Sözüngözün yaddaşı

 

Tanınmış jurnalist Tamxil Ziyəddinoğlu ömrünün altmış beşinci baharını yaşayır. Altmış beş ildir ki, Tamxil müəllim bu dünyanın sakinidir. Altmış beş ildir ki, Tamxil Ziyəddinoğlu uzun bir yol gəlir, ömrünün gecəli-gündüzlü  yollarını. Ən əsası odur ki, bu yolun yoxuşu da, düzü , enişi ondan ötrü  doğmadır. Tamxil müəllim bu yolları heç fərqləndirməyib . Hamısına öz doğması kimi nəvaziş göstərib. Bu yollarda Tamxil müəllimin yol yoldaşı uşaqlığının  sabaha boylanan  arzuları, bir özünün-özünə inamı olub. Bu da əsas şərtlərdəndir. Tunelin o başında görünən işığa bənzədib öz sabahını Tamxil Ziyəddinoğlu. O işığa çatmaq üçün çox yolların yolçusu olub qələm dostumuz. Bu yolun  ilk izləri indi bəlkə Qapıcıqda, Yeddi Qardaşda,Əriməzdə, Anzında  dağların belinə kəmər kimi dolanan cığırların yaddaşında hələ qalmaqdadır...

Aristokrat davranış, kübarlıq ona İlahidən verilib. Dərin təfəkkürü, ağayana hərəkətləri Tamxil müəllimi  daha da hörmətli edib. Ruhən azad, müstəqil düşüncəli, həyat eşqi ilə dolu insandır. Dostluqda sədaqətli, təəssübkeşdir. Tamxil Ziyəddinoğlu mənim uşaqlıq dostumdur.Qayğısız günlərimizin uşaq qayğıları ikimizin həyatından yan keçməyib.Hər ikimizin ağacdan mindiyimiz at da biri-birinə oxşayıb...

Deyirlər hər bir insan qoynunda doğulduğu təbiətin yetirməsidir.Tamxil Ziyəddinoğlu Zəngəzur dağlarının əzəmətini görəndə bir anlıq özünü Qapıcığın zirvəsinə oxşatmağa çalışdı. Hərdən  doğulduğu Kurudun başını üstünə qoyduğu  qartalqonmaz  Əriməz dağının zirvəsinə qalxıb  ordan öz dünyasına tamaşa elədi gəncliyinin  gözündə günbəgün, saatbasaat böyüyən Tamxil Ziyəddinoğlu. Arzuların qanadında gənclik yaddaşının  sahillərini çox axtardı. Kuruddan başladığı ömür yolunun cığırlarının hansı səmtə burulacağı da hələ bəlli deyildi.Özünü  tapmaq üçün  çox sınaqların qapısını döydü...

Hələ onuncu sinfi qurtarmamış o vaxtın ən çox oxunan  mətbuat orqanlarından olan "Azərbaycan gəncləri" qəzetində  məhəbbət mövzusunda şeiri çap olunmuşdu. Hamı ona gözaydınlığı verirdi. Hətta şeirini əzbərləyənlər vardı.O günlər Tamxil Ziyəddinoğlunun sözlə yeni-yeni tanışlığı idi.Duyğularını sözə pıçıldadığı ilk zamanlar idi o günlər. Artıq sözün ürəyinə yol tapa bilmişdi Tamxil Ziyəddinoğlu. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunanda hamımız anladıq ki, Tamxil Ziyəddinoğlu söz adamıdır sözün səsinə səs vermək üçün uzun çətin bir yola çıxıb. O vaxtlar bu fakültəyə qəbul olmaq heç asan deyildi.Zəngəzurda bəlkə birincilərdən idi Tamxil Ziyəddinoğlu ki jurnalistika fakültəsinə girmişdi.Universiteti qurtarandan sonra Tamxil müəllim yenə sözün ünvanını axtardı, sözün qapısını döydü.

