ŞƏHİDLİYİN
ZƏFƏR NƏĞMƏSİ
Tanrı dəhgahınadır,
Şəhidim, son səfərin,
Yadlara göz
dağıdır, qazandığın
Zəfərin.
Hamı sənə
ürəkdən deyir:
əhsən, afərin!
Vətən-yurd sevgisidir halal qazancın-varın,
Əbədi yolçususan nur
saçan sabahların!
Sən düşmənə Qarabağ
Azərbaycandır! - dedin,
Torpağım, dağım-daşım ürəkdir, candır, -
dedin!
Şəhid ya Qazi olmaq, şərəfdir-şandır, - dedin!
Nəqş elədin imzanı
torpağa al qanınla,
Tanındın hər tərəfdə
isminlə, ünvanınla!
Uğrunda can verdiyin bu ana
torpaq sənin,
Döyüş günü səsini
əks etdirən dağ sənin.
Bayraqdarı olduğun üçrəngli
bayraq sənin,
Şəhid ucalığında vətən
daşına döndün,
Azadlıq nəğməsinə, Zəfər marşına
döndün!
Ünyetməyən məkana qalxıb, ölümsüz
oldun,
Andında, peymanında, ilqarında
düz oldun.
Qarı
düşmən önündə
hər an yenilməz oldun,
Məzarın and yeridir, adın
hər qəlbdə naxış,
Şəhidim, əhsən sənə,
hünərinə min alqış!
31.10.2021
GEDƏK
SÖZ DİRİLƏN YERƏ
(Özümə xitabən
yazdığım şeir)
Hardan gəldin bu qapısı -
Bacası
hörülən yerə?
Bir də düşməz haqq işığı
Məhəbbəti uralanıb,
Sevgisi dərilən yerə.
Burda sütunlar yıxılıb,
Halallıq küncə sıxılıb.
Bir bölük şeytan yığılıb,
Tanrı
öldürülən yerə.
Gördüyün daş-divar da yad,
Ot bitməyən yerdə nə dad?
Yaxın
düşə bilərmi
od -
Ocaq söndürülən yerə?
Yetişmədin diləklərə,
Səsin
çatmır mələklərə.
Gəl,
qoşulub küləklərə
Gedək
söz dirilən yerə...
1996
ARAZ
NƏMLİ GÖZLƏRİMDƏN AXIRMIŞ...
Ürəyimdə sızıldayan dərd
çayım,
Qismətindən hələ incik-pərt
çayım.
Bakı-Təbriz qiyafəli mərd
çayım,
Deyən
varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən
axırmış!
Yaranışdan həm Sultandı,
həm də Xan,
Bir düşməni gödənsökən,
ev yıxan.
O birisi hürə-hürə
vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qibləgahı Zəfər taclı
Qarabağ...
İllər boyu bəxtinə
qar yağırmış
-
Araz nəmli gözlərimdən
axırmış!
Xudafərin daş köynəkli
dastanı,
Yağı bəlli, namərd
aşkar, dost hanı...
Görən varmı heç
möhləti-amanı,
"Gülüstan"da şux
qaməti bükülən,
"Türkmənçay"da gözünə
mil çəkilən.
Xəmirini kimlər dərddən
yoğurmuş -
Araz nəmli gözlərimdən
axırmış!
Həsrət yükü hələ
o tay-bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi
heç daha,
Tanrı
ona gəc nəzərlə baxırmış
-
Araz nəmli gözlərimdən
axırmış!..
04.04.2023
ÜRƏYİM
TAPDANMIŞ ƏKİN YERİDİ...
Əzəldən su kimi safam-duruyam,
Ürəyim nə qəzəb,
nə kin yeridi.
Bəlkə də bir zərrə günəş
nuruyam,
Şirin
arzularım əkin yeridi.
Acı söz mürgülü iynəm-tikanım,
Yalana bəllidir təkcə sərt üzüm.
Haqdan soraq verir hər
gələn anım,
Dilimin ucunda söz düzüm-düzüm.
Əlimdən çıxanda bəzən
dincliyim,
Heç
kimi nahaqdan tapdamamışam.
Nə yersiz hökmüm var, nə boş hay-küyüm,
Mərdlik nişanəli cəngəm-savaşam...
Söz odum, torpağım, havam, suyumdu,
Saflaşa biləndə niyyət
etmişəm.
Ovcuma düşənlər tale payımdı,
Qəmə-qüssəyə də biət etmişəm.
Kim kəsə bilər ki axı, yönümü,
Bəxtin
sapandından atılan
daşam.
Səyirdib yüyənsiz "söz
köhləni"mi,
Şeirin
"quluncunu" ovxalamışam...
Sevincim bəmdədir, nisgilim zildə,
Vücudum nə qəzəb,
nə kin yeridi.
İllərlə sızladım bir
qərib eldə,
Ürəyim tapdanmış əkin
yeridi...
12.04.2023
ŞAİR
Sevgisi qəlbi coşduran,
Gəlini-qızı çaşdıran.
Baxışı göz qamaşdıran,
Yetənə vurulan şair.
Tüstülənər hər yaşında,
Tapar dilini daşın da.
Bir qəfil söz savaşında
Düyməsi qırılan şair.
Gizlətməz başını qında,
Bənd
alan deyil heç yanda.
Tək bircə göz qırpımında
Bulanıb-durulan şair.
Qədrini nə bilir naşı,
Qəzəbi də ər savaşı.
Nadanla getsə yanaşı,
Usanıb
yorulan şair.
Ömrü-günü verməz bada,
Ağzı sözlə gələr
dada.
Sınmayır dar ayaqda da,
İçindən qırılan şair.
MƏNİM
BU DÜNYADAN GÖZÜM SU İÇMİR...
Allah, yaratdığın dünya
budursa,
Bəs,
niyə aləmə hökm eləyir şər?
Nemətin od, torpaq, hava, sudursa,
Daha nə istəyir, görəsən, bəşər?
Ya Sən xəlq etdiyin dünya bu deyil,
Ya da pozulubdu mizan-tərəzi.
Bilən
yox nədəndir artır ilbəil,
İnsanın-insana kini, qərəzi...
Sənin
əvəzindən hökm
edənə bax,
Məzluma əl uzat, yiyə dur, Allah!
Üst-üstə çəkilsin sinəsinə
dağ,
Kim ki varlığını unudur,
Allah!
Rəhmin
gəlməsəydi gül
balalara,
Yerin
"şah damarın"
kəsib atardın.
Son qoyub biryolluq sərvətə-vara,
İnsanın nəfsindən ocaq
çatardın!..
Bağışla... səbrini tarıma
çəkdik,
Özün də bezmisən
cəngdən-savaşdan.
Toxumluq dən verdin... qan-qada
"əkdik",
Barı
cəzamızı ver
bəri başdan...
Heç
kim "arşınınla"
öz boyun ölçmür,
Tanrım,
yamanlığın amanını
qır!
Mənim
bu dünyadan gözüm su içmir,
Sən onu təzədən, bir də yarat,
qur!
29.05.2023
İsmayıl
İMANZADƏ
525-ci qəzet.- 2023.- 13 iyun.- S.15.