"Məlikməmməd nağılı" ezoterika və psixoloji təhlil müstəvisində

 

Dünya xalqlarının əksəriyyətində olduğu kimi Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim janrlarından olan nağıllarımızda çoxsaylı ezoterik anlam daşıyan məqamlara, eləcə də bir sıra psixoloji xüsusiyyətlərə malik olan mövzulara yer verilib. Nağıllarımızın ezoterik, psixoloji, mifoloji, kosmoqonik müstəvidə elmi araşdırmalara cəlb edilməsi istiqamətində müəyyən elmi çalışma işlərinə rast gəlmək mümkündür. Bu rakursdan olan elmi araşdırmalara xüsusilə folklorşünas, filologiya elmləri doktoru, professor Ramil Əliyevin dəyərli tədqiqatlarını, eləcə də filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanovun "Sehrli nağıllarda mifoloji dünya modelinin elementləri" adlı, Fariz Səmədov, Fərid Kazımov və Zaur Rzalının müəllifləri olduğu "Yaradıcılıq, nağıl və simvollaşdırma" adlı məqalələrini nümunə göstərmək olar.

Bu yazımızda "Məlikməmməd nağılı"nda olan bəzi nüansların ezoterik və psixoloji aspektdən təhlilinə dair düşüncələrimizi bölüşmək istərdik.

Hər şeydən əvvəl qeyd edək ki, ezoteriklik sakrallığın əsas xüsusiyyətlərindən biridir. Mifoloji şüurla qəbul olunan məlumatların gizli şəkildə olması onu hansı formada dərk etməyimizdə ezoterika hesab edilə bilər. Mifoloji hadisələrin ruhi-mənəvi dərkətmə üsullarından biri məhz ezoterikadır. Bu, nağılın batini xarakterini əks etdirir. Ezoterik nağıllar inisiasiya nağılları ilə üzvi surətdə bağlıdır. Belə nağıllar gizli sirləri özündə ehtiva edib, daha çox tabu qoyulan sakrallığın gizli saxlanılmasına xidmət edir. Belə nağıllardan biri məhz "Məlikməmməd nağılı"dır. Bu nağılı başdan sonadək oxuduqda 60-dan çox simvolik anlam daşıyan ezoterik terminə rast gəlmək mümküdür. Məsələn, "alma", "alma ağacı", "yuxu", "duz", "div", "quyu", "dəyirman daşı", "kəndir", "yanmaq", "üç gün", "yeddi gün", "qırx gün", "şüşə içində can", "ağ qoç", "qara qoç", "işıqlı dünya", "qaranlıq dünya", "əjdaha", "zümrüd quşu", "tük", "ət", "su", "qarı nənə", "dərzi", "sarı paltar", "qırmızı paltar", "sarı at", "qırmızı at" və sair. Eyni zamanda, bu nağıl parapsixologiya elminin banisi Ziqmund Freydin təhtəlşüur haqqında olan təliminin müddəalarını əks etdirir desək, yanılmarıq.

"Məlikməmməd nağılı" padşahın alma yemək arzusu və həmin almanın dərilib götürüldüyü üçün yeyə bilməməyinə görə keçirdiyi peşmanlıq hissi ilə başlayır. Məsələyə hərfi gözdən baxsaq, böyük qüdrət sahibi olan bir padşahın ona məxsus bağdan alma oğurluğu etməyin mümkün olmaması və alma yeməməyin təəssüf hissi keçirmək üçün yetərli səbəb sayılmaması gün kimi aydındır, deyilmi?! Deməli, məsələni sadəlövhcəsinə "alma yemək"lə əlaqələndirmək düzgün olmaz. Gəlin, "alma" sözünün ezoterik izahına baxaq. Bu sözün bir sıra ezoterik anlamı vardır: sevgi, ehtiras, ölüm, ilk günah, gənclik. Nağılda keçən "bu almanı hər kəs yeyərmiş, on beş yaşında oğlan olarmış" sözlərindən də açıq-aydın göründüyü kimi "alma" sözü burada "gəncləşmək" anlamını daşıyır. Lakin məsələyə parapsixoloji olaraq yanaşsaq, "alma" burada Ziqmund Freydin nəzəriyyəsindəki insanoğlunun ehtirasını təmin etmək istəyinə işarədir. Daha dərin izahı kənara qoyaraq davam edək.

Padşah əvvəlcə böyük oğlunu, sonra isə ortancıl oğlunu oğrunu tutmaq üçün göndərir. Nəticədə isə hər iki oğulu alma yetişən vaxt onları yuxu tutduğu üçün oğrunu tuta bilmirlər. Lakin Məlikməmməd öz təşəbbüsü ilə oğrunu tutmaq istəyir. Psixoloji olaraq yanaşsaq, o, kiçik qardaş olduğu üçün "bacara bilməzsən" kompeksini qırmaq və özünü təsdiq etmək istəyir.

