NƏRİMANOVUN ARXASINDAKI DAĞ
Bu məktubların hər ikisi Bakıda yazılıb. Biri elə Bakıda Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevə yönəlib,
ikincisini isə Heydər Əliyev özü imzalayıb və Moskvaya, Kremlə göndərib. Hər iki məktubda,
amma fərqli görüm bucaqlarından
eyni bir ad, bir şəxsiyyət anılmaqdadır - Nəriman
Nərimanov.
Məktubların birincisi o dövrdə
oxucularla hələ
ilk sayları görüşən,
hər buraxılışı
ziyalılar, xüsusən
də gənclər arasında intizarla gözlənən, maraqla qarşılanan, yenilikçi
düşüncə və
ifadə tərziylə
qaynar fikir mübadilələrinə səbəb
olan "Qobustan" incəsənət toplusu ilə bağlı idi və Nazirlər
Soveti Dövlət Mətbuat Komitəsinin sədri İsrafil Nəzərov 1971-ci ilin sentyabrında belə yazırdı: "Jurnalın
redaksiyası Azərbaycan
KP MK-nın qərarı
ilə 1968-ci ildə yaradılıb və Mərkəzi Komitənin göstərişi ilə
toplu hər rübdə bir dəfə, ildə 4 dəfə çıxmalıdır.
Ancaq faktiki olaraq ötən 3 ildə 12 əvəzinə
cəmi 4 nömrə
çıxmışdır. Birinci nömrə yalnız 1969-cu ilin iyulunda, ikinci 1970-ci ilin martında, yəni vaxtından 8 ay sonra, üçüncü
nömrə 1970-ci ilin
avqustunda, dördüncü
isə 1971-ci ilin yanvarında, yəni hər biri 5 ay sonra buraxılmışdır.
Göstərilən nömrələrin
satışından 15 min rubl
gəlir əldə edilmişdir. Jurnalın nəşrinə isə sərf edilən xərclər bu ilin 1 sentyabrına 58839 manat, o cümlədən,
əməkdaşların məvacibi
32863 rubl, qonorar 8922 rubl, kağız 5829 rubl, mətbəə məsrəfləri 11225 rubl
təşkil etmişdir.
Gətirilən rəqəmlərdən
göründüyü kimi,
dövlətin xalis ziyanı 43839 rubl olmuşdur" (Qınamayın
ki, çoxdan mənasını
itirmiş bu quruca rəqəmləri niyə o məktubdan səliqə ilə bura köçürürəm.
Bu, tarixdir. O vaxtdan bəri minlərlə deyil, milyardlarla o cür rubllar və manatlar yüz cür mənalı-mənasız işə
sərf edilərək
uçub gedib. Amma
"Qobustan"ın həmin
məktubda sadalanan və sonra çıxmış
saylarının hər
biri sadəcə jurnal kimi yox,
bir qiymətli toplu, bütöv əsər, tarixi mənbə kimi qalıb, bu gün də dəyərini itirməyib
və onların buraxılması üçün
sərf edilmiş vəsaitdən min dəfələrlə
artıq faydasını
verib və əhəmiyyətliliyini bu
gün də davam etdirməkdədir).
Əsas
mətləb məktubun
sonrakı sətirlərindədir:
"Jurnalın əməkdaşları,
ilk növbədə redaktor
Anar Rzayev yoldaş tapşırılan
işə məsuliyyətsiz
yanaşır, jurnalın
materialları vaxtında
və keyfiyyətli hazırlanmır, yığımdam
sonra yolverilməz müəllif düzəlişləri
apararaq mətni təzədən yığmağı
tələb edirlər,
belə hallar da az olmamışdır ki, artıq yığımdan
sonra bir mətn başqası ilə əvəzlənibdir.
Yığılmış materiallar
redaksiyada aylarla hərəkətsiz qalır.
Bütün bunlar poliqrafiya müəssisələri
üçün müəyyənləşdirilmiş
qayda və meyarların kobud şəkildə pozulmasıdır.
Oxucular jurnalın ləngiməsindən
hiddətlənirlər. "Kirpi" dəfələrlə
"Qobustan" jurnalı
redaksiyasının işini
tənqid edən yazılarla çıxış
etmişdir. Jurnalda kobud ideya-siyasi səhvlər buraxılır.
Sizə jurnalın Nərimanlaşmaya çağırış
faktı bəllidir (seçdirmə mənimdir
- R.H.). "Kommunist" qəzetində
Nəbi Xəzrinin jurnalın üslubunu, pantürkist təmayüllərini
və maraqlarını
tənqid edən məqaləsi dərc edilmişdir. Göstərilənləri
nəzərə alaraq
ya jurnalın kitab ticarəti nəşriyyatı
üçün profili
uyğun gəlməyən
dövri nəşr kimi bağlanmasını,
yaxud Elmlər Akademiyası və ya Mədəniyyət Nazirliyinə verilməsini
xahiş edirəm, əgər bu, mümkün deyilsə, jurnalın rəhbərliyini
dəyişməyi və
toplunun nəşriyyatın
tabeçiliyinə keçirilməsini
zəruri sayıram
ki, jurnalın fəaliyyətinə
cavabdehliyi tamamilə nəşriyyat daşısın,
onun mütəmadi buraxılışını təmin
etsin və zərərlə işləməyi
aradan götürsün".
