Hər dəqiqənin
bir hökmü, hər kəsin bir sonu var
Hər insanın həyatında keçid mərhələsi
olur. Bəzilərində bu, ömür boyu sürür.
Ancaq ən çətini insanları
saf-çürük etmə mərhələsidir. Yəqin ki, bu, hər kəs üçün
çox yorucudur. Amma hamının mütləq
şəkildə keçməli, öyrənməli
olduğu bir mərhələdir. Yəqin
ki, sizin də həyatınızda qarışqa qədər
adamları böyüdüb fil boyda eləmək olub. Yəqin ki, sizin də dünya qədər çəkisi
olan ciddi və mənalı kəlmələri o adamların
adlarının yanında vergül qoya-qoya sıralayanda əlləriniz
titrəməyib. Yəqin ki, siz də
cümlələri ölçüb, sözləri biçib
üstlərinə geyindirmisiniz. Ən eybəcərinə
belə necə yaraşdırmısınızsa, sonra
özünüz də çaşıb qalmısınız.
Ötüb gedən zaman içində isə
görmüsünüz ki, sən demə, ölçüb-biçdiyiniz,
tikib əyinlərinə geyindirdiyiniz o cümlələr
"sıfır ölçülü" həmin adamlara
on-on beş ölçü böyük imiş. Təbii ki,
hər şeyi zaman müəyyənləşdirir, zaman nələrin
nə, kimlərin kim olduğunu isbat edir.
Zamanın gücünü muzeylərdə daha çox
öyrənirsən. Şahların, imperatorların, sinəsinə
döyənlərin, özünü zirvə sananların, hər
kəsə meydan oxuyanların yerində indi yellər əsdiyini
görə-görə dərk edirsən. Anlayırsan
ki, nələrisə, ya da kimlərisə gözdə
çox da böyütmək lazım deyil. Nəticədə
hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu
var!
Acı hökmün, mütləq sonun
yaşandığı yerdir Ulduz sarayı. İstanbulun
"incilərindəndir". Osmanlı
dönəmində tikilən son böyük saraydır.
II Abdulhəmidin hökmdarlıq etdiyi, ömrünün ən
gözəl və ən ağır dönəmini
yaşadığı, yaratdığı, devrildiyi,
ardınca xalq tərəfindən yağmalanan Ulduz
sarayı...
Tarix amansızlıqlarla doludur. Ümumiyyətlə,
harada insan varsa, oranın cəhənnəmə çevrilməsi
qaçılmazdır. Ancaq bu yazıda
saraydan yox, sarayın ərazisində yerləşən
Şalə köşkündən bəhs edəcəyəm.
İsraf, yoxsa jest?
II Abdulhəmid qonaqpərvərliyi ilə məşhur
idi. "Xoş gəldin, beş gəldin" səviyyəsində
deyildi bu qonaqpərvərlik, o dərəcədə idi ki,
İstanbula ziyarətə gələcək olan Almaniya
imperatoru II Vilhelm üçün xüsusi köşk
tikdirmişdi. Hətta köşkün inşasına
birbaşa özü nəzarət etmiş və qısa
müddətdə başa çatdırılmasına nail
olmuşdu.
Yaşadığı
sarayın bağında belə bir köşk tikdirməsi bir
az qəribə görünə bilər. Hətta sırf bir nəfər qonağın
iki-üç gecə qalmağına görə belə bir
addımın atılmağı israfçılıq hesab
edilə bilər. Əslində isə bu,
böyük bir jest, bir təşəkkür, bir minnətdarlıq
idi.
O dönəmlər
II Abdulhəmid Qərb tərəfindən təklənmişdi.
