"Quruluş verdiyim tamaşaların sayını-hesabını itirmişəm"

XALQ ARTİSTİ, REJİSSOR MƏRAHİM FƏRZƏLİBƏYOVLA SÖHBƏT

 

Etiraf edək ki, zamanın texnologiyası həyatımızın ayrılmaz bir parçasına çevriləndən,  ailəmizin bir üzvü olandan bəri sosial şəbəkələr bizi canlı ünsiyyətdən çox uzaqlaşdırıb. O qədər uzaqlaşdırıb ki, bəzən bir kəlmə sözü yazmağa belə, tənbəllik edib münasibətimizi işarələrlə bildiririk. Lakin dərinliyinə varıb düşünəndə anlayırıq ki, canlı ünsiyyəti əvəz edə biləcək heç bir kəşf hələ ki yoxdur bundan sonra da çətin ki olsun. Sözümün canı var, çünki bu gün yenə üzümü tamaşaçısı olmaqdan zövq aldığım teatra tutmuşam. Ona görə ki, teatr  canlı ünsiyyətin tam özüdür. Dəfələrlə səhnə adamlarından eyni fikri eşitmişəm: "Teatr aktyora yalnız bir dəfə şans verir ki, gözlərini ona dikən tamaşaçıya özünü sevdirə bilsin, ya qalibsən, ya da məğlub. Bu sarıdan kino sənətkarlarının bəxti gətirib".

Bugünkü müsahibimiz isə aktyordur, aktrisa. Bu dəfə teatrın fərqli bir siması ilə həmsöhbət olmaq qərarına gəldik. Hansı ki, onsuz tamaşa var, tamaşaçı. Teatr adlı ağır bir yükün böyük hissəsi onun çiyinlərindədir desəm, heç yanılmaram. teatrın ən sərrast gözü elə onlardır. Artıq oxucu bu təqdimatdan söhbətin kimdən gedəcəyini anlamış oldu.

Qəzetimizin bugünkü qonağı respublikanın Xalq Artisti, Bakı Bələdiyyə Teatrının baş rejissoru Mərahim Fərzəlibəyovdur.

- Bu, narahat, narahat dünya...

- Dünya bütün zamanlarda səmtini həmişə dəyişib. Çünki dünyanı fırladan zamandır. Bu günün narahat dünyasına əsas əmin-amanlıq gərəkdir, amma təəssüf ki, müharibələr buna imkan vermir. Müharibə istəməsək , bizdən yan ötmədi. 30 il sülh istəyi ilə yaşayan bizlər, sonda haqq savaşına qalxaraq, qələbəmizi qazandıq, halal taleyimizə qovuşduq. Şəhidlər verdik, qazilərimizin sayı artdı, ən əsas isə illərlə yerə dikilən gözlərimiz dik baxmağa nail oldu. bu gün bu narahat dünyada bizim Qarabağ adlı sevincimizə sevinmək olar.

 - Gedək əvvələ...

 - İncəsənət elə bil sahədir ki, ona həvəs adətən erkən yaşlarından olmalıdır. 2-3-cü siniflərdən məndə bədii qiraətə, bədii yaradıcılığa meyl yarandı. Artıq 6-cı sinifdən ədəbiyyat dram dərnəklərinə getməyə başladım özümü sənətə bağladım. Dram dərməyi məndə  aktyor olmaq istəyi yaratdı. Yazmağa çox həvəsli olduğumdan o zaman Qaqarin adına Pionerlər  Evində şair Teyyub Qurbanın dərnəyinə həvəslə gedirdim. Dramaturgiyanı çox sevdiyimə görə fikirlərimi qələmə alırdım. 8-ci sinifdə birpərdəli pyes yazdım. 1962-ci il idi həmin pyes o zaman "Pioner" adlı jurnalda dərc edildi. Həmin dövr üçün bu, böyük hadisə idi. Azərbaycanın hər yerindən ünvanıma o qədər məktub gəlirdi ki, həvəsim daha da artırdı. Nəticədə həvəskar yazar kimi pyeslər yazmağa başladım. 26-lar adına Mədəniyyət Sarayında Lütfi Məmmədbəyovun Xalq Teatrı fəaliyyət göstərirdi. Yazdığım pyeslərin bir neçəsini Lütfi müəllim tamaşaya qoymuşdu. Özümün aktyorluğa böyük həvəsim vardı, amma eyni zamanda Lütfi Məmmədbəyova tamaşaların qoyulmasında çox köməklik edirdim. nəhayət, bir gün mənə dedi ki, istəyirəm bütün tamaşalarda mənə assistentlik edəsən, çünki rejissor potensialın yüksəkdir.

- Bir başlanğıcın təməli belə qoyuldu...

- Belə demək olar... Artıq 10-cu sinif şagirdi idim gələcək yolumu müəyyən etmək zamanı çatmışdı. Həmin ərəfədə Nazim Hikmətin "Domoklın qılıncı" əsərinə müraciət etmişdim. O zaman Amerika-Vyetnam müharibəsi gedirdi bu əsər müharibə əleyhinə yazıldığından onu tamaşaya qoydum bununla da taleyimi həll etmiş oldum, yəni rejissor olmaq fikrini özlüyümdə qətiləşdirdim. Məktəbi bitirdim, sənədlərimi Teatr İnstitutuna verdim, lakin qəbul oluna bilmədim.

