Natiqlik sənətinə yiyələnmək: mühüm
anlayışlar, əsas
istiqamətlər
Bugünün şagirdləri - sabahın
tədqiqatçıları
Artıq
4-cü ildir ki, Azərbaycan
Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi
Muxtar Respublikanın Təhsil Nazirliyilə birgə "Sabahın tədqiqatçıları" adlı layihəni həyata keçirməkdədir.
Bu layihənin məqsədi
tam orta məktəblərin
yuxarı sinif şagirdlərində elmi-tədqiqat
işlərinə maraq
oyatmaq, onları öz istəklərinə
müvafiq surətdə
elmin hər hansı bir sahəsinə yönəltmək,
ali ixtisas seçimlərinə köməklik
göstərməkdir. Həmçinin
elmi məqalələrin
yazılması vərdişlərini
mənimsətmək, ən
əsası isə
milli tariximiz, dilimiz, ədəbiyyatımız, folklorumuz,
incəsənətimiz, memarlığımız,
ümumilikdə mədəniyyətimiz
haqqında daha ətraflı, elmi şəkildə bilik toplamalarına şərait
yaratmaq da qarşıya
qoyulan məqsədlər
sırasındadır.
Cari tədris ilində AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunda Naxçıvan
şəhərindəki müxtəlif
tam orta məktəblərin
5 nəfər şagirdi
həmin layihə əsasında elmi tədqiqat işinə cəlb olunub. Şagirdlər institutun müvafiq şöbələrindəki
əməkdaşlar arasından
seçdikləri elmi
rəhbərlərinin köməkliyilə
maraqlandıqları mövzular
üzrə araşdırmalar
aparıblar. Bu araşdırmalar
əsasən dilçilik,
ədəbiyyatşünaslıq, folklorşünaslıq və
onomastika üzrə aparılıb, sevindirici nəticələr qazanılıb.
İlk dəfə olaraq ötən tədris ilindən layihə çərçivəsində yeni bir sahə - sənətşünaslıq üzrə
də tədqiqat mövzusu seçilib və aparılan araşdırmalar əsasında
maraqlı nəticə
əldə olunub. Bu tədris ilində isə İslam Səfərli
adına Naxçıvan
Şəhər 1 nömrəli
Tam Orta Məktəbin
XI sinif şagirdi, nitq mədəniyyətinə
böyük marağı
olan Canan Bəxtiyar qızı Səfərova, elmi rəhbəri olaraq bizim tövsiyəmizlə,
"Natiqlik sənətinə
yiyələnmənin əsas
istiqamətləri" mövzusu
üzərində kompleks
araşdırmalar aparıb
və yekun olaraq özünəməxsus
məzmunda bir məqalə hazırlayıb.
Həmin məqaləni
oxuculara təqdim edirik.
Ələkbər Qasımov
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun elmi katibi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent
(Əvvəli ötən sayımızda)
Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli
nitqi eşidir və əxz edirlər. Məktəblərimizdə
teleekranda səsləndirilən
nitqdən, aktyor və ya diktor
oxusundan xarakter parçaları lentə köçürülərək nitqin inkişafı məqsədilə aparılan
məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə
səsli nitq nümunələri təhlil
edilir, onların ədəbi dil, o cümlədən orfoepik tələffüz, intonasiya
normalarının gözlənilməsi
baxımından xüsusiyyətləri
göstərilir. Belə
vəsaitlər üzrə
aparılan iş məktəblərimizdə ədəbi
dilimizin öyrənilməsinə
əhəmiyyətli dərəcədə
kömək edir.
Çox
təəssüf ki, teleradiolarda
(xüsusən özəl
kanallarda) çıxış
edənlərin nitqində
ədəbi dildən,
onun normalarından uzaqlaşma halları da müşahidə edilir.
Bu daha çox ədəbi tələffüz
normalarının pozulmasında
özünü göstərir.
Danışanların nitqində
yerli şivəyə,
adi danışıq dilinə xas olan qüsurlara (məsələn: qabul, münasibat, avvam, məhşur, həmmişə,
sanaye, təyyin, məsəlçin, hərkəsən,
məylis, iksimiz, belənçik, nərazılıq,
gorə, səyyari, haliyədə, məytəf,
lahiyə, səhrəd
və s.) yol verilir. Belə qüsurların bir qismi söz vurğusunun qüsurlu deyilməsindən irəli
gəlir. Məsələn:
şu'ra, si'pər, peda'qoq, mü'xtəlif, dü'nya, ope`ra, koma`ndir, nəzə'riyyə,
o`rbit, psixolo'ji, sığo`rta, tempera`tur, i`yun, i`yul, ma'nevr,
o'xu, da'ha, i'sim, si'fət, kame`ra, fo`ye, kre`dit və sair.
