Mənalı yaşamağın Oqtay Mirqasımov formulu
Sənətkar ömrü! Taleyi
hər zaman çətinliklərlə,
keşməkeşlərlə dolu, amma özündən,
öz həyatından
daha çox xalqının rifahı, gələcəyi, inkişafı
üçün bir şam kimi yanan,
yandıqca əriyən,
əridikcə ziyası
qocaman cəmiyyəti
aydınladan bir ömür! Bu ömrü
daşımaq nə qədər çətindirsə,
bir o qədər də şərəfli və qürurludur, əlbət!
12 iyun Azərbaycan incəsənəti, mədəniyyəti
üçün bir şamtək yanan, əriyən, şöləsi
ilə neçə
on illikləri, əsrləri
nura qərq edən sənətkarlarımızdan
mərhum Xalq yazıçısı İsa Muğannanın,
mərhum Xalq artisti Hacıbaba Bağırovun və Azərbaycan kinematoqrafiyasının
yaşayan əfsanəsi
Xalq artisti Oqtay Mirqasımovun bu xalqın taleyinə ərməğan
kimi yazıldıqları
gündür. Dahi yazıçımızın 95 illik yubileyi, gülüş ustadı Hacıbaba Bağırovun
91 illiyi tamam olur. Hər iki sənətkarımızı
sonsuz sayğı və sevgi ilə
anırıq!
Qeyd etdiyimiz kimi, bu 12 iyun həm
də tanınmış
kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun
80 illik yubileyilə əlamətdar oldu. Ömrünün 60 ildən
çoxunu Azərbaycan
kinosunun, ekran yaradıcılığının inkişafına həsr etmiş, 50-dən çox
ekran əsərinin müəllifi olan O.Mirqasımov 12 iyun 1943-cü ildə Bakı şəhərində
anadan olub. 1963-1968-ci illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
rejissorluq fakültəsində
təhsil alıb. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb və C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında çalışmağa
başlayıb. Oqtay Mirqasımov bir çox sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. "Azərbaycan
haqqında etüd"
(1969) "Bakı haqqında 10 dəqiqə"
(1970), "1001-ci qastrol"
(1974), "Gümüşü
furqon" (1982),
"Azərbaycan kinosu-80"
(1996), "Arzularını
çəkən rəssam"
(2007), "Günaydın, mələyim!
(2008), "Qisas almadan
ölmə. Keçmişdən
məktublar" (2014) və
digər filmlərin rejissorudur.
Onun filmləri Ümumittifaq festivallarında bir çox mükafatlara layiq görülüb. Oqtay Mirqasımov
1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat
Birliyinin baş direktoru vəzifəsində
çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı Mükafatına
layiq görülüb.
2018-ci ildə "Şərəf"
ordeni ilə təltif edilib.
Bütün ömrü boyunca
məhsuldar və hərtərəfli fəaliyyəti,
peşəkar yanaşması
ilə seçilən
rejissorun filmləri istər yerli, istərsə də xarici tamaşaçılar
tərəfindən hər
zaman maraqla, rəğbətlə
izlənilir. O.Mirqasımov
nəinki rejissor kimi, həmçinin, yüksək idarəçilik
qabiliyyətinə malik rəhbər,
zəngin biliyə
malik pedaqoq və Azərbaycanın ictimai-siyası
xadimi olaraq da hər zaman dövlətinə,
xalqına sadiqlik örnəyidir.
Ürəyi vətəni, milləti
ilə bir döyünən, xalqına,
torpağına, dövlətinə
bütün qəlbiylə
bağlı olan sənətkarın bu sonsuz məhəbbəti filmlərində də özünü göstərir.
Onun filmlərində bəşəri problemlərlə,
ictimai məsələlərlə
yanaşı, hər
zaman vətənpərvərlik duyğuları, ölkəsinin,
xalqının taleyüklü
məsələləri əsas
mövzu qaynağı
olub.
Ömrünün və yaradıcılığının
müxtəlif dövründə
qarşılaşdığı bir sıra süni
əngəllərə, maneələrə
baxmayaraq, Oqtay Mirqasımov ürəkdən
bağlandığı və
dərindən mənimsədiyi
rejissorluq sənətini
daima uca tutub, bu sənətin
inkişafı yolunda yorulmadan, bütün səyi və qüvvəsi ilə çalışıb. Əslində,
bir sənətkarın
qələbəsi, ən
böyük uğuru
da məhz budur. Necə ki, bir müsahibəsində öz
qəhrəmanları haqqında
danışarkən demişdi:
"Əgər biz filmdə,
ədəbiyyatda qəhrəmanlarımızın
yollarında maneələr,
əziyyətlər, bəzən
əzablar, bəzən
işgəncələr qoymasaq,
o zaman tamaşaçı qələbənin
nə qədər böyük məsələ
olduğunu necə başa düşə bilər? Qələbə
nədir? Qələbə
qazanmaq üçün
bir əziyyət olmalıdır ki, sən özündə güc tapıb onu keçə biləsən.
Mənim qəhrəmanlarımsa
həmişə belədir.
Mən heç bir zaman axırda məğlub olmuş, oturub ağlayan qəhrəman verməmişəm".
Bəli,
Oqtay Mirqasımovun qəhrəmanları hərəsi
bir cür məğrur, hərəsi
bir cür qalibdir. Özlərinin müəllifi kimi...
Bunun nəticəsidir ki, sənətkarın
zəngin yaradıcılıq
yolu hər zaman ləyaqətlə xidmət
etdiyi dövləti və xalqı tərəfindən layiqincə
dəyərləndirilib. O, sənətin ən uca zirvəsi hesab olunan "Xalq artisti" fəxri adı və sonsuz tamaşaçı sevgisi
ilə mükafatlandırılıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2023.- 13 iyun.- S.12.