Azərbaycan telekanallarının uşaq
proqramları
Azərbaycanın televiziya məkanında və milli
kinomuzda ən böhranlı vəziyyət uşaq audiovizual məhsulları
ilə bağlıdır. "Uşaqlar üçün bədii
və animasiya filmləri niyə istehsal olunmur", "uşaq
verilişləri tələblərə nədən cavab
vermir" sualları təəssüf ki, daha çox iyunun
1-i - Uşaqların Beynəlxalq Müdafiə, yaxud 11 dekabr -
Beynəlxalq Uşaq Televiziya və
Radio günündə səslənir.
Bugünkü yazıda da mən televiziyada yayımlanan
uşaq proqramları haqda qeydlərimi bölüşəcəyəm. Uşaq kinosu
və animasiyası mövzusu isə ayrıca bir yazı tələb
edir.
Sovet
dönəmində Azərbaycan televiziyası və radiosunda
uşaq verilişlərinin zəngin ənənəsi olmasa
da, populyar bir neçə uşaq proqramı vardı: "Biləyən",
"Piri babanın nağılları". Müstəqillik
illərində isə "Sehrli güzgü", "Hər
birimiz bir çiçək" adlı verilişlər
populyarlıq qazanmışdı. Xüsusən də
Ələkbər Hüseynovun apardığı "Hər
birimiz bir çiçək" proqramı... Proqramın
sevilməsinin səbəblərindən biri Azərbaycan
Dövlət Kukla Teatrının baş rejissoru işləmiş
aktyor Ələkbər Hüseynovun peşəkarlığı,
uşaq dünyasına bələdçiliyi, balacalarla dil
tapmaq bacarığı idi.
Hazırkı vəziyyətə gəlincə. 2015-ci ildən
yayımlanan "ARB Günəş" Azərbaycanda fəaliyyətə
başlayan ilk uşaq televiziya kanalıdır. Kanalın efirini yerli verilişlər, həmçinin,
əcnəbi cizgi filmləri doldurur.
Həftəiçi hər gün yayımlanan "Mərcangildə"
proqramının efir müddəti 9-10 dəqiqəni əhatə
edir. Məzmun ölkəmizin müxtəlif bölgələrindən
göndərilən videoların təqdimatından ibarətdir.
Mərcan adlı kuklanın aparıcı Aysel Qəhrəmanlı
ilə birlikdə təqdim etdiyi həmin görüntülərdə
uşaqlar əsasən şeir deməklə kifayətlənir,
az hallarda fərqli bacarıqlarını
(rəsm çəkmək, gimnastik hərəkətlər
kimi) göstərirlər. Çox güman ki, məqsəd
ucqarlarda yaşayan balacaların bacarıqlarını üzə
çıxarmasına fürsət yaratmaqdır. Müəlliflər
Tik-Tok estetikası sayağı bəsit, asan üsuldan istifadə
eləməsələr, "Mərcangildə"nin əslində keyfiyyətli, faydalı
verilişə çevrilməsi mümkündür. Amma yuxarıda dediyim kimi, videoların əksəriyyəti
uşaqların bir küncə qısılaraq eyni pafosla, eyni
jestikulyasiya və üz ifadələrilə şeir deməsindən
ibarətdir. Uşaqların
özünüifadə formasının imitativ, qeyri-səmimi
formada təzahürü həm də məktəblərdə
ana dilinin, ədəbiyyatın tədrisinin keyfiyyətinin
müəyyən mənada göstəricisidir. Hərçənd, televiziya stimullaşdırmaq yolu
ilə (məsələn, müsabiqə) uşaqları qəlibdən
çıxararaq, yaradıcı videolar çəkməyə
təşviq edə, istiqamətləndirə bilər. Videoların arasında yaradıcı baxımdan
seçilənlər təəssüf ki, barmaq sayı qədərdir.
Digər
veriliş yenə də həftəiçi hər gün
efirdə yer alan "Çərpələng"dir.
İlahə Osmanovanın aparıcısı olduğu
"Çərpələng"in strukturunu "bu mənəm"
rubrikası və musiqi istedadına malik uşaqların
iştirakı təşkil edir. "Bu mənəm"
rubrikası ölkənin hər tərəfindən göndərilən
uşaq fotolarının nümayişi ilə məhdudlaşır.
Ada uyğun olaraq rubrikanın məqsədi
uşaqların özünü təqdimat vərdişlərini
formalaşdırmaq olmalıydı. Amma
uşaqların adi, sıradan fotoları efirdə göstərilir.
Yaradıcılıq tələb etməyən
belə kütləvi yanaşma şou proqramlarındakı ad
günü təbriklərinin təkrarından başqa bir
şey deyil. Nəticədə üslubsuz,
formasız, məzmunsuz proqram meydana çıxır. Studiyaya qonaq qismində gələn uşaqların
istedadı isə özünü ən çox musiqi sahəsində
göstərir. Qonaq seçimində
çətinlik çəkdiklərindən, yaxud sponsor
faktoru olduğundan bura daha çox eyni mərkəzin uşaq
rəqs qrupu dəvət olunur. Yeri gəlmişkən,
yutubda verilişin 2017-ci il
buraxılışı qarşıma çıxdı. Viktorina formatında olan o vaxtkı "Çərpələng"də
məktəblilərə müxtəlif mövzularda suallar
ünvanlanır. Müqayisədə bu, əlbəttə
ki, maarifləndirici və faydalıdır.
