KREMLƏ BAKI MƏKTUBLARI  

 

Bunlar üzdən baxanda quruca rəqəmlərdir. Amma dil açıb danışa bilirlər. O rəqəmləri görüncə özün nəticə çıxarırsan ki, elə Azərbaycana rəhbərliyə gəldiyi ilk aylardanca ona ümid yeri kimi baxmağa başlayıblar. 1971-ci il başlanırdı, yanvarın ilk günləri idi və Heydər Əliyevin Kremlə göndərdiyi məktubdan insan səsləri gəlirdi.

Yazırdı ki, Mərkəzi Komitəmizdə qəbul şöbəsi var, özünü də doğruldur, vətəndaşlarımız qayğıları, sualları, şikayətləri ilə qəbula gəlməyə getdikcə daha artıq meyil edirlər. 1968-ci ildə qəbula gələnlərin sayı 3.475 nəfər olub, 1970-ci ildə isə onların sayı 9.156 nəfərə çatıb. Bunu ona görə yazmırdı ki, görün nə yaxşıyam, mən vəzifəyə gələn kimi insanlar problemlərinin həllinə daha artıq ümid bəsləyərək bizə əvvəlki dövrə nisbətən 3 dəfə artıq fəallıqla üz tuturlar. Məqsədi Moskvaya bu həqiqəti çatdırmaq idi ki, bütün istiqamətlərdə iş artıb, çəkilən zəhmət səmərəli olsun deyə əməkdaşların sayı artırılmalıdır. Bildirirdi ki, aldığımız məktublar da günbəgün çoxalır. 1970-ci ildə ünvanımıza 81.961 məktub daxil olub. Təqribən hər ay orta hesabla 6.830 ərizə və şikayət düşür. Bunları ona görə yazmırdı ki, camaatın Mərkəzi Komitəyə inamının artdığını, yazdığı məktubların onlara kömək edəcəyinə insanların günbəgün daha artıq bel bağladıqlarını diqqətə çatdırsın. Məqsədini açıqlayırdı ki, çatdıra bilmirik, hər sahədə işin həcmi durmadan şişir, işi görənlərin sayı isə köhnəki kimi qalır: "Məktubları oxuyub sistemləşdirməklə məşğul olan işçilərimizin miqdarı üçcə nəfərdir".

Və davam edirdi ki, bütün istiqamətlər üzrə əlavə ştatlara kəskin ehtiyac yaranıb. Həm də tək Mərkəzi Komitədə yox, Azərbaycan üzrə bütün təşkilatlarımızda. İstədin-istəmədin, yol oradan keçirdi, divin canı oradaydı, mətləbinin hasil olması üçün orasız keçinmək mümkünsüzdü. Kremldə çətin hesab edilən müəyyən məsələlərin həlli üçün hətta ən ali səviyyədə, tutalım, Baş katib Leonid Brejnevin özü ilə də danışmaq bəzən azlıq edirdi. Hətta ayrıca Kremlin "boz kardinalı" və əksər sualların əsas cavablandırıcısı olan Mixail Suslovla da söhbət hərdən məsələnin həll olunacağına qəti inam bəsləməyə yetərli olmurdu. İdeoloji məsələlər üzrə 1981-ci ilin yanvarından Mərkəzi Komitə katibi işləmiş Həsən Həsənova Heydər Əliyevin özünün söyləməsinə görə, Nəriman Nərimanovun 100 illiyini layiqli səviyyədə keçirmək üçün cızdığı planın irəliləməsindən ötrü münasib fürsət taparaq bu barədə Brejnev və Suslovla üçlükdə söhbət etməyə imkan tapmışdı. Heydər Əliyev Həsən Həsənova bunu da deyibmiş ki, görürdün elə olurdu, onlarla ayrılıqda danışaraq razılığa gəlirdin, lakin iş həll olunmağa gələndə ya o, ya bu tərəfdən hansısa maneə ortaya çıxırdı. Ona görə də ən qəti arxayınlıq sualları yalnız onların ikisi ilə birlikdə həll edəndə yarana bilərdi.

Sovet dövlətinin taleyində həlledici söz sahibi olan iki əsas simanı bir araya gətirib sözünü onlara demək isə büsbütün ayrı bir məharət idi.

Bu qovluqlarda toplananlar 1970, 1971, 1972, 1973-cü illərə aid Kreml yazışmalarıdır.  Sonrakı illərdə də bu yazışmalar davam edir, lakin lap əvvəldən bu illərin üstündə dayanmağım bica deyil.

