Vətən təbiətinin yorulmaz tərənnümçüsü
Qasım Qasımzadə - 100
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Qasım
Qasımzadə Azərbaycan
təbiətini vurğunluqla
tərənnüm edən
şairlərimizdən biridir.
Bu da təsadüfi deyil.
Çünki Qasım
Qasımzadə Azərbaycanın
dilbər guşələrindən
birində - Qubadlı
rayonunun Xocamsaxlı kəndində dünyaya göz açmışdı.
Hər daşının
altından bir çeşmə paqqıldayan
Xocamsaxlı kəndinin
axarlı-baxarlı mənzərələri,
şiş qayaları
onu məftun etmiş, Ağa çayının laylası
onun ürəyini şeirə, poeziyaya məhəbbət ruhunda kökləmişdi. Bol sulu Bərgüşad,
Həkəri çayları,
Çayzəmi, Əyin,
Başarat meşələri,
göylərə baş
çəkən Kəpəz,
Səngər dağları,
Ballıqaya, Salvartı
yaylaqları onun poeziyasının beşiyi
olmuşdu. Şairin həssas müşahidəsi
nəticəsində yaranan
''Bulaqların mahnısı''
şeirində həm
də Qasım Qasımzadə yaradıcılığı
üçün xas olan simvolik bir
mənanı sezmək
o qədər də çətin deyil:
Axar qıjıltıyla yol gedə-gedə,
Endikcə, qalxdıqca coşar
bulaqlar.
Gəzib
bir-birini tapar dərədə,
Sevincdən kükrəyib daşar
bulaqlar.
Rəqs
edib çırpınar,
qarışar selə,
Sığmaz məcrasına, sığmaz
sahilə.
Mat qoyar aləmi zənguləsiylə,
Ümman
məclisinə qoşar
bulaqlar.
Gəlməzdi bir zaman səsi-səmiri,
Yeraltı məhbəsdi vətəni,
yeri.
Zülmətdən, zəncirdən qopandan
bəri
Əbədi mahnıyla yaşar
bulaqlar.
Yaradıcılığının ilk illərində
təkcə doğulduğu
diyarın mənzərələrini
əks etdirən şair Azərbaycanın dilbər guşələrini
qarış-qarış gəzəndən
sonra onun poeziyasının xəritəsi
də əhəmiyyətli
dərəcədə genişlənmiş,
zənginləşmişdi. Dünya xəritəsində
Azərbaycanı bənövşə
yarpağına bənzədən
şair bənövşə
ətirli bu ölkənin könül
açan mənzərələrini
məhəbbətlə, coşqunluqla
tərənnüm etməkdən
yorulmayıb.
Şair
doğma Azərbaycanı
vəsf edərkən
olduqca orijinal, yeni bənzətmələr tapırdı.
Məsələn, ''Qartal
gözü'' şeirində
Azərbaycanın xəritəsi
önündə xəyala
dalan lirik qəhrəman onu dimdiyində Xəzəri aparan bir qartala
bənzədir. ''Qafqazın
ocağı'' şeirində
isə Q.Qasımzadə
Xəzər dənizinin
əsrarəngiz lövhələrini
xarakterik bədii cizgilərlə əks etdirməyə nail olur.
''Zümrüd tac'' şeiri
də öz bənzətmələrinin orijinallığı
ilə diqqəti cəlb edir. Bu əsərində şair
Qarabağ torpağını
məhəbbətlə, orijinal
şəkildə bədii
təsvirin mərkəzinə
çəkib.
Başının üstündə daim
bərq vuran
Şuşa Qarabağın zümrüd
tacıdır...
''Dəlidağdan İstisuya''
adlı silsilə şeirlərində Qasım
Qasımzadə bir rəssam kimi Azərbaycanın əsrarəngiz
lövhələrini kağız
üzərinə həkk
edir. Vətən təbiətinin gözəlliklərindən
doğan məmnunluq hissi bu silsilə
şeirlərin hamısında
açıq-aydın duyulmaqdadır.
Mən ləzzət duyuram bu əziyyətdən,
Yağışda çimməyin başqa
zövqü var.
Üstümüzə çökən
qatı zülmətdən,
Kabusa bənzəyir çiçəkli
dağlar.
Yağışın altında islanan şair havanın açılmasını
da maraqlı cizgilərlə
əks etdirir.
Atəş böcəyi tək
parlayıb sönür
Sayrışan işıqlar pəncərələrdən.
İslanmış canımız alova
dönür
İstisu
adını çəkdikcə
hərdən...
Onun poeziyasında vətənin
başı qarlı uca dağları, diş göynədən bulaqları, zümrüd donlu meşələri, səfalı yaylaqları,
göz işlədikcə
uzanan bərəkətli
çölləri vurğunluqla
tərənnüm edilir.
