Hər dəqiqənin
bir hökmü, hər kəsin bir sonu var
Hər
insanın həyatında keçid mərhələsi olur. Bəzilərində
bu, ömür boyu sürür. Ancaq ən çətini
insanları saf-çürük etmə mərhələsidir.
Yəqin ki, bu, hər kəs üçün çox
yorucudur. Amma hamının mütləq şəkildə keçməli,
öyrənməli olduğu bir mərhələdir. Yəqin
ki, sizin də həyatınızda qarışqa qədər
adamları böyüdüb fil boyda eləmək olub. Yəqin
ki, sizin də dünya qədər çəkisi olan ciddi və
mənalı kəlmələri o adamların adlarının
yanında vergül qoya-qoya sıralayanda əlləriniz titrəməyib.
Yəqin ki, siz də cümlələri ölçüb,
sözləri biçib üstlərinə geyindirmisiniz. Ən
eybəcərinə belə necə
yaraşdırmısınızsa, sonra özünüz də
çaşıb qalmısınız. Ötüb gedən
zaman içində isə görmüsünüz ki, sən
demə, ölçüb-biçdiyiniz, tikib əyinlərinə
geyindirdiyiniz o cümlələr "sıfır
ölçülü" həmin adamlara on-on beş
ölçü böyük imiş. Təbii ki, hər
şeyi zaman müəyyənləşdirir, zaman nələrin
nə, kimlərin kim olduğunu isbat edir.
Zamanın
gücünü muzeylərdə daha çox öyrənirsən.
Şahların, imperatorların, sinəsinə döyənlərin,
özünü zirvə sananların, hər kəsə meydan
oxuyanların yerində indi yellər əsdiyini görə-görə
dərk edirsən. Anlayırsan ki, nələrisə, ya da kimlərisə
gözdə çox da böyütmək lazım deyil. Nəticədə
hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu
var!
Acı
hökmün, mütləq sonun yaşandığı yerdir
Ulduz sarayı. İstanbulun "incilərindəndir".
Osmanlı dönəmində tikilən son böyük
saraydır. II Abdulhəmidin hökmdarlıq etdiyi,
ömrünün ən gözəl və ən ağır
dönəmini yaşadığı, yaratdığı,
devrildiyi, ardınca xalq tərəfindən yağmalanan Ulduz
sarayı...
Tarix
amansızlıqlarla doludur. Ümumiyyətlə, harada insan
varsa, oranın cəhənnəmə çevrilməsi
qaçılmazdır. Ancaq bu yazıda saraydan yox, sarayın ərazisində
yerləşən Şalə köşkündən bəhs
edəcəyəm.
İsraf,
yoxsa jest?
II Abdulhəmid
qonaqpərvərliyi ilə məşhur idi. "Xoş gəldin,
beş gəldin" səviyyəsində deyildi bu qonaqpərvərlik,
o dərəcədə idi ki, İstanbula ziyarətə gələcək
olan Almaniya imperatoru II Vilhelm üçün xüsusi
köşk tikdirmişdi. Hətta köşkün
inşasına birbaşa özü nəzarət etmiş və
qısa müddətdə başa
çatdırılmasına nail olmuşdu.
Yaşadığı
sarayın bağında belə bir köşk tikdirməsi bir
az qəribə görünə bilər. Hətta sırf bir
nəfər qonağın iki-üç gecə
qalmağına görə belə bir addımın
atılmağı israfçılıq hesab edilə bilər.
Əslində isə bu, böyük bir jest, bir təşəkkür,
bir minnətdarlıq idi.
O dönəmlər
II Abdulhəmid Qərb tərəfindən təklənmişdi.
