Professor Nəsir Əhmədlinin elmi irsi
İYUN AYININ 7-DƏ ALİMİN VƏFATININ BİR İLİ TAMAM OLUR
Bir ildir ki, Nəsir müəllim aramızda yoxdur. Gedən cismani varlığı,
qalan isə ona sonsuz ehtiramı
olan tələbələri,
yazdığı elmi
əsərləri, zəngin
yaradıcılıq irsidir.
Bakı
Dövlət Universitetinin
Beynəlxalq jurnalistika
kafedrasının professoru,
filologiya elmləri doktoru, Əməkdar jurnalist, Yazıçılar
Birliyi, Jurnalistlər Birliyi və Mətbuat Şurasının
üzvü,
uzun illər səmərəli elmi fəaliyyətlə məşğul
olmuş, ömrünün
son gününə kimi
tələbələri, dostları
ilə sıx ünsiyyət qurmuş,
80 yaşının tamamına
sayılı günlər
qalmış dünyasını
dəyişən Nəsir Əhmədlinin elmi pedoqoji fəaliyyəti, zəngin yaradıcılığı
geniş təhlil edilməli, elmin ayrı-ayrı sahələrinin
inkişafında özünəməxsus
xidmətləri, təkrarsız,
mübaliğəsiz işlətdiyi
ifadələr, dərin
düşüncəli kəlamları
geniş tədqiqat obyektinə çevrilməlidir.
Çünki təkcə bir sahənin ustadı olmayıb, çoxşaxəli
yaradıcılığı ilə seçilən, geniş dünya görüşlü, zəngin
elmi intellektli bir alimdən söhbət gedir. Sözün həqiqi mənasında
elmə xidmət edən, cəmiyyətə
əsl ziyalı yetişdirmək amalı ilə bildiklərini sevə-sevə gənclərə
əxz edən dəyərli bir elm fədaisindən danışırırq.
Nəsir Əhmədli
hər zaman çalışıb ki,
millətə ağıllı
və savadlı gənclər nəsib olsun, əsl vətəndaşlar yetişsin
ki, ölkədə milli dəyərlər qorunsun, ali düşüncə
formalaşsın, sadə
kütlə psixologiyası
şüurlu ziyalı
düşüncəsi nümayiş
etdirsin.
Alim jurnalistikanın
empirik səviyyəyə
qalxmasında, inkişafında
xüsusi xidmətləri
ilə seçilən
ziyalılardan biri kimi sanballı kitabların müəllifi
olub. Onun düşüncəsinə
görə əsl jurnalist olmaq üçün hərtərəfli
keyfiyyətlərə sahib olmaq lazımdır. Bu sənətin nümayəndələrini ana dilini mükəmməl bilən, elmlərdən hali olan, daim
mütaliə edən,
hətta ədəbi təfəkkürün dərin
qatlarına belə nüfuz etməyi bacaran, zövqlü, duyğulu insani keyfiyyətləri ilə seçilən və digər mühüm, vacib elementləri özündə ehtiva edən bir peşəkar
kimi dəyərləndirirdi.
Məhz özü bütün ali
dəyərlərin daşıyıcısı
olduğu üçün
əsl jurnalist idi. Jurnalistika ilə yanaşı,
eyni zamanda "mənəm" deyib - öyünən ən titullu dilçilərdən
də savadlı zəngin dil xəzinəsinə sahib olan
alim kimi ad qazanmışdı. Adlı-sanlı tərcüməçilərdən də fərqlənən,
bu sahədə də xüsusi yaradıcılığa malik
olan şəxsiyyət
olub. Poeziyanı nəinki sevir,
hətta öz şeirləriylə ədəbiyyat
aləminə maraqlı
əsərlər təqdim
edib. Onun şeirlərində bədii
təsvir o qədər
güclüydü ki, təkcə misralar bir - biri ilə ayaqlaşmır,
hecalar qoşalaşmır,
həm də fikir, süjet xətti tamamlanırdı.
Üç-dörd nəqarətli bir
şeirində insan ömrü elə güclü bədii təsvir olunurdu ki, yaşanan 80 illik ömür yolunun tablosu bütün boyaları ilə canlanırdı.
Alimin izi olan, fəaliyyəti
sezilən, bütün
istiqamətlərdə səsləndirdiyi
əsaslı elmi fikirləri dərindən təhlil edilməli, vacib kəlmələri, özəl
deyimləri, ustad bilikləri peşəkar jurnalist ordusunun hazırlanmasında, gənc kadrların yetişməsində təbliğ olunmalıdır.
