Naxçıvanda
Heydər Əliyev Muzeyi: Ulu öndərə
sonsuz ehtiramın ifadəsi
Azərbaycanda muzey işinə dövlət qayğısı daima
yüksək olub,
xüsusilə
Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə muzey işinin inkişafı
geniş
vüsət alıb. Azərbaycan mədəniyyətinin
böyük şəxsiyyətlərinin
memorial-xatirə, mənzil
muzeyləri, bölgələrdə
tarix-diyarşünaslıq muzeyləri yaradılıb.
Ümummilli liderin
1980-ci ildə muzey işinə dair qəbul etdiyi yeni qərarla
respublikada muzeylər şəbəkəsi daha
da genişlənmiş, bölgələrdə
tarix-diyarşünaslıq muzeylərinin açılmasına
stimul olmuşdu. Naxçıvan Muxtar Respublikasının rayonlarında
da tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan
şəhərində Hüseyn
Cavid, Cəmşid Naxçıvanski, Cəlil
Məmmədquluzadə və
Bəhruz Kəngərlinin
ev-muzeyləri yaradılmışdı.
Azərbaycana rəhbərlik
etdiyi illərdə Ümummilli lider doğulub-böyüdüyü Naxçıvanda dəfələrlə
olmuş, Muxtar Respublikanın sosial-mədəni
obyektləri ilə yanaşı, milli-mədəni
sərvətlərimizin qorunduğu
muzeylərin bir çoxunun açılışlarında
şəxsən iştirak
etmiş, tarixi çıxışları ilə
yadda qalmışdı. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illik
yubileyində iştirak
edərkən görkəmli
yazıçı və
dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan
şəhərindəki ev-muzeyinin
və Bəhruz Kəngərli muzeyinin açılış mərasimində
iştirak etmiş
(2002), Naxçıvan Dövlət
Xalça Muzeyində,
görkəmli ədib
Hüseyn Cavidin qəbirüstü məqbərəsində
və ev-muzeyində olmuşdu. Müasir Azərbaycan Respublikasının
qurucusu, memarı, dünyaşöhrətli siyasi
lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında da muzey işinin yenidən qurulması və təşkilinə əsaslı təsir göstərmiş, müstəqillik
illərində yeni muzeylərin
yaradılması həyata
keçirilmiş, görkəmli
şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi
məqsədilə yaradılan
ev muzeylərinin, xatirə ansamblları və komplekslərinin təşkili və fəaliyyəti sürətlə
artmışdı.
Naxçıvan Muxtar Respublikasındakı
muzeylər sırasında
buradakı Heydər Əliyev Muzeyi mühüm istisnalıq təşkil edir. Dahi liderə sonsuz ehtiramın daha bir parlaq
təzahürü olan
bu Muzey Naxçıvan MR Ali Məclisinin
1999-cu il tarixli qərarına
əsasən yaradılıb
və 10 may 1999-cu ildə,
Ümummilli liderin anadan olduğu tarixdə fəaliyyətə
başlayıb. Muzey Azərbaycan Respublikasında
yaradılmış ilk belə
muzey olaraq, Ümummilli liderin həyat və fəaliyyətinin, ictimai-siyasi,
elmi-nəzəri, dövlətçilik
irsinin, azərbaycançılıq
məfkurəsinin öyrənilməsi,
araşdırılması, təbliği
və gələcək
nəsillərə çatdırılması
baxımından xüsusi
əhəmiyyət kəsb
edir. Heydər Əliyev Muzeyinin ekspozisiyasında sərgilənən eksponatlar
Ulu öndərin yaşadığı
şərəfli həyat
yolunu və amalını əks etdirməklə yanaşı,
onun 1990-1993-cü illərdə
Naxçıvan Muxtar
Respublikasındakı fəaliyyətini,
Ali Məclisin sədri
kimi gördüyü
işləri, həyata
keçirdiyi tədbirləri,
qəbul etdiyi mühüm qərarları
da bir daha diqqət mərkəzinə
gətirir.