Bu məktublaşmalar respublika həyatının ən müxtəlif sahələrinə aid olsa da, hamısını yaxınlaşdıran və oxşarlaşdıran ortaq cəhət var: hamısının məqsədi Moskvadan Azərbaycana əlavə imkanlar əldə etmək, hansısa vəsaitlərin ayrılmasına, hansısa sahələr üzrə əlavə yerlərin açılmasına nail olmaq. Hansı məsələlər qaldırılıbsa, tezliklə də hamısı cavabını və həllini tapıb. Hər həll olunan məsələ ilə də Azərbaycan qazanıb.

Quruculuq binədən fitrətində, mayasında idi. Üstəlik ki, memarlıq təhsili də görmüşdü, hansı yola çıxsa, hansı işin qulpundan yapışsa, sanki öncədən o işin hazırının nəqşəsi xəyalında hazır olurdu və başlayırdı həmin təsəvvür etdiyi çizgiyə uyğun da qurub-yaratmağa. Hər işə sövq-təbii qurucu kimi yanaşdığından respublika rəhbərliyinə başlayanda da bütövlükdə Azərbaycan, onun içərisindəki hər quruluşu ağlında tutduğu miqyaslarla uyğunlaşdırmaq üçün tədbirlər tökməyə başladı. İşin müşkül tərəfi o idi ki, hər istədiyini etməyin ixtiyarı özündə deyildi, əsas açar-kilid Moskvada idi. Ora bütün irili-xırdalı məsələlər barədə davamlı hesabatlar vermək qayda idi, amma umduqlarının da gerçəkləşməsi üçün bir əlində daim telefonun dəstəyi olmalı idi, o biri əlində də Mərkəzə göndərilən xahiş məktublarını imzalayan qələm.

Siyasətcildi, haradan başlamağı dürüst müəyyənləşdirməkdə də pərgar idi. Moskvanın döşünə yatacaq işdən başlamışdı ki, partiya işini gücləndirmək üçün ayrı-ayrı təşkilatlarda işçilərin sayını artırmaq lazım idi. Partiya üçün lazım olan məsələdə Kreml xəsislik etməyəcəkdi ki! Hər artırılan ştat isə işlə, məvaciblə təmin olunan daha bir adam, respublika büdcəsinin üstünə gələn əlavə manatlar idi. Digər tərəfdən, respublikanı hansı bütöv şəkildə düşündüyünü artıq o, xəyalında canlandırırdı. Sabah saat kimi dəqiq idarə edəcəyi həmin bütövü isə əvvəlcə təsəvvüründəki çizgidəkinə uyğun qurmaq lazım idi. Ona görə 1970-ci illərin əvvəllərində Moskvaya yönəltdiyi rica məktublarının bir çoxu elə natamam saydıqlarını bütövləşdirmək məqsədlidir.

Ona qədər Azərbaycanın bir neçə rayonunu birləşdirib yığcamlaşma aparmışdılar. İndi isə o, Moskvaya bəzi birləşdirilmişləri ayırmaq, üstəlik əlavə rayonlar təşkil etməkçün müraciət edirdi.

1972-ci ilin 2 noyabrı. Kremlə əvvəllər Gəncəbasarda ayrıca rayon olmuş, 1963-cü ildənsə Xanlarla birləşdirilmiş sabiq Səfərəliyev rayonunun ləğvinin bəlkə də o vaxt doğru olduğunu, indi isə böyümüş, əhalisi çoxalmış,  100 kilometrdən artıq  uzanan, bir çox sənaye, təhsil, elmi-tədqiqat müəssisələrini, 12 kolxozu, 18 sovxozu  əhatə edən, sakinləri də xeyli artmış yerin ayrıca partiya komitəsi olmaqla əvvəlki rayon statusunu bərpa etməyin zəruriliyini əsaslandırırdı. Elə həmin təhər də 1963-cü ildə ləğv edilərək Salyana birləşdirilmiş Neftçala rayonunu təzədən qurmaq məsələsini qaldırırdı. Həmin 2 noyabrda Moskvaya göndərməkçün imzaladığı üçüncü məktub da eyni mahiyyətdə idi. Kirovabad haqqında yazırdı. 1963-cü ilə nisbətən içəridən müxtəlif göstəriciləri ilə bu rayonun 3 dəfəyədək böyüdüyünü rəqəmlərlə, dəlillərlə açıqlayaraq Kirovabadın içində daha 2 rayon yaradılması təklifini yürüdürdü: biri Nizami, digəri Sovet rayonu. Bir neçə il keçəcək, tarix boyu dəfələrlə siyasi maraqlara uyğun adı dəyişdirilmiş, yadlaşdırılmış, əhalinin dilindən, zehnindən qoparıla bilməsə də, rəsmiyyətdə yazıdan-pozudan kənarlaşdırılmış, çar dönəmində "Yelizavetpol", sovet dövründə "Kirovabad" çağırılaraq unutdurulmağa çalışılmış "Gəncə" sözünü yenidən rəsmən həyata qaytaracaq. Hələ "Kirovabad" kəlməsini ləğv etmək mümkün deyil, amma Kirovabadın daxilində yaradılmasına nail olduğu Sovet rayonunu dəyişib edəcək Gəncə və doğma əraziyə məhrəm kəlmə buralara rus istilasından sonra rəsmən təzədən qayıdacaq.