Professor Nəsir Əhmədlinin
radioya sevgisi bir başqa idi. O, səsin, sözün
sehri ilə milyonlara sirayət edən bir auditoriyanın
dəyərini daha yaxşı başa düşürdü, efirin
imkanlarının nəyə
qadir olduğunu, hüdudsuz yayımlarını
və bu sferada çalışmağın
nə qədər şərəfli və məsuliyyətli olduğunu
anlatmağa çalışırdı. Vaxtilə
2007-ci ildə müdafiə
etdiyi "Azərbaycan
Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı:
tarix, təcrübə,
nəzəriyyə" mövzusunda
doktorluq dissertasiyası
üzərində çalışarkən
radio sənətinə daha
da məftun olmuş, səsli portret yaratmaq ustalığının sirlərini
mənimsəmiş, həm
də onun təbliği və tədrisi istiqamətində
yorulmadan-usanmadan çalışmışdır.
Alimin elmi rəhbərliyi ilə
"Audiopublisistikada ifadə
vasitələrinin sintezi
problemi" mövzusunda
dissertasiya işini müdafiə etmişəm. 30 ilə
yaxın radioda çalışmağıma baxmayaraq
hər görüşümüzdə
radio sənətinin incəlikləri
ilə bağlı ondan yeni bilgilər öyrənirdim.
Radionun daxili aləmini o qədər dərindən bilirdi ki, müxtəlif həcmdə və fərqli məzmunlarda hər hansı materialın işlənməsində,
ərsəyə yetirilməsində
daxili istehsalat prosesindən hali olduğu üçün
tələbəsindən mükəmməl
yaradıcılıq gözləyirdi.
Sözün daha sərrast olmasını, məqsəd və məramını, hədəfə
düzgün istiqamətləndirilməsini,
auditoriyanın genişliyini
nəzərə alaraq
radiojurnalistika janrlarında
peşəkarlığı, dünya jurnalistikasından
vərdişlər əxz
etməyi, təcrübə
götürməyi, bir
sözlə mükəmməl
yazı qaydası tələb
edirdi.
Professor radioda
mətnlə yanaşı,
onun efirdə təqdimini, aparıcının
səlist danışığa
malik olmasını ən ümdə şərt sayır, kollektiv əməyin məhsulu olduğu üçün radioəsərdə
səs, söz və muqisinin vəhdətini bir tamlıq adlandırırdı.
Sözün ifadə vasitələrinə,
radionun semiotikasına
xüsusi üstünlük
verirdi. Fikrin tamlığı üçün sözün
səslə yanaşı,
əlavə yardımçı
elementlərdən qidalanmasını
əsas şərt hesab edirdi. Bu mənada musiqinin
önəmli rolunu vurğulayırdı. Əsərin məna dəyərinin açılmasında ifadə
vasitələrinin xüsisi
çəkiyə malik
olduğunu bildirirdi.
Məhz bu mənada "Güney Azərbaycan"a hazırlanan
verilişlərdə ikiyə
bölünmüş bir
xalqın yanğısını,
ağrı-acısını efirdən sözün aciz qaldığı anlarda onun aydın
ifadəsi üçün
digər yaradıcılıq
improvizələrindən istafadəyə
önəm verilməsini
məqbul düşünürdü.
Nəsir
Əhmədli təkcə
auditoriyada deyil, mümkün olan hər yerdə ziyalı mövqeyi ilə çıxış
edirdi. Onun sosial şəbəkədəki
fəallığı, ömrünün
sonuna kimi virtual səhifəsindəki paylaşımları
ayrıca öyrənilməli,
statuslarındakı mənalı
fikirlər, tövsiyələri bir-bir incələnməlidir.
Nəsir Əhmədlinin sosial şəbəkələrdə müxtəlif statusları
var. Xəstə yatdığı dövrdə daha çox fəallıq nümayiş etdirib.
Saatlarla vaxt ayıraraq, ağır əzablara sinə gərib, düşündüyü
bu kimi məsələləri
daha qabarıq şəkildə işıqlandırmağa
çalışıb ki,
qısalan ömür
payı gənc dostlarına arzularını
yarımçıq qoymasın.
