Uşaq mahnılarını necə xilas edək?
Bir insanın sağlam fərd və yararlı şəxsiyyət
kimi yetişməyində
ta körpəliyindən aldığı
estetik tərbiyənin
rolu danılmazdır.
Estetik tərbiyə dedikdə, uşaqların
ədəbiyyat, təsviri
incəsənət, musiqi,
teatr və sair kimi bədii
yaradıcılıqla tanışlığı
nəzərdə tutulur.
Gənc
nəslin estetik zövqünü formalaşdırmaq,
onun mənəvi tərbiyəsinə nail olmaq
üçün musiqinin
xüsusi əhəmiyyəti
var. Əsasən də
körpələrin dilinə,
təfəkkürünü, baxışına, maraq dairəsinə yaxın olan, onların daha tez anlayıb,
daha asan qavrayacağı uşaq mahnıları onların estetik zövqünü və mənəvi tərbiyəsini formalaşdırmaqla
yanaşı, maariflənməsi,
yaşına uyğun
bilikləri daha anlaşıqlı dildə
əldə etməsi üçün bütün
dövrlərdə ən
mühüm vasitə
hesab edilib. Mahnılar uşaqları maarifləndirməklə yanaşı,
onlara sevinc bəxş edir, xəyal gücünü artırır, sosiallaşdırır,
onlara saf və ülvi hisslər aşılayır.
Anaların laylasından, nənələrin
nazlamalarından gilə-gilə
ruhumuza süzülən,
varlığımıza hopan
musiqi zövqü sonradan uşaq mahnıları ilə təkmilləşir və
milli kimliyimizin dərki
yolunda ən mühüm pilləyə
çevrilir. Mütəxəssislərin
fikrincə, körpə
musiqi ilə hələ ana bətnindən
tanış edilməlidir.
Ana gözəl musiqilər
dinləyərək həm
özünün gərginliyini
azaldıb, ruhuna hüzur bəxş edir, həm də bətnində bəslədiyi körpənin
gələcəkdəki ruhi,
psixoloji sağlamlığının
ilkin təməllərini
atmış olur. Musiqi həm də ana-övlad bağının yaranmasına,
güclənməsinə çox
gözəl təsir göstərir.
Doğulandan sonra isə
"balaca adam"ın
anasının laylasının
ardından ilk tanış
olduğu musiqi uşaq mahnıları olur. Buna görə də azyaşlılara uşaq mahnılarını
tanıtmaq və sevdirmək ən mühüm məsələlərdən
biridir. Bəs müasir dövrümüzdə
incəsənətin bu
sahəsində - uşaq
mahnılarında vəziyyət
necədir?
Azərbaycan musiqisi uşaq mahnıları ilə hər zaman zəngin olub. Uzun illərdən
bəridir bir-birindən
gözəl, dəyərli,
maarifləndirici uşaq
mahnıları neçə-neçə
nəsillərin yetişməsində
müstəsna rol oynayıb. Hətta təkcə azərbaycanlı
uşaqların deyil, dünyanın müxtəlif
yerlərində yaşayan
uşaqlar bəzi Azərbaycan uşaq mahnılarının sədası
altında böyüyüb,
tərbiyə alıblar.
Lakin kəmiyyətin getdikcə
artıb keyfiyyətin
aşağı düşdüyü
müasir dövrdə
kəmiyyətini də,
keyfiyyətini də itirən sənət növlərindən biri məhz uşaq musiqiləridir. Nə yazıq ki, indi nə keçmiş uşaq musiqiləri xatırlanır, təbliğ
olunur, nə də yeniləri yazılır. Daha doğrusu, indiki zamanda heç bir uşaq musiqisi
yazılmır demək
də olmaz. Bu, az-çox bu sahəni yaşadan şair və bəstəkarlarımız üçün
ən azından haqsızlıq olardı. Çünki onlar məhdud vəsaitə, şəraitsizliyə və
təbliğatsızlığa rəğmən, balaca dostlarımızı sevindirmək,
onların tərbiyəsinə
töhfələr vermək
üçün əllərindən
gələni edirlər.