Azərbaycanın mətbuat tarixində bəlkə də "Azərbaycan müəllimi" oxucularının sabit dairəsinin böyüklüyü, yazdıqlarının diqqətli mütaliəsi sarıdan ən bəxtli, ən yarıyan qəzetdir. 1934-cü ildə, yeni dərs ilinin başlanması ilə təxminən eyni vaxtda - sentyabrın 2-də "Kommunist maarifi" adı ilə yola çıxmış, 4 il sonra - 1938-ci ildə siyasətdən daha əvvəl sırf təhsil məsələləri ilə məşğul olduğundan sərlövhəsindəki "Kommunist" sözü götürülmüş və o, "Müəllim qəzeti"nə çevrilmiş, 1946-cı ildən etibarən "Azərbaycan müəllimi" kimi çıxmaqda davam etmişdir. Məktəbdən, tədrisdən yazan, ilk növbədə müəllimlərin qəzeti olan "Azərbaycan müəllimi" özü də onilləri arxada qoyduqdan sonra ayrıca bir məktəbə, kamil bir müəllimə çevrildi. Oxucu dairəsinin peşəkarlığı və dayanıqlığı baxımından "Azərbaycan müəllimi"nə üstünlüyü bəxş edən elə təhsil şəbəkəsi idi. Sovet onillərində mətbuata abunəlik könüllü elan edilsə də, burada bir icbariliyin olması heç kəsə sirr deyildi (Abunə sərgüzəştlərindən deyəndə, gerçəkdən də baş vermis, sonra lətifələşmiş belə bir məzəli əhvalat da var ki, günlərin birində Xan Şuşinski filarmoniyaya gələndə görür ki, dəhlizlərdə tünlükdür. Soruşur ki, nə baş verib? Deyirlər, Xan əmi, qəzet-jurnala abunə yazılışıdır, elə yaxşı gəlib çıxmısınız, sizi də yazaq. Xan Şuşinski xəbər alır ki, bu dediyiniz könüllüdür, ya məcburi. Cavab verirlər ki, könüllü olmağına könüllüdür, amma gərək hamı mütləq yazıla. Xan əmi də qayıdır ki, elədirsə, onda məni də yazın "İqbal"a. "İqbal" bir qəzet idi ki, XX əsrin ilk onilliklərində çıxmışdı və Xan Şuşinski də onu gənclik çağlarında Cabbar Qaryağdıoğlunun əlində görmüşdü).