Komitə
sədrinin bu məktubu yazdığı
və Anarı, "Qobustan"ı nərimanovçuluqda
ittiham etdiyi, pantürkçülüyü ilə yanaşı, bunun da toplunun və onun redaktorunun
ciddi siyasi günahları sırasında
olduğunu Heydər Əliyevin diqqətinə
çatdırmağa tələsdiyi
vaxt xəbəri yox idi ki, nərimanovçunun
böyüyü elə
indi onun müraciət etdiyi Mərkəzi Komitənin Birinci katibinin özüdür.
Heydər
Əliyev nə jurnalı bağlayır, nə redaktoru işdən çıxarır,
əksinə, Mərkəzi
Komitənin az sonra keçirilən plenumunda Anarı açıq mətnlə,
həm də ən mühümü - gənc
yazıçını pantürkizmdə,
ideoloji sapıntılarda
ittiham edənlərə
cavab verirmiş kimi məhz ideoloji cəhətdən yetkin, cəmiyyətin vacib problemlərindən yazan istedadlı qələm sahibi kimi səciyyələndirir.
Və ən diqqətəlayiq məqam - Mərkəzi Komitəyə "Qobustan"la
bağlı məktubu
yola salanda komitə sədrinin hardan ağlına gələrdi ki, respublika rəhbərinin Nəriman
Nərimanova münasibəti
onun zənn etdiyinin tam əksinədir. Heydər Əliyev Moskvaya 1972-ci il aprelin 4-də göndərdiyi
məktubda may ayında
100 yaşı tamam olacaq Nəriman Nərimanovun yubileyinin layiqli təntənə ilə keçirilməsi üçün təkliflərini
verir, xahişlərini
edir və həmin niyyətlərin gerçəkləşməsi üçün əlavə
addımlarını atırdı.
Əlavə addımlar
da ondan ibarət idi ki, qaldırdığı
məsələlərin asanlıqla
həllolunmazlığını nəzərə alaraq, əvvələn, məktubu
poçtla göndərməkdən
əlavə əlbəəl
Mərkəzi Komitə
katibi Pyotr Demiçevə təqdim etmişdi (Bu haqda məktubun bizdə - Azərbaycanda arxivdə saxlanan surətinin altında ayrıca qeyd var).
Nəriman Nərimanovla bağlı
Heydər Əliyevin Sov.İKP MK-ya sonra başqa müraciətləri də
olacaq. Bu məktubda isə əsas məqsəd Nəriman Nərimanovun yubiley mərasimini Azərbaycan hüdudundan çıxararaq
çevrəni genişləndirmək,
sovet dövlətinin yaradıcısı Vladimir Leninin
ən yaxın silahdaşı kimi onun miqyasca böyüklüyünü
qabartmaq, təşəbbüs
Azərbaycandan gəlsə
də, bu qeydetmənin əslində
Sovet İttifaqı səviyyəli və miqyaslı hadisə olmasına diqqət yönəltmək, eləcə
də həmin ildönümünün məhz
SSRİ paytaxtında daimi
qalacaq tarixi izləriylə gerçəkləşməsini
təmin etməkdən
ibarət idi.
Bunlar hələlik yalnız bilavasitə Nəriman Nərimanovun yubileyinin Moskvada əks-sədalanması
ilə bağlı nəzərdə tutulanlar
idi.
Yubileylə bağlı Mərkəz
vasitəsilə həll
ediləsi digər mühüm istəklər
də vardı.
Azərbaycan SSRİ-nin müttəfiq
respublikalarından biri
idi, Sovet İttifaqı da çox möhkəm və güclü idi, bu imperiyanın vur-tut 20 il sonra tar-mar olacağı heç yuxu kimi də
ağla gələn deyildi və Heydər Əliyevin də sovet dönəmində
Azərbaycan rəhbəri
olacaq çalışmalarının
başlıca hədəfi
Azərbaycanı bu ümumi dövlət içərisində bacardıqca
önə çıxarmaq,
Mərkəzdən respublikaya
daha artıq imtiyazlar verilməsinə
nail olmaq, hər vasitə ilə, o cümlədən görkəmli
şəxsiyyətlərin dalğası Azərbaycan
və Sovet İttifaqı hüdudlarından
da kənara yayılan
yubileylərini keçirməklə
Azərbaycanı bir qədər də böyük göstərməkdi.
Təbii, bütün
bunların təşkilatçısı,
icraçısı Heydər
Əliyev idisə, onun da siyasi qaməti bu gedişatda əsl ucalığıyla görünəcəkdi.
Xalqına da, sovet rəhbərliyinə də.
Bu baxımdan indi Nərimanov həm də Azərbaycanı daha böyük göstərə biləcək
əlavə vasitə
idi.
Heydər
Əliyev Nərimanovla
bağlı Moskvadan nələri istəyirdi?
