O və
mən
ƏZİZ DOSTUM ƏLİ ŞAMİLİN
75 İLLİYİNƏ
Allah sevdiyi bəndələrinə mükafat
olaraq gözəl dostlar bəxş edir. Mənə lütf
etdiklərindən biri
də Əli Şamildir. Əli bəy məndən yaşca 3 il, başca 30 il
böyükdür. İlk dəfə
ozamankı Azərbaycan
Dövlət Universitetində
(indiki Bakı Dövlət Universitetində)
tanış olmuşuq.
Dərsləri eyni binada, eyni otaqlarda
dinləyirdik, müəllimlərimizin
əksəriyyəti də
eyni adamlar idi. Ancaq o, bu
məktəbə məndən
bir il öncə -
1968-ci ildə qəbul
olunmuş və təbii ki, oranı məndən bir il də tez - 1973-də bitirmişdi. O, filologiya fakültəsinin jurnalistika,
mən isə filologiya ixtisası üzrə oxuyurduq. O, çalışqan bir tələbə kimi elmi işlərdə də fəallıq göstərirdi.
1973-cü
ilin 13 aprelində Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, Azərbaycan LKGİ MK və
Tələbə Elmi İşləri üzrə
Respublika Şurası ozamankı
Neft-Kimya İnstitutunda
ali məktəb tələbələrinin elmi
işlərinə dair
respublika konfransı keçirirdi. Mənim
"Monqol və Azərbaycan dillərində
ortaq sözlər"
adlı məruzəm
ikinci dərəcəli
diploma layiq görülmüş,
bu zaman ciddi haqsızlığa yol verilmişdi, çünki
yığıncağı aparan ozamankı APİ-nin professoru Fərhadov, məncə, açıqdan-açığa tərəfkeşlik edərək
birinci dərəcəli
diplomu özünün
rəhbəri olduğu
tələbəsinin çox
zəif işinə verdirmişdi, halbuki həmin diplom gerçəkdən mənə
düşürdü. Mən
müqayisə etdiyim iki dil arasında
600 ortaq söz müəyyənləşdirmişdim, halbuki o tələbənin
məruzəsi kitablardan
köçürülmə kurs işi səviyyəsində
idi. Konfransın sonunda nəticələr
elan olunduqda tələbələrin
bir çoxu bu ağbədiyə haqsızlığa etiraz səsini ucaldaraq birinci dərəcəli diplomun gerçək yiyəsinin mən olduğumu bəyan etdi. Onların içərisində konfransda
Əmin Abid haqqında
məruzə oxumuş
Əli Şamilov da vardı.
Əli
1973-də universiteti başa
vurub təyinatla Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyəti,
Naxçıvan MSSR Nazirlər
Soveti və Sov.İKP Naxçıvan
Vilayət Komitəsinin
orqanı olan "Şərq qapısı"
qəzetində müxbir,
mən isə 1974-də
İsmayıllı rayonunun
Topçu kəndində
müəllim işləməyə
göndərildik.
Mən Nəsimi adına Dilçilik İnstitutunun
əyani aspiranturasında
oxumaq üçün
1978-in sonunda ailəmlə
Bakıya gələndə
Əli bəy hələ Naxçıvanda
qalmışdısa da, əlaqəmiz
tam kəsilməmişdi, Bakıya
gələndə hərdən
görüşürdük. Bir dəfə sevinclə mənə bildirdi ki, arxivdən Əmin Abidin Mirzə Ələkbər
Sabir haqqında böyük
bir əlyazma məqaləsini tapmışam.
İndiyədək sabirşünasların
diqqətindən qıraqda
qalmış həmin
yazını əski ərəb qrafikasından
kirilə çevirib Əliyə verdim.
1986-1987-ci
illərdə Elmlər
Akademiyasının "Elm" qəzetinin redaktoru işlədiyim zaman o, bu qəzetlə də əməkdaşlıq edirdi.