Aktrisa Günəş Mehdizadənin aparıcısı
olduğu "Günəşin nağılı"
verilişi isə bir aktyorun tamaşasına oxşayır. 2-3 dəqiqəlik
proqramda aparıcı uşaqların dövrəsində
yığcam nağıllar oxuyur. Uşaqlar dinləməkdən
çox, yerində qurcalanır, vurnuxur və bu, ona görə
baş verir ki, uşağa canlı varlıq kimi yox, dekor,
görüntü kimi yanaşılır. Aparıcı
studiyadakı uşaqlarla ünsiyyətə girmir, onlara fikir
vermir və ancaq kameraya oynayır.
Hər
üç proqramın tərtibatı, dizaynı pinti, yoxsul
estetikada hazırlanıb, studiyada ətalət hökm
sürür, halbuki əlvan, göz oxşayan dekorasiya ilə
dinamik fon yaratmaq olardı. Yaradıcı
axtarışlar olmadığından verilişlər efiri
doldurmaq təəssüratı yaradır. Ötən yazılarımda dediyim kimi, bu, əsasən,
verilişlərin konsepsiyasının dəqiq
konturlarının müəyyənləşməməsi ilə
bağlıdır. Digər problem aparıcıların
obrazlarındakı oxşarlığıdır ki (bədən
dilindən tutmuş geyimlərə, intonasiyaya kimi), bu, yenə
də aydın konsepsiyanın yoxluğundan qaynaqlanır.
"ARB Günəş" kanalında izlədiyim
verilişlər arasında seçilən 2-3 dəqiqəlik
"Hava necə olacaq" proqramı oldu. Toplanın təqdimatındakı
proqram sadəcə hava haqqında məlumatla məhdudlaşmır.
O, hava ilə bağlı maarifləndirici şərhləri,
gündəlik həyatından müxtəlif situasiyaları
sadə, maraqlı dildə anladır.
"Xəzər" kanalında Oksana Rəsulovanın
təqdimatında həftədə bir dəfə
yayımlanan "Xoşbəxt sabahlar" verilişi miksdir -
yəni həm valideynlər, həm uşaqlar
üçün nəzərdə tutulub. Lakin
proqramın böyük hissəsi daha çox böyüklərə
məsləhətdən ibarətdir. "Doya-doya"
rubrikasında uşaq menyusu, "Gedək oppalara"da əyləncəli
məkanlar təklif olunur, "Göz dəyməsin" həkim,
psixoloq, pedaqoqların məsləhlətləri üzərində
qurulub. Uşaqlara maraqlı ola biləcək
tək bölmə bacarıqlı, yaradıcı
yaşıdlarıyla tanışlıq xarakteri daşıyan
"Çoxbilmiş"dir. Uşaq verilişlərinin
ümumi problemi yaradıcı heyətin təsəvvüründəki
istedad anlayışının musiqi və idmanla sərhədlənməsidir.
"Xoşbəxt sabahlar" bu mənada rəngarəngliyə
çalışır, memarlıq istedadı olan,
texnologiyalara həvəs göstərən balacaları
tanıdır. "Öz eviniz"
bölməsində isə tanınmış şəxslər
uşaqlarıyla bağlı təcrübəsini, tərbiyə
metodlarını bölüşürlər. Amma bu hissədə təkcə aktyor, müğənnilərin
yox, fərqli sahələrdə çalışan mütəxəssislərin
təcrübəsini də dinləmək daha
faydalıdır. Aktrisa Oksana Rəsulovanın
aparıcılığına gəlincə, nitqində rus
dili vurğuları sezilsə də, o, konkret obraz
formalaşdırmağa çalışır və
rubrikaları səhnəciklərlə təqdim edir.
Bununla belə, ümumən teleməkanda uşaq verilişlərinin
azlığını nəzərə alsaq, "Xoşbəxt
sabahlar" proqramının sırf balacalara hesablanması
boşluğu az da olsa doldura bilir.
ATV
kanalının efirində yer alan "Bir
balaca oyun" əyləncəli maarifçi proqramdır və
nisbətən yuxarı yaş qrupu üçün nəzərdə
tutulub. Veriliş dinamikdir, əyləncə və
maarifçi xətlər uzlaşır. Bir
neçə turdan ibarət proqramda böyüklər
uşaqlar tərəfindən sınağa çəkilir və
onlara suallar ünvanlanır. Qonaqlar əsasən
televiziya, incəsənət sahəsində tanınan şəxslərdir.
Kəmalə Piriyevanın
aparıcılığını - savadını, çevik
reaksiyalarını isə ümumən müsbət dəyərləndirmək
olar.
