"Düşüncələrimdən
doğulan ideyalar əsərlərə çevrilir"
MÜSAHİBİMİZ GƏNC RƏSSAM,
RƏNGKAR SAYALI MƏMMƏDOVADIR
Rəssamlıq dərin və intellektual sənətdir, ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb
edir. Həm də insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə
bölüşməyin ən
maraqlı yoludur. Bu sənət bir çoxları üçün
sadəcə, pul qazanmaq vasitəsi olsa da, əsl peşəkarların sevgi
və həvəslə
gördüyü işdir.
Müsahibimiz, gənc
olmasına rəğmən,
rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayan
rəssam, rəngkar Sayalı Məmmədovadır.
S.Məmmədova
1995-ci ildə Bakı
şəhərində anadan
olub. Kiçik yaşlarından bu sənətə dərin maraq göstərən və həyatını rənglərə bağlayan
həmsöhbətimizlə müsahibəni təqdim edirik.
- Öncə tanışlıqdan
başlayaq: Sayalı Məmmədova kimdir?
- 1995-ci ildə Bakıda anadan olmuşam. 2014-cü
ildə Əzim Əzimzadə adına Rəssamlıq kollecinin rəngkarlıq fakültəsini,
2018-ci ildə Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının eksperimental
rəngkarlıq fakültəsinin
bakalavr pilləsini,
2021-ci ildə isə həmin fakültənin magistratura pilləsini bitirmişəm. Rəngkarlıq
üzrə görkəmli
rəssamlardan və
art-terapiya üzrə
psixoloqlardan fərdi dərslər və ustad dərsləri almışam. Azərbaycan
Rəssamlar İttifaqının
gənclər bölməsinin
üzvüyəm. Rəngkarlıq
və qrafika ilə məşğulam.
- Özünüzü rəssamlardan
kimə daha yaxın hiss edirsiz?
- Yaratdığım
əsərlərin əksəriyyəti
surrealizm və magik realizm cərəyanına
aiddir. Buna görə
də mənə yaxın olan rəssam düşünürəm
ki, Rene Maqritdir. Ən
sevdiklərimdən biri
isə İeronim Bosxdur.
- Sizi digər rəssamlardan fərqləndirən
nədir?
- Mənim əsərlərimdə
çox vaxt öz həyatlarını
yaşayan, xeyirxahlıqla
parlayan kiçik ağ adamlara rast gəlmək olar. Obrazlar və simvollar vasitəsilə həyat, arzular, ölüm, sevgi, iman, qadağalar,
azadlıq haqqında düşüncələri çatdırmağa
çalışıram. İlham mənbəyim isə eşitdiyim və oxuduğum sözlərdir.
Onlar ideyalarımdan doğulan kiçik toxumlara, sonra isə əsərlərə
çevrilirlər. Müxtəlif
hekayələr, açıqlamalar,
müraciətlər çox
zaman əsərlərimdə semantik kompozisiyaların yaranmasına xidmət edir. Məncə, bu sadaladıqlarım məni başqalarından
fərqləndirir.
- Necə düşünürsünüz,
üzləşdiyi hansısa
sosial problem rəssamı
sənətdən ayrı
sala bilərmi?
- Bu sual üzərində çox danışmaq olar, çünki cavab hər bir yaradıcı insan üçün fərqli ola bilər. Çox şey əslində problemin nə dərəcə qlobal olmasından asılıdır. Düşünürəm
ki, əksər rəssamların
üzləşdiyi sosial
problemlər, onların
ruhi sağlamlığına,
motivasiyasına, material ehtiyaclarına
təsir edə bilər. Belə məqamlarda rəssamın
enerjisi, vaxtı və bütün fikirləri problemlə məşğul olmağa
fokuslanır və sənəti üçün
lazım olan yaradıcılığını, mənəvi gücünü
toplamaqda çətinlik
çəkir. Digər
tərəfdən isə
elə rəssamlar da
var ki, sosial problemlər
onları sənətə
daha çox bağlayır. Onlar bu kimi mövzulara
tez-tez toxunurlar və bu problem adlandırdığımız məqamlar onların ilham mənbəyinə çevrilir və yeni əsərlər yaratmağa
kömək olur.
- Çəkdiyiniz əsərləri
satırsınız?
- Kommersiya məqsədi ilə yaradılan tabloların satışı
asan olur. Ancaq digər semantik mövzularda olan əsərləri hər kəsə satmıram. Onları heç zaman satmaq üçün yaratmıram.
Çünki hər biri mənim üçün çox dəyərlidir və onlara dəyər verən insanlarda olması mənim üçün çox önəmlidir.
- İncəsənət adamları
ədəbiyyata da yaxın
olur. Sizin mütaliə ilə aranız necədir?
- Daha öncə dediyim kimi, sözlər
mənim yaradıcılığımda
böyük rol oynayır, mütaliə -
motivasiyam və ilham mənbəyimdir. Mütaliə etməyi çox sevirəm, şeirlər və poemalar mənə daha çox yaxındır. Ancaq məsələ kitab oxumaqdan
gedirsə, vaxtımı
səmərəli keçirmək
üçün və
eyni anda bir neçə işlə məşğul
ola bilməyim üçün
daha çox audio kitablara üstünlük
verirəm
- Gələcək üçün
hansı planlarınız
var?
- Gələcək üçün
planlarım heç
zaman bitmir. Hazırda fərdi sərgimə hazırlaşıram və
balaca rəssamlar üçün tədris
kitabı hazırlamağı
planlaşdırıram.
Havar
ŞƏFİYEVA
525-ci
qəzet.- 2023.- 10 iyun.- S.20.