Əhliman Ərəfsəlinin yaradıcılığında folklor izləri
Bugünün şagirdləri - sabahın
tədqiqatçıları
Bir neçə ildir, Naxçıvanda elm və
təhsilin qarşılıqlı
əlaqələrindən istifadə
etməklə istedadlı
şagirdlərin üzə
çıxarılması üçün
Naxçıvan Muxtar
Respublikası Təhsil
Nazirliyi və AMEA Naxçıvan Bölməsinin
birgə təşkilatçılığı
ilə "Sabahın
tədqiqatçıları" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində müxtəlif elm sahələri
üzrə fəaliyyət
göstərən alimlər
onlara təhkim olunmuş şagirdlərə
müxtəlif araşdırma
mövzuları verir və həmin şagirdlərlə həftədə
bir dəfə olmaqla görüşüb
verilmiş mövzu istiqamətində tədqiqatlara
köməklik edir, məsləhətlər verir,
sabahın tədqiqatçılarının
yetişməsində öz
təcrübələrini şagirdlərə
ötürürlər.
Bu il mənə təhkim olunmuş Laçın Hacıyeva Naxçıvan
şəhəri 17 nömrəli
tam orta məktəbin
11-ci sinif şagirdidir.
Artıq bu il məzun olur. Universitetə hazırlaşdığı
bir dövrdə onun üçün müəyyən etdiyim
"Əhliman Ərəfsəli
yaradıcılığında folklor izləri" mövzusunu da böyük
bir həvəslə,
şövqlə araşdıraraq
maraqlı bir tədqiqat işi ortaya qoymağı bacardı. Hətta bu mövzu ilə
beynəlxalq konfransda məruzə etməyə
də nail oldu.
Elmə,
ədəbiyyata həmişə
öz səhifələrində
geniş yer verən "525-ci qəzet"in
oxucuları üçün
də maraqlı olacağını düşündüyümdən
tədqiqatçımın həmin məqaləsini müəyyən redaktələrlə
(qəzet üslubuna uyğunlaşdıraraq) sizə
göndərirəm. Qeyd
edim ki, Əhliman Ərəfsəli Naxçıvan
Muxtar Respublikasının
Culfa rayonunun Ərəfsə kəndində
doğulub, böyümüş,
cəmi 39 il ömür
sürmüş çox
istedadlı şair idi. Qısa ömrünə baxmayaraq çox dəyərli ədəbi irs qoyub getmiş qələm sahibinin unudulmaması və gələcək nəsillərə
xatırladılması baxımından
bu cür araşdırmalara ehtiyac olduğunu düşünürəm.
Elxan
YURDOĞLU
Şifahi
xalq ədəbiyyatı
hər bir yazıçı və şairin yaradıcılığının
ilkin mayasını təşkil edir. Yazılı ədəbiyyat
hər zaman şifahi ədəbiyyatın təməlləri
üzərində inkişaf
tapıb. Folklora bağlı olmayan, folklordan qidalanmayan yazılı ədəbiyyat
nümunəsi xalq tərəfindən o qədər
də sevilib rəğbət qazana bilmir. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində
anadan olan və yeniyetməlik dövrlərindən şeir
yazmağa başlayan Əhliman Ərəfsəli
də məhz xalqın söz yaddaşına yaxından
bələd olan bir şair idi.
Bunu onun şeirlərini oxuduqca da görmək mümkündür.
İndiyə kimi tədqiq olunmamış bir şairin yaradıcılığında folklor janr, nümunə,
motiv və mövzularından geniş
şəkildə istifadə
etməsi Əhliman Ərəfsəlinin xalq yaradıcılığına bağlı
olduğunu və xalq dili ilə
öz fikirlərini ifadə etməyə çalışdığını göstərir. Hətta bu bağlılıq nəticəsində şairin
özünün də
folklor mahiyyətində
olan nümunələrlə
şifahi xalq ədəbiyyatımızı zənginləşdirdiyini
deyə bilərik.
Ədiblərimizin hamısında vətən
mövzusunun özünəməxsus
yeri vardır. Daima sevilən, müqəddəs, ana kimi
əziz tutulan vətən Əhliman Ərəfsəli şeirlərində
də geniş yer tutur. Şairin
aşıq yaradıcılığı
nümunəsi olan cinaslı gəryalı janrında yazdığı
"Vətən oğlu"
buna ən gözəl
nümunədir. Burada
Səməndər quşu
obrazından istifadə diqqətdən
yayınmır:
Mən də, sən də, o da təşnə,
Səməndərik - oda təşnə.
Yaxşı bilir od, atəş
nə
Vətənimin vətəndaşı.
Əhliman Ərəfsəli hansı
mövzuya müraciət
edirsə, orada xalq yaradıcılığından
məharətlə istifadə
edir. Onun bir çox şeiri aşıq yaradıcılığı nümunələri
ilə üst-üstə
düşür. Hətta
şairin şeir dili aşıq-ozan dilini xatırladır.