Artıq neçə ildir ki, dostumun çörəyi sözdən çıxır.Azərbaycan Dövlət Televiziyasında onun hərbi-vətənpərvərlik mövzusunda ərsəyə gətirdiyi Vətənin,millətin taleyüklü məsələlərinə həsr olunmuş "Zireh", "Hünər meydanı", "Qanlı oyun" verilişləri indi tamaşaçıların yaddaşında ciddi verilişlər kimi qalıb. Bu verilişlər televiziya jurnalisti kimi ona şöhrət gətirdi. Sonradan o televiziyanın hərbi vətənpərvərlik verilişləri redaksiyasında baş redaktor vəzifəsinə təyin olundu. Bu vəzifədə qələm dostum yaradıcılığının ən kamil verilişlərini tamaşaçılara ərməğan etdi.Tamxil müəllim həm   artıq 15 ildir ki, "Bütöv Azərbaycan" qəzetinin  təsisçisi baş redaktorudur.İlk vaxtlar qəzetin adı bəzilərinə redaktorun şirin arzusu kimi görünsə artıq Azərbaycanımızı bütöv görmək istəyənlərin sevimli mətbu orqanı kimi tanınır qəbul edilir. Vətəni öz canından da çox istəyən Tamxil Ziyəddinoğlu Azərbaycanın bütövlüyü uğrunda  gecəli-gündüzlü yorulmadan mübarizə aparır.

O sadəliyi səmimiyyəti ilə çoxlarından seçilir. Soydaşlarının yurddaşlarının ağrısını da həmişə özününkü sanmağı bacarır. Dostluqda da büdrəməkdən xoşu gəlmir. Qırx ilə yaxındır ki, tələbə yoldaşı, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli ilə dostluq edir. Həmişə bir yerdədirlər və həmişə də

dostluqdan söz düşəndə onları tanıyanlar hər ikisini nümunə göstərirlər. Mənim yaddaşımda Tamxil müəllim qaranlıqda görünən işığa bənzəyir... Ömrünün dünəninə boylananda şirinli-acılı xatirələr dilə gəlib Tamxil müəllimlə danışır. Tamxil Ziyəddinoğlu öz kökünün üstündə boy atan nəhəng palıd ağacına bənzəyir. Ətrini, tumarını, rəngini, əzəmətini özündə saxlayan, təbiətin şıltaqlığına, illərin şirininə, acısına, ağırlığına,əzabına dözən, heç bir qüvvənin əyə bilməyəcəyi palıd ağacına.

Sözün yaddaşı tarixin yaddaşına çevriləndə əbədilik qazanır. Tamxil Ziyəddinoğlunun bəxti bu sahədə çox yeyindir.Çünki onun ömrünün hər anı söz yaddaşına köçüb. Jurnalistika yaradıcılığın çox mühümaktual sahəsi olduğundan baş verən hadisələrin sözə çevrilməsi və ictimaiyyətə ötürülməsi çox məsuliyyət tələb edir.Qələm dostum illərlədir bu peşənin əzablı yollarında yorulmadan addımlayır və onun jurnalistikaya olan bu sevgisi  azalmır ki, azalmır. Bu da onun müdrikliyindən irəli gəlir.Tamxil müəllim həmişə öyrənməyə çalışıb və heç vaxt da mən hər şeyi bilirəm iddiasında olmayıb.Böyük Sokratın dediyi kimi, həyatda bildiyim bircə şey oldu, gördüm ki, heç nə bilmirəm...

...Bəli, illər bir-birini əvəz etdikcə yaş üstünə yaş gəlir. Amma qəmlənməyə də dəyməz. Çünki hər artan yaş ömrün təntənəsidir. Axı hər yaşın öz gözəlliyi var. Bu il martın 20-də tanınmış jurnalist Tamxil Ziyəddin oğlu Hacıyevin altmış beş yaşı tamam oldu. Bir azdan da təsis etdiyi "Bütöv Azərbaycan" qəzetinin 15 yaşı tamam olacaq. Bu iki millət, dövlət sevdalısını bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. İyirminci əsr Türk dünyasının böyük oğlu Nazim Hikmət deyirdi ki, insan hər yaşında gəncdir və hər yaşında sevə bilər. Mən Tamxil müəllimə gənclik təravətli sevgi arzulayıram.

 

Ramazan SƏMƏROĞLU

525-ci qəzet.- 2023.- 6 iyun.- S.14.