Azərbaycan tarixşünaslıq elminin yaradıcısı
Abasqulu Ağa Bakıxanov yazır: "Tarix elə bir danışmayan natiqdir ki, sələflərin
vəsiyyətlərini... xələflərə
bildirir, ehtiyac və rifah səbəblərini,
tərəqqi və tənəzzül yollarını
anladır... Tarix elmi dünyanın təcrübəsini bizə
kəşf edir". Bəli, "Danışmayan natiq"in
toplanmasında və qorunub saxlanılmasında
muzeylər müstəsna
əhəmiyyət kəsb
edir. Heydər Əliyev Muzeyinin ekspozisiyasında sərgilənən eksponatlar
ulu öndərimizin yaşadığı
şərəfli həyat
yolunu və amalını əks etdirməklə yanaşı,
Naxçıvanın ən
ağır blokada vəziyyətində yaşadığı
günləri də xatırlatdığı üçün
yaxın tariximizin
"danışan natiqlər"idir.
1990-cu ildə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət çox kritik idi. İşğal
planlarını həyata
keçirməyə cəhd
göstərən ermənilər
tərəfindən intensiv
olaraq atəşə
tutulan Naxçıvanın
ərazi bütövlüyü
və vətəndaşlarının
həyatı təhlükə
qarşısında qalmışdı.
O dövrdə mətbuatda
gedən bir yazıda "unudulmuş tənha ada"ya bənzədilən Naxçıvana
qarşı həmin vaxt respublikanın kommunist rəhbərliyinin
laqeydliyi, erməni təcavüzünə biganəliyi
xalqı daha da hiddətləndirirdi. Belə
çətin, keşməkəşli
vaxtda, 1990-cı il iyulun
22-də Ümummilli lider
Heydər Əliyevin Moskvadan doğma Naxçıvana, ağır
vəziyyətdə olan
vətəninə qayıdışı
Muxtar Respublikanın və daha sonra
ölkəmizin qurtuluşu
oldu. Heydər Əliyevin gəlişi ağır blokada şəraitində olan Naxçıvana yeni ruh gətirdi, insanlarda mübarizəyə stimul yaratdı. Onlar bu böyük şəxsiyyətin ətrafında
bir yumruq kimi birləşdilər və qısa müddətdə, təkidlə
Heydər Əliyevi özlərinə rəhbər
seçdilər. Yalnız
Naxçıvanda deyil,
bütövlükdə Azərbaycanda
milli dövlətçiliyə inam hissi formalaşdıran
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə
Sədr seçilməsi
(3 sentyabr 1991) çətin
vəziyyətdə olan
Naxçıvanda bayram
kimi qarşılandı.
Məqsədi Azərbaycanın
ərazi bütövlüyünü
və Azərbaycan hakimiyyətini respublikanın
bütün ərazisində
bərqərar etməkdən
ibarət olan Ulu öndər təkcə Naxçıvan üçün
yox, bütün Azərbaycan üçün
həyati əhəmiyyət
kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu.
Əbu Turxan yazır ki, "Bəzən sən yolu seçirsən, bəzən də yol səni". Taleyimə yazılan yol məni Naxçıvanda
yenicə yaradılmış
Heydər Əliyev Muzeyinə gətirdi. Ümummilli liderin ömür və fəaliyyət yolunu dolğun əks etdirən bu möhtəşəm muzeydə
çalışmaq xoşbəxtliyi
nəsibim oldu. Muzeydə Heydər Əliyevin bioqrafiyasını
əks etdirən jurnal, albom və
kitablar, film və qəzet materiallarından ibarət kitabxana da
açılmışdı. Öncə muzeydə bələdçi kimi fəaliyyətə başladığımdan
(19 may 1999-cu il) bütün materiallarla yaxından tanış idim. Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də şərəf
idi. Az sonra, 01 aprel
2000-ci il tarixindən Heydər
Əliyev Muzeyində direktor kimi fəaliyyətimə
davam etdim.
