini bəzəyən çilçıraq da
xüsusən keçmiş saray məğrurluğunu
canlandırırdı.
Vyana Dunay ətrafı Avstriyasının və
bütün ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi
olmaqla yanaşı, burada ölkə əhalisinin 2/5-dən
çoxu və ya 2 milyon nəfərə qədəri
yaşayır.
Vyana başlanğıcdan Dunayın sağ sahilində
yaranmış və böyümüşdür. Şəhər Alp dağlarının bir hissəsi
olan meşəlik Vinervaldın - Vyana Meşəsinin ətəyində
yerləşir. Xüsusən "Gözəl mavi
Dunayda" valsı ilə daha böyük şöhrət
tapmış bəstəkar və skripkaçı İohann Ştraus- oğulun (1825-1899-cu illərdə
yaşamışdır) "Vyana Meşəsi
nağılı" musiqi əsəri bu məkanın təbii
gözəlliklərini, flora və faunasının
unikallığını ecazkar musiqi dilində,
quşların oxuması ilə təsvir etdiyindən, dinləyicidə
bu əraziyə böyük heyranlıq hissləri yaradır.
Həmin musiqinin harmoniyası Ştrausa həsr
olunmuş köhnə amerikan filminin cazibədar bəzəyinə
çevrilmişdi. Bəstəkar meşədəki
yolla karetada gedərkən təsvir olunur, quşların
oxuması onu elə valeh edir ki, fürsəti əldən verməyib,
elə oradaca zümzüməsi ilə həmin oynaq musiqi
parçasını yaradır.
Ştraus bir bəstəkar
kimi yüngül musiqinin, xüsusən Vyana valsının
inkişafında böyük rol oynamışdır. Bu sadə xalq rəqsini o, saray adamlarının rəqsi
səviyyəsinə yüksəltmişdi. Onun "Vyana qanı", "Bahar səsləri"
valsları da çox populyardır. Təsadüfi
deyildir ki, sağlığında onu "vals kralı"
adlandırırdılar. İmperator Frants
İosif də ona izdiham qarşısında Vyananın əsl
kralı kimi müraciət etmişdi. Çox
sayda operetttalar yazmışdır, onlardan "Yarasa" və
"Qaraçı baronu" musiqi incisi hesab olunur. Onun atası olan İohann
Ştraus-ata da bəstəkar və dirijor olmuşdur, az yaşasa da, həmçinin valslar müəllifi
kimi tanınır
Şəhər getdikcə dağa doğru yüksəlir. Burada məskunlaşma
çox qədim dövrlərdə baş vermişdi. Bizim eranın 90-cı illərində Roma
işğalçıları bu ərazidə özlərinin
istehkamlanmış Vindobana düşərgəsini
salmışdılar. XII əsrin
ortalarında isə bura Avstriya dövlətinin baş şəhərinə
çevrildi.
Orta əsrlərdə Dunayın su yolu ilə
Baltikyanı dövlətlərlə və Balkan
yarımadası ilə gur ticarət gedirdi. Belə əlverişli məkanda yerləşməsindən,
özünün sərfəli nəqliyyat-coğrafi vəziyyətindən
Vyana bu gün də böyük fayda götürür. Nəhəng və çoxmillətli Avstriya
Monarxiyasının paytaxtı kimi də Vyananın statusu
böyük əhəmiyyət daşıyırdı. Burada imperiyanın baş şəhəri kimi
çox sayda xalqların yaratdığı var-dövlət cəmləşirdi.
İndiki kiçik Avstriyanın fonunda Vyana nəhəng
şəhər təsiri bağışlayır.
Avropada az sayda elə bir paytaxt tapmaq olar ki,
öz dövlətinin taleyində Vyana tək bu qədər
böyük rol oynasın.
Avstriyanın həyatında şəhərin xüsusi əhəmiyyəti
bütünlüklə tarixi səbəblərlə izah
olunur. Avstriya milli-dövlət olana qədər paytaxt
şəhəri sənaye, ticarət və bank işinin mərkəzi
idi. Çoxmillətli dövlətin
paytaxtı kimi isə Vyana nəhəng müxtəlif tarixi dəyərlərin
toplandığı, akkumiliyasiya olduğu bir yerə
çevrilmişdi. Bunlar təkcə
Avstriya milli-mədəniyyətinin deyil, həm də
hansısa bir dövrdə əvvəllər Avstriyanın
hökmranlığı altında olan torpaqlarda yaşayan
xalqların mədəniyyətlərini təcəssüm
etdirirdi.
