İşığın hər zaman gur yansın, Laçın!

 

Aprelin 19-u gecə saat 2-də Bakıdan Laçına yola çıxacağıq. Yol yoldaşlarımızın hər birinə məlumat verilib. Görüş yerimiz AzTV-nin qarşısıdır. AzTV-nin əməkdaşı Ruslan Həsənovun başçılıq etdiyi çəkiliş qrupunun üzvləri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov televiziyanın mikroavtobusuna əyləşdi. Biz - Laçının Əsəd Sultanlar kəndinin sakinləri - Sultan Cəfərov, Vahid Cəfərov, ictimai fəal, istedadlı muğam ifaçısı Yusif Cəfərbəyli mən xeyriyyəçi dostumuz Niyaməddin Şabanovun avtomobilində yola düşdük.

Yusif Cəfərbəylinin təşəbbüsü, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi Azərbaycan Televiziyasının təşkilatçılığı ilə reallaşan səfərimiz başlandı. Sevincdənmi, həsrətdənmi, arzudanmı, deyə bilmərəm, hər kəsin yuxusu qaçmışdı. Hamı Laçından danışırdı.

Mən 30 ildir mətbuat sahəsində çalışsam da, ixtisasca coğrafiyaşünasam. Universitetdə diplom işim doğma yurdum Laçının coğrafiyasına həsr olunub. Bu mənada Laçının keçmişi, təbii-coğrafi şəraiti, zəngin sərvətləri, eyni zamanda insanları haqqında geniş məlumata malikəm. Yol boyu bildiklərimi xatırlayır, bəzən olmuş məzəli əhvalatlarla yola körpü salırdım.

Füzuli rayonu ərazisində avtomobillərimizin birində nasazlıq olduğu üçün onu başqası ilə əvəz etdik. 2-3 saat vaxt itirməli olduq. Hər işdə bir xeyir var deyib yenidən yola düzəldik. Cəbrayıl, Zəngilan Qubadlı rayonlarını torpaq yolla keçdik. Kənarda yeni yol çəkilirdi. Hər yanda texnikalar işləyirdi. Vaxtı ilə üzüm plantasiyalarının, pambıq tarlalarının, barlı-bərəkətli meyvə bağlarının, dağətəyi kəndlərin yerini viran qalmış ərazilər, qurumuş ağaclar boz dağlar tuturdu.

Qubadlının kəndlərini arxada qoya-qoya Laçına yaxınlaşırdıq. Muradxanlı Qubadlının Laçına tərəf gedəndə sonuncu kəndidir. Məsafə azaldıqca bir anlığa hər şey kino lenti kimi gözlərimin önündən keçirdi. Laçının işğal olunduğu günə - 1992-ci ilin 18 mayına bir ay qalmış Laçına gedirəm. Artıq işğal tarixləri zəfər müjdəli azadlıq günləri ilə əvəz olunub. Sanki ömrümü tən yarıya bölüblər. 32 il Laçında, 31 il Laçından kənarda yaşamışam. Bu illər başqa bir mövzudur. Köçkünlük illərində bəzi yaşlı adamlar vəsiyyət edərdi ki, öləndə qəbrimin üstünü götürməyin, məni müvəqqəti basdırın, Laçın azad olunanda məzarımı ora köçürərsiz. Rayon azad olunanda Güləbird kəndindən Laçın şəhərinə kimi mahnı oxuyacağını, bu 27 kilometrlik məsafəni ayaqyalın gedəcəyini əhd edənlər vardı. Mən ürəyimdə 20 illik bir arzumu saxlayırdım. 2002-ci ildə Ulu öndər Heydər Əliyev müalicə alıb vətənə dönəndə Bakının Nərimanov rayonunda onun ayaqları altında qurban kəsmişdim. O qurbanı kəsdiyim bıçağı bu günə qədər saxlayıram. Həmin bıçaqla Laçında da qurban kəsəcəyimi əhd etmişdim. İnanıram ki, böyük Qələbə sevincini bizlərə yaşatmış müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçına səfərlərinin birində onun ayaqları altında qurban kəsməklə bu arzuma da çatacağam.

