Məzmunun aliliyi
- Çoxdan burda yaşayırsınız?
- Hə.
- Əvvəl mən
də bu tərəflərdə qalırdım,
sonra atamgilə köçəsi oldum. Burdakı evimi
də bir gənc ailəyə kirayə verdim. Elə oldu ki, oğlanı
müharibədə öldürdülər.
- Öldürdülər yox,
şəhid oldu (Dərhal müdaxilə edirəm, ancaq o, məni eşitmirmiş kimi söhbətinə qaldığı yerdən
davam edir).
- Daha mən də
ailəni evdən çıxarmadım, körpə
uşaqları vardı.
İki ilə yaxın həmin evdə qaldılar, bir qəpik də pul götürmədim.
Bu yaxınlarda köçüblər, hətta
onlar gedəndən sonra qalan kommunal
borclarını da ödədim.
Həqiqətən də müdaxiləm yersiz imiş. Əgər söhbət
belə davam etməsəydi, sürücüyə
"şəhid" sözünün
mahiyyəti haqqında
uzun bir monoloq söyləyəcəkdim.
Ancaq söhbətimizin
sonunda nə uyğunsuz ifadəsinin, nə də başqa adamlarda görəndə xeyli əsəbləşdiyim, etdiyi
yaxşılığı danışmasının məni
daha qıcıqlandırmadığını
hiss etdim. Çünki niyyətinin mahiyyətini
duydum. Bəlkə
də, o adam
şəhid adının
aliliyini çoxlarından
daha yaxşı anlayır.
Taksi sürücüsü
ilə bu qısa dialoqumuz "forma,
yoxsa məzmun" sualını mənim üçün bir daha aktuallaşdırdı.
Nə yalan deyim, mən həmişə forma adamı
olmuşam - nizamın
xaotiklikdən, inkişafın
mahiyyətdən daha vacib olduğuna inanlardan yəni. Məsələn, həmişə çevrəmdə
qalaq-qalaq kitablar oxuyan, bütün günü sərgilərdə
yatıb-duran adamların
olmasını istəmişəm.
Çox
vaxt da elə
onlar olub və haqqına deyim ki, belə
adamlardan xeyli şey öyrənmişəm.
Son dövrlərdə isə adamları oxuduqları kitabların sayına görə dəyərləndirməyin nə
qədər mənasız
kriteriya olduğunu, əslində, insani münasiblətlərin gec-tez
ürəyin diktəsinə
məhkumluğunu anlamağa
başlamışam. Son
dövrlər dediyim də, iki təhsili
olub, dörd dil bilən rəfiqəmin mənə
etdiyi vəfasızlıqdan
sonrakı dönəmdir.
Əlbəttə, hər düşüncənin
insanı vəfasızlıq
da edər, adamı yarı yolda da qoyar.
Amma bir neçə dəfə oxşar hal yaşadıqdan sonra bəlkə dəyər anlayışımı
yanlış adamlarda şaxələndirmişəm deyə düşünürəm.
Sən demə, yaxşı dostluq, yoldaşlıq üçün təkcə
eyni kitabları oxuyub eyni filmlərə
baxmaq kifayət eləmirmiş. İnsanı insana bağlayan şeylər hər nədirsə, yalnız fitrətdən gəlir.
Bir sözlə, ürəyinin
hökmü ilə hərəkət edən mərd adamlarla daha yaxşı yaşanar bu həyat, nəinki insanın sonradan uydurduğu ölçü-biçiyə
görə seçdikləri
ilə.
Təqdimat önəmlidir, fəqət
mahiyyət ondan da önəmlidir. Əgər forma yaxşı təqdimatdırsa,
məzmun yaxşı
mahiyyətdir. Mahiyyəti gözəl
olmayan nəsnələr
hansı formada zühur edir-etsin, özünü doğrulda
bilməz, yaxud da əksinə. İnsan məzmunun məharətinə
güvənib formadan tamamilə imtina edərsə, sahib olduğu
gözəllikləri göstərmək
də çətinləşər.
Çünki bəzi gözəllikləri
görüb mahiyyətini
anlamaq üçün
gözdən ziyadə
yetişkinlik lazımdır.
Vay o günə, sən formadan imtina edib, yalnız məzmun adamı olasan, qıraq-bucaqındakılar
da yetişməmiş
adamlar. Gəl indi yaşa
görüm necə yaşayırsan?
Odur ki, ən yaxşısı məzmunu gözəlləşdirmək
üçün öz
üzərində işləmək,
özünü, mahiyyətini
daha yaxşı ifadə etmək üçün formanın
qanunlarından bəhrələnməkdir. Yoxsa mən
açıqsözlüyəm deyib, ağlına gələni danışmaq,
niyyətin təmizliyinə
sığınıb nəticənin
məsuliyyətindən boyun
qaçırmaq - öz
aramızdır, bu da haqq işi
deyil axı.
İstənilən halda mən həmin taksi sürücüsü kimi
adamların sayəsində
anlamışam ki, həqiqətən də feil isimdən daha önəmli məfhumdur. Həyat isimin işıltısından
daha çox, feilin etdiyidir. Çünki Xədicənin zəhərini
ancaq Qaraca qızın ürəyini
daşıyanlar sovura
bilər. Yox, mən
fədakarlığı romantikləşdirmirəm,
yoldaşlıq birtərəfli
təmənnaya kölə
olmamalı. Yeri gələndə
sən özün də həmdəm damarındakı qanı sovura bilməlisən.
Məsələ ondadır ki,
bilmirsən o ilan səni harda sancacaq, amma ən azından bilə bilərsən ki, yanında Qaraca qızın ürəyini daşıyan
adamlar var. Çünki
çox vaxt bizim ikinci bir
şansa zamanımız
olmaya bilir. İlan səni bir divar
dibində yaxalayır
və hər şey də orda bitir. Yoldaş yolda tanınar deyiblər, ancaq tanışlığı da
tək yolun ümidinə buraxmaq ağlabatan deyil. Onsuz da ömür özü uzağı
60-70 illik yoldur. Guya nə qədər vaxtımız var ki, üstəlik, bir də yanlış
adamlarla çıxdığımız
yollarda ləngiyək?
Əgər forma ilə məzmun arasında konkret seçim edə bilmisənsə, həyata da, insanlara da baxışın o yöndə olacaq. Məsələn, məzmun qibləm olandan sonra Novruzəlinin cəhalətinə gülməkdən çox, sədaqətini alqışlayıram.
Yaşasın, məzmunun aliliyi!..
Aytac
SAHƏD
525-ci qəzet.- 2023.- 3 iyun.- S.18.