Hətta Qərb Osmanlı İmperatorluğunun
çöküşünü gözləyirdi. Vəziyyətin
bu həddə çatdığını görən sultan,
təklənmə siyasətindən qurtulmaq üçün
hərəkətə keçir və alman imperator II Vilhelmlə
möhkəm dostluq əlaqəsi qurur. Başda İngiltərə
olmaqla digər ölkələr Osmanlı
İmperatorluğunun bölüşdürülməsi
üçün hazır dayanmışdılar. Hətta bunu
dilə gətirməkdən belə çəkinmirdilər.
Lakin Sultan Abdulhəmidin məntiqli siyasəti ilə əllərini
ovuşduraraq pusquda durub gözləyənlərin
bütün gözləntiləri buxar olur.
Heyranlıq
da "ünvan" dəyişə bilir
Vilhelm ilk
dəfə 1889, növbəti dəfə isə 9 il sonra -
1898-ci ilin oktyabr ayları olmaqla İstanbulu iki dəfə
ziyarət edir. Hər iki gəlişində də II Abdulhəmid
tərəfindən təntənəli şəkildə
qarşılanır. Tezliklə şəhərdə alman məktəbləri
və xəstəxanaları açılır. Türk əsgərlər
Almaniyada təhsil almağa başlayırlar. XVIII əsrə
qədər memarlıq və sənət başda olmaqla bir
çox sahədə güclü təsiri olan Fransa
heyranlığı yavaş-yavaş Almaniya
heyranlığına çevrilir. Vilhelm Abdulhəmidin
ölümündən sonra I Dünya müharibəsinin
axırlarına yaxın Sultan Rəşadın dəvətlisi
olaraq 1917-ci ilin oktyabrında üçüncü dəfə
İstanbula gəlir. Padşah qonağını Sirkəçi
stansiyasında qarşılayır. Həmin vaxt Vilhelmin əynində
türk forması və türk şapkası olur. Bu, onun
dostluğa verdiyi dəyərin, sədaqətin göstəricisi
idi.
"Bütün
gözəlliklərin" memarı
Şalə
köşkü günümüzə gəlib çıxan
görkəmli memarlıq abidələrindən biridir. Adı
fransızca "dağ evi" mənasına gələn
"chalet" sözündən alınıb. Daha əvvəl
Osmanlı memarlığında bu qədər fərqli və
diqqət çəkən bir tikili olmayıb.
Köşkün birinci bölümü 1880-ci ildə inşa
edilir. Doqquz il sonra İstanbuldakı ən gözəl abidələrin
memarı olan Sarkis Balyan tərəfindən genişləndirilərək
otaq və salonlar da əlavə edilir. Mərasim
köşkü adı ilə tanınan və italyan əsilli
saray memarı De Aranconun inşa etdiyi üçüncü
bölümü isə 1898-ci ildə tamamlanır.
Osmanlı
memarlığında bir ilk
Şalə
köşkü zirzəmisi ilə birlikdə üç mərtəbədən
ibarətdir. İnşasında taxta və kərpicdən
istifadə edilib. Osmanlı ənənələrində olan
"hərəm və salamlıq" bu memarlıq abidəsində
görülməməkdədir və bu imperatorluq
üçün bir ilk hesab edilir. Pəncərələri
taxta jalüzlərlə açılan Şalənin mərtəbələr
arasındakı pilləkənləri De Aranco tərəfindən
italyan mərmərindən hazırlanıb. Bura altmış
otaq, dörd dəbdəbəli salonu ilə köşkdən
daha çox kiçik saraya bənzəyir. Avropa
memarlığının izlərinin güclü şəkildə
hiss edildiyi, hətta görüldüyü köşk
insanı valeh edir. Divarların və tavanların zərif, bir
qədər də cəzbedici qızılı işləmələri
içəri girən hər kəsi valeh edir.
