Enerji infrastrukturunun bərpası: Böyük Qayıdışı daha da sürətləndirən amil

 

İşğaldan azad edilən ərazilərdə elektrik enerjisi ilə bağlı məsələlər sürətlə öz həllini tapmaqdadır. Ötən müddət ərzində "Azərenerji" ASC tərəfindən ümumi gücü 53.6 MVt olan 11 ədəd su elektrik stansiyası tam yenidən qurulub. Hazırda Oxçuçay üzərində bir ədəd baş suqəbuledici olmaqla 4 ədəd kiçik su elektrik stansiyası (KSES) tikilir. Baş suqəbuledicidən aşağıda formalaşan sular birbaşa Oxçuçayın məcrasına daxil olur və ekoloji axımla bərabər Oxçuçayın aşağı axım zonasının suyunun əsasını təşkil edir. Oxçuçayının axımının 45 faizi enerji istehsalına, qalan 55 faizi isə çayın məcrasına buraxılır. Beləliklə ətraf mühitə, təbiətə hər hansı bir ziyan vurulmur.

Qeyd edək ki, mayın 4-də Prezident İlham Əliyev "Azərenerji" ASC-nin Zəngilan rayonunda "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.

Yeni stansiya binasının tikintisi, perimetr boyu hasarlama işləri yekunlaşıb. Maşın zalı, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi, avtomatika və idarəetmə panellərində məsafədən idarəetmə kompüterlərinin quraşdırılması üzrə işlər icra edilir. Həmçinin, "Şayıflı" Kiçik Su Elektrik Stansiyasından çıxan suyun "Sarıqışlaq" SES-ə ötürülməsi məqsədilə nəzərdə tutulmuş derivasiya borusunun çəkilməsi üzrə işlər davam edir. Derivasiya tipli su elektrik stansiyasının suqəbuledicisi ilə stansiyaarası məsafə 5239 metrdir. "Sarıqışlaq" SES-in turbinlərindən keçən suyun heç bir itki olmadan "Zəngilan" KSES-ə ötürülməsi istiqamətində işlər davam etdirilir.

Bu stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğunun tikintisi, istehsal olunacaq elektrik enerjisinin enerjisistemə inteqrasiyası və stansiyada avtomatik idarəetmə sisteminin qurulması da nəzərdə tutulub. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Sarıqışlaq" SES-də il ərzində 33,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

"Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib ki, Oxçuçay üzərində inşa edilən 4 KSES-də tikinti işləri 2022-ci ilin sentyabrında başlayıb, 2023-cü ilin noyabrında yekunlaşdırılacaq. Artıq işlərin 70 faizi icra edilib. Şayıflı, Sarıqışlaq, Zəngilan və Cahangirli KSES-lərinin hər birinin gücü 10,5 MVt olacaq. Onların hər biri illik orta hesabla 30-33 milyon KVt/saat elektrik enerjisi istehsal edəcək. KSES-lərin tikintisi üzrə işlər aparılarkən ətraf mühitin qorunması, ekoloji normalara uyğun tədbirlərin görülməsi prioritet hesab edilib. Stansiyaların tikintisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə razılaşdırılıb. KSES-lərin tikintisi ilə bağlı bu ilin yanvarında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin ofisində aidiyyəti qurumların iştirakı ilə toplantı keçirilib. Stansiyalar, su qəbulediciləri və derivasiya borularının yerləşmə əraziləri mina və partlamamış sursatlardan təmizlənib. KSES-lərin avadanlıq təchizatı ilə bağlı ötən ilin avqustunda Avstriyanın "Gugler" şirkəti ilə müqavilələr bağlanılıb, müqavilə üzrə avans ödənib. Avadanlıqların 2023-cü ilin iyun ayının sonuna hazır olması nəzərdə tutulur.

O vurğulayıb ki, Oxçuçayın dərəsində kanal, tunel qazılmayıb, yalnız suların KSES-lərə ötürülməsi üçün derivasiya boruları quraşdırılıb. Quraşdırılma işləri çay yatağından kənarda aparılmaqla təbiətə ziyan vurulmayıb: "Su elektrik stansiyalarının ekoloji üstünlüklərindən biri yeraltı su ehtiyatlarının çirklənmədən qorunmasıdır. Su elektrik stansiyalarının ekoloji üstünlüklərinə sel və daşqınlardan mühafizə, çay balıqlarının qorunması və kompleks tədbirlər də daxildir. Oxçuçay üzərindəki Baş suqəbuledicidən aşağıda formalaşan sular birbaşa Oxçuçayın məcrasına daxil olur və ekoloji axımla bərabər Oxçuçayın aşağı axım zonasının suyunun əsasını təşkil edir. Çayın axımının 45 %-i elektrik enerjisi istehsalına, 55 faizi isə məcrasına buraxılır. Beləliklə, ətraf mühitə, təbiətə hər hansı ziyan vurulmur. Çayın dərəsində kanal, tunel qazılmayıb, yalnız suların KSES-lərə ötürülməsi üçün derivasiya boruları quraşdırılıb. Derivasiya borularının quraşdırılma işləri çay yatağından kənarda aparılmaqla, təbiətə ziyan vurulmayıb. Kaskad SES-lərin hər birində 2 turbin quraşdırılacaq və onların hər biri saniyədə 9,8, ikisi isə 19,6 kubmetr suötürmə gücünə malikdir. Turbinlər Avropanın "Gugler GmbH" şirkətinə məxsus ən son texnologiyalar əsasında istehsal edildiyindən ətraf mühitə heç bir zərəri yoxdur. Oxçuçayın bu sərfi 3,43 m3/saniyədən az olduqda KSES avtomatik dayanacaq. Bu isə çayın məcrasında ekoloji axımdan 4 dəfə artıq suyun saxlanılması deməkdir. Əlavə olaraq, çayın su ehtiyatının 26 %-i ölkə ərazisində formalaşdığından çayda əlavə 3 m3/saniyə suyun olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, çayın axımının 55 %-ə yaxını onun məcrasında saxlanılmaqla, çay ekosisteminə heç bir mənfi təsir olmayacaq".

