"Uşaq kinosu": dünəndən bu günə  

 

 

Uşaq kinosunun mövcud problemlərindən danışmazdan öncə mövzuyla bağlı keçmişə qayıtmağa ehtiyac olduğunu düşünürəm.

1937-ci ildə, ölkəmizin ilk qadın kinorejissoru Qəmər Salamzadə Aleksandr Popovun çəkdiyi "Dəcəl dəstə" tammetrajlı uşaq filmini uğurlu hesab etmək çətindir. Sovetlərin yeni nəsil modelini təqdim təbliğ edən "Dəcəl dəstə"nin süjetinə dövrün ideoloji diskursu hakimdir vizual konsepsiyası bədii-estetik keyfiyyətlərə cavab vermir. Bakının beynəlmiləl orta məktəblərindən birində baş verən hadisədə şagirdlərin qarşısına mütləq şəkildə əməksevər, əlaçı, nümunəvi olmaq öhdəliyi qoyulur. Məcburi tərbiyə metodunun kökündə əlbəttə ki, 1930-cu illərdə güclənən totalitarizm, senzura, ideoloji-siyasi basqı dayanırdı. Sonrakı illərdə siyasi rejimin müəyyən mənada yumşalması sayəsində, bu tendensiya öz təsir gücünü bir qədər itirdi...

Sovet dönəmində uşaq yeniyetmə mövzularına müraciət edən rejissorlardan biri Gülbəniz Əzimzadə idi. Hərçənd, rejissorun ekran əsərlərinin populyarlıq qazandığını söyləmək olmaz.  Gülbəniz Əzimzadənin 1982-ci ildə lentə aldığı "Qaladan tapılan mücrü" filmində süjetin detektiv xətti uşaq xarakterlərini arxa plana keçirir.  Müəlllifin yeniyetmələr üçün nəzərdə tutulan "Avqust gələndə" (1984) filminin qəhrəmanı Arifin üzərinə isə həddən çox yük qoyulur: dərnəkdən qovulan yeniyetmə özünütəsdiq uğrunda mübarizə aparır, atasını vaxtsız itirdiyindən ailə qayğılarını çəkir, böyüklərin təsirindən qaçmaq, öz arzularının dalınca getmək üçün çırpınır s. Qəhrəmanın müstəqil həyata keçid prosesində çətinliklər yaşaması kimi aktual məsələyə toxunulsa da, əsərin yeniyetmələrə hesablandığını nəzərə alsaq, bütün hallarda dramatik qat yumşaldılmalı, emosional yük azaldılmalı, təsvir həlli dinamik olmalıydı.

Rüfət Şabanovun 1983-cü ildə çəkdiyi "Gəmi saatının sirri"ndə əsas mövzu - böyüklərin düşüncəsiylə uşaq dünyasının toqquşması, qarşılıqlı anlaşma problemidir. Burdakı problemlərdən biri obrazların davranışının, konkret situasiyaların əsaslandırılmaması, vacib psixoloji vurğuların edilməməsi, təsvir həllinin zəifliyidir.

Filmoqrafiyasında bir neçə uşaq filmi yer alan Rasim İsmayılovun ("Asif, Vasif, Ağasif", "Şir evdən qaçdı") süjetləri macəra xəttinin aktivliyi ilə seçilir ki, bu da filmin uşaq auditoriyası üçün baxımlılığını təmin edir. 

Əlbəttə ki, ən çox sevilən baxılan Əlisəttar Atakişiyevin filmləridir. Onun demək olar ki, kult statusu qazanmış "Sehrli xalat", "Bir qalanın sirri", həmçinin "Qərib cinlər diyarında" ekran işlərinin dili rahat, axıcıdır, o dövr üçün maraqlı xüsusi effektlərdən uğurla istifadə edilib, parlaq obrazlar, təsvir həllinin ifadəliliyi, asan qavranılan məzmunu uşaqların mənəvi-estetik dünyagörüşünün formalaşmasıda əhəmiyyətli gücə malikdir.

