İnsan haqqında ballada

 

Bəşər tarixində ilk İnsanın - Adəmin nə vaxt doğulduğunu heç kim bilmir. Şərqin böyük filosofu, Hürufizm təliminin banisi Fəzlullah Nəimi "Monteizmin dördüncü kitabı" (Rəhim Əliyev). "Cavidannamə"də belə bir fikir irəli sürüb əsaslandırır ki, "Ey taslibi didar-i ilahi! Hakk təalanın zahirən v ə batinən Adəm suretinden qeyri surəti yoxdur" ("Cavidannamə" 104-cü bab).

Beləliklə, Allah Adəmi öz surətində yaradıb. Adəm ilk Allah - İnsandır. Bütün dahi şairlər, filosoflar dünyanı izah etmək üçün əvvəlcə İnsanı izah etməkdən başlamışlar. Dünyanın beş ən böyük yazıçısından biri, böyük ingilis filosofu Frensis Bekanun Cədvəlində beş ən böyük şairin adları qeyd olunur: Homer, Firdovsi, Nizmai, Nəvai və Şekspir!

U.Şekspir, səhv etmirəmsə, "Kral Lir" dramında təlxəyin dili ilə belə söyləyir: "İnsan! Sən öz varlığındakı bütün   sirləri açmayınca mənim əlimdən qurtara bilməyəcəksən!"

Fəqət, nə U.Şekspirin, nə ondan əvvəlkilər, nə də ondan sonrakılar İnsanın sirr və sehrinin heç mində birini də aça bilməyiblər. Biz də belə çətin bir işin məsuliyyətini götürmək iddiasında deyilik.

Müsəlmanlığın müqəddəs kitabı, üçüncü səma kitabı olan "Quran"da deyilir: "Doğrudan da biz insanı gözəl şəkilli yaratdıq" (95, 2-ci ayə). İnsan dünyaya "gözəl şəkilli" gəlir, fəqət ömrü boyu öz əməllərinə uyğun olaraq dəyişir. Dahi hürufi, filosof şair İ.Nəsimi yazıb:     

 

Həq surətində insan sənsən gələn cahanə

Ey tanrının sülatı, aləmdə cavidansan.

 

Digər səma kitabı, monoteizmin ikinci kitabı olan "Tövrat"da deyilir: "Allah Adəmi gözəl surətdə və özünə oxşar yaratdı". Deməli dörd səma kitabında: "Zəbur" , "Tövrat", "İncil" və "Quran"da ("Zəbur" Davud peyğəmbərə gəlib və tapılmayıb). İnsan - Adəm Allahın sifəti kimi zikr olunur.

Görək bu barədə İ.Nəsimi daha nə deyir:

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir

Gəl vicdan şəhrinə seyr et, gör anı, səndədir.

 

 

Yaxud:

 

Həq təala insan oğlu özüdür

Otuz iki haq kəlamı sözüdür

Cümlə aləm bil ki, allah özüdür

Adəm ol candır ki, günəş üzüdür.

 

Burada həm hürufizmin əsas düsturu ifadə olunub, həm də bizim  türklər üçün maraqlı bir məqam var: Qədim türklər Tanrı sifətini Günəş şəklində təsəvvür edirdilər: "Adəm ol candır ki, günəş üzüdür" Günəş üzlü insan türk deməkdir.

Varlığında iki cahan yerləşdirən, fəqət özü bu cahana sığmayan Nəsiminin İnsan haqqında qənaəti belədir.

İndi də başqa mütəfəkkirlərin fikirlərinə nəzər salaq:

- İnsanın həyatında üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək (J.D.Lavrüyer).

- İnsan ölüm cəzası kəsilmiş məhkuma oxşayır, hər dəqiqə növbəsini çatacağını gözləyir (Blez Paskal).

- İnsanı həyata bağlayan onun gözəl cəhətləridir (Sokrat).

- İnsanın məqsədi insanlıqdır (B.Franklin).

- Xalqa ən çox fayda verən insan - insanların ən yaxşısı sayılır (F.Nəimi).

- İnsanın taleyini sevgi müəyyən edir (U.Şekspir).

 

Bernard Şou deyib: "Qorxduğum yeganə heyvan insandır". Əlbəttə, bu qənaətdə müəyyən qədər ifrat, biz deyərdik ki, hətta ədalətsizlik var. Biz bu fikirdəyik ki, insanlar arasında yaşamaq, heyvanlar arasında yaşamaqdan çətindir. Nadan, qanmaz insan heyvandan təhlükəlidir. Əbəs yerə deməyiblər ki, dünyada ən çətin iş "qanmazı başa salmaqdır". Bu deyimlərin bizim klassik ədəbiyyatda misalı da var.

