Oljas Süleymenov: "Sözün
Kodu" ilə Türkün kodu kontekstində
Bədii-poetik, etnoloji-paleoqrafik və özünün bütün komponentləri ilə qazax olub, elmi-fəlsəfi əsərlərini rus dilində yazıb-yaradan Oljas Ömər oğlu Süleymenov qazax xalqının yenilməz sənətkarı olduğunu yaradıcılığa başladığı ilk qələm təcrübələrindən sübut edib. Erkən
yaradıcılıq dövründən qazaxların yenilməz,
mübariz oğlu orijinal şair-akın Məhəmbət
Ütəmisovun poetik stixiyası onun bədii təfəkkürünə
nəzərəçarpacaq təsir göstərib. İlk
şeirlər və poemalar təcrübəsi
"Arqamaklar" (1961) tezliklə onun adını milli çərçivələrdən
çıxarıb dünya çapına yaydı.
1954-1959-cu illərdə Qazax Universitetinin Geoloji Kəşfiyyat
fakültəsində oxuyub. Tezliklə 1961-ci ildən M.Qorki adına Moskvadakı Dünya Ədəbiyyatı
İnstitutunda Poetik tərcümə şöbəsində
ünlü sənətkarlardan ustad dərsləri
alıb. Dünya
Ədəbiyyatı İnstitutunda təhsil aldığı
zaman tələbələr arasında baş vermiş
dava-dalaşa görə heç bir təqsiri olmadan oradan
xaric edilir. 1961-ci ildə Yuri Qaqarinin
"Vostok-1" gəmisində kosmosa uçması ilə
bağlı "Yer, insana əyil!" şeirini yazmaqla nəinki
Qazaxıstanda, həm də Sovetlər İttifaqında,
çox keçməmiş, bütün dünyada hamı
Oljas Süleymenovdan danışmağa başladı. Bundan sonra Dünya Ədəbiyyatı İnstitutunun
rəhbərliyi ona fərdi qaydada müraciət
ünvanlayıb, İnstitutda təhsilini yenidən davam etdirməsini
xahiş etdi.
Qazaxıstanda Oljasın vəzifə pillələri ilə
irəliləyişi çox sürətlə davam edirdi. "Kazaxskaya pravda" qəzetində
müxbir, sonra şöbə müdiri, "Kazaxfilm"
kinostudiyasında ssenari şöbəsinin baş redaktoru,
"Prostor" jurnalında Jurnalistika şöbəsinin
müdiri, Qazaxıstan Yazıçılar İttifaqında
İdarə Heyətində katib, Qazaxıstan SSR Dövlət
Kinematoqrafiya Komitəsinin sədri, Asiya və Afrika Ölkələri
Yazıçılarının Qazaxıstan Komitəsində
sədr, daha sonralar Qazaxıstan Yazıçılar
İttifaqı İdarə Heyətinin Birinci katibi və sair vəzifələrdə
çalışdı.
Tezliklə onun adı 1960-70-ci illərin ən məşhur
sovet şair və yazıçıları ilə bir
sırada çəkilməyə başladı. Oljasın əsərləri
hansı mövzu və problemi özündə çevrələməsindən
asılı olmayaraq oxucuların əksəriyyəti tərəfindən
bəyənilir, qəbul edilirdi.
O.Süleymenovun
60-cı illərdə qələmə aldığı "Az i Ya" əsəri məzmun
baxımından o qədər orijinal və fərdi
möhürlü bir əsər oldu ki, onun mahiyyət
konsepsiyasına fərqli elmi, nəzəri, ümumhumanitar, ədəbiyyatşünaslıq
və dilşünaslıq baxımından yanaşmalar ortaya
çıxdı. Kitaba pozitiv münasibət rəsmi
elm nümayəndələrindən başqa, həm də digər
yüksək humanitar sferalar tərəfindən sərgilənirdi.
Ukraynalı tənqidçi D.Pavlıçko "Mənim
Oljasa sözüm" məqaləsində onun
poeziyasını dərin, fəlsəfi, lirik adlandırmaqla,
həm də bu poeziyanı etiraz kimi dəyərləndirərək
yazırdı: "Oljas Süleymenov nəinki... sovet, həm də
dünya poeziyasına Şərq Ruhunu gətirdi..."
Oljas Süleymenov nəinki qıpçaq, həm də
oğuz türklərinin və türk etnosunun qədim
köklərini dərindən araşdırmağa və onu
olduğu kimi dəyərləndirməyə gərəyincə
səy göstərən təfəkkür
daşıyıcılarındandır. Onun fikrincə,
hətta sayca lap azlıq təşkil edən xalq və millət
öz tarixini digər xalqların tarixindən izolə, təcrid
olunmuş şəkildə yox, digərləri ilə
qarşılıqlı əlaqədə öyrənməlidir.