Bu işə girişərkən atasının dediyi inamsızlıq dolu cümlələr onun cəsarətini qıra bilmir və onda natamamlıq kompleksi yaratmır. Atasından izin alaraq oğrunu tutmaq üçün bağa gedir. Yatmaması üçün isə xəncəri ilə barmağını yarıb oraya duz tökür ki, ağrısın. "Duz" sözünün ezoterik izahını verib mətləbdən uzaqlaşmadan keçək birbaşa yatma(ma)q, başqa sözlə, yuxu sözünün psixoloji izahına. Nağılda bu anlayış psixologiya elmində "müdafiə mexanizmləri" termini ilə ifadə olunur. Fikrimizi bir qədər də aydınlaşdıraq. Məlikməmməd yuxusunun gəlməsinə mane olur ki, şüuraltına təsir edib onu oyatsın və nəticədə div ilə üzləşə bilsin. Ezoterik baxımdan pisliyin ağıl və çeviklik qarşısında maddiləşmiş halı anlamını daşıyan "div" sözü bu nağılda parapsixoloji termin olan - fobiya (qorxu), bir qədər də sadə desək, bizim böyük işlər görməyimizə ciddi maneə yaradan "insan qorxuları" anlamında qarşımıza çıxır. Ziqmund Freydin parapsixoloji təlimində də deyildiyi kimi Məlikməmməd qorxunu məğlub etmək üçün onun üzərinə getmək qərarına gəlir. Beləliklə, atasının izni ilə divi ("qorxularını") öldürmək üçün qardaşları ilə birgə yola çıxır. Uzun bir yol qət etdikdən sonra divin gizləndiyi ağzında dəyirman daşı olan bir quyunun olduğu yerə çatırlar. "Dəyirman daşı"nın izahını kənara qoyaq.

Qeyd edək ki, "zülmət dünya" nağıllarımızda çox zaman "yeraltı", "o biri dünya" adları ilə təzahür edir. "Məlikməmməd nağılı"nda həmin dünya insanlara zərər verə biləcək demonik varlıq olan - divlərin yaşadığı aləm kimi əks olunur.

Nağıldan məlum olduğu kimi divin olduğu quyuya əvvəlcə padşahın böyük və ortancıl oğulları kəndirlə sallanmaq istəsələr də, yandırları üçün quyunun dibinə gedib çata bilmirlər.

"Quyu" sözü ezoterik anlamda "dərin", "gizli", "qapalı olan" deməkdir. Nağılda "quyu" marginal (keçid) məkana da işarədir, yəni, o, həm də ölümün metoforik-mifoloji simvoludur. "Yanmaq" sözünə gəldikdə isə, bu söz ezoterik anlamda "atəş" sözü ilə eyni mənada işlənir. "Yanmaq" və "atəş" sözləri Qədim İran, Hindistan dinlərində, eləcə də İslam dinində, Qədim Misir, Kelt, Etrusk, Yunan, Roma, Slavyan, Alman, Mayya, Şimali Amerika, Meksika, Çin, Afrika, Polineziya və Çin mədəniyyətlərində mövcuddur. Bu sözlər "aşkara çıxmaq", "arınmaq" anlamlarını daşıyır. "Yanmaq" və "atəş" sözləri ezoterik mətnlərdə ruha aid olan gizli məlumatların aşkara çıxması mənasında işlədilir. Bu gizli məlumatlar odda yanaraq, əzab çəkərək, təmizlənərək, bişərək əldə edilə bilər. Məlikməmməd yansa da, istinin yavaş-yavaş azalması və onun quyuya düşə bilməsini hər kəsə məlum olmayan "qapalı olan" bəzi məlumatların ona agah olması ilə izah etmək olar.

Gələk Məlikməmmədin quyuda yeddi qapı açma məsələsinə. 7, ezoterik anlamda, "mükəmməlliyyəti", "tamlığı" ifadə edir. Nağılda 7 rəqəminin mənası Məlikməmmədin mükəmməlliyə doğru irəliləməsi kimi də izah edilə bilər.

Məlikməmmədin quyuda ayrı-ayrı üç divlə qırx gün güləşməsi, daha sonra dincəldikdən sonra həmin divlərin hər biri ilə yeddi gün daha güləşməsi, daha sonra divlərin canlarının saxlandığı şüşələrdə göyərçinlərin başını üzməsi ilə divlərin taxtdan düşüb ölməsi özündə, üç qızı divlərin əlindən xilas etməsi, Məlikməmmədin aşiq olduğu qızın ona ağ və qara qoç, eləcə də işıqlı və qaranlıq dünya ilə bağlı verdiyi məsləhətlər, Zümrüd quşu və əjdaha ilə bağlı olan əhvalatlar çox ciddi ezoterik və psixoloji anlam daşıyırlar.

