Zəncirlə deyil, sevgiylə bağlanmaq...

Esse

 

Bir gün bir adam sapandla çox gözəl tükləri olan bir quşu ayağından yaralayır. Sonra onu evə gətirib, yarasını sağaldır ayağına ip bağlayıb çiyninə ataraq quş auksionu keçirilən bazara aparır. Bazarda quşun füsunkar gözəlliyini görən hər kəs adamın ətrafına yığılır ağzı açıq bir şəkildə quşa baxırlar.

Bu marağı görən adam başlayır quşu tərifləməyə: "Mənim quşum belədir, mənim quşum elədir, gözəl tükləri var, büllur səsi var" sair.

Bu vaxt bazara bir gənc gəlir bir yerə yığılmış insanları görəndə maraqlanıb, yaxınlaşır.

Buna əsəbləşən adam etiraz etməyə başlayır. Gənc isə təmkinlə dediklərinin həqiqət olduğunu iddia edir və sübut etmək üçün bir təklif verir: öncə gözəl quşun ayağındakı ipi açsın, sonra ikisi də öz quşlarını ovuclarının içinə alıb havaya buraxsınlar.

Yaşlı kişi biabır olmamaq üçün naəlac razılaşır və gözəl quşun ayağındakı ipi açır. Sonra ikisi də eyni anda quşları ovuclarına alıb havaya buraxırlar. Gözəlliyi ilə hər kəsi özünə heyran qoyan quş sərbəst qalan kimi tələsik qanadlarını çırpıb səmaya yüksəlir və bircə anda gözdən itir.   

Gənc oğlanın cılız quşu isə bazarda bir az uçub, yenidən sahibinin çiyninə qonur. Oğlan quşunun qanadlarından öpərək ona təəccüblə baxan kişiyə deyir: "Bir şeyin sənə aid olduğunu anlamaq üçün onu sərbəst buraxmalısan. əgər geri dönərsə, sənindir. Geri dönməsi üçün isə ayağına möhkəm-möhkəm ip bağlamaqdansa, sevgi vermək lazımdır".

Bəli, insan da belə deyilmi? Birini sevərkən onu itirmək qorxusu ilə ən sərt, ən möhkəm iplərlə, zəncirlərlə onu özünə bağlamağa çalışır. "Qısqanclıq" adı altında qarşısındakının bütün azadlığını, sərbəstliyini əlindən alır. Onun da özü kimi bir insan, duyğuları, düşüncələri, şəxsi həyatı, "özəl sahəsi" olan bir şəxsiyyət olduğunu qəbul etmək yerinə, az qala atacağı addımdan alacağı nəfəsə qədər hər şeyinə nəzarət etməyə, özündən asılı hala salmağa çalışır. "Ora getmə", "bunu eləmə", "bunu geyinmə", "sosial şəbəkə istifadə etmə", "balkona çıxma", "filankəsə salam vermə", "filan verilişə baxma", "filan kitabı oxuma", "təhsil alma", işləmə" kimi göstərişlər zaman keçdikcə azalmaq yerinə daha da artır, insanı kölələşdirməyə gətirib çıxarır.

Romantik xəyallarla yaşayan, dünyagörüşü, ya da şəxsiyyəti psixologiyası tam formalaşmayan insanlar isə bu cür göstərişləri qısqanclıq, yəni sevgi zənn edirlər. Onlara görə əgər biri ona bu qadağaları qoyursa, onu qısqanır, qoruyur, bu da təbii ki, sevgidən xəbər verir. Lakin onlar bilmirlər ki, bu, insan şəxsiyyətinin formalaşmasına insan azadlığına birbaşa təcavüzdür.

Bu vəziyyət getdikcə ağırlaşanda dözülməz hal alanda isə artıq hər şey üçün gec olur. Artıq insanın həyatına, azadlığına vurulmuş buxovlar onun şəxsiyyətini və ruhuna da zəncirləyir və o, bir fərd kimi görünsə də, başqasından asılı bir varlığa çevrilir. Hətta elə bir hal alır ki, qarşısındakı onun üçün ilahiləşir və insan onun əmrləri, göstərişləri olmadan bu həyatda yönünü itirir, çabalamağa başlayır.

Yalnız daxilindəki, varlığının ən dərinliyindəki gücü kəşf etməyi bacaranlar, iradə və qərar sahibi insanlar bu gərdişə "dur" deməyi bacarır, ayaqlarına bağlanmış zənciri bir dəfəlik qoparıb azadlığa doğru qanadlanırlar. Onlar anlayırlar ki, bu, nə qısqanclıqdır, nə də qorumaq çabası. Sevgi isə heç deyil, qətiyyən deyil. Bu, olsa-olsa, narsist, eqoist insanın hökmranlıq cəhdləridir və o, öz şəxsiyyətini yüksəltmək üçün sənin şəxsiyyətini bir nərdivan, pilləkən kimi istifadə edir. Əzdikcə ucalır, ucaldıqca daha betər, daha sərt əzir. Və təbii ki, bunun sonu yoxdur!

Bəli, sevgi qarşısındakını zəncirləmək, özünə bağlamaq deyil, sevgi sevdiyinə könlüncə yaşamaq şansı vermək və onun da bir şəxsiyyət olduğunu anlamaqdır. Birinin həqiqətən də "sənin" olmağını istəyirsənsə, onu zəncirlə deyil, yalnızca həqiqi və saf sevgi ilə özünə bağlaya bilərsən!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 14 iyun.- S.11.