"Tanrının
əli"
VƏ YA "TERESA KARRARIN TÜFƏNGLƏRİ" HAQQINDA QEYDLƏR
Hər bir qadın, ana olduğu andan ömrünün sonuna qədər, dünyaya gətirdiyi övladının qoruyucusuna çevrilir, balasını pisliklərdən, bədbəxt hadisələrdən, ola biləcək ən dəhşətli bəlalardan hifz etməyə çalışır. Əgər bir qadın anadırsa, o, mütləq hər gecə yatağına girəndə, hər səhər yuxudan oyananda dodağının altında, ürəyinin ən dərin tərəflərində gözəgörünməz allaha dualar edir. Hərdən yuxularında belə övladlarını pisliklərdən qoruyur, şər qüvvələrə qarşı olmazın mübarizələr aparır, əzablara qatlaşır.
Etdiyi bazarlıqlardan pul kisəsinə yığılıb qalan qəpikləri marketlərin girişinə qoyulan sədəqə qutularına atan bir qadın görürsünüzsə, bilin ki, o, mütləq gecə də, gündüz də övladını mühafizə edən anadır. Yolunu azan, evinə getməkdə çətinlik çəkən alzehimer xəstəsi yaşlı qadına kömək etməyə ciddi cəhdlə çalışıb savab qazanmağa can atan yenə də hansısa anadır. Küçədə quru salfet satan qadınlara salfetin pulunu ödəyib, ancaq salfeti almayıb məbləğini satıcıya bağışlayan da bir anadır. Övladını 2 saylı klinik psixiatriya xəstəxanasına aparmaq üçün ünvanı tapa bilməyib yolun ortasında çaşbaş qalan narahat anaya taksi çağırmaqda kömək edən də başqa bir anadır.
Günün hansı vaxtı olursa olsun, qarşınızda xeyirxahlıq etmək üçün zühur edən qadın varsa, bilin ki, o, bir anadır. O, bütün xeyirxahlıqları ona görə edir ki, elədiyi yaxşılıqların müqabilində zərrə-zərrə qazandığı dualar, savablar ona, dolayı yolla isə övladlarına çatsın. Analar dua edəndə fikir versəniz, görərsiniz ki, çox nadir hallarda özləri üçün allahdan nə isə istəyirlər. Onların dillərinin ucunda yalnız övladlarının adları səslənir.
Hər bir ana ən azı gündə bir dəfə allahın hüzuruna boylanıb yalvararaq pıçıldayır: "İlahi, mənim günahlarımı övladlarımın ayağına yazma... İlahi, onlara gələn bəlaları, dəhşətləri, qəzavü-qədəri mənə göndər. İlahi, onları xoşbəxt, sağlam və ölümdən uzaq elə".
Bütün bu duaların bir ucundan yapışan ana bəlkə də şüuraltında övladına həm də ölümsüzlük arzu edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunan "Pillə 2 Tələbə Tamaşaları Festivalı" çərçivəsində "Sabah" qrupları - II kurs tələbələrinin təqdim etdikləri "Teresa Karrarın tüfəngləri" tamaşası da bir ananın övladlarını qorumaq uğrunda apardığı mübarizədən və bu mübarizənin puç olmasından bəhs edir.
Amansız, əsrarəngiz, başdan ayağa sənət, ədəbiyyat, teatr, faciə qoxuyan Bertold Brextin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərini Azərbaycan dilinə Svetlana Turan tərcümə edib. Əsəri kurs tələbələri ilə işləyən eyniadlı tamaşanın rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Yazımın bu yerində Brextin azərbaycanlı oxucuya az məlum olan bu əsərinin tərcüməsinin sifarişinə görə Nofəl Vəliyevə təşəkkür edərək tamaşa ilə bağlı fikirlərimə keçmək istəyirəm.
Bəli, əlahəzrət oxucu, təəssüf ki, indiki dövrdə nədənsə tənqidçilərimiz, teatrşünaslarımız böyük səhnələrdən, Xalq artistlərindən, onların ifasından, bər-bəzəkli ehtişamlı tamaşalardan, məftunu olduqları kinoaktrisalarından yazmağa can atırlar. Elə mən özüm də heç vaxt tələbələrin səhnə işlərinə vaxt ayırmadığımı etiraf edirəm. Ancaq bu dəfə müəllif kimi kameramı haqqında bəhs edəcəyim tamaşaya yönəltmək istərdim.
Açığı, tamaşaya qədər ara-sıra baxdığım, universitet səviyyəsində səhnə işi ilə tanış olacağımı zənn edirəm. Amma niyəsə Brextin adı məni inamlı olmağa, səhnədə baş verəcəklərə hakim kəsilməyə səsləyirdi. Həm də tamaşadan bir gün əvvəl Nofəl Vəliyevin öz sosial hesabında tamaşa ilə bağlı etdiyi paylaşımı xatırlayıram: "Mən orda olmayacam, amma tələbələrim olacaqlar və onlar öz işlərini mənim arzuladığım kimi yerinə yetirəcəklər".