Bir yol boyu düşünürdüm ki, görəsən, Laçın bizi necə qarşılayacaq? Görəsən, dağlar küsübmü bizdən? Güləbird kəndinə çatanda hərə kövrəlib bir yana qaçdı. Kimi torpağı, kimi qayanı öpdü, kimi Həkərinin suyundan əl-üzünə vurdu, kimi isə "Laçın" sözü yazılan yerdə şəkil çəkdirdi. Fərqli bir mənzərənin, bəlkə , çoxlarının hiss etmədiyi bir mənzərənin şahidi oldum. Laçın bizi əvvəlki kimi qarşıladı. Torpaq basılmazlığını, qayalar möhtəşəmliyini, sular duruluğunu bu 31 ildə qoruyub saxlamışdı. Doğma sakinlərinə bir daha qucaq açan təbiət bir balaca kövrəldi, sonra rəngarəng göy qurşağı ilə göz yaşlarını sildi. Həkərinin sahilində səhər günorta naharını birləşdirib yola düzəldik. Prezidentimizin uzaqgörənliyi ilə tikilmiş 32 metrlik körpünün altından keçib şəhərə daxil olmadan yeni yolla Zabux kəndinə çatdıq.

Əsəd Sultanlara 15 kilometr məsafə qalırdı. Solda Ağoğlan çayına, Lələnin dəyirmanına, Malıbəy kəndinin alma bağlarına, Sümüklü məzarlıqlarına, uca qayalara baxa-baxa kəndimizə - Əsəd Sultanlara çatdıq. Daş üstündə daş qalmamışdı. Öncə kəndin XIV əsrdən qalma qədim qəbiristanlığına getdik. Bəylərə aid ailə qəbirlərini ziyarət etdik. Erməni vandalları buranın hasarlarını tamam söküb dağıdıblar. Ümumiyyətlə, qəbiristanlıq tanınmaz hala salınıb. Yeganə "salamat" qalan məzar Əsəd bəyin oğlu Yusif bəy Cəfərovun güllələnmiş məzarıdır. Yusif bəy 1941-1945-ci illər müharibəsinin iştirakçısı olub. Məzarın yan-yörəsini təmizləyib üzərinə özümüzlə gətirdiyimiz gül dəstələrini düzdük. Övladları Sultan, Vahid nəvəsi Yusiflə birgə məzar üzərində dualar oxuduq.

Sonra nəinki kəndimizin, bütövlükdə Laçının tarixi abidələri sırasında özünəməxsus yer tutan, XVIII əsrə aid Həmzə Sultan Sarayının ərazisinə daxil olduq. Bu saray Mədəniyyət Nazirliyinin Azərbaycanda qeydiyyata aldığı yerli əhəmiyyətli memarlıq abidələrindəndir. Sarayın 1761-ci ildə Qarabağ xanlığının 24 mahalından biri olmuş Qaraçorlu mahalının naibi Həmzə Sultan bəy Qaraçorlu tərəfindən tikildiyi ehtimal olunur. İşğala qədər sarayın binası dağınıq vəziyyətdə idi. Vaxtilə Həmzə Sultan bəyin nəslindən olan Salah bəy, Süleyman bəy, Əliş bəy, Yusif bəy, Hümbət bəy digərləri sarayı qorumaq məqsədilə onun ətrafında dairəvi evlər tikmişdilər. İşğal dövründə hamısı sökülüb, bünövrələri yox edilib. Sarayın ümumi görünüşü dəyişdirilib. Birinci mərtəbəsinin girişində tağbənd qapının üstündə böyük daş lövhə var idi, lövhədə əski əlifba ilə saray haqqında məlumat yazılmışdı. Onu söküb yerinə adi daş yerləşdiriblər. Saraya çox yaxın məsafədə tikilən Süleyman bəyin evi ikimərtəbəli olduğundan həmin evdən ermənilər işğal illərində mehmanxana kimi istifadə ediblər.

Televiziya üçün çəkilişimiz başa çatandan sonra biz bir gecə doğma kəndimizdə qaldıq. Səhər tezdən oyanıb kəndimizi gəzdik.