Müasir neytral Avstriya Respublikasınin mövcudluğu
şəraitində Vyana çox sayda beynəlxalq təşkilatların
iqamətgahı oldu. Bunlara atom enerjisi üzrə Beynəlxalq Agentliyi
(MAQATE), sənaye inkişafı üzrə Birləşmiş
Millətlər Təşkilatı (YuNİDO), neft ixrac edən
ölkələrin təşkilatı (OPEK) və digərləri
daxildir. Vyana beynəlxalq danışıqlar
aparılmasının, konfransların, konqreslərin, elmi
simpoziumların keçirilməsinə sığınacaq verən
adəti bir yerə çevrilmişdir. Bu ənənənin
əsası 1814-cü ildən, Napoleonun məğlubiyyətindən
sonra qoyulmuşdu. Bu məsələdə
Avstriya paytaxtı XX əsrin ikinci yarısından sonrakı
dövrdə beynəlxalq təşkilatların ofislərinin
çoxluğuna görə, diplomatiyanın
tanınmış şəhəri sayılan Cenevrə ilə
rəqabət aparmaq gücünə yiyələnmişdir.
Vyana haqqında deyirlər ki, bu, parklar, fəvvarələr
və geniş meydanlar şəhəridir. Otelimizin
yaxınlığında yerləşən teatr
binasını iri park əhatə edirdi. Barokko
üslubunda olan dəbdəbəli binalar, qotikanın gözəl
abidələri adamı heyran edir. Əlində skripka çalan bəstəkar
İohann Ştraus-oğulun qızıl suyuna çəkilmiş, çılpaq
insan bədənlərinin təsviri ilə bəzədilmiş
kvadrata bənzər dairənin haşiyələndirdiyi
gözəl heykəl Vyananın simvollarından biridir.
Çoxəsrlik tarixi olan əksər şəhərlər
kimi Vyananın planı dairəvi və radius tipli küçələrdən
ibarətdir. Öz arxitekturası ilə daha çox məşhur
olanlar və həmçinin abidələr və dekorativ heykəllər
əsasən İnner Ştadt adlanan İçərişəhərdə
yerləşir. Lap mərkəzi isə keçmiş
imperator sarayı olan Hofburq bəzəyir. Burada
indi Avstriya Etnoqrafik muzeyi, Mədəniyyət muzeyi, Şəkil
Qalereyasının zəngin eksponatları, həmçinin
Milli Kitabxananın və Konsert salonunun kolleksiyası yerləşir.
Hofburq
sarayı
Bir qədər aralıda qotik üslubda tikilmiş məşhur
Müqəddəs Stefen kilsəsi yerləşir. Burada, mərkəzdə
bir neçə qədim kilsələr və digər köhnə
binalar, o cümlədən, 1365-ci ildə əsası
qoyulmuş universitetin binası vardır. İçərişəhərin
baş küçəsi Keribput - Trasse-Karintiya küçəsidir.
İçərişəhəri hər tərəfdən
geniş Rinq bulvarı dövrələyir, bulvar
konfiqurasiyasına görə at nalı formasına malikdir.
Burada çox sayda dəbdəbəli, müxtəlif
arxitektura üslubunda olan binalar tikilmişdir. Dövlət
Operası, parlament və Ratuşa binaları, universitetin yeni
binası da buradadır. Yaxınlıqda həmçinin
məşhur Burq-teatrı yerləşir. Bir
sıra muzeylərin, Vyana əyanlarına məxsus evlərin,
iri mağazaların fasadı Rinqə tərəf
çıxır.
Rinqdən yelpik kimi çıxan küçələrdən
ən varlısı Mariyahil Ferştrassedir, o, zahiri
yarımdairə əmələ gətirir, bu Qyurqal
("zolaq" mənasını verir) adlanır.
Vyananın qərb qurtaracağını, Qyurqaldan kənarda
yerləşən daha möhtəşəm və yəqin
ki, daha məşhur ansambl olan Şönbrunn - Habsburların
keçmiş yay iqamətgahı bəzəyir. Bu nəhəng
bina barokko üslubunda tikilmişdir. Onu mütəxəssislər
üslubun müstəsna qanadı kimi, Vyana barokkosu tək qiymətləndirirlər.
XVIII əsrin ortalarında Şönbrunn sarayına həsr
olunmuş tablo onu Kiçik Versal kimi təqdim etmişdi. Memar Fişer fon Erlax 1717-ci
ildə saray kompleksinin tikintisinə başlayarkən, zənginliyə
daha çox fikir vermişdi, onu fransız kralı XIV Luinin
iqamətgahı olan Versal üslubunda yaratmağa səy
göstərmişdi.
Şönbrunn sarayı
Şəhərin şimali-qərb kənarında, Vyana meşəsinin ətəyində varlı biznesmenlər, məmurlar məskunlaşmışlar.
Vyana ölkənin bütün sənaye istehsalı məhsulunun təqribən üçdə birini verir. Maşınqayırma, metal emalı, kimya müəssisələri çoxluq təşkil edir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 3 iyun.- S.22.