Məsələnin həlli nisbətən
yüngülündən, ancaq
siyasi baxımdan vacibindən başlayırdı
- Sov.İKP MK yanında
Marksizm-Leninizm İnstitutunda
Nəriman Nərimanovun
həyat və yaradıcılığına həsr
edilən elmi sessiya keçirilsin; mərkəzi qəzetlərdə,
yəni Sovet İttifaqının 2 əsas
mətbuat orqanı olan "Pravda" və
"İzvestiya"da, "Drujba narodov" jurnalında məqalələr
dərc edilsin; Mərkəzi televiziya və ümumittifaq radiosunda verilişlər hazırlansın.
O vaxtın ölçüləriylə
bunların hamısı
çox əhəmiyyətli
idi və bunlar bütün SSRİ-yə bir daha
göstərəcəkdi ki, Azərbaycanın Nərimanı
hansı nəhənglikdədir
və heç də hər respublika sovet dövlətinin qurulmağa
başlandığı dövrdə
bu qədər xidmətləri olan bir şəxsiyyətinin varlığıyla öyünə
bilməz.
Və Heydər Əliyev keçirdi xahişlərinin
növbətilərinə: SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutuna,
yaxud M.V.Lomonosov
adına Moskva Dövlət
Universiteti yanında Şərq Dilləri və Ədəbiyyatı
İnstitutuna Nəriman
Nərimanovun adı verilsin. Bu da ayrıca vurğulanırdı ki, vaxtilə
SSRİ Mərkəzi İcraiyyə
Komitəsi yanında Şərqşünaslıq İnstitutu
Nəriman Nərimanovun
adını daşıyıb.
İstəklərdən biri
də Nəriman Nərimanovun Moskvada yaşamış olduğu
binada onun xatirə lövhəsinin vurulması idi.
Nəriman Nərimanovun Azərbaycan
xalqı qarşısında
üzü ağdır.
O, bu xalqı qəlbən sevmiş, yurduna, millətinə sədaqətlə, məhəbbətlə,
şəraitin imkan verdiyi və hətta mümkün imkanlardan da artıq həcmdə xidmət etmiş şəxsiyyətdir.
Nəriman Nərimanovun
inadlı səyləri
olmasaydı, Azərbaycan
sovet dövlətinin tərkibinə ayrıca respublika kimi deyil, quberniya kimi daxil olacaqdı,
Bakını Azərbaycandan
ayırıb birbaşa
Rusiya tabeçiliyinə
keçirəcəkdilər. Bütün bixəbərlər
gözlərini və
qulaqlarını yaxşı-yaxşı
açıb agah olsunlar ki, Azərbaycana istiqlal bağışlamış,
Cümhuriyyət qurmuş
Məhəmməd Əmin
Rəsulzadənin, Əlimərdan
bəy Topçubaşının,
Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin... qarşısında
nə qədər borcluyuqsa, Nəriman Nərimanova da bir o qədər minnətdar olmalıyıq. Məhz onun təpəri sayəsində sovet dövlətinin tərkibinə
Rusiya Sovet Federativ Sosialist Respublikasının əyaləti
kimi yox, respublika kimi girdiyimizdəndir ki, Sovet İttifaqı dağılanda
da oradan müstəqil
dövlət kimi ayrıla bildik. Meydanda tək idi, dördbir yanında erməni-bolşevik
qarğa-quzğunu qaynaşırdı
və həmin amansız çarpışmada Zəngəzurun
dağlıq hissəsinin
ermənilərə verilməsinin
qarşısını ala bilmədisə
də, Qarabağın
dağlıq hissəsinin
erməni dövlətinin
tərkibinə daxil edilməsi canatmalarının
qabağını kəsməyə
müvəffəq oldu.
Nəriman Nərimanovun
say baxımından əks
tərəfin xeyrinə
qeyri-bərabər mübarizələrdəki
məntiqi, mətinliyi,
dəyanəti, dönməzliyi
olmasaydı, onillər
sonra "Miatsum" bağıran erməniləri
sənəd-sübutla küncə
dirəyərək inamla
"Dağlıq Qarabağ
bizimdir" təsdiqləməyimiz
mümkünsüz olardı,
çünki oralar rəsmən çoxdan onlarınkılaşmış olacaqdı.