Füzulinin "Leyli və Məcnun" adlı ilahi eşq dastanında Leylini ilahi bir məhəbbətlə sevdiyinə görə Qeys insanlar tərəfindən dəli Məcnun adlandırılaraq yaşadığı cəmiyyətdən uzaqlaşır. Nə Leylinin ata-anası, nə də Məcnunun valideynləri onu başa düşmür. Leylinin atası elçiliyə gələn Məcnunun atasına deyir ki, oğlunu Məkkəyə apar, dua etsin. Eşq azarı canından çıxsın, ona qızımı verərəm. Deməli ata qızını müqəvvaya verməyə razılaşır. Belə olanda Məcnun insan cəmiyyətinə üsyan edir, onu bu cəmiyyətə bağlayan zəncirləri parçalayıb səhraya, heyvanlar arasına pənah aparır. Quşlar onun başında yuva qurur.

 

Məcnun və Leyli öz sevgiləri ilə bütün insanlığa qalib gəlir. Biz həmin dövrdən heç bir adamın adını xatırlamırıq, ancaq Leylini və Məcnunu sevirik.

Böyük təcrübəyə və ağıla əsaslanan bu müdrik kəlamlar kontekstində İnsan haqqında bir sıra faydalı mülahizələr irəli sürmək olar.

Təbiət Tanrının şah əsəri, İnsan təbiətin tacıdır. İnsanda olan qabiliyyət - fiziki və fikri-mənəvi imkan heç bir canlıda yoxdur. Son vaxtlar yeni texnologiyaların, xüsusilə ağıllı robotların şeir yazmasından, mahnı bəstələməsindən, ən mürəkkəb əməliyyatları yüksək dəqiqliklə əvəz etməsindən söhbət gedir. Təxminən 10 il bundan əqdəm ölkənin görkəmli fizikləri ilə bir məclisə düşmüşdüm. Söhbət gəlib robot texnologiyası sahəsindəki möcüzələrdən düşdü, onlar müxtəlif dəlillərlə məni inandırmağa çalışırdılar ki, daha şairə, bəstəkara, müğənniyə,  alimə, heç kişilərə də ehtiyac qalmayacaq - robot uşaq düzəldəcək.

Mən ehtiramla onlara dedim: Sizə bir sualım var, müsbət cavab versəniz dediklərinizi qəbul edərəm, mənfi cavab versəniz  mənə o robotlar gərək deyil. Sual belə idi: Robot öpüşün dadını-ləzzətini verə bilər? Xeyli düşünüb belə cavab verdilər: Yox!

İnsan elə mürəkkəb varlıqdır ki, onun sehri - sirri ancaq Yaradana məlumdur. Görkəmli rus filosofu İqnatenko Şərq filosoflarının İnsan haqqında nəzəriyyə və təlimlərini araşdırıb. Onun Moskvada çap olunmuş "V poiskax sçastğe…" kitabında insanın maşın tək təsəvvür edən fəlsəfi təlimlərinin şəkili var. Bu şəkildə İnsan elə mürəkkəb bir mexanizm kimi təsvir olunur ki, adam heyrətə gəlir.

İnsan özü də özünü sona qədər dərk edə bilmir. Ən böyük mütəfəkkirlər belə özünüdərk prosesində aciz qalırlar. Məsələn, insanı ağıl idarə edir, fəqət həmin insanda olan ürək, qəlb ağılın dediyini eləmir, öz bildiyini eləyir.

Bilənlər bilir ki, bizim İnsan barəsində fəlsəfi konsepsiyalarımız əsasən poetik formada meydana gəlib. Ona görə də klassik şeirimiz bədii - fəlsəfi mahiyyətdədir. Bir qədər diqqətli olsaydım belə deyərdim: bədiilik ən dərin fəlsəfədir!

Ustadımız, akademik Məmməd Cəfər belə bir mənalı kəlam işlədir: "Füzuli sevir - Füzuli düşünür deməkdir". Eşq İnsan həyatının Günəşi, dolğun fəlsəfədir. Bir qədər əvvəl U.Şekspirin "İnsanın taleyini sevgi müəyyən edir" kəlamını misal çəkmişdik. Ağıl və qəlb arasındakı münasibət insanşünaslığın ən çətin, hələ bu zamana qədər həll olunmamış problemidir.

Dahi "qəlb şairi" (E.Bertels) Füzuli belə həmin məsələdə ziddiyyətə düçar olur. Bir yandan yazır ki,

 

 

Əql yar olsaydı, tərki - eşqi - yar etməzmidim?

İxtiyar olsaydı rahət ixtiyar etməzmidim?

 

 

Başqa bir beytdə isə deyir:

 

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul,

Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.  

 

 

Daha bir misal:

Ey Füzuli, qılmazam tərki-təriqi eşq kim,

Bu fəzilət daxili əhli - kamal eylər məni.

Müxtəlif qəzəllərdən verilən misraları tutuşduraq:

- "Əql yar olsaydı, tərki - eşqi - yar etməzmidim",

Deməli Əqi bəyənmir, onu sevgili hesab etmir.

- "Əql tədbiridir ol, sanma ki, bir bünyadı var".

Eşqi "əql tədbiri" hesab edir.

- Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim" ona görə eşqi tərk etmir ki, "bu fəzilət onu daxili əhli kamal" eyləyir. Şairimiz eşq fəzilətini hər şeydən uca tutur.

Beləliklə,  fəzilət məlum, əslində Füzuli ziddiyyəti aydınlaşdırır, eşqi "əqli yaradan"dan üstün tutur, çünki Eşq ağılla qəlbin razılaşmasından - izdivacından yaranır. Məsələ burasındadır ki, Füzulidən əvvəl hürufi filosof İmadəddin Nəsimi bu ziddiyyətə düşmüşdü:

 

Üzünü görəndən Nəsimi çağırır avaz ilə

Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam.

 

Mövlanə Məhəmməd Füzuli "Leyli və Məcnun" dastanında Əqli məşuqəni yarı yolda qoyub qaçan vəfasız Aşiqə bənzədir.

Eşq İnsanı İlahi məqama yüksəldir. İnsanın qüdrəti bundadır. Eşqə düşənlər nə yerdə yaşayır, nə göydə yaşayır: - halbuki İnsanın stixiyası  Yerdir. Sevənlər yer və göy arasındakı fəzada yaşayır. Axı Adəm - İnsan mahiyyət etibarı ilə İlahidir - məhz sevgi  sayəsində İnsan məxluqluqdan çıxıb xaliqləşir.

İnsanı ehtiras idarə edir, ehtiras İnsanın cövhəridir. Biz ona Ruh deyirik. Ehtiras azaldıqca İnsan qocalır, ehtiras tamam tükənəndə Ruh bədəni tərk edir və İnsan olur.

Ehtiras sayəsində insan passionar olur, ətraf mühitə, ictimai həyata fəal münasibət bəsləyir, yaradıcı, qururcu, qəhrəman olur.

Elə xalqlar, millətlər var ki, onlar təbiətən güclü ehtirasa malik olur. Belə millətlər coşqu ilə tarix və mədəniyyət yaradır, qalibiyyət eşqi onlarda cəsurluq əmələ gətirir. Elə millətlər də var ki, onlar soyuq və sakit təbiətli, tənbəl olur. Mənim dostum, Xalq şairi Ramiz Rövşən bunların birincisini "kişi xalqlar", ikincisi "qadın xalqlar" adlandırır. Mənim mənsub olduğum türk, oğuz türkləri kişi xalqdır: cəsurluq, cəsarət, çevik həyat tərzi, ədalət, iman, qadına ehtiraslı sevgi,  insanlığa mərhəmət, tarixilik duyğusu, başqa xalqlara hörmət... türk qövmünün əsas xüsusiyyətləridir.

Türklərin insanlıq sənədi - kimliyi, tarixdə yeri Orhan - Yenisey abidələrinə (VII əsr) belə həkk olunub: "Ey türk oğuz bəyləri! Türk xalqı eşidin! Üstdən göy çökmədikcə, altdan yer gəlməyincə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön!" (Bilgə Kağan).

Böyük türk Bilgə Kağanın bu əmanəti VII əsrdən bəri bizim tarixdə yol xəritəmizdir. Bu yoldan böyük fatehliklə bərabər həm də böyük insanlıq var. Bu insanlıq Nz. Məhəmmədin çox sevdiyi mərhəmətə əsaslanır.

Mənim şəxsiyyətimə, həyatıma, mühitimə və elmi yaradıcılığıma həsr olunmuş "Filosof tənqidçi" (Bakı, Ozan. 2011) kitabımın titul səhifəsinə belə sözlər yazmışdım:

- Mənim arzum: Azərbaycanı bütöv görmək;

- Mənim məramım: Sözün nuru ilə qəlbləri işıqlandırmaq...

- Mənim yolum: İnsanlığı  insanlaşdırmaq.

12 ildən sonra yenə bu yolu davam edirəm. Bu gün insanlıq yol ayrıcında çaşıb. Bilmir hansı tərəfə getsin. İnsanın ağlını və qəlbini pandemiya təhlükəsinin yaratdığı soyuqluqdan, qlobal müharibələrdən, regional katikalizmlərdən, revanşist iddialardan xilas etmək lazımdır. Hələ orta məktəbdə oxuyarkən  belə bir mahnı əzbərləmişdim:

 

Silahları yandırın,

Ərşə qalxsın tüstüsü.

Hər obada, hər bir eldə

Qanad açsın "sülh" sözü.

 

 

Müharibə, silah, tank, təyyarə, artileriya, bomba, PUA-lar, bir sözlə İnsana tuşlanmış hər cür silah məhv edilməlidir: nə qədər ki, silah insanlığı məhv etməyib, onun özünü məhv etmək tarixi-mənəvi zərurətdir.

"İnsan! Bu söz əzəmətlə səslənir!" (Maksim Qorki) Ey insanlar! Mən sizi bu əzəməti qorumağa çağırıram.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet.- 2023.- 6 iyun.- S.11.