"Kommunist" nəşrləri ailəsindən olan bir-iki siyasi qəzetə yazılmaq öz yerində, hər kəsin ixtisas sahəsinə aid qəzetə abunəliyi də şərt idi. Bura respublika qəzetlərindən savayı bir silsilə çoxtirajlı qəzetlər də aid idi. "Azərbaycan müəllimi"nə bütün müəllimlər yazılırdı. O çağın abunə olmaq ənənəsini nəzərə alsaq, "yazdırılırdı" da demək olardı. Ancaq müəllimlər gündəlik işlərində, eləcə də bilik səviyyəsi və təcrübələrinin artmasında onlara çox kömək edən bu qəzetə cani-dildən yazılmaqdan əlavə onun hər sayını da məhz onlara həm də yolgöstərən, köməkçi olduğu səbəbiylə, digər qəzetlərdən fərqli olaraq, əvvəldən-sona oxuyurdular. Müəllimlərdən əlavə ayrı-ayrı ailələrin də bu qəzetə həvəslə abunə olması həm qəzetin yayılma dairəsini genişləndirir, tirajının artmasına təsir göstərir, həm də nüfuzunu artırırdı. Bu qəzetin Azərbaycan təhsili üçün nə qədər faydalı olduğunu gözəlcə anladığından respublikaya yenicə rəhbərliyə başladığı vaxtlarda Heydər Əliyev bütün qəzetlər arasından məhz ona xüsusi diqqət yetirmiş və Kremlə müvafiq arayışlarla müşayiət edilən geniş məktub yollamışdı. 1972-ci ilədək "Azərbaycan müəllimi" həftədə 2 dəfə 53 min sayda buraxılırdı. Heydər Əliyevin Moskvaya göndərdiyi məktubda qəzetin tirajının da, dövriliyinin də 2 dəfə artırılması istənilirdi. Heydər Əliyevin digər ustalığı da bundan ibarət idi ki, məsələlərin müsbət həllinə nail olmaqdan ötrü onları necə təqdim etməyin, siyasi və inzibati üslubun incəliklərinə vaqif idi. Burada da məsələni sadəcə qəzetin tirajını və dövriliyini artırmaq kimi qoymurdu. O artırma ki nəzərdə tutulurdu, elə həcmdə idi, yeni bir qəzet yaratmağa bərabər idi. Hər hansı qəzetdə o həcmdə tiraj və dövrilik artırmasına, illah da sahə qəzetində, sırf pedaqoji yönlü nəşrdə, əmma qoya bilər, ya da uzaqbaşı istədiyinin yarısı ilə razılaşardılar. Heydər Əliyevsə özünü artıq yetərincə təsdiqləmiş və respublika boyu etibarlı oxucu auditoriyası qazanmış "Azərbaycan müəllimi"nin təməlində həftədə 4 dəfə 100 min tirajla çıxmaqla və ən mühümü daha Təhsil Nazirliyinin deyil,  Mərkəzi Komitənin orqanı olmaqla "Təhsil və həyat" adlı qəzetin nəşrə başlamasının məqsədəuyğunluğu məsələsini qaldırırdı. Qəzetin büdcəyə yük olmayacağını, gəlir gətirəcəyini vəd edirdi və buna da şəkk yox idi. Çünki ölkə üzrə təhsil ocaqlarının və müəllimlərin, eləcə də kitabxana və qiraətxanaların toplam sayı bu miqdarda qəzetin alınıb oxunması üçün yetərli idi, həm də daimi abunəçilərdən əlavə qəzet köşklərdə satışa da çıxarılacaqdı. Heydər Əliyev Kremlə ünvanladığı məktubda belə yazırdı: "Azərbaycan müəllimi" qəzeti əsasən respublikanın ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı məsələləri işıqlandırır. Respublikanın partiya qəzetləri ümumi siyasi və təsərrüfat mövzuları, sovet quruculuğu məsələlərindən sistemli və ardıcıl bəhs etsələr də, təhsilin bütün forma və istiqamətləri üzrə yazmaq imkanına malik deyillər. Geniş proqramlı xüsusi nəşrin yaradılması bu vəzifənin həllinə imkan verəcəkdir".

Təbii ki, qəzet bunca genişlənirdisə, daha doğrusu, əvvəlkindən 2 dəfə həcmli yeni qəzet yaranırdısa, onun işçi sayı da bu tələbatı qarşılamağa müvafiq olmalı idi. Sadəcə məlum qəzetin dövriliyinin artırılması məsələsi qoyulsa idi, redaksiyanın mövcud işçilər tərkibinə bir neçə nəfərin əlavə edilməsinə icazə verilərdi. Tamamilə yeni və həm də əvvəlkindən iki dəfə böyük qəzetin yaranması məsələsi qaldırıldığına görə Heydər Əliyev məktubunda əvvəlki qəzetin ştat tərkibi haqda illər öncə Moskvanın təsdiqlədiyi qərara istinad edir ki, bu müddəa işçilərinin sayının da qəzetin tirajı və dövriliyi kimi 2 dəfə artmasına qapı açır. Əsası bu müraciətə Moskvadan müsbət cavab almaq idi. Qalan məsələlər - yeni qəzetin, ya böyümüş "Azərbaycan müəllimi"nin nələri yazması, necə yazması daha Moskvalıq deyildi. Elə əvvəl necə işləmişdilər, o cür də davam edəcəkdilər, az sonra yeni qəzet də təzədən öz  köhnə adıyla çıxmağında olacaqdı.