Hətta Qərb Osmanlı İmperatorluğunun
çöküşünü gözləyirdi. Vəziyyətin bu həddə
çatdığını görən sultan, təklənmə
siyasətindən qurtulmaq üçün hərəkətə
keçir və alman imperator II Vilhelmlə möhkəm dostluq
əlaqəsi qurur. Başda İngiltərə
olmaqla digər ölkələr Osmanlı
İmperatorluğunun bölüşdürülməsi
üçün hazır dayanmışdılar. Hətta bunu dilə gətirməkdən belə
çəkinmirdilər. Lakin Sultan Abdulhəmidin
məntiqli siyasəti ilə əllərini ovuşduraraq
pusquda durub gözləyənlərin bütün gözləntiləri
buxar olur.
Heyranlıq
da "ünvan" dəyişə bilir
Vilhelm ilk
dəfə 1889, növbəti dəfə isə 9 il sonra - 1898-ci ilin oktyabr ayları olmaqla
İstanbulu iki dəfə ziyarət edir. Hər
iki gəlişində də II Abdulhəmid tərəfindən
təntənəli şəkildə qarşılanır.
Tezliklə şəhərdə alman məktəbləri
və xəstəxanaları açılır. Türk əsgərlər Almaniyada təhsil
almağa başlayırlar. XVIII əsrə
qədər memarlıq və sənət başda olmaqla bir
çox sahədə güclü təsiri olan Fransa
heyranlığı yavaş-yavaş Almaniya
heyranlığına çevrilir. Vilhelm
Abdulhəmidin ölümündən sonra I Dünya müharibəsinin
axırlarına yaxın Sultan Rəşadın dəvətlisi
olaraq 1917-ci ilin oktyabrında üçüncü dəfə
İstanbula gəlir. Padşah
qonağını Sirkəçi stansiyasında qarşılayır.
Həmin vaxt Vilhelmin əynində türk
forması və türk şapkası olur. Bu, onun dostluğa verdiyi dəyərin, sədaqətin
göstəricisi idi.
"Bütün
gözəlliklərin" memarı
Şalə köşkü günümüzə gəlib
çıxan görkəmli memarlıq abidələrindən
biridir. Adı fransızca "dağ evi" mənasına
gələn "chalet" sözündən alınıb.
Daha əvvəl Osmanlı memarlığında
bu qədər fərqli və diqqət çəkən bir
tikili olmayıb. Köşkün birinci
bölümü 1880-ci ildə inşa edilir. Doqquz il sonra İstanbuldakı ən gözəl abidələrin
memarı olan Sarkis Balyan tərəfindən genişləndirilərək
otaq və salonlar da əlavə edilir. Mərasim
köşkü adı ilə tanınan və italyan əsilli
saray memarı De Aranconun inşa etdiyi üçüncü
bölümü isə 1898-ci ildə tamamlanır.
Osmanlı
memarlığında bir ilk
Şalə köşkü zirzəmisi ilə birlikdə
üç mərtəbədən ibarətdir. İnşasında
taxta və kərpicdən istifadə edilib. Osmanlı ənənələrində olan "hərəm
və salamlıq" bu memarlıq abidəsində
görülməməkdədir və bu imperatorluq
üçün bir ilk hesab edilir. Pəncərələri
taxta jalüzlərlə açılan Şalənin mərtəbələr
arasındakı pilləkənləri De Aranco tərəfindən
italyan mərmərindən hazırlanıb. Bura altmış otaq, dörd dəbdəbəli
salonu ilə köşkdən daha çox kiçik saraya bənzəyir.
Avropa memarlığının izlərinin güclü şəkildə
hiss edildiyi, hətta görüldüyü köşk
insanı valeh edir. Divarların və
tavanların zərif, bir qədər də cəzbedici
qızılı işləmələri içəri girən
hər kəsi valeh edir.