- Çıxış yolu isə həmişə var...

- Təbii ki, var. O zaman mənə rus dilini bilməyim yardım etdi ölkədən kənarda oxumaq qərarına gəldim. Eyni ittifaqın tərkibində yaşasaq da, hərənin öz respublikası vardı. Mən təhsil almaq üçün Leninqradı (indiki Sankt-Peterburq) seçdim. Leninqrad Dövlət Teatr, Kino Musiqi İnstitutuna gəldim. Dünyaca tanınmış rejissor Tovstonoqov həmin vaxt kurs yığırdı. Bax, o zaman Allahın mənə olan lütfünü gördüm. Tovstonoqova görə parta arxasından qalxıb gələrək rejissor olmaq olmaz. O, öz kursuna artıq təhsili olanları götürürdü həqiqətən qəbuldan sonra gördüm ki, tələbə yoldaşlarımın hamısı yaşda xeyli böyükdülər. Amma o zaman tale üç nəfərin üzünə güldü. Bunlar məşhur aktyor Yevgeniy Lebedevin oğlu, böyük dramaturq Viktor Rozovun oğlu orta məktəbi bitirib Azərbaycandan gələn mən idim ki, indiki Sankt-Peterburq Teatr Akademiyasına daxil oldum.

- Hərənin böyüdüyü bir-birindən fərqli mühiti var...

- Belə bir deyim var - hər şey ailədən başlayır. Hər iki valideynim fərqli sənət sahibləri olsalar da, ədəbiyyatı, teatrı çox sevirdilər. Xüsusilə anam tez-tez məni Gənc Tamaşaçılar Teatrına indiki Milli Akademik Dram Teatrına aparırdı. Evimiz Sovetski adlanan ərazidə idi piyada "Azdrama"nın gündüz tamaşalarına gələrdik. Atam sirki çox sevirdi onunla da sirk tamaşalarına baxmağa gedərdim. 4-5 yaşından başlayaraq böyüməyə başladığım mühit belə olub. Xalalarım, bibilərim məni konsertlərə aparardılar. Yəqin ki, gözümü açdığım bu mühit kiçik yaşlarımdan məndə ədəbiyyata, səhnəyə maraq yarada bilib.

- Səhnə mistika...

- Səhnə özü ecazkar bir yerdir, səhnə bir dünya deməkdir. Baxmayaraq ki, 12-15 metr uzunluğunda olan bir məkandır, lakin özündə bir dünya canlandırır. Dünya ədəbiyyatının, müxtəlif ölkə dramaturqlarının əsərləri bir-birindən fərqli şəkildə bu dünyada özünə yer alır. bu əsərlər öz mütəfəkkir fikirləri ilə tamaşaçıya təsir edə bilir. Teatr elə bir məfhumdur ki, insanın dünyagörüşünə təsir edərək, onu daha da zənginləşdirir. Məhz teatrın səhnəsində insan əyani olaraq yaxşı ilə pisi görür. C.Cabbarlının dili ilə desək, teatr bir məktəbdir. Yaxşı ya pis tamaşa yoxdur. Var teatr, var səhnə əsəri onlardan tamaşaçı isə götrürə bilir. Çünki tamaşaya qoyulan hər bir əsər seçilərək səhnələşdirilir. çox yaxşı haldır ki, insanlar teatra əylənməyə deyil, öyrənmək üçün gəlir. 

- Fəaliyyətiniz boyu dram janrına çox sadiq qalmısız...

- Əvvəldən üz tutduğum dram dərnəyi, daha sonra Xalq Teatrında Lütfi Məmmədbəyovun assistenti olaraq fəaliyyət göstərməyim məni bu janra daha çox bağlamış oldu. Hər bir rejissor teatrın bütün janrlarında özünü sınamaq istəyir. Mənim dipom işim Azərbaycanda oldu. O zaman Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüart bəstəkar Cerri Germanın "Salam, Dolli" müzikl-operettasının tamaşasını hazırladım. Leninqraddan baletmeyster rəssamlar belə gəlmişdi. Lakin bu, mənim ilk son işim oldu. Kino janrında da özümü sınadım "Azərbaycanfilm"də "Mənim şəhərim" adlı bədii film çəkdim. Bütün bunlara rəğmən, mən özümü həmişə - bu gün , sabah da yalnız səhnədə görürəm, çünki səhnə mənim taleyimdir.

- Rejissor Mərahim Fərzəlibəyov...