Filologiya elmləri doktoru, professor Ramil Əliyev totem miflərinin nağıl mətnlərində inikası məsələsinə toxunarkən haqlı olaraq qeyd edir ki, "patriarxatlıq dövründə totem mifini nağıla birləşdirən əsas elementlərdən biri müqəddəs sayılan heyvanın canının kənarda təsəvvür olunmasıdır. Bunu "Məlik Məmməd" nağılında görürük... Məlik Məmməd divləri öldürüb onların canına yiyələnməlidir. O, məhz yeni cana yiyələndikdən sonra qaranlıq dünyadan işıqlı dünyaya çıxa bilər".

Qeyd edək ki, nağılda "qırx" rəqəminin bir sıra ezoterik izahı olsa da, düşünürük ki, burada həmin rəqəmin mənalarından biri "səbr" və "gözləmə" anlamındadır. Nağılda hər üç divi öldürən Məlikməmməd sevgiyə çatır, yəni psixoloji olaraq yanaşsaq arzu obyektini əldə edir. Hər bir arzu obyekti isə özündə xəyal elementini meydana gətirir. Bu zaman parapsixoloji olaraq illuziya mərhələsinə keçid prosesi baş verir. Bu illuziyadan, yəni yalançı dünyadan xilas olmağın yolu qaranlıqdan keçməklə mümkündür.

Gəlin eyni məsələyə bir də ezoterik aspektdən yanaşaq: Ezoterik mətnlərdə inisiasiya sözü "başlanğıc", "doğulma", "əmələ gəlmə" mənalarını ifadə edib, ritualda bir mifoloji prosesin bitməsi və yenisinin başlanması deməkdir.

Nağılda Məlikməmməd inisiasiya mərasimindən (ölüb-dirilmə mərhələsi) keçməyi bacararaq "qaranlıq dünya"dan "işıqlı dünya"ya qayıda bilir. Beləliklə, o, zülmət dünyaya keçib şər qüvvələrlə vuruşur və istədiyi şeyi, psixoloji anlamda "yox"u tapır və onu alaraq geriyə dönə bilir.

Gəlin, məsələyə bir də kosmoqonik miflərin nağıllara təsiri prizmasından baxaq: Bu cür miflərin əsas süjet xəttini "insan və dünya", "insan və kosmos", "insan və kainat", "insan və təbiət" problemləri təşkil edir. İnsan müəyyən zaman və məkan çərçivəsində yaşayır. Onu əhatə edən ətrafda isə ruhunun yaşadığı məkan, əlaqədə olduğu dünya, kosmos, kainat və təbiət mövcuddur. Nağılda Məlik Məmmədin orta dünyaya bağlılığını ölüb-dirilmə amili şərtləndirir. Ölüb-dirilmə motivinin kökləri isə təbiət və kosmosla birbaşa bağlıdır.

Qeyd edək ki, ezoterik nağılların məzmununda gizli saxlanılan  sirri əksəriyyət insan bilərsə, ezoteriklik əhəmiyyətini itirər. "Məlik Məmməd" nağılında da sakral xarakterli ezoterikliyi yalnız Məlikməmməd qoruyur. Bu vəzifəni yerinə yetirmək üçün o, inisiasiya prosesindən keçməlidir. Nağılda Məlikməmmədin inisiasiya prosesindən keçməsi onun xilasedici olmasında təzahür edir. Belə ki, o, almaları və qızları divdən, Zümrüd quşunun balalarını əjdahadan, padşahın qızını və ölkə əhalisini də başqa bir əjdahadan xilas edir.  Bu isə onun inisiasiya prosesindən keçməsinə yol açır.

Nağıldakı Zümrüd quşu ilə bağlı olan əhvalatlara da qısa şəkildə toxunaq. Ərəblərin Anka, iranlıların Simurq adını verdiyi Zümrüd quşu "Cənnət quşu" adı ilə də bilir. O sevdiyi insanlara öz lələklərindən verir ki, onlar çətinliyə düşəndə bu lələkləri yandırıb Zümrüd quşunu köməyə çağırsınlar. Nağıllarda onun müdriklik, qoruma və himayə etmə, xilas etmə, daşıma, şəfa vermə kimi özəlliklərindən bəhs olunur. Ezoterik mətnlərdə bu quş xeyirxahlığın, yeni həyatın, dirçəlişin, öldükdən sonra dirilmənin, iki dünya arasında yolçuluq etməyin rəmzi kimi qarşımıza çıxır.

"Məlikməmməd" nağılında Zümrüd quşunun yuxarıda sadalanan əksər özəllikləri və rəmzi mənaları əks olunmuşdur. Belə ki, o, Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya daşıyaraq onu xilas edir, tüpürcəyi ilə Məlikməmmədin ayağına şəfa verir, çətinliyə düşəndə Məlikməmmədin yardımına gəlir.

Dediklərimizi yekunlaşdırsaq, o nəticəyə gələ bilərik ki, əksər nağıllarımız kimi "Məlikməmməd" nağılı da özündə bir sıra ezoterik anlam daşıyan məqamları, həmçinin müəyyən psixoloji xüsusiyyətləri əks etdirən nüansları ehtiva edir.

 

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

525-ci qəzet.- 2023.- 8 iyun.- S.12.