Bəs bu praktik baxımdan necə həyata
keçirilməlidir? O.Süleymenov
yazırdı ki, 50-ci illərdə Alma-Atada məktəbdə
oxuduğum dövrlərdə biz Yunanıstan, Roma, Qərbi
Avropa, Amerika və əlbəttə, Rusiyanın tarixini
öyrənirdik. Lakin qazax tarixindən bir ad, yaxud hər
hansı bir hadisə orada öz əksini tapmırdı...
Bununla nəinki məktəbliləri, həm də
tarixçiləri öz əcdadlarının tarixini öyrənməkdən
kənarlaşdırmışdılar... Mən "Az i Ya" kitabı üzərində işləyərkən
çoxsaylı arxiv materiallarını, sənəd və mənbələrini
Alma-Ata kitabxanasında oxudum, tozlu kitab saxlancları rəflərindən
ilkin mənbələri taparkən onların xeyli səhifələrini
cib darağının köməyi ilə kəsib, ortaya
çıxardım.
Elə bununla da O.Süleymenov bu tipli son dərəcə
qiymətli kitabları ilk dəfə
açdığını dilə gətirirdi. "Ravnovesie"
("Müvazinət") şeirində bu məsələyə
diqqət yetirən şair yazırdı:
Daraqla vərəqləri
kəs
gələcək əsrin romanları
qaranlığı sevmir,
işığa da dözmürlər.
O səhifələrdən
qorxma,
bomboş,
ağappaq tarla kimi.
Vərəqlə,
diqqətlə bax:
Bax həmin
səhifələrdə
biz
görüşək yenidən.
Ruhən, qəlbən, etnik kökən etibarı ilə
qazax olan O.Süleymenov sanki həm dünyanın vətəndaşı
və həm də sözün həqiqi mənasında beynəlmiləlçisi
idi. Buna
görə də özünün "Az
i Ya" kitabında o, türk-slavyan mədəni-tarixi
birliyini bütün mətn boyu əsaslandıraraq inkişaf
etdirirdi. Odur ki, Oljasın türk yazısı,
qazax xalqının tarixi keçmişi ilə bağlı qələmə
aldıqları son dərəcə yüksək elmi dəyər
daşımaqdadır. Oljas Süleymenov Anar, Robert
Rojdestvenski, Yevgeni Yevtuşenko, Timur Zülfiqarov, Bulat Okucava və
başqa bu kimi bədii fikir sahibləri ilə yanaşı,
60-cılar nəslinə mənsub
olub, qazax ədəbiyyatında tarixi roman janrını
İlyas Yesenberlin, Abducəmil Nurpeisov, Anuar Əlimcanov, Moris
Simaşko və digərləri ilə birlikdə daha yüksək
mövqelərə qaldıra bilmişdir. Türklərin
özünəməxsus sivilizasiyasından bəhs etməklə
o, qeyd edirdi ki, Türk xaqanlığı heç nə
yaratmasa da, təkcə Orxon-Yenisey abidələrini ortaya
qoyması ilə dünya mədəniyyətində öz ləyaqətli
yerini qoruya bilər. O.Süleymenovun
dünya maştablı poetik-bədii, elmi-nəzəri təfəkkürü
onun əsl avrasiyaçı olduğunu sübut etdirməkdədir.
Bax, buna görə də təsdiq edirik ki, Oljas
Süleymenov milli ilə dünya mədəniyyəti
arasında birləşdirici, qovuşdurucu körpüdür.
Məhz buna görə də onun Avrasiya məkanında
xalqlar arasındakı rolu danılmazdır. Onda
dünyanı özünəməxsus hiss etmə və
dünyanı qavrama modeli formalaşıb.
"Sözün Kodu" adlı yeni kitabında
O.Süleymenov sözün genomeninin raşşifrovkasına,
söz-işarələrinə, söz-simvollara xüsusi diqqət
yetirərək bəşər övladının ilk sözlərinin
mənşəyinə diqqəti cəlb etmək istəyib.
Belə yanaşma ilə o, fonetik müvafiqlik metodunun məhdudluğuna
nəzər salaraq söz tarixinin yalnız üst
laylarının öyrənilməsinin
mümkünlüyünü qeyd edir. Odur ki, Süleymenovun
"Sözün Kodu" kitabında onun tərəfindən
gələcək elmi araşdırmaların perspektivləri
"Şümerdə Türklər", "Qədim Misirdə
Türklər", "Etruriyada Türklər", "Qədim
Hindistanda Türklər", "Qədim Çində
Türklər" və sair mövzuların
aktuallığı ortaya qoyulur. Süleymenov əminliklə
bildirir ki, Sözü son dərəcə diqqətlə oxuyub, ona xüsusi məna verməyi
bacarmaq lazımdır ki, o tarixə qədərki
keçmişin şahidi olduğunu nümayiş etdirə
bilsin.
