"Nağıllar şəhəri"

 

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nigar Hətəmovadır. Nigar xanımla gənc rəssam Cavid Məmmədovun "Nağıllar şəhəri" əsərindən danışmışıq.

Cavid Məmmədov 4 mart 1987-ci ildə Bakı şəhərində anadan olub. O, 2003-2007-ci illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsində təhsil alıb. Rəssam 2008-ci ildə professional şəkildə yaradıcılıqla məşğul olmağa başlayıb. Cavid Məmmədov 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri yerli xarici kolleksionerlərin kolleksiyalarında saxlanılır. Bundan savayı, rəssam bu gün inkişaf etməkdə olan uğurları ilə tanınan 2022-ci ildə yaranan "Karvan" art qrupunun əsas təşəbbüskarıdır.

- Nigar xanım, sizcə, rəssam niyə əsərə məhz bu adı seçib?

- Cavid Məmmədov bu əsər ilə bizə həm fantastik, həm doğma şəhəri təqdim etməyə nail olub. Əbəs yerə, əsərin ismi "Nağıllar şəhəri" deyil. İlk baxışdan, miniatür nümunəsini xatırladan əsərdə rəssamın çağdaş baxışı da öz yerində təcəssümünü tapır. Kompozisiyanın ən maraqlı nüansı zülmət qaranlıqda işıq saçan sehrli çıraq fıqurudur. Onun üzərində ağappaq göyərçinlər cövlan edir. Çıraq bütün zülmət qaranlıqlarda işıq saçan xilaskara bənzəyir. Rəssam bu şəhər təsviri vasitəsilə bir çox fəziləti gizlədir, müəmmaları kölgələyir. Şəhərin al-əlvan çalarları sanki Günəşə meydan oxuyur. İlk baxışdan sehrli şəhərin "şıltaq" sakinləri bizi salamlayır. Ancaq ümumi ab-hava heç izləyiciləri qəribsəmir, əksinə ən səmimi ovqatı, doğmalığı ilə bizləri özünə məftun edir. Sanki rəssam kiçik natürmort əşyalarını xəyal dünyasında maraqlı bir şəhərə çevirib. Qədim tikililərə bənzəyən, gümbəzlərlə, zinət tək işlənən şəbəkələrlə bəzənən bu şəhər həqiqətən "şərq nağılı"na bənzəyir. 2022-ci ildə çəkilən əsər kətan üzərində qarışıq texnika, akril yağlı boya ilə işlənib. Ən əsası da rəssamın ən səmimi duyğu düşüncələri ilə tamamlanıb. Əsər həm ənənəvi, həm milli, həm fantastik səciyyə daşıyan, miniatürü xatırladan sujetli səhnəyə bənzəyir. Tabloda müəyyən bir əhvalat var, nağıl var...

- Bəs perspektiva?

- Bəli, perspektiva yoxdur, amma əsərdə sərhədsiz xəyal gücü var. Gah bədirlənən aydan, gah da doğan günəşdən rəng alan bu əsərdə bəyaz sülh göyərçinlərini görüb, cuşa gəldiyi ilahi bir nəfəs, əsrarəngiz rəng oyunu var. Necə ki, dünya Allahın möcüzəsi, ilahi bir əsərdirsə... bəndə bəndənin xəyal aləmi məhz belə qiymətli dəyərli əsər hesab oluna bilər.

- Əsərin kompozisiyası haqqında deyə bilərsiniz?

- Kompozisiya başdan-başa Şərq deyib, Şərq eşidir. Kompozisiyada izləyicini özünə çəkən mistik bir tilsim var. Sehrli küçələr, sirli evlər, xəyali sakinlər sevgi dolu, nurlu bir dünyanın içərisindədirlər. Əsərə baxarkən hər kəs üzündə səmimi təbəssümlə qəlbində bir arzu tutmaq istəyir, Ələddinin çırağına bənzəyən fiqur isə həmin arzuların məbədinə çevrilir. Əsər izləyicilərini qucaqlayıb, onları uşaqlıq illərinə aparır.

- Sizcə, bu rəsm bizə deyir?

- Hər bir sənətkar həyatın gözəlliklərini, rənglərini, fakturasını, duyğu düşüncələrini öz izləyicilərinin qəlbinə əsərləri ilə nəqş etmək istəyir. Rəssam Cavid Məmmədov da məhz bu əsər ilə öz xəyal aləmini izləyicilərə təqdim edir. Çünki həyatın sənətlə birləşdiyi bir dünya nağıllar dünyası tək gözəl sehirli ola bilər. Cavid Məmmədova bu sehirdən bizə bir pay caladığı üçün təşəkkür edirik.

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 14 iyun.- S.11.