Bütün bunların xidmət sayılacaq qədər mühüm nailiyyət kimi dəyərləndirilməsi və ayrıca vurğulanması sovet dönəmində Mərkəzdən asılılığın necə dərin rişəli, qollu-budaqlı olmasından və hər irili-xırdalı məsələyə şamil edilməsindən yetərincə bilgili olmayanlara birtəhər gələ bilər. Ancaq göz verib, işıq verməyən, "sərbəstsən" deyib sənə hər istiqamətdə qarşına barılar çəkən, artırılan 1-2 işçi sayına görə də ayrıca razılıq vermək, yaxud imtina etmək haqqını da özündə saxlayan Kremldən hər məktubla  bu qədər "qoparmağa" nail olmaq gününə görə hünər idi. Ola bilsin, Heydər Əliyev kimi qüdrətli şəxsiyyətdən bəhs edərkən "qoparmaq" feili bir qədər kobud səslənir və bu sözü daha yumşaq bir deyimlə əvəz etmək münasib olardı. Ancaq neyləməli ki, məhz həmin söz mahiyyəti daha dəqiq ifadə edir!

Moskva ilə yazışmalardakı bir mühüm cəhətə də diqqət yönəltməyin yeri var. Ən əsaslandırılmış məktubları da yola salaraq heç bir nəticə əldə etmədən cavab gözləyə-gözləyə qalmaq, ya başdan edilməklə qarşılaşmaq istisna deyildi. Məktubların ardınca düşmək (bəzənsə məsələni öncə razılaşdırıb məktubu sonradan həmin razılaşmaya uyğun tərtib etmək), Moskva namələrinin ayaq tutub yeriməsi   üçün Kreml dəhlizləri və kabinetlərinə də nabələd olmamaq gərək idi. Bu isə hər kəsin müyəssər olduğu fərasət deyildi. Məhz bu baxımdan da sovet dönəmində müttəfiq respublikalarda Heydər Əliyevə çatan rəhbər olmayıb.

Sosialist Əməyi Qəhrəmanı və SSRİ xalq artisti fəxri adları Sovet İttifaqının ali dəyərləndirmələri idi. Hər işdə ölçü-biçi gözləyən, respublikalara pay ayıranda nisbəti pozmamağa səy edən Kreml bu ali fəxri adları bölüşdürəndə lap vasvası idi. Hansı respublikaya neçə Sosialist Əməyi Qəhrəmanı, neçə SSRİ xalq artisti yeri ayrılmasında riyaziyyat həlledici idi - respublikanın iriliyi-xırdalığı, əhalisinin sayı və belə-belə göstəricilərə söykənərək qət edirdilər ki, Ukraynada neçəsi olsun, Estoniyada neçəsi, Özbəkistana nə qədər yer ayrılsın, Azərbaycana nə qədər.

1980-ci illərə doğru Heydər Əliyevin Kremldə artan nüfuzu, məqsədlərinə yetmək səmtində inadkarlığı və qətiyyəti səbəb olacaq ki, Kreml belə təltiflərlə əlaqədar müəyyənləşdirmiş olduğu qəliblərə riayətdə çox da israr etməsin.

SSRİ haçandır vaxtın məzarlığına gömülüb. Tarixsə həmişə diridir. Böyük azərbaycanlıların 1970-80-ci illərdə superdövlətin ən ali təltifləri ilə mükafatlandırılmasına nail olmaqla həm gerçəkdən də belə yüksəlişlərə tam layiq misilsiz şəxsiyyətlərimizi bir qədər də ucaltdı, ruhlandırdı, qanadlandırdı, həm Azərbaycanın şöhrətinə şöhrət, sanbalına sanbal artırdı, həm də belə-belə ötkəm əməlləriylə özünü sağkən abidələşdirdi.

Heydər Əliyevin bu səmtdəki çalışmaları və nailolmaları hələ bir neçə il sonra rəvan hərəkətçün relslərə oturacaq. Hələliksə 1970-ci illər başlanırdı və cavan respublika rəhbəri gələcəkdəki bu xəttinin də özülünü o vaxtdan qoymağa başlayırdı. Bu, onun respublika rəhbəri olduğu dönəmdə Azərbaycan üçün aldığı birinci SSRİ xalq artisti adı idi (və nübar ayağı sayalı olacaq). Heydər Əliyevin 1972-ci il martın 29-da Kremlə göndərdiyi məktub Soltan Hacıbəyov haqqında idi: "Soltan Hacıbəyovun əsərləri ölkəmizdə (o çağın ölçüləriylə ölkəmiz SSRİ idi - R.H.) və onun hüdudlarından kənarlarda məşhurdur. Onun müəllif konsertləri Rumıniyada, Türkiyədə, Fransada, Çexoslovakiyada, Bolqarıstanda, Macarıstanda baş tutub, həmin konsertlərdə simfonik orkestr üçün konserti, "Karvan" simfonik lövhəsi, simfonik uvertürası və digər əsərləri ifa edilib.