Bəlkə də siyasi bəsirətlilik baxımından
Nəriman Nərimanov
oçağkı siyasi
xadimlərimizin ən
uzaqgörəni idi. Bəlkəsiz. Çünki
qələmindən çıxmış
yazılar da əlimizdədir,
bir az açıq,
bir qədər üstüörtülü etdiyi
xəbərdarlıqlar da qalır
ki, bolşeviklər gəlirlər,
danılmaz böyük
gücdürlər, millətin
iqbalını düşünmək
gərəkdir. Bolşevizmin
hansı güc olduğunu görürdü,
bilirdi və bunu da anlayırdı ki, onlar yenə Qafqaz respublikalarını
ələ keçirməyin
ərəfəsindədirlər. Bəs onda Azərbaycanın
taleyi necə yazılacaq? Təsəvvür
edin ki, həmin dövrdə kommunist Nəriman - Leninə ən yaxın məsləkdaşlardan olan
bu millətpərvər
və xalqın da arasında çox yüksək nüfuz sahibi şəxsiyyət həmin cərəyanda olmasaydı (məhz el içində ona bəslənən dərin ehtirama görə də Nərimanovun Mərkəzin
nəzərində qiyməti
daha da artırdı, burada belə bir adam onlara
da o əsnada çox
gərək idi), Allah
bilir, Cümhuriyyətin
süqutundan sonra aqibətimiz hansı dar dalanlara dirənərdi
(Ya Allah o cür yox, məhz bu cür olmasını
məsləhət bildiyindəndir
ki, belə də alındı. Və nəyin necə alınması da adətən
bəlli insanların çiyinlərində gedir.
Çiyinləri millət
yükü daşımışların
isə qiymətini insafla vermək həmişə yalnız
ədalət yox, həm də vicdan məsələsidir).
Tarixin bugünündə əyləşərək
hər baxımdan dayaz kəmsavadların, mənəviyyatca tümüklərin
dünənlə bağlı
yekəxana iddiaları,
Nərimanova qarşı
cılız həmlələri
tarixdən hali olanlarda istehzalı ikrah oyadır. Zamanında Nəriman Nərimanova iki daş arasında xalqına daha artıq hüquqlar qazanmaq üçün apardığı mübarizələrə
görə o dövrdə
cinayət ittihamı kimi səslənən
"milliyyətçi kommunist"
damğası vurmuşdular.
İndinin bir para naşı və əldəqayırma millət
qəhrəmanları, dədəsi-babası
kommunist olmaqçün
sinov getmişlər isə Nərimanovu "kommunist" deyə az qala düşmən
cərgəsinə yazırlar.
Heydər
Əliyevsə indiki dayaz və cırtqoz
hay-küyçülərdən büsbütün fərqli
olaraq kimin uğrunda mübarizə apardığını gözəlcə
dərk edirdi, həm də heç o çağın
bir çox tarixçi alimlərinin xəbərdar olmadığı
dərinliklərə enirdi.
Heydər
Əliyevin silahdaşlarından
Həsən Həsənovun
mənə danışdığı
əhvalatlardandır. Deyir,
bir gün Heydər Əliyev ondan xəbər alır: "Nəriman Nərimanovun məktublarını
oxumusan?". "Yox"
cavabını alır.
"Mütləq götür
oxu, Partiya tarixi arxivindədir (indiki Siyasi Sənədlər
Arxivi - R.H.), necə böyük şəxsiyyətdir,
həmin məktublarda
bir daha şahid olacaqsan".
Bu mükalimə 1980-ci illərin
əvvəllərində baş
vermişdi. Heydər Əliyevsə həmin məktubları 10 il əvvəl,
Nərimanovun yubileyi ərəfəsində, Moskvadakı
görüşlərdə hər suala hazır cavabının olmasından ötrü oxumuşdu.
1971-ci il oktyabrın 30-u plenumundakı
nitqində gəlib yetişmişdi Nərimanova:
"Biz bu yaxınlarda
Nəriman Nərimanovun
anadan olmasının bu il keçirəcəyimiz
100 illiyinə hazırlıq
münasibətilə qərar
qəbul edəndə
bizim partiya arxivindən onun həyat və fəaliyyəti ilə bağlı elmi-tarixi arayış istədik. Təsəvvür edin ki, belə bir arayış
tapılmadı və
biz MK Bürosunun xüsusi
qərarı ilə müvafiq yoldaşlara Nəriman Nərimanova aid bütün materiallara baxaraq obyektiv arayış hazırlamaq tapşırığı verəsi
olduq. İndi artıq
belə bir arayış var. Amma Nərimanov
haqda tarixi, fəlsəfi, ədəbi-bədii
xarakterli əsərlər
lap çoxdur. Bəzi
müəlliflər Nəriman
Nərimanovun həyatından
hansısa epizodu götürür və dərinə getmədən
onun haqqında yazır, hərdən ifrata da varırlar ki, bu da Nərimanova lazım deyildir. O, inqilabi, ictimai-siyasi fəaliyyəti ilə özü haqqında bəlli bir rəy yaradıb, onun adı tarixdə
layiqli yerini tutub və onun
nə etdiyinə əsasən də qiymət vermək lazımdır".
Həmin
qiyməti dəqiqliyi
ilə şəxsən
özünün də
öz gözləri ilə görüb müəyyənləşdirməsindən ötrü Heydər Əliyev o vaxt yalnız alimlər qrupunun təqdim etdiyi arayışla kifayətlənməmişdi, özü
də ilkin sənədlərlə, Nərimanovun
çıxış və
məqalələri, məktubları
ilə bilavasitə tanış olmuşdu ki, həmin yazılara baxmağı tarixə xüsusi meyli olan MK katibi Həsən Həsənova
da eyni yolla getməyi məsləhət
bilmişdi (Və Həsən Həsənov
da elə həmin tövsiyənin izi ilə sonralar Nəriman Nərimanov mövzusuna aludə oldu, onun milli dövlətçilik baxışları
və fəaliyyəti
ilə əlaqədar
müfəssəl araşdırma
apardı, kitab yazdı,
dissertasiya müdafiə
etdi).