"Space" kanalı və AzTV-nin proqramlarında isə
uşaq verilişlərinə rast gəlmədim.
"Mədəniyyət"
kanalında həftəiçi hər gün yer alan "Nağıl vaxtı" format etibarilə
klassik verilişlərdən biridir. Balacalara
nağıl oxunur, sonra isə cizgi filmi göstərilir.
Aparıcı Səriyyə Mansurova Azərbaycan
Dövlət Kukla Teatrının aktrisası olduğundan təcrübəsi,
peşəkarlığı dərhal nəzərə
çarpır və hər buraxılışda
özünü maraqlı obrazlarda təqdim edir. Amma verilişdəki aparıcı kuklalar
zövqsüz, qeyri-estetik, ifadəsizdir. Eyni
sözü "Mərcangildə" verilişindəki Mərcan
kuklası haqda da demək olar.
İctimai
Televiziyada isə uşaqlar üçün iki - "7 şüşə"
və "Biləndər" verilişləri
hazırlanır.
"7 şüşə" hərəkətli, uşaqların fiziki imkanlarını, çevikliyini ortaya çıxaran yarışmadır. Geniş yayılmış bu komanda oyunu uşaqlarda rəqabət hissini, mübarizliyi gücləndirir.
"Biləndər" verilişinin aparıcısı Fərid Rzayevin yorğun, bezgin görkəminin düşünülmüş obraz olub-olmadığını başa düşə bilmədim. Amma uşaqlarla ünsiyyəti səmimidir, onları danışdıra bilir, yumoru təmkinlidir. Uşaqların həyat, fəlsəfə, məişət haqda suallara gözlənilməz reaksiyaları verilişin xarakterik cəhətlərindəndir.
Ümumi mənzərəyə baxanda isə, telekanallarımız uşaq proqramları sarıdan rəngarəng deyil, bütün yaş kateqoriyaları əhatə olunmur. Uşaq verilişləri teleməhsulların uzağı 10 faizini təşkil edə, ya etməyə. Və elə buna görə də, uşaqların verilişlərə tələbatı ödənilmədiyindən, onlar xarici, xüsusilə də Türkiyə kanallarına meyllənirlər.
Dövlət büdcəsindən maliyyələşən kanallarda uşaq proqramları önəmli yer tutmalıdır. "Mədəniyyət" kanalında yalnız bir proqramın fəaliyyəti, AzTV-də isə heç olmaması ciddi qüsurdur. Özəl kanallarda uşaq verilişlərinin azlığı, reytinq gətirməməsi ilə əsaslandırılması isə bəhanə kimi səslənir. Hansısa uşaq proqramı reytinqli deyilsə, bu, orijinal, yaradıcı layihələrin düşünülməməsiylə bağlıdır. Uşaq verilişlərinə bütün dünyada xüsusi diqqət ayrılır və bu, milli ideologiyanın mühüm hissəsi sayılır. Təsadüfi deyil ki, Almaniyada 1971-ci ildən efirə gedən, 4-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan, ən müxtəlif mövzulardan bəhs edən "Telesiçan" verilişi "millətin məktəbi" adlandırılır.
Əlbəttə, indi alternativlərin olduğu dövrdə televiziyanın internet resursları ilə rəqabəti çətinləşsə də, çıxış yolu həmişə var. Uşaq layihələri ilə bağlı tenderin elanı problemi qismən həll edə bilər. Və ən azı xarici televiziyaların təcrübəsinə müraciət etmək olar. 1969-cu ildə yaradılan, 3-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan Amerika istehsalı "Sezam küçəsi" dünyada ən populyar uşaq verilişlərindəndir. Burada uşaqlar yazıb-oxumağı, dünyanın dərki yollarını, ünsiyyət qurmağı, konfliktin sülh yoluyla həllini öyrənirlər. Balacaları həyata hazırlayan verilişin Avropadan tutmuş Latın Amerikasınadək hər yerdə yerli versiyası hazırlanır. Yeri gəlmişkən, veriliş ilk illərdə kasıb ailələlərin uşaqlarının təhsilinə kömək məqsədilə yaradılıb.
Amma bu o demək deyil ki, uşağın tərbiyəsini, dünyagörüşünün formalaşmasını tamamilə televiziyaların üstünə yıxmalıyıq. Yeri gəlmişkən, Fransanın Teleradio Məsələləri üzrə Ali Soveti telekanalların üç yaşınadək uşaqlar üçün proqram hazırlanmasını qadağan edib. Bəzi tibbi araşdırmalara görə, bu yaşda televiziyaya baxmaq uşaqda yuxu və nitq problemi, asılılıq, passivlik yaradır və əsəb sisteminə ziyan verir.
Söhbət, sadəcə, televiziyanın cəmiyyət
qarşısındakı öhdəliyini yerinə yetirməsindən
gedir.
Sevda
SULTANOVA
525-ci qəzet.-
2023.- 3 iyun.- S.12.