Qəlbimdə həzin nisgil yaranır. Bir müəllimin günlərlə, aylarla yetişdirdiyi tələbələri üçün çəkdiyi zəhmətlər gözlərimin qarşısında canlanır. Yaradıcı insanın, pedaqoqun tələbələrinə həm də valideyn kimi diqqət, qayğı göstərməsinə, nəhayət, həlledici gündə onlardan çox uzaqda olmasına, nigarançılıq çəkməsinə mütəəssir oluram. Nofəl müəllimin tələbələrindən uzaqdakı həyəcanını, təşvişini, həm də, onlara olan inamını hiss edir, duyuram.
Bu kimi fikirlərin girdabına yuvarlandığım ərəfədə zalın işıqları sönür. Səhnədə
dimdik bir qadın və qorxudan tir-tir titrəyən gənc peyda olur. Qadın anadır. Baxışları
sərt,
üzü
əzab
çəkməkdən solmuş,
ancaq kifayət qədər qətiyyətli və
inamlı
ana! Gənc isə ananın cəbhədən
güclə saxladığı
oğul...
Brextin
1937-ci ildə qələmə
aldığı "Teresa Karrarın tüfəngləri"
pyesi 1936-1939-cu illərdə
İspaniyada baş verən vətəndaş
müharibəsindən bəhs
edir. Əsər ilk dəfə 1939-cu ildə İsveçdə fəaliyyət
göstərən Azad Alman Teatrında səhnələşdirilib.
Brext bu tamaşa üçün
dövrü əhatə
edən proloq və epiloq yazaraq özü tamaşanın hazırlanmasında
yaxından lştirak edib. Keçmiş Sovetlər İttifaqında
pyes ilk dəfə
1958-ci ildə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında səhnəyə
qoyulub.
Tələbələrin iştirakı ilə baş tutan səhnə əsərində müharibə
zamanı həyat yoldaşını müharibədə
itirən Teresa Karrar (Nəzrin Zeynalova) geriyə qalan iki oğlunu Xoseni (Emil Həmidov) və Xuanı (Həmid Aslanlı) qorumağa, onların müharibəyə getməsinin
qarşını almağa
çalışır. Bunun üçün o, oğlanlarından
birini balıq ovuna göndərir, digərini isə evdə, yanında saxlayır. Hətta onlara qonaq gələn
qardaşı Pedro (Nurlan
Ağayev) belə Teresanı fikrindən daşındırmağa, ərindən
qalan tüfəngləri
ondan almağa nail ola bilmir. Ana ciddi cəhdlə əmindir ki,
generallarla, varlılarla
mübarizə aparmaq,
onlara qarşı güc nümayiş etdirmək onun kimi kasıbların işi deyil. Üstəlik, o, ərinin
ölümü ilə
artıq vətənə
olan borcunu, öz təbirincə desək, vergisini ödəyib.
Teresa oğlanlarını müharibəyə
yollaması üçün
onu dilə tutmağa gələnlərin
hamısını, oğlu
Xuanın sevgilisini belə, qapıdan qovur, onları acılayır, oğlanlarından
əl çəkmələrini
istəyir. Ancaq bayaq vurğuladığım
kimi, amansız Brext əsərdəki
"allahlığını" edir. Taleyin qisməti
başqa cür gərdiş eləyir. Teresanın gözü qədər qoruduğu oğlu Xuan göz yaşına çevrilib onun gözündən damcılayır. Xuanı öldürürlər. Oğlunun
meyitini evinə gətirəndə Teresa iradəsini
qorumağa çalışır,
qardaşının qucağından
sürüşüb döşəməyə
yıxılsa da, ağlını
itirmir. Ayağa qalxır, bir zamanlar cırıb kənara tulladığı,
lənətli hesab etdiyi al qırmızı bayrağı oğlunun nəşinin üzərinə
sərir. O, səhv etdiyini, ilk gündən vətəndaş müharibəsinə
övladları ilə
birgə qoşulmalı
olduğunu anlayır.
Brext əslində həm də bunu demək
istəyir ki, insan həyatda ən çox nəyin üzərində titrəyirsə,
əsim-əsim əsirsə,
tanrı məhz onu ondan alır.
Rejissorun
ənənəvi, bildiyimiz
əsərlərə qaçmaması,
Brextin məhz bu əsərinə müraciət etməsi əslində mənim üçün ürəkaçıcı
hal oldu. Brexti bir tamaşaçı
kimi yenidən kəşf etdim.
Əlbəttə, bayaq qeyd etdiyim kimi, Brext
əsərlərində xeyli
amansızdır. O, əsərlərini
yazarkən sanki faciəsiz dayana bilmir, dinc durmur.