Mən ondan repressiya qurbanı Əmin Abid haqqında məqalə yazmağı
xahiş etdim. Az sonra həmin məqaləni hazırlayaraq
mənə təqdim etdi. Beləliklə, Əmin Abid haqqında Azərbaycan ədəbiyyatşünaslığında
repressiyadan sonra yazılmış ilk məqalələrdən
biri məhz onun qələmindən çıxdı və
"Elm" qəzetində mənim təşəbbüsümlə
dərc edildi (Əmin Abid mövzusu sonralar onun elmi
yaradıcılığının ən önəmli istiqamətlərindən biri
oldu).
1988-də
Azərbaycanın azadlığı
və müstəqilliyi
uğrunda Xalq Hərəkatı başlayarkən
mən Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
çalışırdım. Sonradan öyrəndim ki, bu dönəmdə Əli bəy Azərbaycan Xalq Cəbhəsi Naxçıvan
Vilayət Şöbəsi
Məclisinin və İdarə Heyətinin üzvü kimi Naxçıvanda Xalq Hərəkatının önəmli
liderlərindən biri
olub. Onun da təşəbbüsü və
təşkilatçılığı ilə Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının
orqanı "Ağrıdağ",
AXC Naxçıvan Vilayət
Şöbəsinin orqanı
"Varlıq" və
"Günay" qəzetləri
çıxmağa başlayıb.
O dönəmdə Naxçıvanda
Xalq Hərəkatı
özünün zirvə
nöqtəsinə yüksəlmişdi.
Moskvanın, şəxsən
Sovetlər Birliyinin başçısı M.Qorbaçovun təzyiqlərinə
baxmayaraq, Naxçıvan
cəbhəçiləri təcavüzkar
Ermənistanı cəzalandırmaq
üçün Culfadan
keçən dəmiryolunu
bağlayaraq bu ölkəni iqtisadi blokadada saxlayırdılar.
Moskvanın Azərbaycan
xalqına qarşı
olduqca ədalətsiz
rəftarı və erməniləri birmənalı
dəstəkləməsi onunla
nəticələndi ki, Naxçıvan
Muxtar Sovet Sosialist Respublikasının
Ali Soveti 19 yanvar
1990-cı ildə - Qanlı
Yanvarın başlandığı
gün özünün
fövqəladə sessiyasında
Naxçıvan MSSR-də
yaranmış ictimai-siyasi
vəziyyəti müzakirə
edərək Muxtar Respublikanın SSRİ-dən
çıxması haqqında
qərar qəbul etdi.
Sənəddə deyilirdi:
"SSRİ
Əsas Qanununun 81-ci maddəsinə əsasən
Azərbaycan SSR, o cümlədən,
onun tərkib hissəsi olan Naxçıvan MSSR suverenliyi
və ərazi bütövlüyü müdafiə
edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan
MSSR ali qanunverici orqanlarının İttifaq
orqanlarına dəfələrlə
edilən müraciəti
nəticəsiz qaldığından;
Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində
muxtar respublikanın ərazi bütövlüyü
və vətəndaşların
həyatı təhlükə
qarşısında qaldığından;
Türkiyə və Azərbaycan
SSR, Ermənistan SSR, Gürcüstan
SSR arasında RSFSR-in iştirakı
ilə bağlanan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə
sessiyası qərara alır:
1) Naxçıvan MSSR SSRİ tərkibindən
çıxaraq özünü
müstəqil respublika
elan edir.
2) Qars müqaviləsinin şərtlərinə uyğun
olaraq Naxçıvan
Respublikasının ərazi
bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını
almaq məqsədilə
Türkiyə Respublikasına
müraciət edilsin.
3) Yaranmış vəziyyətlə
əlaqədar olaraq Birləşmiş Millətlər
Təşkilatına, İran İslam Respublikasına və dünyanın bütün
dövlətlərinə kömək
məqsədilə müraciət
olunsun.
4) Naxçıvan Respublikası
ərazisində olan sovet qoşun hissələri respublikadan
çıxarılsın.
5)
SSRİ Ali Sovetindən tələb
edilsin ki, Naxçıvan
Respublikasına edilən
təcavüzə son qoyulsun.
6) Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin
nəzərinə çatdırılsın.
Naxçıvan MSSR Ali Soveti Rəyasət
Heyətinin sədri
S. (Səkinə - müəl.)
Əliyeva
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin katibi
H.(Həsən - müəl.) Xəlilov".
"Ə.Hüseynoğlu" imzalı müəllif (o,
Əli Şamilovdan başqa kim olardı ki?!) "Şərq
qapısı" qəzetinin
iki il sonrakı - 19 yanvar 1992-ci il tarixli 8-ci sayında yazırdı:
"1990-cı
il 19 yanvarında Naxçıvan
MSSR Ali Sovetinin qəbul
etdiyi qərarı da novruzgülünə bənzətmək
olar. Bu tarixi qərar qəbul olunanda hələ Ukrayna kimi böyük
bir ölkə susurdu. Demokratiyanın xalq hərəkatının
bayraqdarı sayılan
Litva, Latviya, Estoniya ayrılmaq, azadlığa qovuşmaq üçün məqam gözləyirdi...
[...] Yaponiyadan tutmuş Almaniyayadək, Fransadan tutmuş ABŞ-adək dünyanın onlarca ölkəsinin informasiya mənbələri Naxçıvanın
SSRİ-nin tərkibindən
çıxmaq haqqında
qərar qəbul etdiyindən xəbər versə də, sovet informasiya vasitələri və sovet siyasətçiləri
susdular. Bir neçə
gün sonra sovet informasiya mənbələri kiçik
və dolaşıq bir xəbər yaydılar: Azərbaycan
SSR Ali Sovetinin Rəyasət
Heyəti Naxçıvan
MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarını ləğv
etmişdir. "Həmin
qərarda nə deyilirdi?", "hansı
əsasla onu ləğv etdilər?"
sualları isə cavabsız qaldı.
Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı verilən günün səhərisi
Naxçıvan şəhərindən
8 dildə radio verilişi
efirə çıxdı,
mətbuat üzərindən
nəzarət götürüldü,
"Şərq qapısı"
qəzetinin 8 nömrəsi
azad çap olundu. Naxçıvan Respublikası 8 gün müstəqil oldu. Bu az müddət xalqda öz gücünə inamı artırdı. İlin sonunda, noyabrın 17-də
keçirilən sessiyada
Naxçıvanın adına
pərçimlənmiş "Sovet Sosialist" sözləri atıldı.
Bir gecənin içərisində
hökumət binaları
üzərindəki qırmızı
bayraqlar çıxarıldı,
yerinə Azərbaycan
Demokratik Respublikasının
üç rəngli bayrağı sancıldı...
Xalq azadlıq hərəkatında Naxçıvan
Azərbaycanı irəliyə
dartan bir qüvvə olduğunu bir daha sübüt
etdi..."
Burada önəmli bir məqamı qeyd etmədən ötmək
bəlkə də günah olardı. Naxçıvan MSSR AS fövqəladə
sessiyasının həmin
qərarından sonra onun təqdim edilməsi və respublikanın müstəqilliyinin
tanıdılması məqsədi
ilə sessiyada dərhal Türkiyə Cümhuriyyətinə göndəriləcək
Eldar İbrahimov, Yadigar
Babayev, Əli Şamilov
və Aydın Qasımovdan ibarət,
İran İslam Cümhuriyyətinə göndəriləcək Tahir Əliyev,
Ramiz Axundov, Sahib Axundov,
Kərbəlayı Muradəli
və Qərib Allahverdiyevdən ibarət
iki nümayəndə
heyəti yaradılıb.
Sovet DTK-sı birinci heyəti Türkiyəyə keçməyə
qoymayıb və o, 20
yanvar saat 4.00-4.30 arasında Culfanın Yaycı kəndindən Arazı keçərək
Cənubi Azərbaycana
adlayıb. Çətinliklə
Təbrizə çatan
heyət Türkiyənin
İrandakı hərbi
attaşesi ilə görüşə bilib.