Heydər
Əliyevin o dönəmdə
bütün səylərinə
baxmayaraq, Nərimanovla
bağlı həyata
keçirməyi düşündüyü
məsələlərin heç
də hamısının
həllinə nail ola bilməməsi
bir daha bunu da sübut edir ki, zavallı Nərimanın düşmənləri
və bədxahları
Kreml və ətrafında hətta
1970-ci illərin əvvəllərində
də varmış.
Heydər
Əliyevin bu yubiley münasibətilə
həll etməyə çalışıb sonacan
yetə bilmədiyi mətləblər bir yana, guya nail olduqlarına asanlıqlamı
çatmışdı? İndi görürsən bir nadan oradan pırtlayıb
çıxdı, bir
qədirqanmaz buradan sosial şəbəkəyə
dürtülüb car çəkdi
ki, Nərimanovun heykəli
sökülsün. O heykəlin
ucalması yolunda isə Heydər Əliyev neçə əsəbi günlər,
nigaran saatlar yaşamışdı.
Bakıda
Nərimanova abidə ucaldılması haqqında
qərar əslində
hələ 1961-ci ilin
30 sentyabrında qəbul
edilmişdi. Ancaq məsələ həllini
tapmamışdı və
həmin mövzuya Azərbaycan Nazirlər Soveti bir də
1966-cı ilin 23 martında
qayıtmışdı, heykəlin
Cənub-sovet meydanında
ucaldılması qət
edilmişdi. Ancaq yenə istək kağız üzərində
qalmışdı.
1971-ci il sentyabrın 20-də Nazirlər
Soveti sədrinin müavini Əliş Ləmbəranski Heydər
Əliyevə məktubla
müraciət edir:
"Mədəniyyət Nazirliyinin
sifarişi ilə heykəltəraş Cəlal
Qaryağdı heykəlin
yekun modelini hazırlayıb və komissiya da bəyənib. Hazırda 12.5 metrlik heykəl Moskvada bürüncdən tökülərək
Bakıya gətirilib və indi heykəltəraşın
emalatxanasındadır. Dövlət
komissiyasının sentyabrın
7-dəki iclasında abidənin quraşdırılması
haqqında qərar qəbul edilib".
Qərarın qəbul edilməsi
az idi. Heykəlin
nəzərdə tutulan
yerdə ucaldılması
üçün meydan
da layihənin memarları
T.Abdullayev və Y.Qədimovun hazırladıqları cizgi
üzrə sahmana salınmalı, heykəlin
postamenti də yeni ölçülərdə hazırlanmalı
və bütün işlər noyabra qədər tamamlanmalı
idi. Noyabrsa astanada idi. Heydər
Əliyevə müraciət
etməkdə məqsəd
və ümid də o idi ki, məhz onun səfərbəredici qətiyyəti
ilə bu iş arzuolunan vaxtadək başa çatdırılsın.
Bəs postamentin dəyişdirilməsi
nə məsələ
idi?
Erməniçiliyin dəftərində
doktor Nərimanın adı çoxdan "qara siyahı"da idi və onların
Nərimanova qəddar
düşmən kimi baxmaları üçün
öz əsasları
da az deyildi. Nəriman Nərimanovdan başqa da Azərbaycanda nisbətən irəli çıxmış türk
kommunistlər vardı
və onların heç biri Bakıda siyasi gedişatda meydan sulayan ermənilərin boğazına tıx olub keçmirdi. Nəriman Nərimanovsa açıq çıxışlarında
da, yazılarında da hələ
1918-ci ildə erməni
kommunistlərini ikiüzlü,
riyakar deyib damğalayırdı. Stalinə
Mikoyanla bağlı söylədiyi sözlər
də məşhurdur
ki, Anastası "araqarışdıran,
bundan ona, ondan buna xəbər daşıyan, vəzifəsindən
onu tənqid edənlərə qarşı
silah kimi istifadə edən" adlandırımışdı və
Nəriman Nərimanov
sovet hakimiyyətinin
ilk illərində, iş
başına gəlib
səlahiyyətlər əldə
edincə müxtəlif
vəzifələr tutan
30 ermənini, Anastas
Mikoyan başda olmaqla,
Azərbaycandan kənarlaşdırmışdı.
Belə-belə hərəkətləri
və illah da ermənilərin Azərbaycandan
ərazilər qoparılaraq
Ermənistana verilməsi
yolundakı canfəşanlıqlarının
önündə sipərə
çevrilməsi onu erməniçiliyin əbədi
və bağışlanmaz
yağıları cərgəsinə
qatmışdı və
Nəriman Nərimanovun
vəfatından yarım
əsrə qədər
vaxt keçirkən onun ölüsündən
də əl çəkmirdilər, xislətlərinə
xas terrorlarını bu təhər davam etdirirdilər.