Heç şübhəsiz ki, Oljas Süleymenovun
poeziyası özündə avanqard poetikanı, çöl-səhra
motivlərini və texnogen eranın kosmizmini, mədəniyyətlərin
dialoqunu və dialektikasını əks etdirən qeyri-adi
fenomen olmaqla şairin ədəbi və yaradıcılıq
bioqrafiyasını uğurla birləşdirən qeyri-ordinar
hadisədir.
Şairin çeşidli yaradıcılığı şeir
və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis,
fransız, alman, ispan, çex, polyak, slovak,
bolqar, macar, rus, monqol, qırğız, özbək, ukrayna,
belarus, türk və digər çoxsaylı dünya
xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərləri ilə bərabər,
Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcədə
populyardır. Onun bu müstəvidə qələmə
aldığı əsərlərində qədim insanın
dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer
alır ki, o da bu və ya digər şəkildə müasir
dillərdə öz funksionallığını qoruyub
saxlamaqdadır. Süleymenov onların genezisinin
açılışını ilk heroqrif qrafik yazının
köməyi ilə "Az i Ya" (1975), "Yazının
dili" (1998), "Türklər tarixə qədər"
(2001), "Sözü Kodu" (2014), "Etimologiyaya
giriş" (2019) və
başqa bu kimi tədqiqatlarında, bəşər
övladının təkamülünün
öyrənilməsindəki "ağ ləkələri"
etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə
görüb ortaya çıxarmağa müvəffəq olub.
Oljas Süleymenov poeziyası insanlara xalqının tarixi
təşəkkülünü dərk etməyi öyrənib,
bizləri əsrlərin dərinliyinə və görməyə
aparmaqla qazaxların haradan gəlib, hara getdiyini, onlara
dünyada öz yerini bilməyə sövq etməyə
çalışır. Buna görə də Oljasın şeirlərini
bir qayda olaraq fikir dərinliyi, polemik kontekst fərqləndirir.
"Gil kitab" tarixi hadisələri yaddaşlarda
canlandıran, əsrlərin dərinliklərində ilişib
qalanları, olub-keçmişləri dövrümüzdə
yenidən göz önunə gətirməyi nəzərdə
tutur. Bu əsərdə şəkillərlə
bağlı bəhs olunmaqla Assuriya çarı Assarxadonun
salnaməsində onlarla bağlı məlumatlar vardır.
E.ə. VII əsrdə işquzlar İşpakay adlı
başçıları ilə birlikdə Xəzərin qərb
sahillərindən Cənub səhralarından Assuriya Babilistana
hücüm edir və bir neçə il ərzində
oranı idarə edir. Bununla O.Süleymenovun "Vəhşi Səhranın"
elmi axtarışlar aparılması üçün son dərəcə
vacib və qiymətli nəticələrə imza atır ki,
onları aşağıdakı kimi ümumiləşdirmək
mümkündür:
a)
Oğuz yazısının ən qədim abidələri b.e. Orxon-Yenisey abidələridir. Lakin
O.Süleymenovun əsəri oğuzların tarixini e.ə. XI əsrə
aid etməklə daha da qədimlərə aparır;
b)
Skifşünasların çoxillik mübahisələrinə
burada nöqtə qoyulur: skiflər Assuriyaya hücum edən
türklərdir, yoxsa iranlılar;
c) Skif
adının özü bizim dövrə "iş-quz"
kimi gəlib çatmaqla, həm də "iç-
oğuz" (yaxud "iç-quz") kimi səslənməkdə
və tarixdə yer almaqdadır.
Azərbaycan
dilində nəşr olunmuş "Tanrının təbəssümü"
məcmuəsində əslində O.Süleymenovun elmi-tədqiqat
xarakterli əsərləri "Az i Ya", "Gil kitab",
"Sözün Kodu", "Türklər tarixə qədər"
kitablarından nümunələr, "Tanrının təbəssümü"
adı altında şeirlərindən seçmələr, o
cümlədən onun həyat və
yaradıcılığından bəhs edən "Oljas
fenomeni" adlı kitabdan nümunələr
yer alıb. Azərbaycan, türk və ingilis dillərinə
çevrilib "TEAS Press Nəşriyyat evi" tərəfindən
çap olunan bu əsərlər Oljas Süleymenovın
80-illiyi münasibəti ilə nəşr olunmaqla dahi mütəfəkkirin
orijinal yaradıcılığının əksər aspektlərini əhatə
etməkdədir.
Oljas
Süleymenov əhatəli etnoloji, etnoqrafik, paleoqrafik,
paleolinqvistik, tarixi, fəlsəfi, elmi, poetik, publisistik əsərləri
ilə qazaxların və türk xalqlarının
adını tarixin yaddaşına bir dəfəlik həkk
etmiş böyük Türkdür!
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2023.- 6 iyun.- S.13.