İrana göndərilmiş
heyət isə 25 yanvarda əliboş geri dönüb (Rəsmi vəzifəlilər,
deputatlar Araz qırağından geri dönüblər ki, sərhədçilər
bizə rəsmi icazə verməsələr,
gedə bilmərik.
AXC-dən olan, adları siyahıya düşməyən Sərdar
Cəlaloğlu, Fəxrəddin
Şeyxəliəsgərsoy, Abbas Əmiraslanov, Sultan Məhəmməd
oğlu isə gecə Araz çayını üzüb
keçsələr də,
heç nəyə
nail olmayıblar).
"Sovet Naxçıvanı"
adı atılaraq
"Şərq qapısı"na
çevrilmiş yeni qəzet
müstəqilliklə bağlı
qərarı 40 min nüsxə
tirajla dərc edib, Naxçıvan televiziyası isə xəbərləri bir neçə əcnəbi
dildə verib.
27 yanvarda Naxçıvana
Moskva və Bakıdan
özəl dəstə
göndərilib. O dəstə,
qan tökmədən,
ehtirasları yatırmağı
bacarıb və həyat əvvəlki qaydasına düşüb.
Naxçıvanın 8 günlük
müstəqilliyi də
tarixə beləcə
qovuşub.
Bu gün xalqımız hər 31 dekabrı Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
kimi böyük iftixarla qeyd edir. Kimsəyə gizli deyil ki, bu bayram öz
qaynağını özəlliklə
Naxçıvanda Sovet-İran
sərhəd dirəklərinin
sökülməsindən başlayıb.
Sərhədlərin dağıdılması
hərəkatının da ən dəqiq tarixçəsini yenə
Əli Şamilovun
"Şərq qapısı"
qəzetindəki 31 dekabr
1991-ci il tarixli 252-ci sayında
getmiş yazısından
öyrənirik:
"AXC Naxçıvan Vilayət
Şöbəsinin Məclisində
Ramiz Tağıyev AXC Culfa
rayon şöbəsinin sərhəd
boyunda etiraz aksiyası keçirmək
təşəbbüsündən söhbət açdı.
Məclis üzvlərinin
əksəriyyəti bu
hərəkatın Naxçıvan
MSSR-in hər yerində,
yəni sərhəd boyu ? Sədərəkdən Ordubadadək
keçirilməsi işini
bəyəndilər və
qəbul etdilər...
Sonra sərhədə məşəllərlə
çıxacağımız günün müəyyənləşdirilməsi
müzakirə edildi. Mən təklif etdim ki, dekabrın 12-ini müəyyənləşdirək. Çünki həmin gün otaylı qardaşlarımızın yaddaşında
S.C.Pişəvərinin
başçılığı altında yaradılmış
Milli Hökumətin ildönümüdür.
Lakin Ramiz Tağıyev, Asəf
Quluyev, Fəraməz Allahverdiyev buna qəti etiraz etdilər ki, yubatmaq lazım deyil. Arif Rəhimov
ortaq variant təklif etdi: həm dekabrın 4-də, həm
də 12-də sərhədə
çıxaq. Beləliklə,
dekabr ayının 4-də
sərhəd boyu məşəllər yandırmaq
haqqında qərar qəbul olundu. [...] Dekabrın 4-də Araz boyunda məşəl yandırma əməliyyatı
yüksək səviyyədə
keçdi... [...] Dekabrın
12-də keçirilən sərhəd
aksiyasından sonra qəti qərarlaşdırıldı
ki, Cənubi Azərbaycanla
əlaqələr bərpa
olunmasa, Araz kənarındakı 14 min hektara
yaxın torpaq sahəsi əhalinin istifadəsinə verilməsi
üçün tikanlı
məftillər sökülsün.
Bəs həmin aksiya nə vaxt keçirilsin? [...]
Sonra 31 dekabrın üzərində
dayandıq. Belə mülahizə yürütdük
ki, həmin gün hamı miladi təqvimi ilə yeni ili qarşılamağa hazırlaşır. Xristian
dünyasının bayramıdır.