Qumarxanaya
çevrilən köşk
Köşkdəki
bir-birindən zərif çini qablar, vazalar, xüsusi işləməli
yataq dəstləri, dolablar və çox sayda digər əşyalar
Avropadan gətirilib. Özünə məxsus qonaq otaqları
ilə tanınan Şalə köşkü Cümhuriyyətin
ilk illərində İstanbul bələdiyyəsi tərəfindən
Mario Serra adlı bir italyan tərəfindən kirayəyə
götürülür və qumarxana kimi işlədilməyə
başladı. Atatürkün göstərişi ilə
1930-cu ildə Milli saraylar idarəsinə verilir və muzey kimi
ziyarətə açılır.
Dörd
tonluq xalça
Abdulməcidin
dönəmində sultanın ağlına Dolmabağça
sarayını dünyanın ən yaxşı
xalçaları ilə döşəmək fikri
düşdü. Buna görə, Dolmabağça
sarayının bağında "Hərəkə xalça
və ipək toxuma" adlı fabrik açılması əmrini
verdi və Hərəkədəki ən yaxşı ustalar
buraya gətirildi.
Dolmabağçadakı
bütün xalçalar burada toxunulub və bu xalılar sadəcə
saray üçündür, başqa yerdə istifadəsi qəti
qadağan idi. Bəylərbəyi, Çırağan
sarayındakı pərdələr burada tikilmiş,
xalçalar da burada toxunmuşdu. Şalə
köşkünün də xalçası burada toxunur. Ancaq
xalça o qədər böyük və ağır olur ki,
onu köşkün içərisinə salmaq mümkün
olmur. Məcbur qalıb divarları uçurub xalçanı
içəri bu şəkildə salırlar. Xalça nə
az-nə çox, düz 468 kvadratmetrlik otaq üçün nəzərdə
tutulub. Ağırlığı 4 tondur. Dünyadakı ən
böyü xalçalardan biridir.
Sultanın
əl işi
Köşkün
bir digər təsirləndirici bölümü Sədəfli
salondur. Gələn qonaqlara yemək burada verilirdi.
Otağın qapısı, stol, stullar sədəf işləmələrdən
ibarətdir. Dizayn tamamilə II Abdulhəmidə məxsusdur. Hətta
stullardan biri sırf öz əl işidir.
Yağmalanma
və talanla bitən son
II Abdulhəmid
Ulduz sarayına rəngli tutuquşular, itlər, hin
heyvanları aldırırdı. Sarayın hər tərəfi
bu heyvanlarla dolu idi. Yeri gəlmişkən, Türkiyədə
toyuqçuluqla bağlı ilk əsəri də II Abdulhəmid
yazmışdı. Bu heyvanlara baxan xüsusi insanlar vardı.
1909-cu ildə sultan taxtdan salındıqdan sonra saray
yağmalanır. Burada saxlanılan nadir heyvanlar da
yağmanın qurbanı olurlar. Bir xeyli heyvan isə
qarışıqlıqda tələf olur. Qeyd edim ki, bu hadisədən
öncə sarayda Həşərat muzeyi, nadir
ağacların, bitkilərin əkildiyi Botanika bağı
vardı. Eləcə də, ən uzun ağaclardan olan Sekoya
da burada əkilmişdi, həmin ağac hələ də
durur. Bilənlər bilir, II Abdulhəmid silah istifadəsində
mahir olub. Ona görə də, sarayda Silah muzeyi də
qurmuşdu. 31 mart hadisələrində üsyanı
yatırmaq üçün Salonikidən gələn "Hərəkat
ordusu" sarayı yağmalayaraq talan etmişdi. Möhtəşəm
memarlığa ciddi zərər dəymişdi. Mücəvhəri,
zinət əşyalarını, dəyəri milyonlarla
hesablanan qiymətli əşyaları
oğurlamışdılar.
Hər
sarayın, qəsrin, köşkün bu və bənzər
keçmişi var. Tarixə boylananda görürsən
ki, nələrisə, kimlərisə gözdə
böyütmək qədər mənasız bir iş yoxdur. Nəticədə
hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu
var!..
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 3 iyun.- S.19