"Unudulmaz havalar"
şeirində arxaik sözlərlə yaddaş
təzələyən şairin
xalq danışıq
dilinə dərin rəğbəti duyulur. Adıçəkilən qoşmada
bir çox şifahi xalq ədəbiyyatı janrlarının
adının çəkilməsi
də folklor sevdalılığındandır:
De qoşmalar, bayatılar, ağılar,
Gerçəkləşir əfsanələr,
nağıllar...
Şairin
"Aşıq Pəri"
təcnisi də buna nümunədir. Qoşma, bayatı, ağı, əfsanə, nağıl,
hətta sazdan yola çıxaraq aşıq yaradıcılığına
diqqət çəkən
şair "Gəl"
gəraylısında "Xan Çoban" əfsanəsinə
toxunub, bu əfsanənin personajlarından
Xan Çobanı, Saranı
yad etməyi unutmayıb,
həmçinin "Əsli
və Kərəm",
"Dilqəmi" dastanlarını
yaddaşımızda təzələməyə
nail olub.
Əhliman Ərəfsəlinin "Əlincə" şeiri
də folklor zənginliyi ilə seçilən nümunələrdəndir.
Misralarda ağı,
dastan, nəğmə janrlarının
adının çəkilməsi,
"Kitabi-Dədə Qorqud"
dastanındakı obrazların
dilə gətirilməsi,
eyni zamanda "harayına hay vermək",
"qanına qəltan
etmək", "qılıncını
qınına qoymamaq",
"sinəsini dağlamaq",
"anasını ağlatmaq"
və bu kimi deyimlərdən istifadə şairin xalq dilinə sevgisinin göstəricisidir:
Dədə Qorqud dindirəndə
qopuzu,
Əlincəyə səsləyibdir Oğuzu.
Göndəribdi Qazan xanı, Uruzu
Yağıları qılınclasın, oxlasın,
Qollarının qüvvəsini yoxlasın.
Müəllifin "Qoç yarası"
şeiri haqqında mövzumuz gərəyincə
daha geniş danışmaq olar. Bir el bayatısının epiqraf kimi verildiyi
şeiri bütövlükdə
bayatı janrında qələmə alınıb.
Sujetli nümunə təsiri bağışlayan
şeirdə hər bənd ayrılıqda bir bayatıdır. Biz bununla Ə.Ərəfsəlinin
yaradıcı ustalığını
görə bilirik. Şeirdə eyni zamanda atalar sözü işlənib,
nağıl obrazı
mətnə xüsusi
ahəng qatıb:
Yaralanmış ağ qoçam,
Ölməmişəm, sağ qoçam.
Sinəm
üstən çəkilib
Araz boyu dağ qoçam.
Aşıq yaradıcılığının
bir qolu olan qoşma janrından tez-tez istifadə edən Ə.Ərəfsəli
"Dünya" şeirini
də bu janrda yazıb. Burada onun atalar
sözlərindən və
məsəllərdən məharətlə
istifadəsi mövcuddur.
"Qalmışıq bir
həsir, bir Məmmədnəsir", "Aşığı
uduzub cura tələsmək", "Toydan
sonra nağara" xalq məsəlləri
buna nümunədir.
"Cəngi çalın, Cəngi" şeiri isə aşıq yaradıcılığı nümunələri
ilə zəngindir. Bu
şeirdə dastan, bayatı,
atalar sözünün
olması şeirə
axıcılıq, oxunaqlılıq
gətirib. "İki
qoçun başı
bir qazanda qaynamaz", "Qılıncımdan
alov doğar" atalar sözləri, Qobustan qayaüstü rəsmlərindəki halay,
yallı rəqsləri,
Qoç Koroğlu, Keçəl Həmzə
obrazlarının timsalında
fikrini dolğun ifadə etməsi bir şeir vasitəsi
ilə şairin sənətkarlıq səriştəsindən
söz etməyə əsas verir. Bu şeirdə bir bayatı nümunəsini də ustalıqla işlədərək şeirin
ümumi ab-havasında
əritməsi rəğbət
doğurur:
Yerin tikanlı qəfəs,
Qalmışam axır nəfəs.
Bağlayıb qollarımı
Xan Araz - qanlı qəfəs.
"Susmaq əzabı" adlı şeirdə şair atalar sözündən istifadə
etməklə yanaşı
"Bu gün deyiləsi
sözü deməmək
- sabah bağırsam
da, susmaq deməkdir",
"Dünənin dərsini
dərk etməyincə,
bu günün ilgəyi düyün düşəcək" misraları
ilə folklora öz müdrik fikirlərini gətirmişdir
ki, zaman həmin ifadələri
şairdən alıb
atalar sözləri mahiyyətində dilimizin yaddaş fonduna daxil edəcəkdir.