Sovet rəhbərliyi həmin gün qan tökməyə cəhd göstərsə
özlərini Avropada
və bütövlükdə
xristian dünyasında
biabır edər.
[...] Dekabrın 31-də isə
saat 12-də naxçıvanlılar
sərhəd dirəklərini
sökməyə başladılar".
Burada onu da xatırlatmağa dəyər ki, Əli bəy 1991-1993-cü illərdə
AXC-nin orqanı -
"Azadlıq" qəzetinin
zona müxbiri olub.
1989-1991-ci illərdə mən
həmin qəzetin redaktor müavini,
1991-1992-ci illərdə isə
baş müxbiri işləyirdim və təbii ki, bu zaman da onunla ünsiyyətimiz davam edib.
Ə.Şamil 1993-dən Bakıya
köçüb. Oktyabr
ayından Azərbaycan
Ensiklopediyasında çalışmağa
başlayıb. Öncə
"Uşaq Ensiklopediyası",
sonra "Türk dünyasının məşhurları"
qruplarına rəhbərlik
edib. İlk vaxtlar yüksək qələmhaqqı
verildiyindən, Ensklopediyanın
çoxlu müəllifi
vardı. Bir qədər
sonra qonorar kəsilib və sovet ideologiyasında yazılmış məqalələrə
ehtiyac qalmayıb. Artıq milli ruhlu məqalələr yazmaq lazım gəldiyindən sovet qafalı keçmiş müəlliflərin
əksəri Ensiklopediyadan
uzaqlaşıb. Elə
bu zaman Əli məni də az qala zorla
müəllif kimi Ensiklopediya ilə əməkdaşlığa cəlb
etmişdi. Belə ki,
1998-də "Azərbaycan Ensiklopediyası" nəşriyyatı
öncə ikimizin imzası altında 84 səhifəlik "Türk
xalqlarının tanınmış
adamları. Ensiklopedik
məlumat kitabı. Sözlük. (Layihə)"ni nəşr etmişdi. Ədalət naminə deyim ki, həmin əsərin hazırlanmasında mənim
əməyim cüzi olmuş, onun bütün ağırlığı
Əlinin üzərinə
düşmüşdü.
Daha sonra "Uşaq Ensiklopediyası"nın onun
rəhbərliyi altında
hazırlanmış və
1999-da artıq latın
qrafikasında işıq
üzü görmüş
3-cü cildində məhz
Ə.Şamilin təkidi (əslində
"təzyiq" sözü
daha uyğun gəlir) ilə yazılmış 16 məqaləm
("Peçeneqlər", "Poloveslər", "Səlcuqlar",
"Tatarlar", "Teleutlar",
"Təkəlilər", "Tərəkəmələr", "Türklər", "Uyğurlar",
"Xakaslar", "Xəzərlər",
"Xələclər", "Hunlar", "Çuvaşlar",
"Cığataylar", " Şorlar") əksini tapıb. Qonorar verə bilmədiyinə görə o, müəlliflərin
zəhmətini Türkiyədən
göndərilmiş kitablarla
ödəməyə çalışırdı.
Elə Ensiklopediyada işləməyə
başladığı zamandan
onun Bakıda təhsil alan müxtəlif türk xalqlarının təmsilçiləri
olan tələbə və aspirantlarla sıx ünsiyyəti yaranıb. Cəsarətlə
deyə bilərəm
ki, onun evi həmin tələbə və aspirantların ən isti yuvasına,
Əzizə xanım onların qayğıkeş
anasına, Əli bəy isə ən məhrəm himayədarına çevrilib.
1998-dən
AMEA Folklor İnstitutunda
da çalışan Ə.Şamil 2004-cü ildə
tam ştatla Folklor İnstitutuna keçib.
2003-2007-ci illərdə onun
təşəbbüsü və təşkilatçılığı
ilə "Ortaq türk keçmişindən
ortaq türk gələcəyinə" adlı
5 Uluslararası Folklor
konfransı keçirilib.