Bundan başqa, sovet dönəmində Ənvər Əblucun daha yuxarı yaş qrupu üçün keçərli sayılan, yazıçı Süleyman Vəliyevin "Şor cüllütü" əsəri əsasında ekranlaşdırılan, sovet inqilabından əvvəlki dövrü əhatə eləyən, öz uşaqlıq sevincini, qayğısını yaşaya bilməyən, ataları kimi ağır işlərdə çalışan qəhrəmanların həyatını real boyalarla canlandıran "Qara gölün cəngavərləri", Tofiq İsmayılovun mühafizəkar ailə dəyərləri ilə müğənni olmaq arzusu uyğunlaşmayan, müəyyən mənada atasının psixoloji təzyiqi ilə üzləşən, amma sonda məqsədinə çatan qızcığazın hekayəsini danışan  "Mən mahnı qoşuram",  "Məlikməmməd" nağılı əsasında lentə alınan, nağıl personajlarının maraqlı yozumlandığı "Əzablı yollar" filmi kinematoqrafik keyfiyyətlərə cavab verirdi.

Müstəqillik illərində isə uşaq kinosunun tamamən unudulduğunu, diqqətdən kənar qaldığını desək, yanılmarıq. Düzdür, son 15-20 ildə ildə Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə əsas qəhrəmanı uşaq olan bir neçə film çəkildi. Sadəcə, həmin ekran əsərlərinin uşaq auditoriyasına, onların intellektual səviyyəsinə uyğunluğu mübahisəlidir. Ümumiyyətlə, "uşaq kinosu" anlayışı qəhrəmanları uşaq olan, bununla belə, daha çox böyüklər üçün nəzərdə tutulan filmlərdən fərqlənir. Misalçün, Şamil Mahmudbəyovun "Şərikli çörək", yaxud Mikayıl Mikayılovun "Lətif" filminin qəhrəmanlarını uşaqlar oynasa, onları sırf uşaq filmi adlandırmaq çətindir. Hər iki filmdə uşaqların dünyasına nüfuz edilməkə yanaşı, onların ağır həyatlarının fonunda, baxış bucaqlarından dövrün mürəkkəb reallıqları, mənəvi çətinlikləri əhvalatın əsas xəttini təşkil edir. "Lətif" 1920-30-cu illərdə kəndlərdəki kolxoz quruculuğunun, kollektivləşmənin təsirlərini göstərir, ictimai-siyasi reallığı, balaca Lətifin sərt gerçəkliklə qarşılaşmasını önə çəkir. "Şərikli çörək"də isə müharibə dövründə ağır sosial şərtlərdə yaşayan Vaqifin varolma mübarizəsi haqdadır, o, böyüklərin qarışıq dünyasını anlamağa çalışır, hadisələri uşaq düşüncəsinin süzgəcindən keçirərək seçimlərini edir, təcrübə toplayır. Bu kimi filmlər uşaqlardan emosional baxımdan hazırlıq tələb edir. yaş auditoriyası baxmından hibrid xarakterlidir, yəni ağır dramatik, emosional yükü ilə seçilən bu filmlər uşaqların valideynlərilə birgə baxacağı əsərlərdir. Yeri gəlmişkən, dünya kinosunda uşaq obrazlarının mərkəzi personaj kimi seçildiyi, amma hətta yetkin tamaşaçının belə psixoloji, mənəvi cəhətdən çətin qəbul edəcəyi filmlər var ki, onlara azyaşlıların baxması arzuolunan deyil. Misalçün, Roberto Rosselinin "Almaniya, sıfır ili", Vittrio De Sikanın "Şuşa" bədii filmlərində uşaqlar siyasi-sosial gerçəkliyin qurbanları kimi göstərilir, onların həyatı elə bir qəddarlıqla təsvir olunur ki, bu, yetkin tamaşçıdan da hazırlıq tələb edir.

Yaxud Günter Qrassın "Tənəkə təbili" əsasında eyniadlı filmi ekranlaşdıran Folker Şlöndorfun bu ekran əsərinin qəhrəmanı uşaq olmasına rəğmən, hekayə mahiyyətcə fəlsəfi dramdır hətta bəzi ölkələrdə on iki yaşlı oğlanın yeniyetməlik yaşına çatmayan qızla yataq səhnəsi səbəbindən qadağan edilib...

Həmçinin Rüfət Əsədovun "Arxada qalmış gələcək" (2004), İlqar Nəcəfin "Buta" (2011) filmlərinin uşaq auditoriyasına uyğunluğunu birmənalı şəkildə qəbul etmək çətindir.

"Arxada qalmış gələcək" qaçqın düşərgəsində yaşayan, keçmişə-1990-cı illərin müharibə bölgəsinə düşən uşağın hekayəsindən çox müharibə haqdadır. Kənddə nənəsi ilə yaşayan, düşüncəsiylə yaşıdlarından seçilən balaca Butanın hekayəsi isə fəlsəfi, mücərrəd qatda işlənib, təsvir həlli estetik olsa da, dialoqlar didaktik, tempi astagəldir. Uşaq filmləri rahat qavranılmalı, dinamik təsvirlərdən istifadə edilməli, ssenaristlər, rejissorlar ağır süjetlərdən qaçmalıdırlar.