Bakıda
Nəriman Nərimanovun
heykəlinin ucaldılması
ərəfəsində də
Kremldə necə tozanaq qoparmışdılarsa,
Moskvadan Bakıya tapşırıq gəlmişdi
ki, heykəli kiçildin.
Əzəmətli tunc
heykəli nə sıxıb balacalaşdlrmaq
mümkün idi, nə də ayağından bir az kəsərək gödəltmək. Göstərişsə
"Kiçildin!" idi.
Fitnəkar erməniçilik Moskvada
məsələni belə
təqdim edə bilmişdi ki, Bakıda, Dağüstü parkda Azərbaycanda sovet hakimiyyətinin rəmzi kimi Kirovun şəhərin
hər nöqtəsindən
görünən abidəsi
yüksəlir və indi millətçi Nərimanovun heykəlini elə qoymaq istəyirlər ki, ondan da
hündür olsun.
Ortada heykəli ya qoymamaq, ya da balacalaşdırmaq məsələsi
dayanırdı. Heykəlsə
artıq bürüncdən
tökülmüşdü, hazır idi, bircə quraşdırılması
qalırdı. Hazır
heykəli kiçiltmək
mümkünsüz idi.
Ölçünün balacalaşdırılması
üçün heykəl
təzədən tökülməli
idi. Nərimanovun heykəli 12 metr yarım hündürlüyündə
idi və iki o qədərə yaxın da postamenti
olmalı idi. Kirovun məşhur heykəltəraş Pinxos
Sabsayın Lev İlinlə birgə hazırladığı və
1939-cu ildə ucaldılmış,
bir sənət əsəri kimi bəyənimli abidəsinin
ümumi hündürlüyü
26 metr idi. Nərimanovun heykəlisə
yerləşmə baxımından
Bakının daha alçaq hissəsində
idisə də, ümumi hündürlüyünə
görə, doğrudan
da, Kirovun abidəsindən daha iri olacaqdı.
Heydər Əliyevin
bu qarşıdurmada gücü ona çatır ki, qızıl da olmasa, hər halda məqbul ortanı tapır - heykələ toxunmadan, postamentin hündürlüyünü
azaltmaqla məsələni
yola verir. Bu, məcburən seçilmiş bir çıxış yolu idi. Söz yox,
ixtisasca memar olan, belə məsələlərdə çox
vasvası Heydər Əliyevi həmin miqyas uyğunsuzluğu daxilən incitməmiş
deyildi və nəinki sənət səriştəsi olanlarda,
lap elə sadə insanlarda da bu gün
belə hər dəfə Nərimanovun abidəsinin yanından keçərkən heykəllə
altlığının nisbət
təngəlməzliyi təəssüf
oyadır.
Bunu da Nəriman Nərimanovun heç vaxt - nə həyatda olanda, nə ölümündən sonra
başından əskik
olmayan qovğaların
daha bir təzahürü sayın.
Ancaq Nəriman
Nərimanovun 100 illiyi
ərəfəsində yaradılmış
və şübhəsiz
ki, bir ekran
əsəri olaraq yüksək qiymətə
layiq, zaman ötdükcə də dəyəri artan film də maneəsiz
ortaya çıxmamışdı.
Kremlə elə ləçər məktub
selləri yönəldilmiş,
filmlə bağlı
elə şikayətlər
edilmişdi ki, o minvalla film zay
və zərərli sayılaraq ləğv olunmalı idi. Əslində əks qüvvələrin məqsədi
də bundan ibarət idi. Heydər Əliyevin bir başqa mübarizəsi də o vaxt bu filmi
sadəcə xilas etmək deyil, qurd ağzından qoparmaq olur.
Tarixi şəxsiyyətlər,
abidələr və hadisələr haqqında
uğurlu çəkilmiş
bədii filmin ömrü uzun, təsir gücü və əhatəsi də istənilən elmi və bədii
əsərdən dəfələrlə
dərin və geniş olur. Elə həmin tale Nəriman Nərimanov haqqında rejissor, SSRİ xalq artisti Əjdər
İbrahimovun İsa Hüseynovla birgə yazdıqları ssenari əsasında 1971-ci ildə
çəkdiyi, "Azərbaycanfilm"
və "Mosfilm"in
birgə istehsalı olan "Ulduzlar sönmür" kino-şəklinə
də nəsib olub. Ancaq bu
filmin ayaq tutub yeriməsi, rəsmən yaşamaq haqqı qazana bilməsi heç də asanlıqla başa gəlməyib, əsər yetərincə
sərt, hətta bir sıra hallarda
aşılmaz barılarla
da üzləşib. Bu filmi də
üstündən xətt
çəkilməkdən qoruyan,
insanımız və
tariximiz üçün
hifz edən yenə Heydər Əliyev olub.
Əslində filmin adı
"Doktor Nəriman"
idi. Nəriman Nərimanovun adı çox gözə girməsin deyə ən əvvəl filmin sərlövhəsinin
dəyişilməsini təkid
etmişdilər.