Lakin bunlar o uşaqlara çatırmı, bu cəhdlər kifayət edirmi? Fakt budur
ki, çatmır və
kifayət də etmir. Hansımız son zamanlarda yazılmış
uşaq mahnılarından
nümunələr bilirik?
Ən azından adını eşitmişik?
Əminəm ki, çox
azımız. Bəs bunun səbəbi nədir?
Fikrimcə, əsas səbəblərdən
biri təbliğatın
olmamasıdır. Gündən-günə
böyük bir bataqlıq halına gəlməkdə olan televiziyalarımız sanki
bir-birinin bəhsinə
girər kimi, bayağılığı hər
gün bir az da artıq təbliğ etmək üçün yarışırlar.
Televiziya və radiolarımızda uşaqlar
üçün verilişlərin,
mahnıların vaxtı
kəskin dərəcədə
qısaldılıb, hətta
yox səviyyəsinə
qədər endirilib. Nə yazılan mahnılar efirlərə yol tapa bilir, nə də ölkəmizi beynəlxalq
müsabiqələrdə, festivallarda uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivlərimiz verilişlərə
dəvət olunurlar.
İndi efirlərdə elə
mahnılar səslənir,
elə verilişlər
yayımlanır ki, nə
mənası, nə də öyrədiciliyi
var. Əksinə, cəmiyyəti
bayağılığa, ucuz
əyləncəyə yönləndirir,
düşünmək, mühakimə
etmək qabiliyyətini
kütləşdirir.
Təəssüf ki, uşaqlar da gənclər,
böyüklər üçün
hazırlanmış bu
mahnıların, verilişlərin
mənəvi təcavüzünə
məruz qalırlar.
Bu gün onlar "Kukla", "Yeni il gəldi",
"Qaranquş", "Ana Vətən", "Dəcəl
buzovum" və sair kimi uşaq
mahnıları əvəzinə,
sözü də, musiqisi də heç bir şey ifadə etməyən mahnıları
əzbər bilir, mənasını dərk
etmədikləri musiqilərin
sədaları altında
böyüməyə məhkum
qalırlar.
Halbuki, vaxtilə uşaqlar üçün Oqtay Zülfüqarov, Əfsər
Cavanşirov, Səid Rüstəmov, Zabitə Məmmədova, Hökümə
Nəcəfova, Ağabacı
Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov, Qəmbər
Hüseynli, Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli,
Aygün Səmədzadə,
Məryəm Əlibəyli,
Elnarə Dadaşova və sair kimi
peşəkar bəstəkarlarımız
bir-birindən gözəl,
maraqlı, öyrədici
neçə-neçə nəsillər
tərəfindən böyük
sevgi ilə oxunan, təkcə ölkəmizdə deyil, bütün dünyada tanınıb sevilən əsərlər yaradıb,
bu günümüzə
və gələcəyimizə
miras qoyublar. Nə yazıq ki, onların bu mirasları gün keçdikcə unudulur, zəif təbliğat nəticəsində indiki
uşaqlara gəlib çata bilmir.
Yeri gəlmişkən, qeyd edək ki, ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsası Asəf Zeynallının
"Uşaq süitası"
əsəri ilə qoyulub. Ondan sonra neçə-neçə
peşəkar bəstəkarlarımız
yaradıcılıqları boyu uşaq mahnılarına müraciət
edib, uşaq musiqimizin zənginləşməsinə
xidmət ediblər.
Şübhəsiz, Azərbaycan uşaq
mahnılarından danışanda
ilk yada düşənlərdən biri "Cücələrim"dir.