Ozamankı Akademiya rəhbərliyində "Ortaq
türk keçmişindən
ortaq türk gələcəyinə" şüarı
qıcıq doğurduğundan
bu tədbiri əngəlləməyə çalışıblar.
Əli 6-cı konfransın
Quzey Kıbrısda,
7-ci konfransın Tiflisdə
keçirilməsinə nail olsa da, sonrasını davam etdirə bilməyib.
2007-ci ildən Folklor İnstitutunun xarici ölkələrlə əlaqələr
bölməsinə rəhbərlik
ona tapşırılıb.
Qısa zamanda xarici ölkələrlə,
ilk növbədə qardaş
türk xalqlarının
yaşadığı bölgələrlə
İnstitutun elmi əlaqələrinin qurulması
və möhkəmləndirilməsi
işində çox
böyük işlər
görmüş bu cəfakeş insanın təşəbbüsü ilə
Folklor İnstitutu bir sıra ölkələrin
elmi mərkəzləri
ilə yüksək səviyyəli ortaq beynəlxalq məclislər
təşkil edib.
Rusiya Elmlər Akademiyasının
N.N.Mikluxo-Maklay adına
Etnologiya və Antropologiya İnstitutu, Ö.Əliyev adına Qaraçay-Çərkəz Dövlət
Universiteti, Qaraçay-Balkar
Humanitar Araşdırmalar
Elmi Mərkəzi bir çox dövlət və qeyri-dövlət qurumlarının
dəstəyi ilə
5-10 oktyabr 2014-cü ildə
Moskva şəhərində "Avrasiya xalqlarının tarixi-mədəni irsi"
Forumu çərçivəsində
"Qaraçay-balkar xalqının
etnik mənşəyi,
etnik və sosial-siyasi tarixi, dil və mədəniyyətinin
mənşəyi" mövzusunda
Beynəlxalq elmi-təcrübi
simpozium təşkil etmişdi. Bu ali məclisə Rusiya Federasiyası, MDB ölkələri,
Türkiyə, ABŞ, İngiltərə,
Macarıstan, Gürcüstan
və b. ölkələrdən
çox nüfuzlu alimlər gəlmişdilər.
Mən də dəvətlilər arasında
idim. Məruzə mövzumun adı isə belə idi: "Qaraçay-balkar ədəbiyyatı və
qaraçay-balkar yazıçıları
Azərbaycan ədəbiyyatşünası
və jurnalisti Əli Şamilin araşdırmalarında".
Məruzəmi hazırlayıb tanışlıq
üçün özünə
göndərdim. 18 noyabr
2014-də mənə belə
bir cavab yazdı:
"Ədalət bəy, axşamın xeyirli olsun. Öncədən şərtləşmişdik ki, bu simpozium sənin
Moskvaya getmən və orada arxivlərdə
çalışman üçün
önəmlidir. Məruzəyə
o qədər də əhəmiyyət vermə.
Böyük zəhmət
çəkib geniş
bir məruzə hazırlayıbsan. Ötəri
gözdən keçirdim,
bəzi faktları dəyişdim. İki yeri saraltdım ki, özün baxasan (mən 20 ölkədə
85 məruzə etmişəm).
Bunlar xırda səhvlərdir və o qədər də əhəmiyyəti yoxdur.
Bu məruzələri hələ
çap etdirməyəcəklər.
Sonra çap etdirəndə
diqqətlə oxuyub düzəldərik. Amma mən
məruzənin belə
başlanmasını istəməzdim.