Ancaq addan başlanan, ciddi siyasi rəng
də verilərək
bir çox məqamlarda boyaların
lap qatılaşdırıldığı
iradlar o qədər idi ki, filmin ayrı-ayrı hissələrini
qayçılamaqla düzələnə
oxşamırdı. İradların
hamısı nəzərə
alınsaydı, film ya
təzədən çəkilməliydi,
- o isə artıq tamam başqa bir film olacaqdı, - ya da ümumiyyətlə ondan imtina edilməli
idi.
1971-ci il yanvarın 5-də Azərbaycandan
Mərkəzi Komitə
katibi Cəfər Cəfərov SSRİ Nazirlər
Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin sədri A.Ramanova məktub
yazır, 1970-ci il dekabrın
25-də Nəriman Nərimanov
haqda bədii filmə baxışdan sonra Azərbaycan KP MK-da geniş müzakirə aparıldığı, hansı
nöqsanların göstərildiyi
haqda məlumat verir, yaxın günlərdə iclasın
tam stenoqramını da yollayacağını
vəd edirdi. Mərkəzi Komitə katibinin SSRİ Kinematoqrafiya Komitəsi sədrinə məktub göndərməsi Sov.İKP
MK-nın göstərişi
ilə bağlı idi. Məhz Kremlə çatmış
mərdümazar yazılar
və hərəkətlər
hadisələrin ardının
belə irəliləməsinə,
sərt göstərişlərin
verilməsinə bais olmuşdu. İndiki yazışmalarsa, artıq
Heydər Əliyevin gördüyü tədbirlər,
Kremllə danışıqlar
apararaq məsələni
yumşaltmağa nail olmasından
sonrakı addımlar idi. Yəni nöqsanları özümüz
də tutmuşuq və islah edirik.
Artıq montaj edilərək tam hazır
olan filmdə, bilənlər bilir ki, hansısa düzəlişlər
yalnız müəyyən
epizodları və kadrları kəsib-doğramaqla
mümkündür. Məsələn,
Kremlə ünvanlanan
iradlardan biri bu idi ki, filmdə
Nərimanovu ideallaşdırma,
Lenindən də möhtəşəm göstərmə
cəhdi var. Ona əsaslanırdılar
ki, Nərimanovun dəfn
mərasimini göstərən
hissədə matəm
lentlərindən birinin
üstündə "İnqilabçı
Şərqin inqilabçı
rəhbəri, kommunizm
uğrunda mübariz Nəriman Nərimanova"
yazılmışdı. "Rəhbər" deyə çevirdiyimiz kəlmə
lentin üstündə
rusca verilən mətndə "vojd"
kimi göstərilmişdi.
Bu isə tutumu ilə "rəhbər"dən
daha qüvvətli kəlmədir və adətən Leninə aid edilirdi. Opponentlər
sualı kinayəli qoyurdu: "Bu nədir, Nərimanovu ikinci Lenin, yaxud elə Şərqin öz Lenini sayırsınız?"
Başqa matəm lentində başqa qıcıqlandıran ifadə
vardı, hərçənd
bu da əvvəlki sözlər kimi tarixi həqiqətin ifadəsi idi. Doğrudan da, Lenin Nərimanov
haqqında elə beləcə də demişdi: "Bakıda oturmusan, bütün Şərqi əlində saxlamısan".
Bakı
Moskvaya - Kinematoqrafiya Komitəsinə, onlar da öz növbəsində
Mərkəzi Komitənin
müvafiq strukturlarına
bu və buna bənzər digər epizodlarla bağlı yazırdılar ki, kəsilib
atıldı. Yəni
nöqsanlar düzəldildi:
Milyonçu Tağıyevlə
bağlı hissələri
qısaltdıq, "müstəqil,
azad Azərbaycan" ifadəsini çıxartdıq
və digər belə-belə ixtisarlar.
Məktubun mahiyyəti ondan
ibarət idi ki, özümüz - Azərbaycan
KP MK filmi nəzarətinə götürüb, ideoloji baxımdan diqqətlə təftiş edərək
bütün xətaları
aradan qaldırır.
...1971-ci ilin oktyabrı, Mərkəzi Komitənin plenumu, Heydər Əliyev çıxış
edir, Nəriman Nərimanov haqdakı filmdən də danışır, tənqid
edir və həmin tənqid burada oturub dinləyənlər
üçün deyil,
orada, Moskvada filmlə bağlı məsələləri diqqətdə
saxlayanlar üçündür.
Çünki burada söylənənlərin əks-sədası
ora tez çatır:
Bakıı özü
hesabat kimi yazaraq göndərir, amma əslində həmin hesabat rəsmən göndərilməmişdən
əvvəl də ora öz ayrı
yollarıı ilə
də çatır. Heydər Əliyev də bu mexanizmlərə
cikinə-bikinəcən bələddir
və həmin "bax, siz deyən
kimi, sizə gərək olan kimi işləyirəm"
mesajını Kremlə
vaxtaşırı ötürür.
Mesajı verməyinə
verir, sözdə bu və ya
digər məsələlərlə
bağlı ən kəsici tənqidini də edir və
heç kimin burnu da qanamır, heç bir itkiyə də məruz qalınmır.