Qumarxanaya
çevrilən köşk
Köşkdəki bir-birindən zərif çini qablar,
vazalar, xüsusi işləməli yataq dəstləri, dolablar
və çox sayda digər əşyalar Avropadan gətirilib. Özünə
məxsus qonaq otaqları ilə tanınan Şalə
köşkü Cümhuriyyətin ilk illərində
İstanbul bələdiyyəsi tərəfindən Mario Serra
adlı bir italyan tərəfindən kirayəyə
götürülür və qumarxana kimi işlədilməyə
başladı. Atatürkün göstərişi
ilə 1930-cu ildə Milli saraylar idarəsinə verilir və
muzey kimi ziyarətə açılır.
Dörd
tonluq xalça
Abdulməcidin dönəmində sultanın
ağlına Dolmabağça sarayını dünyanın ən
yaxşı xalçaları ilə döşəmək
fikri düşdü. Buna görə, Dolmabağça sarayının
bağında "Hərəkə xalça və ipək
toxuma" adlı fabrik açılması əmrini verdi və Hərəkədəki ən
yaxşı ustalar buraya gətirildi.
Dolmabağçadakı bütün xalçalar burada
toxunulub və bu xalılar sadəcə saray
üçündür, başqa yerdə istifadəsi qəti
qadağan idi.
Bəylərbəyi, Çırağan
sarayındakı pərdələr burada tikilmiş,
xalçalar da burada toxunmuşdu. Şalə
köşkünün də xalçası burada toxunur.
Ancaq xalça o qədər böyük və
ağır olur ki, onu köşkün içərisinə
salmaq mümkün olmur. Məcbur qalıb
divarları uçurub xalçanı içəri bu şəkildə
salırlar. Xalça nə az-nə
çox, düz 468 kvadratmetrlik otaq üçün nəzərdə
tutulub. Ağırlığı 4 tondur.
Dünyadakı ən böyü xalçalardan
biridir.
Sultanın
əl işi
Köşkün bir digər təsirləndirici
bölümü Sədəfli salondur. Gələn
qonaqlara yemək burada verilirdi. Otağın
qapısı, stol, stullar sədəf
işləmələrdən ibarətdir. Dizayn
tamamilə II Abdulhəmidə məxsusdur. Hətta stullardan biri sırf öz əl işidir.
Yağmalanma
və talanla bitən son
II Abdulhəmid Ulduz sarayına rəngli tutuquşular, itlər,
hin heyvanları aldırırdı. Sarayın hər tərəfi
bu heyvanlarla dolu idi. Yeri gəlmişkən,
Türkiyədə toyuqçuluqla bağlı ilk əsəri
də II Abdulhəmid yazmışdı. Bu
heyvanlara baxan xüsusi insanlar vardı. 1909-cu
ildə sultan taxtdan salındıqdan sonra saray
yağmalanır. Burada saxlanılan nadir
heyvanlar da yağmanın qurbanı olurlar. Bir
xeyli heyvan isə qarışıqlıqda tələf olur.
Qeyd edim ki, bu hadisədən öncə sarayda Həşərat
muzeyi, nadir ağacların, bitkilərin əkildiyi Botanika
bağı vardı. Eləcə də, ən
uzun ağaclardan olan Sekoya da burada əkilmişdi, həmin
ağac hələ də durur. Bilənlər
bilir, II Abdulhəmid silah istifadəsində mahir olub. Ona görə də, sarayda Silah muzeyi də
qurmuşdu. 31 mart hadisələrində
üsyanı yatırmaq üçün Salonikidən gələn
"Hərəkat ordusu" sarayı yağmalayaraq talan
etmişdi. Möhtəşəm
memarlığa ciddi zərər dəymişdi. Mücəvhəri, zinət əşyalarını,
dəyəri milyonlarla hesablanan qiymətli əşyaları
oğurlamışdılar.
Hər
sarayın, qəsrin, köşkün bu və bənzər
keçmişi var. Tarixə boylananda görürsən
ki, nələrisə, kimlərisə gözdə
böyütmək qədər mənasız bir iş yoxdur. Nəticədə
hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu
var!..
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 3 iyun.- S.19