Simpozium böyük və əzəmətli olmalıdır. Sənin yerinə olsam, öncə qaraçay-malkar
- Azərbaycan əlaqələrindən
(dil, tarix, kültür birliyindən)
danışar, Rusiya işğalından sonra hətta Sovet dövründə belə
türk xalqları arasında əlaqələrin
qırıldığını göstərərdim. Ondan
sonra sovetlərin dağılmasına diqqəti
yönəldərdim. Onu
vurğulayardım ki, Sovetlər
dağıldıqdan sonra
yeni yaranmiş türk
cümhuriyyətlərində bir milli oyanış başlayıb. Onların aydınlarının bir qismi öz tarixlərini,
dillərini, ədəbiyyatlarını
öyrənməyə can atmaqla
yanaşı, əqrəba
türk xalqlarını
da öyrənib tanıtmaqla
kifayətlənməyiblər; onlar əqrəba türk xalqları aydınlarının, sənətçilərinin
Türkiyə, Avropa,
Amerika və Afrikada keçirilən toplantılara
qatılmalarına yardımçı
olurlar. Türk xalqlarının ədəbiyyat,
folklor və mədəniyyətini Azərbaycanda
təbliğ edən,
türksoylu xalqların
aydınlarının bir
araya gəlməsi üçün əlindən
gələni əsirgəməyən
insanlardan biri də Əli Şamildir.
Nə bilim, başlıca olaraq belə fikirlərə diqqət yönəlsin. Ən önəmli məsələ
türk xalqlarının
yaxınlaşması, birləşməsi
uğrunda mübarizədir.
Sənə güvənirəm.
Əminəm ki, Moskva arxivlərindən
çox önəmli
faktlarla dönəcəksən".
Təbii
ki, məruzəmi Əli
bəyin tövsiyəsinə
əsasən yenidən
gözdən keçirdim
və önəmli düzəlişlər apardım.
25 noyabra düşən iclasdakı məruzədə
qeyd etdim ki, Əli Şamilin araşdırmalarındakı istiqamətlərdən
biri də qaraçay-balkar ədəbiyyatı
və yazıçılarının
həyatıdır. Onun
"Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin
folkloru və ədəbiyyatı" (Bakı:
"Nurlan", 2011, 412 səh.)
kitabının "Qaraçay-malkar
(balkar) türkləri
ədəbiyyatının inkişaf
yolu" adlı fəsli bu mövzuya
həsr edilib. Qaraçay-malkar (balkar) ədəbiyyatı tarixinin
XVIII yüzildən formalaşdığını
iddia edən alimlərə etirazını
bildirən müəllif
Mikayıl Şəmsi
Baştu (835-900), Tram xan
(X-XII yüzillər), Zurum
Biyçə (13..-1396),
Ağbilək Biyçə
(13..-1396), Qoşayax Biyçə
(XV-XVI yüzillər), Qaltur
Semenov (XVIII yüzil) kimi
söz ustalarının
yaradıcılığına söykənərək, araşdırdığı
ədəbiyyatın tarixinin
IX yüzildən başladığını
cəsarətlə söyləyib.
Bunu da qeyd etdim ki, Əli Şamil həm də jurnalistdir və yaxından əməkdaşlıqda
bulunduğu Türkiyə
Teleradio Verilişləri
(TRT) xətti ilə
2010-2013-cü illərdə Kazim Meçiyev, İslam Kırımşamxalov,
Appa Canıbəyov, İsmayıl Semenov, Ömər
Əliyev, Qaspot Qoçqarov, Əhməd Sozayev, Kərim Otarov, Qaysın Quluyev və başqa qaraçay-balkar ədib və şairlərinin yaradıcılığını
təbliğ edib və həmin verilişlər TRT-nin saytında yerləşdirilib.
Sevindirici
haldır ki, simpozium iştirakçıları məruzəmi
dərin maraqla dinlədilər. Özəlliklə
qaraçay-balkarlar Əli
Şamilin həm şəxsiyyəti, həm
də yaradıcılığı
ilə bağlı çoxlu suallar verdilər.
Türkiyənin Kastamonu Universiteti ilə Azərbaycanın Turizm və Menecment Universiteti iki ölkəmiz arasındakı münasibətləri
çeşidli yönləriylə
ələ almağı
və bu çərçivədə iki
uluslararası simpozium
keçirməyi qərara
almışdı. Onların
ilki - I Millətlərarası
Türkiyə-Azərbaycan münasibətləri
simpoziumu Kastamonu Universitetinin ev sahibliyi ilə 12-14 may 2016-cı ildə Kastamonuda gerçəkləşdi.