Ayrı-ayrı fəsillər
Qasımzadə poeziyasında
özünəməxsus lakonik
cizgilərlə, bənzətmələrlə
öz əksini tapır. Məsələn,
''Baharın məktubu''
şeirində təsvir
olunur ki, öz ilhamını günəşdən
alan bahar, elə bil ki, təbiətin qoynunda şeir yazır. Daha sonra şair
obrazlı misralarla baharın ''Yusif-Züleyxa''
xalçası toxuyub
vurduğu incə naxışlarla insanı heyran etməsindən, mahnı bəstələyib
ifasını şeyda
bülbülə həvalə
eləməsindən, Arazla
Kürün bir-biri ilə dərdləşməsindən,
şəlalələrin uğunub
getməsindən, qışdan
düşüb qalan neçə ağ varağın üstündə
baharın məktub yazmasından söhbət
açır.
Qələm dostu Qabilə həsr etdiyi ''Abşeron gözəli'' şeirində Abşeron təbiətini bədii təsvir obyekti seçir. Torpağı, suyu sirli olan
bu diyarın qara şanısından, ağ şanısından
danışır. Onun
şeirlərində baharın,
payızın, qışın
yaddaqalan lövhələri
çəkilir.
Q.Qasımzadə təkcə
şeirlərində yox,
poemalarında da təbiətin
əsrarəngiz lövhələrini
canlandırır. Öz
qəhrəmanlarını təbiətlə təmasda,
ünsiyyətdə təsvir
etmək onun yaradıcılığı üçün
xas olan cəhətlərdən biridir.
İlk variantda ''Solmaz
çiçəklər'', daha sonra isə
''Dağ çiçəkləri''
adı altında çap olunan poemada əsərin qəhrəmanı olan həkimin insanları sağaltmaq üçün
üzünü dağlara
tutması, dərman bitkiləri axtarması təsadüfi deyil. Müəllifin fikrincə,
Azərbaycan təbiəti
hər cür azar-bezarı yox eləyən loğmandır.
Onun hər otu, çiçəyi neçə-neçə sağalmaz
dərdin dərmanıdır.
''Meşə nəfəs alırdı'' poemasında
da Azərbaycan təbiətinin
gözəl lövhələri
yaradılır. Şair
təbiətin gözəlliklərinə
qənim kəsilən
insanları tənqid hədəfi seçir. Poemanın başlanğıcında
təsvir edir ki, alatorandan yuxudan duran meşə quşları cəh-cəh
vurub oxuyurlar. Qışda susan şəlalərin dili açılıb, onlar da
öz səslərini
quşların səsinə
qatıblar. Bənövşə,
nərgiz ətrafa ətir yayır. Ancaq eşidilən nal səsi təbiətin
xoşbəxt ahəngini
pozur.
Səhər tezdən bu ahəngi pozdu nal səsi,
Daşlı meşə yolu
ilə gəlir bir atlı.
Yaxındakı boz bülbülün
susdu nəğməsi,
Sığırçınlar uçub getdi toylu, büsatlı...
Köhnə rəislə dil
tapıb meşəni
talayan meşəbəyi
təzə rəisin gəlməyindən narahatdır.
O, təzə rəislə
də dil tapmaq istəyir, ancaq buna nail olmur, arzuları gözündə
qalır. Təzə rəis namuslu, vətən təbiətini
göz bəbəyi kimi sevən bir insan olduğu
üçün təbii
sərvətlərimizin düşmənlərinə
qarşı amansız
mübarizə aparır.
Bütün bunları
maraqlı detallarla əks etdirən müəllif poemanı aşağıdakı misralarla
bitirir:
Cüyür çıxdı talalığa,
marallar döşə,
Ağacdələn, elə bil ki, qaval çalırdı.
Uğultulu, səksəkəli, fəğanlı meşə
İlk dəfəydi rahat-rahat nəfəs alırdı.
Q.Qasımzadə yaradıcılığında lirika ilə epizm vəhdət təşkil edir. Lirika ilə epizmin vəhdəti Q.Qasımzadənin yaradıcılıq
nümunələrinin əksəriyyəti
üçün xarakterikdir.
Vətənin hər qayası, otu, yarpağı, ağacı
onun əsərlərində
yeni məna kəsb edir, müasirlərimizin zəngin
mənəvi aləmini
açmaq üçün
bədii vasitəyə
çevrilir.
Şairin ayrı-ayrı
vaxtlarda nəşr olunmuş kitablarında toplanan şeirlərin əksəriyyətinin təbiət
mövzusunda olması
da təsadüfi deyil. Hələ körpəlik vaxtlarından
təbiətlə sıx
ünsiyyətdə olan
şair ömrü boyu bu gözəlliyin
təsirindən çıxa
bilməmiş, böyük
vurğunluqla, dərin
məhəbbətlə Azərbaycan
təbiətini tərənnüm
etməkdən yorulmamışdı.