Nəhayət, sonda onunla axırıncı
görüşümüzü yada salaq. 2022-ci il,
mayın 11-də Bakı
Dövlət Universitetində
Nəsir Əhmədlinin
80 illik yubileyi ilə bağlı keçirilən konfransda
alimin bütün həyat kredosuna ətraflı nəzər
salındı. Maraqlısı
bu idi ki,
tədbir onun dərs dediyi auditoriyada təşkil edilmiş, iki nəfərlik oturacaqlarda düz dörd nəfər əyləşmiş,
mediada nüfuz qazanmış yetirmələri,
eləcə də digər sahələrdə
çalışan, onu
özünə yaxın
bilən tanışları,
dəyərli ziyalı
dostları yubiley tədbirini eşidən kimi həmin saata özlərini çatdıra bilmişdilər.
Uzun illər onunla bir cəbhədə
çalışmış, professor Cahangir Məmmədlinin sözləri
ilə desək "ölkənin aparıcı
media kapitanları" ustadını
təbrik etməyə
gəlmişdilər. Televiziya rəhbərləri,
qəzet redaktorları,
yaxın ünsiyyətdə
olduğu hər kəs yubilyar haqqında söz deməyə, alimin şəxsi keyfiyyətlərindən,
insani davranışlarından
danışmaq üçün
tədbirə təşrif
buyurmuşdular.
Mətbuatda gedən bir müsahibəsində oxumuşdum ki, onun təbirincə "jurnalistika fakültəsi xüsusi bir yerdir. Bütün ali məktəblər sistemində jurnalistika fakültəsi halallıq məktəbi kimi tanınır. Bunun da müəyyən səbəbləri var. Burada Şirməmməd müəllim kimi bir dahi olub. Belə bir nizam-intizam, belə bir ənənə qoyub gedib ki, onu pozmaq mümkün deyil. Ona görə də bizdə münasibətlər hər zaman fərqli olub, müəllim-tələbə münasibətlərindən başqa, ata-oğul, qardaş münasibəti olub". Elə özünün qardaş bildiyi, dost sandığı tələbələrinin Nəsir müəllimlə bağlı deyiləcək sözü çox idi. Həm də onu sevənlərin ürəyində böyük nigarançılıq da vardı, sanki öz müəllimləri ilə vidalaşmağa gəldiklərini düşünürdülər. Hiss eləmişdilər ki, amansız xəstəliklə mübarizə aparan Nəsir müəllimi əcəl istənilən anda işıqlı dünyadan apara bilər. Bu qorxu ilə ona yaxınlaşan hər bir tələbəsi, müəllim dostları, həmkarları professorla şəkil çəkdirir, öz sonsuz ehtiramını nümayiş etdirirdi. Nəsir müəllim baxışları, çöhrəsindəki təbəssümü ilə hamını salamlayır, əlində çəlik və çarəsiz xəstəlik belə onun bu həyat eşqini söndürməmiş, heç qəddini də əyə bilməmişdi. Alnı açıq, düz qamətli duruşu ilə əzrayıla sanki meydan oxuyurdu. Sonda isə sevimli tələbəsi, tədbirin təşkilatçısı Aynur Nəsirovadan "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin ruhuna bir dəqiqəlik sükut istədi. Azərbaycan mətbuatı həmin səhəri ağrıyla açmışdı. Milli mətbuatın tədqiqatçı Nəsir Əhmədli həmin gün dost itkisinə, Məzahirin ölüm xəbərinə çox sarsılmışdı...
1971-ci ildən taleyini universitetin Jurnalistika fakültəsinə bağlayan alimin bütün irsi, "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyaları, Azərbaycan teleradiosunda çalışdığı dövrlər, 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasındakı fəaliyyəti, tədris etdiyi fənlər, "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində", 100-dən artıq elmi məqaləsi, monoqrafiyaları, dərslik və dərs vəsaitləri, bir sözlə bütövlükdə 15 kitabı, qəzet və jurnallarda çap olunmuş publisistik yazıları, onlarla elm adamının yetişməsindəki əməyi, beynəlxalq radio yayımında hazırladığı jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemi, bu sahə üzrə altı qanunu, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq elmi konfranslardakı çıxışları, məruzələri, aşıq sənətinə bağlılığı, poeziya sevgisi, ədəbi fəaliyyəti, ömrünün son illərində sosial şəbəkələrdə yazdığı elmi fikirləri diqqətlə öyrənilməli, tədqiqatlara yönəlməlidir. O zaman mərhum alimin adı daha da yaddaşlarda əbədiləşəcək.
Ruhunuz şad
olsun, əziz və hörmətli müəllim,
gözəl insan, böyük
alim Nəsir Əhmədli.
Şəlalə
MƏHYƏDDİNQIZI
Azərbaycan
radiosunun "Xəbərlər" redaksiyasının
redaktoru
525-ci qəzet.- 2023.- 6 iyun.- S.10.