El arasında göy qurşağının "Fatma nənənin hanası"
adlandırılması "Bir yaz günü" qoşmasında şairin sənətkarlığı sayəsində özünə
yer tapmışdır:
Yenə
Fatma nənə naxışlar
saldı,
Göyün hanasına əlvan,
narıncı.
"Nə ağ qoça/Nə də Zümrüd quşunun/Qanadına arxalan" misralarının
yer aldığı
"Mübarizə" şeiri
biz uşaqlığımıza qaytarır, nənələrimizdən
"Məlikməmməd" nağılını dinləmiş
kimi oluruq.
Şairin
qələmə aldığı
süjetli bayatılar
"Türkün dünyası"
şeirində də qarşımıza çıxır.
Maraqlıdır ki, səkkiz
bəndlik şeirin hər bəndi ayrılıqda bir bayatı nümunəsidir:
Türkün zatında bozqurd,
İlkin
qatında bozqurd.
Od ağzı günə təşnə -
Ayın
altında bozqurd.
"Ya qırılıb qutarram, Ya alaram
qisası" misraları
ilə mərd türklərin xarakterini göstərən şair
bu bənddə də aşıq yaradıcılığına toxunur
və bir daha onun bu
mövzudakı ustalığı
nəzərə çarpır:
Çağırın xan Oğuzu,
Yığsın eli, ulusu.
Dədə Qorqud boy deyib
Çalsın qolça, qopuzu.
Əksər şeirlərində şifahi xalq ədəbiyyatı nümunələrindən
istifadə edən şair klassik şeir janrı olan qəzələ də müraciət edib. "Çarəsiz"
rədifli qəzəlində
belə şair xalq ruhundan, folklor yaddaşından qopmayıb, el dilincə ifadələr işlətməklə fikrini
əruz ritmində ortaya qoyub.
Şairin
yeni cinas qafiyələrlə
yadda qalan digər təcnisi "Asimana" adlanır. Öz dostu Asimanın ölümündən doğan
kədərlə qələmə
alınan aşıq şeiri nümunəsində
Ə.Ərəfsəlinin
Asimana həsrətini
ürək ağrısı
ilə oxuyuruq:
Qardaşımın dərdini qan, a fələk,
Nahaq yerə tökmüsən
qan, a fələk.
Niyə
məni boyadın qana, fələk,
Həsrət qaldı Əhliman Asimana?!
Şairin dostu
Asimanı itirməsi onu ağı janrında da dillənməyə məcbur
edib. Xalq lirikasının kədər
dolu, ağrı-acılardan,
ölüm-itimlərdən qurtulmaq üçün təsəlli tapdığı
ağılarıyla dərdini
danışan Ə.Ərəfsəlinin
bu nümunələri
şifahi xalq ədəbiyyatının ağılarından
heç də fərqlənmir. Maraqlıdır
ki, bu ağıların
içərisində cinas
qafiyəli nümunələr
də diqqəti cəlb edir:
Əzizim nişanası,
Qalmayıb nişanası.
Ölüm Asimanımın
Döşündən nişan asıb.
Sadəcə bir kitabı ölümündən sonra
nəşr olunan şairin həmin nəşrdəki son şeiri də xalq yaradıcılığı
nümunəsi olan
"Bayatılar"la bitir.
Həmin nümunələr
də atalar sözləri ilə zəngindir:
Köksümdə qəm dağıdır,
Bu dağ
da qəm dağıdır.
Namərd dost
qəm artırır,
Mərd düşmən
qəm dağıdır.
Qısa bir
ömür yaşamasına
baxmayaraq dağ kəndinin saflığı,
buradakı nənələrin,
babaların şifahi söz sənətinə olan bağlılığı
hələ uşaqlıq
illərindən Əhliman
Ərəfsəliyə öz
təsirini göstərmişdi.
Bu da bədii
yaradıcılığına başladıqdan sonra nakam şairin şeirlərində özünə
geniş şəkildə
yer tapmış, misralara hopmuş, şeirlərin xalq dilində səslənməsinə
gətirib çıxarmışdı.
Şeirlərində dastan,
nağıl, əfsanə
qəhrəmanlarından, obrazlarından,
sujetlərindən, atalar
sözləri, məsəl,
bayatı, ağı və laylalardan geniş şəkildə
istifadə edən şair aşıq yaradıcılığının qoşma, gəraylı, təcnis kimi janrlarında mükəmməl
nümunələr ortaya
qoymağa nail olmuşdu. Şairin dil axıcılığı,
xalq danışıq
tərzinə yaxınlığı
belə bir qənaət formalaşdırır
ki, Əhliman Ərəfsəlinin şeirlərinin
bir çoxu gələcəkdə folklor
nümunəsi kimi şifahi xalq ədəbiyyatının məhsulu
da ola bilər.
Laçın HACIYEVA,
Naxçıvan şəhər 17 nömərli tam orta məktəbin 11-ci sinif şagirdi
525-ci qəzet.- 2023.- 7 iyun.- S.12.