Soltan Hacıbəyov 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında görkəmli sovet bəstəkarı D.D.Şostakoviçdən dərs alıb. Soltan Hacıbəyov 1969-cu ildən Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edir və onun təşəbbüsü ilə orada bir çox faydalı təşəbbüslər həyata keçirilib, tədris-tərbiyə işi xeyli yaxşılaşıb".

Çox keçməyəcək ki, Azərbaycan sənətkarlarının 1938-ci ildə Üzeyir Hacıbəylidən başlanan şanlı-şərəfli SSRİ xalq artistləri qatarına 54 yaşlı Soltan Hacıbəyovun da adı qoşulacaq.

Ancaq Heydər Əliyevin Moskvaya məktublarında yalnız gələcəyi olan hadisələr və insanların deyil, gələcəyini insafsızca erkən itirmiş, amma xatirəsinin ehtiramla anılmasına ehtiyac olanların da adları keçməkdədir.

Bu gün qəhrəmanlarımızı, Vətən və insanlıq naminə şücaət göstərənləri öz dövlətimiz təltif edir. Ancaq  sovet dönəmində bu haqqımız da Moskvanın əlində idi. Azərbaycanın özünün verə biləcəyi ən yüksək təltif bir vərəq kağız idi - Ali Sovetin fərmanı.

Bu gəncin adı çoxdan unudulub. Amma qarşıma çıxdı və onu təzədən bizim günlərin axarına gətirməyə daxili ehtiyac duydum. Bu cavan oğlan - Əlif Babayev baş serjant idi, daxili işlər orqanlarında 1966-cı ildən işləyirmiş, gələcəyi, irəliləmək imkanları da çoxmuş - işləyə-işləyə ali təhsil də alıbmış. Ancaq əli silahlı təhlükəli cinayətkarla üz-üzə qalır. Əgər Əlif öz qurban verdiyi canı bahasına bu hünəri göstərməsəydi, caninin güllələrinə günahsız insanlar hədəf olacaqdı. Əlif zabit rütbəsi almaq üçün növbədəymiş. Həmin növbədə nə qədər desən gözləmək olardı. Ancaq fədakarlıq məqamı yetəndə cəsurlar gözləmir, sinəsini irəli verir. 1972-ci ilin iyulunda Əlif də belə etdi. Hansısa ailələri başsız qalmaqdan, ömürlük qurumayacaq göz yaşlarından xilas etdi. Əlif daha heç vaxt zabit olmayacaq. Ancaq artıq qəhrəman idi. Moskvaya ona "Qırmızı ulduz" ordeninin verilməsi ilə bağlı göndərilən məktub yalnız Əlifin doğmalarına, yaxınlarına təsəlli üçün deyildi, həm də bu igidliyi tarixləşdirmək, bu şücaəti unudulmamalı bir dərsə, ibrətə çevirməkdən ötrü idi.

Özü də siyasi xadimdən öncə hərbçi olan, həyatı boyu da az sınaqlarla qarşılaşmamış Heydər Əliyev belə mərdanəliklərin yüksək dəyərini bütün varlığıyla hiss edirdi.

Hamısı illər üzrə "Sov.İKP MK ilə yazışmalar" adlanan qovluqların içərisində yer alan, amma Bakıya Kremldən göndərilməmiş məktub da var. Fəqət həmin xeyirxah məktubun bir ucu elə Kremlə bağlıdır. Çünki o məktubun yazılmasına səbəb olan bədxah yazılar Kremlə də göndərilibmiş.

Demirəm bu mərəz tək bizə aiddir. Dünyanın hər yerində, ən müxtəlif zamanlarda belə rəzalətlər ara-sıra gözə dəyib, həmişə də ürək bulandırıb. Elə bu məktubun ardındakı hadisələri düşünürkən yenə pərişan olmaya bilmirsən. Heç istəməzdim ki, istedadlı, seçkin insanlarımıza qarşı öz vətəndaşlarımız arasında qapqara həsəd bəsləyənlər, həm də sadəcə quru qibtə yox, hökmən nəsə ciddi pislik etməyə, mərdümazarlığa tuşlanmış aqressiv paxıllar olsun. Heyhat ki, belə həşəratlar keçmişlərdə də olub, yenə var. Amma gərək heç kəs də unutmaya ki, cidanı çuvalda həmişəlik gizlətmək olmur, həqiqətlər gec-tez üzə çıxır və içərisi xəbislik, həsəd, küdurət qurdları ilə daşanların ayrılmaz yol yoldaşı da heç vaxt səngiməyən ikrah olur.