Məni o ali məclisdə iştiraka Əli Şamil razı salmışdı.
Oraya gedəndə də, geri dönəndə
də ayrılmaz yol yoldaşı olduq. Gecələdiyimiz tələbə yurdunda da bir otaqda
qalırdıq. Həmin
simpoziumda Əli
"KGB arşivin'de Türkiye'den
Azerbaycan'a davet edilmiş aydınlar hakkında belgeler", mən isə "Karakol Cemiyeti Azerbaycan'da" adlı məruzələrlə çıxış
etdik. Bu simpoziumu dostumun mənə hədiyyəsi
adlandırsam, yanılmaram.
10 iyun 2016-cı ildə Folklor İnstitutu AMEA-da I Turkoloji qurultayın 90 illiyinə həsr edilmiş konfrans keçirdi. Onun başlıca təşkilatçılarından
biri Əli Şamil idi. O, mənim də bu tədbirdə iştirakımı çox
arzu edirdi. Bakıda 26 fevral-5 mart
1926-cı ildə keçirilmiş
I Türkoloji qurultaya Türkiyədən nümayəndələrin
gəlməsinin və
beləliklə, Türkiyənin
qurultayın işinə
ideoloji təsirinin qarşısını mümkün
qədər almaq üçün Zaqafqaziya
Sovet Federativ Sosialist Respublikası Birləşmiş Dövlət
Siyasi İdarəsi
("OQPU"/"ZakÇeKa") 9 dekabr 1925-də bir neçə nəfəri
həbs etmiş və bununla da Moskva Türkiyə
diplomatlarını gərginlik
altında saxlamışdı.
Mən istintaq sənədləri əsasında
həmin hadisənin incəliklərini üzə
çıxaran məruzə
hazırladım və
onu "Türkoloji qurultayda Türkiyə qorxusu və "ÇK"nın "casus
ovu" adı altında təqdim etdim.
2018-ci ildə "Elm və təhsil"
nəşriyyatı Əzizə
Şamil və Əli Şamilin 204 səhifəlik "Dissident
sorağında (1956-1986)" adlı çox qiymətli kitabını nəşr edib. Əsərdə müəlliflər
Azərbaycandakı 21 nəfər
dissidentin hər biri haqqında geniş bilgi verib. Əbülfəz Elçibəy (1938-2000), qardaşım
Nofəl Tahirzadə
(1955-1978) və eloğlum
Tofiq Vəndamlı (Tofiq Sultanəhməd oğlu Hüseynov)
(1949-1977) haqqındakı oçerklərin
yazılmasında Əli
bəy mənim də yazı və materiallarımdan yararlanaraq onlara istinad edib. Doğrudur,
Azərbaycanda repressiya
mövzusunda xeyli çox dəyərli əsərlər ortaya qoyulub, ancaq Əzizə xanımla yoldaşı Əli bəyin qələmə aldığı bu kitab sırf dissident mövzusuna həsr edilmiş ən sanballı əsərdir.
Əminəm ki, bir çox
kitab və məqalələrdə Əli
Şamilin elmi və publisist yaradıcılığı, onun
türk xalqlarının
yaxınlığı və
birliyi uğrunda illər boyunca apardığı mübarizəsi
incəliklə öz
əksini tapacaq, bu üzdən mən həmin mövzulara qəsdən toxunmadım və əsasən onun mənim elmi yaradıcılığımdakı rolu üzərində dayandım.
Çağdaş Azərbaycanın ən işıqlı və dəyərli aydınlarından biri olan 53 illik əziz dostum Əli Şamilə bundan sonra da uzun və sağlam ömür, xalqımız üçün çox faydalı elmi yaradıcılığında bitməz-tükənməz uğur sevincləri diləyirəm!
Ədalət TAHİRZADƏ
Bakı
Avrasiya Universitetinin professoru
525-ci qəzet.-
2023.- 10 iyun.- S.16-17.