Nə qədər bu sahədə təbliğatın zəif
olduğunu desək də, musiqisi Qənbər Hüseynliyə,
sözləri Tofiq Mütəllibova məxsus,
dünyanın 100-dən çox
xalqının dilinə
tərcümə edilən,
hətta "Dünyanın
ən yaxşı uşaq mahnıları"
albomunda yer alan "Cücələrim",
75 ildir ki, oxunur və uşaqlar tərəfindən eyni məhəbbətlə qarşılanır.
Kuklaya əlifbanı öyrədən
o qızcığazı hansımız
tanımır ki?! Sözləri
Cahangir Məmmədova,
musiqisi isə Ağabacı Rzayevaya məxsus "Kukla" mahnısını bilməyən
azərbaycanlı körpə
qızcığaz varmı,
görəsən?
Azərbaycanın ilk qadın bəstəkarı
A.Rzayevanı xatırlamışkən, qeyd
edək ki, yaradıcılığındakı
mahnıların 60-dan çoxu
uşaqlara həsr olunan bəstəkarın
"Xoş gəlmisən,
təzə il", "Qaranquş",
"Dəcəl buzovum",
"Sürücü", "Mənim ağ göyərçinim", "Kiçik kapitan",
"Mən qərənfiləm"
və digər mahnıları uzun illər sevilərək oxunub.
Bütün ömrünü uşaqlar
üçün mahnılara
həsr edən ölməz bəstəkar
O.Zülfüqarovun
"İdman", "Can nənə",
"Ala-bula boz keçi", "Ad günü",
"Gözəl bahar",
"Məktəbə yazdırsana",
"Səməni", "Sərçə", "Xoruz",
"Vətənim", "Yolka", "Əziz ana,
can ana" və sair kimi mahnıları bu gün təbliğ
olunarsa, uşaqlarımız
üçün ən
böyük yaxşılığı
etmiş olmarıqmı?
O cümlədən, "Sağıcıdır
mənim nənəm",
"Bənövşə", "Yeni
il gəldi", "Çəpişim",
"Uşaqların bayramı",
"Nar yeyən uzunqulaq",
"Gözəl Vətən",
"Oynaq topum",
"Günəş olaram
mən də" və sair yuxarıda
adlarını çəkdiyimiz
bəstəkarlarımızın mahnıları təəssüf
ki, bu gün unudulmaqdadır.
Əlbəttə, təbliğat deyəndə,
məsələni təkcə
radio və televiziyalarla
məhdudlaşdırmaq doğru
olmazdı. Xüsusən,
indi sosial medianın həyatımızın
hər sahəsinə
birbaşa təsir etdiyi zamanda, fikrimcə, bu sahədə onun da imkanlarından geniş şəkildə istifadə
etmək faydalı olardı. Məsələn,
"Youtube" platformasında
qardaş Türkiyənin
uşaqlar üçün
yazılmış onlarla,
yüzlərlə maarifləndirici,
şən, maraqlı
uşaq mahnıları
və onlara çəkilmiş animasiyalı
kliplər var. Onlar bu cizgi kliplər
sayəsində uşağa
həm eşitdirərək,
həm də göstərərək öyrədirlər.
Bu rəngarəng kliplər
təbii ki, dünyanı
hələ yeni-yeni görməyə,
tanımağa başlayan
azyaşlıların marağına
səbəb olacaq, onun həyatının bir parçasına çevriləcək.
Ancaq təəssüf ki, sözügedən
platformada anadilli mahnılarımız və
onlara çəkilmiş
cizgi kliplər bir əlin barmaqlarını
keçməyəcək qədər
azdır. Olanlar isə keyfiyyətsiz...
Bir sözlə, ölkəmizdə uşaq ədəbiyyatı kimi uşaq mahnılarında da vəziyyət heç də ürəkaçan deyil. Əgər sağlam gələcək, mədəni gənclik istəyiriksə, aidiyyatı qurumlar və mütəxəssislər bir az da bu haqda düşünsələr, çox yaxşı olardı. Yoxsa ki, yeni nəslin, gəncliyin bizə xoş olmayan davranışlarından gileylənməyə nə var?!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 7 iyun.- S.10.