Rüstəm Rəcəbovun dediyinə görə, Oxçuçay üzərində inşası həyata keçirilən kiçik su elektrik stansiyalarında (KSES) quraşdırılacaq turbinlər Avropanın "Gugler GmbH" şirkətinə məxsus ən son texnologiyalar əsasında istehsal edildiyindən ətraf mühitə heç bir zərəri yoxdur. Oxçuçayın ekoloji axımının 0.82 kubmetr/saniyə olmasına baxmayaraq, çayın su sərfi saniyədə 3.43 kubmetrdən az olduqda su elektrik stansiyası işləməyəcək. Bu isə Oxçuçayın məcrasında ekoloji axımdan dörd dəfə artıq suyun saxlanılması deməkdir. Əlavə olaraq, Oxçuçayın su ehtiyatının 26 faizi ölkə ərazisində formalaşdığından çayda əlavə 3 kubmetr/saniyə suyun olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, Oxçuçayın axımının 55 faizə yaxını müvafiq çayın məcrasında saxlanılmaqla çay ekosisteminə heç bir mənfi təsir olmayacaq.

R.Rəcəbov qeyd edib ki, layihə sahəsində bilavasitə tikinti altında qalan ağac və kollara ekvivalent yaşıllıqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış yerdə salınması nəzərdə tutulub. Çay ekosisteminin qorunması üçün ekoloji axımın saxlanılması, hidromorfoloji dəyişikliklərin olmaması üçün çay məcrasında düzləndirmə və planlaşdırma işlərinin aparılmaması nəzərdə tutulub: "İnfrastruktur sahələri ərazisindən götürülən torpağın üst münbit qatının toplanması və təyinatına uyğun istifadəsi, seçilmiş hidroaqreqatlar suyun keyfiyyətinə təsir etməməsi və istiqamətləndirici aparatın quruluşunun yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını alması, temperatur və digər keyfiyyət göstəricilərində heç bir dəyişiklik olmadan suyun aşağı axarda yenidən çaya qaytarılması planlaşdırılır".Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Oxçuçay üzərində silsilə şəklində qurulan su elektrik stansiyalarının tikintisi zamanı ətraf mühitə təsirlərin qiymətləndirilməsinə dair açıq ictimai dinləmədə 50-dən çox mütəxəssis, maraqlı tərəflər iştirak etdi. Ortaya çıxan sualların çox hissəsinə cavab aldıq. Müəyyən hissələr isə təhlil edilib qiymətləndiriləndən sonra, əgər məqbul hesab olunacaqsa, o zaman müsbət rəy veriləcək. Problemlər olacağı təqdirdə isə onların həllindən irəli gələn nəticələrə nail olacağıq: "Hər zamankı kimi məqsədimiz ondan ibarətdir ki, istənilən layihənin icrası zamanı digər sahələr, ətraf mühit, fauna, flora əziyyət çəkməsin. Odur ki, bütün norma və standartlar dəyərləndirilməlidir. Layihənin icrası zamanı ətraf mühitə zərərli təsirlər olacaqsa, onun kompensasiyası aparılmalıdır ki, təbiət ziyan çəkməsin. Dünyada olduğu kimi ölkəmizdə də iqlim dəyişmələri, su qıtlığı problemləri özünü göstərir. Digər yandan işğaldan azad edilmiş ərazilərdə 30 ildir ki, gedən təbii prosesləri hələ tam bilmirik. Odur ki, ictimai dinləməni keçirməkdə hədəf ekoloji parametrləri, ətraf mühitə dəyə biləcək təsirləri vaxtında və yerində qiymətləndirmək idi".Millət vəkili Vüqar Bayramovun sözlərinə əsasən, işğaldan azad olunan ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa və yenidənqurma işləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaq: "Azad edilən ərazilərdə infrastrukturun bərpası, yaşayış binalarının, məktəb, xəstəxana binalarının inşası, yollarla yanaşı, içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində görülən işlər "Böyük qayıdışı" sürətləndirən infrastruktur layihələrdir. Hesab edirəm ki, həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edəcək".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 6 iyun.- S.12.