Müstəqillik dövründə Mədəniyyət Nazirliyinin sifarişi ilə, sırf uşaq auditoriyasına hesablanan yalnız bir film çəkilib. Bu, Rafiq Əliyev Cavid Təvəkkülün birgə çəkdikləri, məktəb həyatını, şagirdlərin münasibətini, arzularını, narahatlıqlarını, sevgisini, dostluğunu, konfilktli məqamlarını əks etdirən "Dərs" (2015) filmidir. Filmin müəyyən qüsurlarına rəğmən, müəlliflər uşaqların daxili aləminə daxil olurlar, ən əsası onlara şəxsiyyət kimi yanaşırlar kamera uşaqlara psixoloji təzyiq eləmir. Balaca aktyorlar təbii oynayır, obrazlarına inandırmağı bacarırlar. Filmin əsas problemlərindən biri dialoqlarla bağlıydı. Məsələn, baba obrazının milli özünüdərk, tarixlə bağlı lüzumsuz, nəsihətçi fikirləri əhvalata saxtalıq ağrılıq gətirir. Müqayisədə uşaqların ifadəli üzü, müxtəlif vəziyyətlərdə davranışı dialoqlardan anlamlı, dərin görünür.

"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda deyilirdi ki, uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı genişləndirilsin. Amma təəssüf ki, bu proqram yerinə yetirilmədi. Mövzuyla bağlı Mədəniyyət Nazirliyinin audiovizual interaktiv media şöbəsinə sorğu göndərsəm (nazirlik son bir neçə ildə uşaqlar üçün filmlərin istehsalatında hansı işləri görüb yaxın perspektiv üçün bu istiqamətdə hansısa strategiya müəyyənləşibmi?), sualım cavablandırılmadı. Ümumiyyətlə, ötən illər ərzində nazirlik keyfiyyətsiz layihələrə xərclənmş pullara "Dərs" kimi bir neçə yaxşı uşaq filmi çəkilə bilərdi.

Müstəqil maliyyə ilə işləyən rejissorları isə uşaq kinosu qayğılandırmır. Kommersiya filmlərinin istehsalçıları uşaq filmlərindən gəlir əldə edəcəklərini düşünmürlər ona görə bu sahəyə sərmayə qoymurlar. Müəllif kinosu çəkənləri isə öz ideyaları, öz mövzuları maraqlandırır. Ona görə, uşaq kinosu Mədəniyyət Nazirliyinin kino siyasətində önəmli yerlərdən birini tutmalıdır. Sistemli maliyyələşmə tələb edən bu sahənin inkişafı üçün müəlliflər stimullaşdırılmalı, ssenari müsabiqələri elan olunmalı, xüsusən, ədəbiyyatla sıx əməkdaşlıq qurulmalı, həmçinin kadrlar yetişdirilməlidir.  

Milli kinomuzda pis-yaxşı uşaq kinosu ənənəsi mövcuddur. Lakin yeni texnologiyalar dövrü uşaq kinosunda tamamilə yeni, çevik yanaşmalar tələb edir. Bu yazımda yalnız uşaq bədii kinosundan danışdım. bizim reallığımızda uşaq kinosunun sənədli, serial, elmi-populyar kimi növlərindən danışmaq hələ tezdir.

Sonda məlumat üçün qısaca onu deyim ki, Qərbdə uşaq kinosuna İkinci Dünya müharibəsindən sonra xüsusi əhəmiyyət verilməyə başladı. Böyük Britaniyada, Fransada Belçikada, İsveçdə digər ölkələrdə uşaq kinoklubları fəaliyyər göstərir, uşaqlar üçün xüsusi seanslar təşkil olunur. 1958-ci ildə isə YUNESKO-un dəstəyi ilə Brüsseldə uşaq yeniyetmələr üçün Beynəlxalq Kino Mərkəzi açılıb. Məqsəd müxtəlif ölkələrin milli kino mərkəzlər arasında koordinasiya qurmaq, hər il beynəlxalq uşaq fesivalı keçirməkdir.

 

Sevda SULTANOVA

525-ci qəzet.- 2023.- 10 iyun.- S.9.