Efir nitqində müşahidə
olunan digər qüsur orfoepiyası orfoqrafiyasından fərqli
olan söz və qrammatik formaların yazılışı
kimi deyilməsi və ya oxunmasıdır.
Məsələn: yarpaqlar
(yarpa[x]lar əvəzinə),
vətəndən (vətənnən
əvəzinə), alırlar
(alıllar əvəzinə),
qanlı (qannı əvəzinə), başlayır
(başlıyır əvəzinə),
alsa idi (alsaydı əvəzinə)
və s. Bir sözlə,
televiziya, eləcə
də radio verilişlərində
qüsursuz, təmiz,
etalon səviyyəli, canlı,
təbii Azərbaycan dili səslənməlidir.
Lakin təəssüf ki, bu
tələbə həmişə
riayət olunmur. Belə verilişlərə
dilimizi yaxşı bilənlər, nitq qabiliyyəti olanlar cəlb edilsə, yeni işə qəbul olunmuş aparıcılar
isə xüsusi kurs, təlim məşğələləri keçdikdən sonra efirə buraxılsalar, daha məqsədəuyğun
olar.
Ədəbi dilimizin, mədəni
nitqin tənzimləyicisi,
yayıcısı olan
efir nitqində qüsurlara yol verməmək üçün
teleradio verilişləri
tələffüz baxımından
da ciddi redaktə olunmalıdır. Verilişin
hansı kanalda getməsindən asılı
olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən
orfoepik normalarına ciddi bir şəkildə
riayət edilməlidir.
Bu nitq aydın, ardıcıl, düzgün,
təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş
ünsiyyətə lazımi
səviyyədə xidmət
edə bilsin. Telekanalların dublyaj fəaliyyətində - filmlərin,
xususən də reklamların səsləndirilməsində
orfoepiya qaydalarına,
məntiqi vurğulara
və tələffüz
vurğularına ciddi
əməl olunmalıdır.
Efir nitqindən başqa adamlar müxtəlif şəraitdə müəyyən
məqsədlə nitq
fəaliyyətində olurlar.
Bu baxımdan nitq bir sıra növlərə
ayrılır: ictimai-siyasi
nitq, məişət
nitqi, məhkəmədə
söylənilən nitq
və sair.
İctimai-siyasi nitq digərlərinə
nisbətən daha çox inkişaf edib. İctimai-siyasi hadisələrlə bağlı
kütlə qarşısında,
eləcə də radio
və televiziya vasitəsilə edilən çıxışlara tez-tez
qulaq asırıq. Bu
il 100 illik yubileyini böyük coşqu və təntənə ilə qeyd etdiyimiz
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin natiqlik istedadı hər bir azərbaycanlı
üçün nümunədir.
Respublikamızın Prezidenti cənab İlham Əliyevin
də müxtəlif tədbirlərdə, televiziyada
ölkənin daxili və xarici vəziyyəti haqqında,
ölkə daxilində
gedən ictimai-siyasi hadisələrə həsr
olunan çıxışları
siyasi natiqliyin ən dəyərli göstəricisi, etalonudur.
İstər respublikamızda,
istərsə də xarici ölkələrdə,
ən mötəbər
məclislərdə onun
yığcam və olduqca mənalı çıxışları, bir
neçə xarici dildə nitqləri çox böyük razılıqla dinlənilir.
Bu nitqlər dövlətimizin
apardığı xarici
və daxili siyasətə qiymət verir, onu düzgün
yola istiqamətləndirir.
Gələcəkdə vəkil peşəsinə yiyələnmək
arzusunda olduğum üçün araşdırmalarımda
məhkəmə natiqliyilə
də maraqlandım. Məhkəmə natiqliyi nitqin başqa bir formasıdır. Bura prokuror, vəkil, müttəhim, şahid və xalq hakiminin
nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin
nitqi) ittihamedici, digəri isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə
olur.
İttihamçının nitqi yüksək səviyyədə
olmalıdır. O, səlis
və aydın danışmağı bacarmalıdır.
Bu nitq dərin təhliletməyə, sübutlara,
faktlara, obyektivliyə,
ədalətə, qanun
aliliyinə əsaslandığı
təqdirdə təsirli
və inandırıcı
olur. Müdafiəçinin
(vəkilin) çıxışları
da sübutlu, dəlilli
olmalıdır. Məhkəmə
prosesində qaldırılan
vəsadət hadisələrin
dərin təhlilindən
alınan məntiqi nəticələrə əsaslanmalıdır.
Vəkil dəqiqliyə,
səmimiliyə, qanunun
aliliyinə riayət etməlidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ
eradan əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük
əhəmiyyət verilib.