Özü də bu şeirlərin əksəriyyəti sadəcə
təbiət lövhələri
deyildir. Şairin vətəndaşlıq mövqeyi
bu əsərlərin
də ideya istiqamətini şərtləndirən
amillər sırasındadır.
Qasım Qasımzadənin
əsərlərinin ümumi
ruhu anamız təbiəti, vətənin
gözəlliklərini göz
bəbəyi kimi qorumağı təlqin eləyir. Özü də ən maraqlı cəhətlərdən
biri budur ki, görkəmli söz ustası öz fikirlərini birbaşa oxucuya yönəltmir, şüarçılıqdan,
çağırışdan uzaq qaçır. Onun əsərlərinin ümumi ruhu vətəndaşlıq
duyğuları ilə
yoğrulduğundan, bu
şeirlərin təsir
gücü
çoxdur, sirayətedicidir.
Akademik Bəkir
Nəbiyev düz 40 il əvvəl dərc olunmuş "Bir cüt qanad"
adlı məqaləsində
yazırdı: ''Müasir
kənd, onun adamlarının zəngin
mənəviyyatı, dünyanın
bir çox iqlim qurşağına məxsus nadir hadisələrin qovuşduğu
Azərbaycan təbiətinin
vəsfi Q.Qasımzadə
lirikasının başlıca
mövzularındandır. Şeir
və poemalarından ibarət kitablarına ''Bizim kənd'', ''Bizim dağlar'', ''Dağlar buraxmır məni'', ''Bənövşə
yarpağı'' və
sair adlar verməsi, yüzlərlə
şeirini əzəmətli
dağlarımıza, gur
şəlalələrimizə, zümrüd göllərimizə,
zəngin üfüqlərimizə,
yaşıl meşələrimizə,
bərəkətli tarlalarımıza,
dünyanın əşrəfi
olan insanlara, ana torpağı canlandıran, əkən,
becərən, bol məhsul toplayan müasirlərimizə, onların
duyğu və düşüncələrinin təşrihinə
həsr etməsi dediyimizə sübutdur''.
Vətənə, onun təbiətinə sonsuz məhəbbət Q.Qasımzadənin, demək
olar ki, bütün yaradıcılıq
nümunələrində bu
və ya digər şəkildə
öz bədii əksini tapıb. Şairin ''Bənövşə
yarpağı'' adlı
şeiri onun yaradıcılığı üçün
son dərəcə xarakterik bir poetik nümunədir. Dünya xəritəsinə
baxanda Azərbaycanın
bənövşə yarpağını
xatırlatdığını söyləyən şair
öz oxucusunu bu kiçik ölkənin səyahətinə
aparır. Onun bənzərsiz təbiətini
vurğunluqla tərənnüm
edən şair vurğunluqla, məmnunluqla
söyləyir ki, Azərbaycanın gözəlliyi
bütün dünyanı
bənövşə ətri
tək tutub. Sən demə, bənövşə yarpağına
böyük bir gözəlliklər diyarı
sığışarmış.
Q.Qasımzadənin poeziyasını yüksək
peşəkarlıqla araşdıran
görkəmli ədəbiyyatşünas
Yaşar Qarayev tamamilə doğru qənaətə gəlmişdi
ki, "şeirimizin xəritəsində belə
bir sabitlik qoruğu var: təkrarsız bədii ərazi, elm-ürfan səltənəti, halallıq
qalası. Bənövşə
yarpağı boyda, vətənin qartala bənzəyən öz xəritəsi şəklində
öz şeirini ürək qanı ilə bənövşə
yarpağına yazan Qasım Qasımzadədir.
Vətənin, şairin
və millətin poeziyası vəhdət təşkil edir bu poeziyada. Q. Qasımzadə poeziyasında
hər ot, hər çiçək,
ağac, yarpaq, dağ, dərə poetik obraz səviyyəsinə
yüksəlir. Şairin
əsərlərində adı
çəkilən İşıqlı
dağı, Dəlidağ,
Murov, Kəpəz, Göygöl, Kür, Araz, Həkəri, Bərgüşad, Ağa
çayı, Çayzəmi,
Salvartı yaylağı
və onlarca bu kimi adlar
poetik məna kəsb edir, Azərbaycanın ucalıq,
dərinlik, saflıq,
təmizlik simvoluna çevrilir".
Q.Qasımzadə poeziyası bənzərsizdir, obrazlıdır, Azərbaycan təbiətinə məhəbbət motivləri şairin vətəndaşlıq duyğuları ilə yoğrularaq səfərbəredici gücə malik sənət əsərlərinin yaranmasına səbəb olub.
Rafiq YUSİFOĞLU
525-ci qəzet.-
2023.- 10 iyun.- S.15.