Film də elə həmin cür: "Yoldaşlar qarşılarına
nəcib bir məqsəd qoyublar, həqiqətən, bu mövzu yaxşı film çəkmək üçün
çox layiqlidir.
Filmi Moskva kinostudiyası çəkib,
yaxşı qüvvələr
cəlb edilib, yaxşı artistlər çəkilib. İfa baxımından, bədii nöqteyi-nəzərdən, operator işi sarıdan hər şey əladır, gözəldir,
maraqlıdır. Çoxunuz
dünən baxdınız
və yəqin, bu fikirlərlə də razılaşarsınız.
Ancaq Nəriman Nərimanov tarixi şəxsiyyət kimi filmdə heç alınmayıb. Hərçənd
Nərimanov rolunun ifaçısı Samoylov
çox yaxşı seçilib. Nərimanovun ictimai-siyasi və inqilabi fəaliyyəti filmdə görünmür.
Biz iki dəfə yığışaraq bu
filmi müzakirə etmişik,
ciddi qeydlərimizi bildirmişik, bundan sonra bəzi düzəlişlər olub.
Ancaq filmin müəllifləri nəzərdə
tutduqlarının hamısına
nail olmayıblar".
Bütün bunları buradakılara
baxa-baxa söyləyərək
sözünü oyandakılara
- Moskvadakılara
çatdırır. Və
tənqidlərinə yekun
vuran, "Əlac yoxdur, budəfəlik buraxaq, çıxış
yolu indiki halda vəziyyətlə barışmaqdan ibarətdir"
qənaəti də elə əslində Moskvaya ünvanlanıb:
"Artıq gecdir. Gərək bütün iradların düzəlməsi
üçün filmi brak
hesab edəsən və təzədən çəkəsən. Ancaq
bunu da etmək məqsədəuyğun olmaz.
Nəticənin belə
alınmasının səbəbi
də odur ki, filmin məsləhətçiləri
onlara vaxtında kömək etməmişlər,
tarixçilərimiz məsələyə
səthi yanaşmışlar.
Amma diqqətlə izləmək
lazım idi ki, film necə yaranır. Axı biz Nərimanov haqda ikinci dəfə
film çəkməyəcəyik. Məhz belə diqqətsiz yanaşma səbəb olub ki, film alınmayıb".
Filmin bədii məziyyətlərini
dönə-dönə qeyd
edir və nə ssenariçiləri,
nə rejissoru, nə aktyorları qınayır, tənqidin hədəfini yayğın
səmtə yönəldir,
"onlara yaxşı
məsləhət versəydilər,
daha yaxşı ola bilərdi" deyir. Moskvadan gələn narazılıqlardan biri də milyonçu Tağıyevin surətinin
filmdə qabarıq, sanballı verilməsi idi. Heydər Əliyevin bu məsələyə də
münasibəti özünəməxsusdur,
yenə əslində
filmin müəlliflərini
təmizə çıxarır.
Yəni söhbət Tağıyevin filmdə dediyi sözlərdə, hərəkətlərdə deyil.
Obrazın belə qüvvətli kimi görünməsinin səbəbi
odur ki, aktyor güclüdür: "Tağıyev
surətinin ifasını
çox yaxşı aktyora həvalə ediblər, güclü surət alınıb. Bəlkə heç Tağıyev özü həyatda belə olmayıb. Şübhəsiz,
bizi narahat edir ki, milyonçu Tağıyevin surəti yanaşı qoyulanda Nərimanovun obrazı səviyyəsində olacaq
və tamaşaçılarda
bu, hüsn-rəğbət
oyada bilər. Bu bizə lazımdırmı?
Əlbəttə yox!"
Və hələ tam sadalamadığımız
iradları bildirəndən
sonra son sözünü
deyir: "Bütün
bunlardan istiqamətlənərək
ideoloji cəbhədə
çalışanlar belə
məsələlərə çox ciddi, marksizm-leninizm mövqeyindən,
partiya, Sov.İKP MK
XXIV qurultayının qərarları
mövqeyindən yanaşmalıdır".
Yəni
budəfəlik keçib,
gələn dəfələrdə
belə məsələləri
nəzərə alın.
Gələn dəfə
bir də haçan olacaq ki?! Əsas odur filmin yolu bağlanmadı,
böyük ekrana gedən qapısı açıldı, mahiyyəti
təhrif etməyən
cüzi kəsmələrlə
"hə" verilməsinə
Moskva razı salındı.
Vaxtınız olanda bir də seyr edin
həmin filmi. Sovet dövrünün ifadə
məhdudiyyətlərini nəzərə
alaraq baxın. Bir çox hallarda heyrətlənməyə bilmirsən, nə təhər olub ki, o vaxt sovetin siyasi
senzurası bunların
bu şəkildə getməsinə rüsxət
verib?! Belə alınıb, çünki
Nərimanovun da, bu filmin də arxasında dağ kimi dayanan Heydər
Əliyev vardı.
5 iyun 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 8 iyun.- S.10-11.