Muzeyin tarixində ən yaddaqalan, unudulmaz məqam Naxçıvan Muxtar Respublikasının
75 illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak
etmək üçün
Naxçıvana gələn
Ümummilli lider Heydər Əliyevin 1999-cu
il oktyabrın 13-də muzeyə
gələrək ekspozisiya
ilə tanış olması idi. Sevincimizin həddi-hüdudu
yoxdu. Böyük həyacan içərisində
idik. Muzeyin əməkdaşları vaxtından
əvvəl işə
gəlmişdilər. Heydər
Əliyevi çoxlu sayda dövlət işçiləri, millət
vəkilləri, mədəniyyət
və incəsənət
xadimləri müşayiət
etsələr də, Ümummilli lider öz muzeyinə bir neçə şəxslə daxil oldu. Biz, tapşırığa
əsasən, stendlərin
yanında durmuşduq.
Ulu öndər muzeyə
daxil olan kimi dedi: "Siz niyə orada
dayanmısınız? Buraya
gəlin". Böyük
bir sevinclə ona yaxınlaşdıq. Bizimlə mehribanlıqla
görüşdü. Sonra muzeyi gəzməyə başladı. Ulu öndər
özü muzeydəki
şəkil və qərarlar haqqında böyük bir şövqlə məlumat
verirdi. Muzeyin girişindəki ailə fotosunun qarşısında
dayandı: "Bu, atam
Əlirza Əliyev, bu isə anam
İzzət xanımdır". Hər kəsi bir-bir adı ilə təqdim edən Ulu öndər birdən dedi: "Bu da bizim yaxın qonşumuz olub, Xurşud xanımdır". Ümummilli
lider qiymətli məlumatlarla yanaşı,
bizə tövsiyələrini
də verdi. O günü əbədiləşdirən
çoxlu şəkillər
çəkildi. O gün
həyatımızın ən
yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm. Doğrudur, sonralar da qatıldığım qurultaylarda
(20-22 noyabr 2001-ci il YAP II qurultayı və
2003-cü ildə keçirilən
Azərbaycan qadınlarının
II qurultayı), müşavirələrdə,
sessiyalarda bu böyük şəxsiyyəti
görmək, çıxışlarını,
tövsiyələrini dinləmək
şərəfinə nail oldum.
Lakin muzeydə Ulu öndərlə
keçirdiyimiz 2 saatlıq
görüş ömürlük
hafizəmə yazıldı.
O görüşün təəssüratı
ilə Ümummilli liderimizə 3 şeir həsr etdim. Ulu öndərin doğma Naxçıvana hər gəlişindən qədim
diyarda el məhəbbəti, el sevgisi dəniz kimi çoşurdu. Mənim də Ümummilli liderə həsr etdiyim 3 şeir bu sevginin, bu
məhəbbətin təzahürü
idi. Onlardan birinə Naxçıvan
MR Əməkdar incəsənət
xadimi Şəmsəddin
Qasımov musiqi bəstələdi. Mahnı
Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə
həmin ildə keçirilən "Heydər
Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi" müsabiqəsinin
qaliblərindən biri
də mən oldum. Ümummilli liderin 80 illik yubileyinə həsr olunan
müsabiqədə "Ən
yaxşı analitik yazılar üçün"
ayrılan mükafata layiq görüldüm. Sonrakı səfərlərində
(2002) Heydər Əliyev
muzeydə olmasa da, onun iştirak etdiyi tədbirlərin əksəriyyətinə mən
də qatılaraq, Ümummilli lideri yenidən yaxından görmək şərəfinə
nail oldum.
Naxçıvan Muxtar Respublikasında görülən kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə - 29 oktyabr 1996, 10 oktyabr 1999, 15 iyun və 10 avqust 2002-ci ildə Naxçıvana səfər etdi. Bu səfərlərin 3-ünün yaxından şahidi və iştirakçısıyam. Düşünürəm ki, Ulu öndərin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin fond materiallarına, orijinal sənədlərə və eksponatlara malik bir muzeydə çalışmaq hər kəsə nəsib olan səadət deyil. Dahi rəhbərin mənalı həyatının, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini, mərhələlərini işıqlandırılan muzeydə, buranın ekspozisiya zalında gəzmək (bunlar hamısı əlahəzrət vaxtın və faktın inikasıdır), ekskursiya keçmək, gələn qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü əks olunan zəngin materialları dəfələrlə seyr etmək böyük xoşbəxtlikdir. Mən bununla hər zaman fəxr edirəm.
Lütviyyə
ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi
525-ci qəzet.- 2023.- 7 iyun.- S.11.