Sonra qonşu Ağoğlan (Kosalar) kəndinə getdik. Əvvəlcə uzun müddət rəhbər vəzifələrdə işləmiş Halay Təhməzovun evini ziyarət etdik. Onun həyat yoldaşı Balaxanım nənə Əsəd Sultanlardan Zeynal bəylə Cahan xanımın qızı olub. Qədim Alban məbədi olan, orta əsrlərə aid Ağoğlan qəsrinə baş çəkib Minkənd İstisuyuna yollandıq. Yol üstündəki kəndlərin (Qarıqışlaq, Bozlu Qalaça) işğal dövründə necə bərbad vəziyyətə salındığının şahidi olduq. Qənbər bulağının suyundan içib İstisu ərazisinə adladıq. Bəzi bulaqlar batıb. Ermənilər Abadxeyir dərəsindən gələn çayın suyunu iri borulara yığdığından çayın məcrası yatağı dəyişib. Ən maraqlı məqamlardan biri o idi ki, 35 il qabaq burada kahalarda yeməkxana işlədən Səməd kişi ilə görüşdük. Xeyli vaxt keçməsinə baxmayaraq, bir-birimizi tanıdıq. Gözəl Minkənddə maraqlı yaddaqalan vaxt keçirdikdən sonra Laçın şəhərinə yol aldıq. Sanki başqa bir aləmə - güllər, çiçəklər şəhərinə gəlmişik. Şəhərdə Bakı Abadlıq Xidmətinin memarı, Laçında həyata keçirilən layihələr üzrə icraçısı Elnur Abdullayevlə maraqlı söhbətimiz oldu. İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidəyə qalxıb şəhəri doyunca seyr etdim. Sonra abidə ilə üz-üzə olan dördmərtəbəli, otuz iki mənzilli binanın üçüncü mərtəbəsindəki 9 saylı üçotaqlı mənzildə (tel: 5-18-74) olduq. Bura mənim valideynlərimin evi olub.

Evimizi ziyarət etdikdən sonra Ağanus kəndinin məşhur Turşsu bulağına getdik. Şəhər mərkəzinə qayıdanda uşaqlığımın keçdiyi yerə, Bayraq meydanının solundakı ikimərtəbəli uçuq binaya baxdıq. Bir anlığa keçmiş günləri xatırladım. Uşaqlıq çağları, məktəb illəri, poçtalyon işləməyim, hərbi xidmətə yollanmağım, ali məktəbə daxil olmağım və məcburi köçkünlük dövrü. Bunların hamısı bir cümləyə sığdı. Lakin bu 31 ildə kimləri və nələri itirdiyimizi düşünəndə baxırsan ki, bu ikiyə bölünmüş həyat tərzini dünyanın heç bir "ədalət tərəzisi" çəkə bilməz. Bütün bunlara baxmayaraq, indi yurdumuz azaddır. Biz keçmiş məcburi köçkünlərin ömrümüzün sonuna qədər müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, müqəddəs şəhidlərimizə və qazilərimizə sonsuz minnətdarlıq borcumuz var.

Şəhəri ziyarət edəndən sonra 1990-cı illərdə rayon mərkəzinə birləşdirilən, Qarıkaha adlanan əraziyə gəldik. İşğala qədərki dönəmdə bir müddət binası bu ərazidə yerləşən Laçın Meşə Təsərrüfatında işləmiş, burada özümə ev tikdirmişdim. Evimi tapmaq çox çətin oldu. Qonşularım rəhmətlik Rəhim həkimin, Əhməd müəllimin, çayçı Şamonun, dərzi Məhişin, sürücü Şəmşirin evləri bünövrəyə qədər sökülmüşdü. Çox çətinliklə də olsa, meyvə və meşə ağaclarının əhatəsində qalan evimi tapdım. Qara çay daşlarından tikdirdiyim evin ikinci mərtəbəsi sökülmüşdü.

Artıq hava qaralırdı və biz Bakıya qayıtmalı idik. Fəqət içimdə kimsə mənə - bir gecə doğulduğun kənddə qaldın, bir gecə də böyüyüb boya-başa çatdığın və yaşadığın şəhərdə qal - deyirdi. Bunları düşünə-düşünə Laçın şəhərindən çıxıb Qubadlı yoluna keçmək istəyirdik ki, Laçına gəldiyimizi xəbər alan əziz dostumuz, təəssübkeş həmyerlimiz İsgəndər Qasımovla görüşdük. Yenidən şəhərə qayıdıb bir gecə də onun qonağı olduq.

Axşam Yusifin həzin və məlahətli səsi ilə Həkərinin səsi bir-birinə qovuşdu. Çox maraqlı bir mənzərə canlanmışdı. Laçının gur işıqları bütün dağları işıqlandırırdı.

İşığın hər zaman gur yansın, Laçın!

 

Nəriman ZEYNALLI

Laçın şəhər sakini, I Qarabağ müharibəsi veteranı

525-ci qəzet.- 2023.- 3 iyun.- S.14.