Ölkə qanunlarının
müəyyən maddəsi
öz şəxsi mənafeyini müdafiə
edə bilmək üçün məhkəmədə
nitq söyləməyi
hər bir afinalının borcu hesab edirdi. Bu
qanun qədim Yunanıstanda, eləcə
də Roma Respublikasında məhkəmə
natiqliyinin inkişafına
böyük təkan vermişdi. Afinada Lisi, İsey, Siseron məhkəmə natiqi kimi şöhrət
qazanmışdılar.
XIX əsrin ikinci
yarısında nitqin bu növünün gözəl nümunələrinə
Qərbi Avropanın bir sıra ölkələrində,
həm də Rusiyada rast gəlinir.
Rusiyada dövrün qabaqcıl ziyalıları,
yazıçılar, alimlər
və başqaları
məşhur vəkillərin,
ittihamçıların və
bəzən də müttəhimlərin nitqini
dinləmək üçün
məhkəmə salonlarına
gedirdilər. Azərbaycanda
da məhkəmə natiqliyinin müəyyən
tarixi vardır. Məhkəmə salonlarında
alovlu nitqlər söyləyən, adamların
hüquqlarını müdafiə
etməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfındən
həmişə qiymətləndirilib,
təqdir olunub.
Vəkilin nitqi
hakimin və prokurorun nitqindən özünəməxsusluğu ilə seçilir. Prokuror müttəhimi ittiham etməyə yönləndirilmiş sərt
çıxışları ilə onun "Cinayət Məcəlləsi"nin
müxtəlif maddələri
əsasında cəzalandırılmasını
tələb edir. Hakim isə məhkəmə prosesində
gah prokurora, gah da vəkilə
söz verməklə
şahidləri dinləyərək
onlara məqsədəmüvafiq
suallarverir və nəhayət sonda məhkəmənin hökmünü
oxuyur. Vəkil isə tamamilə fərqli nitq söyləməklə, humanist
mövqedən çıxış
edir və özünün araşdırmaları
əsasında ortaya qoyduğu dəlil və sübutlarla müttəhimin cəzasını
xeyli yüngülləşdirməyə,
bəzi hallarda isə onun tamamilə
günahsız olduğunu
isbat etməyə nail olur.
Məhkəmə praktikasında belə natiqlər çox olub. Lakin təəssüf
ki, onların natiqlik məharətilə
bağlı heç bir şey yazılmayıb.
Hazırda ədliyyə
sistemində işləyənlərin,
xüsusilə hüquq
təhsili verən müəssisələrin məhkəmə
natiqliyinə dair vəsaitə böyük
ehtiyacı vardır. Bu gün universitetlərin
hüquqşünaslıq fakültələrində
tələbələr həm
də mahir natiq kimi yetişməli,
formalaşmalıdırlar.
Bunun üçün
isə bu gün əksər fakültələrdə öyrədilən
nitq mədəniyyəti
fənni Azərbaycan dili və ədəbiyyatı
müəllimləri tərəfindən
deyil, şifahi nitqin mükəmməl mütəxəssisləri tərəfindən
tədris olunmalıdır.
Bu, mənim - bu günün orta məktəb məzununun, hüquq fakültəsinə daxil olub gələcəyin hüquqşünası peşəsilə
yanaşı bəlağətli
nitqə yiyələnmiş
bir vəkil olmaq arzusu ilə
yaşayan bir gəncin fikri və təklifidir.
Sonda bir
daha qeyd etmək istəyirəm ki, oxucularla bölüşdüyüm bu
araşdırmalarımı "Sabahın tədqiqatçıları"
layihəsinə qoşulmaqla
2022-2023-cü tədris ili
ərzində elmi rəhbərim - AMEA Naxçıvan
Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
elmi katibi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
dosent, səhnə danışığı üzrə
mütəxəssis, təcrübəli
pedaqoq Ələkbər
Qasımovun natiqlik sənətinin əsaslarına
dair səmərəli
məşğələləri və dəyərli tövsiyələri əsasında
əldə etmişəm.
Həmin məşğələlər
nəticəsində artikulyasiya
gimnastikasının, danışıq
zamanı düzgün
tənəffüsün, səsin
qurulmasının, orfoepik
nitqin incə mətləblərinə yiyələnmişəm.
Məhz bunun üçün layihənin
təşkilatçılarına, elmi rəhbərimə və tədqiqat işimi əks etdirən bu məqaləmin dərcinə
görə "525-ci qəzet"ə
dərin minnətdarlığımı
bildirirəm.
Canan SƏFƏROVA,
İslam Səfərli adına Naxçıvan Şəhər 1 nömrəli Tam Orta Məktəbin XI sinif şagirdi
525-ci qəzet.- 2023.- 9 iyun.- S.12.