Heydər Əliyevə məktubu böyük bəstəkar, SSRİ Xalq artisti Dmitri Şostakoviç yazır. Öz tələbəsi, artıq Sovet İttifaqında da, SSRİ-dən xaricdə də görkəmli bəstəkar kimi tanınmış, Azərbaycan simfonizminin təşəkkülündə əvəzsiz xidmətləri olan  Cövdət Hacıyev haqqında. Cövdət Hacıyevin böyük bəstəkarlığı, hərəsi   qiymətəsığmaz inci olan solmaz əsərləri bir  yana, 1957-1969-cu illərdə onun digər müəllimi Üzeyir bəyin adını daşıyan konservatoriyaya (indiki Musiqi Akademiyası) rektorluq etdiyi illərdə bir təhsil təşkilatçısı olaraq gördüyü işlər həmin  tədris, sənət və elm ocağının tarixindəki ən parlaq dövrlərindən hesab edilir.

Bir insan kimi də Cövdət müəllim təvazökar, iddiasız, münaqişələrə mail olmayan sakit şəxsiyyət idi. Ancaq qaşınmayan yerdən qan çıxarmağa hərislər, elə həmin konservatoriyada hər gün onunla üzbəüz gələn əqrəblər şayiə yaymışdılar, götürüb Moskvaya da müxtəlif ünvanlara imzasız və saxta imzalı məktublar yollamışdılar ki, bəs Cövdət Hacıyev plagiatdır, həm də nə az-nə çox - öz ustadı Dmitri Şostakoviçin əsərini mənimsəyib. Azərbaycan yaradıcı mühiti və ziyalılığının dünənlərində qan qaraldan, ovqatı daha çox təlx edənsə odur ki, çox zaman bu qəbil həmlələrin təşkilatçılarının özləri də qabiliyyətsiz, müəyyən mənada hətta istedadsız olmamışlar. Quyuqazanlardan biri elə Cövdətin öz tələbəsi idi, pis də bəstəkar deyildi, ayrı millətdən idi, çox sonralar köçüb Amerikaya getdi, o biri də 1970-ci illərdə cavan simfonistlərin erkən önə çıxanlarından idi, sonralar o da Moskvaya yığışdı, axıracan da yaradıcılıqda cavanlığındakından irəli gedə bilmədi, əsas qızışdırıcı, ilana ağu verən yönəldici də artıq o dövrdə bir neçə əsəri ilə diqqəti cəlb etmiş, müasir Azərbaycan bəstəçiliyinin "yaxşılar" sırasına tərəddüdsüz aid edilə biləcək simalarındandı, onun da adını şərti olaraq iks - X. yazaq. O vaxt - həmin iyrənc kampaniyanı başlayanda da, sonra yaşadıqları illərdə də və artıq Cövdət Hacıyevin çoxdan həyatda olmadığı çağlarda da onların heç biri yaradıcılığının siqləti və gözəlliyi ilə o güclü sənətkarın yüksək səviyyəsinə yaxınlaşa bilmədi. Yaxşı, bəs o vaxt irinlərini tökməklə nəyə nail olmaq istəyirdilər ki?! Qənaətbəxş yaradıcılıq imkanları da vardı, belə-belə murdar işlərin əvəzinə elə başlarını aşağı salıb bəstələməklə, dərs deməklə daha artıq səylə məşğul olsaydılar, özləri də, biz də daha çox qazanardıq.

"Çox hörmətli Heydər Əliyeviç!

Mənə belə məlumat çatdı ki, görkəmli sovet bəstəkarı, Azərbaycanın xalq artisti, konservatoriyanın professoru və mənim keçmiş tələbəm Cövdət Hacıyev plagiatlıqda ittiham olunub. Onu 1954-cü ildə, hələ konservatoriyanın gənc müəllimi olarkən apardığı bir eksperimentə - mənim fuqalarımdan birinin polifonik quruluşunu  Azərbaycan xalq musiqisi elementləri ilə zənginləşdirmək cəhdinə görə günahlandırırlar. Cövdət Hacıyev heç vaxt bu işi öz əsəri saymamış, müəlliflik iddiasında olmamış, bunu çap etmək istəməmiş, heç bir mənfəət də güdməmişdir. Uzun illərdir ki, mən Cövdət Hacıyevi ən parlaq sovet bəstəkarlarından biri,  Azərbaycanın görkəmli musiqi xadimi, eləcə də son dərəcə ləyaqətli və vicdanlı bir insan kimi tanıyıram. Cövdət Hacıyevin plagiatlıqda ittiham edilməsi məndə aşağısı çaşqınlıq oyadır.