- Mən rejissoru bir müəllim hesab edirəm. Bir tamaşada xeyli sayda  aktyor iştirak edir. Musiqi dili ilə desək, bir aktyor ansamblı yaranır hər alət öz ifasını çalmalıdır, əks halda xaric not dərhal eşidiləcək. Səhnədə rejissor var o öyrədir. Lakin yaxşı aktyora heç bir müdaxilə lazım deyil, onu sadəcə yönəltmək olar. İlk addımlarımı atandan çalışmışam ki, yaxşı aktyorlarla işləyim. Çünki onların professional aktyor sənəti var onları yönəltmək kifayət edir. Aktyor ona tapşırılan rolla tanış olanda, artıq hər şeyi özü üçün aydınlaşdıra bilir. Rejissorla birlikdə onlar ümumi bir ideya yolunda birləşərək uğurlu bir tamaşanı ərsəyə gətirməyə nail olurlar.

- Rejissorun tamaşa üçün əsər seçmək kimi bir missiyası da var...

- Bəli, var. Tamaşa seçimində münasibətlər müxtəlif olur. Olur ki, tələbəlik illərində mütaliə etdiyin əsərlər içində, hansısa qəlbimdə bir iz buraxıb. İnstitutu bitirəndən sonra təyinatımı Qroznı Dövlət Rus Dram Teatrına vermişdilər, çünki Azərbaycana yaxın bir şəhər idi. Həmin teatrın rejissoru Rusiyada yaşayan gürcü əsilli biri idi. Mənə dedi ki, bilirəm, müəyyən müddətdən sonra Vətəninə qayıdacaqsan, ona görə istəyərdim ki, arzuladığın tamaşaları səhnəyə qoyasan. bundan istifadə edərək bir neçə tamaşaya quruluş verdim. Onların arasında Tennessi Uliyamsın "Arzu tramvayı", Molyerin "Tartüf" əsərləri, Novitskinin "Yemelyanın xoşbəxtliyi" adlı rus nağılı əsasında bir müzikl yer aldı. Mənim bir rejissor kimi formalaşmağım deyərdim ki, oradan başladı. Təyinatımın bitməyinə altı ay qalmış anam Qroznıya gəldi, orada tamaşalarıma baxdı. Lakin ailə vəziyyəti ilə bağlı mən Bakıya qayıtdım. Bir aydan sonra Sumqayıt Dram Teatrının direktoru Salman Dadaşov məni dəvət etdi. Soruşdular ki, dəvət edilmiş bir rejissor kimi hansı tamaşanı qoya bilərsən? Tələbəlik illərində Gennadiy Bokarevin istehsalat mövzusunda olan "Poladəridənlər" əsəri böyük əks-səda doğurmuşdu Sumqayıt sənaye şəhəri olduğundan mən həmin əsərə müraciət etmək qərarına gəldim. Həm yeni rejissor işinə görə, həm mövzusuna görə tamaşaya Bakıdan gəlib baxanların xeyli sayı vardı. Mədəniyyət Nazirliyi tamaşanı çox bəyəndi Mehdi Məmmədovun təklifi ilə Sumqayıt Dövlət Teatrının baş rejissoru təyin edildim. Nəriman Həsənzadə ilə yaradıcılıq işlərim oldu, Nəbi Xəzri ilə uzun müddət yaradıcılıq bağlarımız yarandı. Lakin rejissor fəaliyyətimin qırmızı xəttini Azərbaycan ədəbiyyatının korifey qələm ustadı İlyas Əfəndiyevlə olan yaradıcılığımız təşkil edir. Onun 11 əsərinə quruluş vermişəm ki, bu da nadir bir hadisədir. İlyas Əfəndiyevlə yaradıcılıq baxışlarımız bir-birini tamamlayırdı, yaş fərqinə baxmayaraq, yaxın dostluğumuz vardı. son günlərinə qədər onun əsərlərinə quruluş verdim. Onun itkisindən sonra özümü yalnız hiss edirəm yaradıcılığımda nəhəng bir boşluq hələ var.

- Akademik Milli Dram teatrından yan keçmək olmaz...

- Fəaliyyətimin 40 ili bu teatrla bağlı olub, uzun müddət baş rejissor kimi çalışmışam orada. Quruluş verdiyim tamaşaların sayını-hesabını itirmişəm, gözəl aktyor truppası ilə elə gözəl tamaşalar hazırlamışıq ki. Unudulmaz sənətkar, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahova dünyasını dəyişəndən sonra onun qızı Aynur Muxtarova məni bura dəvət edəndə məmnuniyyətlə təklifə razı oldum. Həm gənc teatr, həm gözəl aktyor heyəti olduğuna görə dəvəti qəbul etdim. Yeni teatr,  yeni abu-hava şəraitində həvəslə fəaliyyətə başladım bundan çox razıyam. Teatrın potensialı böyükdür, onlarla çox söz demək olar deyirik .

- Geriyə baxmadan...

- Akademik Milli Teatrı qocaman bir məbəddir, ömrümün xeyli hissəsi ora ilə bağlıdır. Əgər bir əsərə quruluş vermək təklifi gələrsə fikir məni qane edərsə, ona yox demərəm. Lakin bu gün mənim Bakı Bələdiyyə Teatrım var, burada çalışıram, fikirlərim, ideyalarım bura ilə bağlıdır çox inanıram ki, teatrın uğurları tamaşaçını sevindirəcək.

 

Tamilla M-zadə

525-ci qəzet.- 2023.- 10 iyun.- S.21.