"Teresa Karrarın tüfəngləri"
əsərini yazmaqla
da, müəllif insanlara
göstərir ki, baxın,
evinizdə dinc oturmaqla, güllə səslərini qulaqardına
vurmaqla, tüfəngləri
zirzəmidə gizlətməklə,
gələn qonaqlara qıpqırmızı şərab
süzüb onları
heç nə olmayıbmış kimi zahiri rahatlıqla aldatmaqla deyil. Həyat, tale, qismət deyilən bir nəsnə va ki, ondan qaçmaq qeyri-mümkündür. Bir oğlunu
balıq ovuna yollaya, digər oğlunu dizinin yanında oturda bilərsən, amma allahın əli yaratdığı bəndələrinin
üzərindədir. Və
həmin bəndənin
alnındakı yazıları
silmək, hərflərin
yerini dəyişmək,
onları xoşbəxtliyə,
həm də bədbəxtliyə tərəf
sürüşdürmək və yaxud da, hər şeyi olduğu kimi saxlamaq da yalnız ona məxsusdur.
"Teresa
Karrarın tüfəngləri"
pyesində də tanrı sanki Terasaya inad Xuanın
alın yazısına
toxunmur, anaya heç bir xoşbəxtlik əta etmir. Nəticədə Xuanın ölümü ailəni atadan sonra növbəti yasa sürükləyir. Kasıbların taleyi bu dəfə də gətirmir. Onların qara-qura həyatı bir az da tündləşərək,
qaranlığa, zülmətə
qərq olur.
Səhnə əsəri başlanandan
hər tərəfdən
boylanan qara rənglər, ümidsizlik,
elə bil indicə, bu saat baş verəcək
faciəni hiss etdirir. Rejissor ananın narahatlığını, ölümün
rəngini, qoxusunu asanlıqla tamaşaçıya
çatdıra bilir. Tələbələrin oturuşmuş
ifaları, özlərinə
inamı, obrazlarına
tam hakim olmaları onların
əsər üzərində
ciddi hazırlaşmalarından
xəbər verir. Xüsusilə, Nəzrin Zeynalova, Nurlan Ağayev, Emil Həmidov alqışa layiq ifa təqdim edirlər. Nəzrin Zeynalovanın qadın, ana
hisslərini mükəmməl
təlqin etməsi, mizanlardakı çevik, kəskin hərəkətləri
diqqətə layiq idi. Bəzi məqamlarda onun ifasında xəfif pafos hiss olunsa da, plastikası, ifasındakı
ölçülü ardıcıllığı
bu pafosu üstələyir və müəyyən balans yaradır.
Nurlan Əliyevin simasındakı
narın, narahat cizgilərlə uyğunluq
təşkil edən bədən dili, səsindəki intonasiya
Pedro obrazı ilə bütövlük təşkil
etdiyi qədər də, Dostoyevskinin kədərli, bəxtsiz kişi qəhrəmanlarını
Knyaz Mışkini, Raskolnikovu xatırladır.
Nurlan Ağayevlə Nəzrin Zeynalovanın tandemi bir çox
səhnələrdə olduqca
uğurlu alınır.
Emil Həmidov yeniyetmələrə
xas, insani çəkingənliyi, simasındakı
ürkəkliyi maraqlı
yozumlarla tamaşaçıya
çatdırmağa, ona
tapşırılan rolun
öhdəsindən gəlməyə
çalışır.
Qarı
Peres rolunu ifa edən Fatimə Qasımova qızını
itirən yaşlı
qadın obrazını
çox kaloritli şəkildə çatdırmağa
müvəffəq olmuşdu.
Onun zahirindəki hüzn, dərddən bayğınlıq həddinə
çatması, başdan
ayağa qaraya bürünmüş dərdli
ana ifası çox maraqlı idi. Tamaşaçı səhnədə
həm bənizi göyçək, həm
də dərddən bükülmüş qadın
obrazını görərkən
qəribə hisslər
keçirirdi. Fatimə
Qasımovanın müsbət,
həqiqi fakturası üzərindən iri xətt çəkərək
qəhrəmanının tərəfinə
keçməsi, qarı
obrazına məharətlə
bürünməsi çox
maraqlı idi.
Bundan başqa, tamaşa üçün seçilən
musiqilər, davamlı
şəkildə fonda
gedən atəş səsləri və xüsusi ilə qəhrəmanların geyimlərindəki
tərtibat tamaşaçıya
əsərdəki dövrü
təsəvvür etməyə
asanlıqla kömək
edir.
Tələbələrin yaxşı ifası, təyin olunan musiqilər, tamaşanın plastik həlli, mizanların quruluşu rejissorun səhnə əsəri üzərində xeyli əmək sərf etməsindən, klassik əsərlərlə bağlı
əhatəli təcrübəsindən
xəbər verirdi. Tamaşa sona çatan zaman zalda ucalan alqış səsləri də bunu sübut etdi.
Ümid
edirəm ki, Nofəl Vəliyev tələbələri
ilə hələ bundan sonra da, daha böyük, qalıcı əsərlər
yaradacaq. Mənim bu yazım isə
"Pillə 2 Tələbə
Tamaşaları Festivalı"na,
eləcə də,
"Sabah" qrupları və
müəllim heyətinə
kiçik bir töhfə olsun.
İyun 2023
Samirə ƏŞRƏF
525-ci qəzet.- 2023.- 10 iyun.- S.14;24.