Heydər Əliyeviç, Sizdən çox xahiş edirəm ki, bu işə müdaxilə edəsiniz və Cövdət Hacıyevin təmiz adının bərpası üçün mümkün olan heç nəyi əsirgəməyəsiniz".

Dmitri Şostakoviçin 1971-ci il sentyabrın 26-da yazdığı bu məktuba artıq sentyabrın 28-də Heydər Əliyev yubatmadan dərkənar qoyur.

Heydər Əliyev bu xalqı sevirdi, ömrü boyu bu xalqın istedadlı oğullarına da xüsusi məhəbbət bəslədi. Amma qədim yunan müdriki söyləyirdi ki, çox bilgidə çox dərd var. Heydər Əliyev qəlbən bağlı olduğu bu xalqın da, bir çoxuna sadəcə məhəbbət bəsləməyib həm də vurğun kəsildiyi seçkin ziyalılarımızın da adi insanlara bilinməyən və bəzən onlara ən məhrəm olanlara belə mübhəm qalan çox xasiyyət və xislətlərinə, təşəbbüs və hərəkətlərinə bələd idi. Bildiklərini bilə-bilə soyumurdusa, bıqmırdısa, özündə insan zəifliklərinə dözmək gücü tapırdısa və daha artıq - köhnədən sevdiklərini sevməkdə davam edirdisə, demək, bu məhəbbət əsl məhəbbət idi və məgər insan hər cür naqisliyinə şahid kəsilsə də, doğmalarını ömründən kəsib ata bilirmi? Heydər Əliyev insan xıltlarına nə qədər şahid olsa da, həmişə bunları üzə vurmağa yox, müalicə etməyə çalışdı, soyuq qütblər arasında öz hərarəti ilə buzları əritməyə, ülfət, mehribanlıq yaratmağa can atdı.

...Dünya dəyişdi. Yeyin vaxtın sovurub apardığı çox oturuşmuş ənənələrin sırasına, heyif ki, məktublaşma vərdişi də düşdü. Əvvəlki əsrlərin məşhur şəxsiyyətlərinin məktublaşmalarından kitablar düzəldilib. Ünlü ədiblər hərdən elə gözəl məktublar qələmə alıblar ki, handa bir romandan, hekayədən daha oxunaqlı, daha doyulmazdır. Qurtardı bu da. Daha o cür məktub topluları olmayacaq. Yeni zaman xəbərləşmənin də yüyrək çeşidlərini yaratdı. Hələ adamlar rəsmi ünvanlara məktublar yazmaq şakərini tam əldən verməyiblərsə də, sayan olsa, təsdiqləyər ki, burada da dünənlə bugün arasında yer-göy fərq var. Uzun məktub yazana da indi birtəhər baxırlar. Açıq söyləyirlər: "Qısa elə, gəl mətləb üstünə".

Heydər Əliyevə ömrü boyu çox məktublar gəlib. Həm şəxsi, həm rəsmi məktublar. Rəvayət edirlər ki, Mərkəzi Komitədə işə təzə başladığı illərdə gecədən xeyli keçənədək iş otağının işıqları yanan Heydər Əliyev gündə bir neçə yüz məktub oxuyurmuş. O qədər işin müqabilində buna da vaxt tapması adama heyrətli gəlsə də, Heydər Əliyevin qeyri-adiliyini düşünərək canlı şahidlərin bu söyləmələrinin doğruluğuna da inanıram.

Bəlkə kimsə günlərin birində Heydər Əliyevin məktublarını - ona göndərilənləri və özünün yazdıqlarını cəmlədi bir yerə, ayrıca cildəmi, ya cildlərəmi döndərdi. O da bir ayrı tarix olardı. Məktubların sətirləri arasından boylanan tarix! Həmin məktubların cərgəsində Heydər Əliyevin Kreml yazışmaları həmişə özəl bir maraq doğuracaq. Hər köhnə saray kimi, Kreml də əsrarlıdır. İndi o köhnə məktublar çırağa çevrilərək dünənə aparan yolların alaqaranlığını aydınladır, başlayır nağıl eləməyə ki, Nəsiminin işi necə düzəlib, Nərimanov hansı  maneələrdən adlayıb, Heydər Əliyev olmasaydı nələri itirərdik...

 

31 may 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 3 iyun.- S.10-11.