"Yaşamağa
dəyən həyat"
Ədəbiyyat musiqi kimidir - havasını da, duya bilən qəlbi də özü seçir. Ədəbiyyat
ucsuz-bucaqsız bir tablodur - bir-birindən fərqlənən rənglərin
saysız çalarlarını
hər yazarın rəng uyumu ilə özünəməxsus
əks etdirər. Ədəbiyyat elə bir söz mülküdür
ki, yalnız onu müəzzəm qılanları
özünə sultan edər.
Bu gün ədəbiyyatımızda
seçilən bir çox imzalar var. Oxunduqca ədəbiyyata daha sıx bağlayır
insanı, düşünür,
düşündürür. Özünəməxsusluğu, şirin dil üslubu ilə seçilən, sevilən
yazarlarımızdan biri
də Ruhəngiz Əşrəfqızıdır - Ruhəngiz Əşrəf
qızı Nəcəfova.
Neftçalanın Qırmızıkənd kəndində doğulub boya-başa çatmış
Ruhəngiz xanım hələ uşaqlıqdan bacarığı
və əzmi ilə seçilirdi. Ədəbiyyata, kitaba, mütaliəyə marağı
çox kiçik yaşlarından üzə
çıxmış, 5 yaşından
kənd kitabxanasının
fəal oxucusuna çevirmişdi. Bu fəallıq
həyatının sonrakı
dönəmlərində də
onunla addımbaaddım
irəliləmişdi. 10 illik
qayğılı ötürdüyü
təhsil, ali məktəb illəri və öhdəsindən
həqiqətən də
layiqincə gəldiyi
çox sevdiyi müəllimlik peşəsindəki
uğurları.
Uzun müddət qəzetlərdə
dərc etdirdiyi publisistik yazılarından
sonra özünə daha da inandı Ruhəngiz Əşrəfqızı,
bir-birinin ardınca yazdığı hekayə,
povest, romanları ilə oxucularını da
inandırmağı bacardı.
1999-cu ildə çap olunmuş "Bir kəndin tarixi"
adlı ilk kitabı
ilə başlayan yazıçı "Kəndimizin
dəmir atları", "Əbədiyaşarlıq",
"İtmiş povestlər", "Qayıdış"
romanının yer aldığı 2 cildlik
"Seçilmiş əsərləri" ilə davam edərək
5 kitab ərsəyə gətirdi.
2017-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan
yazıçı-publisist Ruhəngiz Əşrəfqızı
böyük amalı, məqsədləri ilə inamla addımladığı
"Yaşamağa dəyən həyat"a yeni
uğurları, gələcəyə baxışı, yeni
ümidləri ilə yüksəklərə duğru qanad
çalmaqdadır. Onu qanadlandıran, gücünə güc
qatan qüvvə isə əlbəttə ki, yetirmələridir.
Həm də istər sevdiyi peşəsində, istərsə də ədəbi
aləmdə davamçısı olan övladı
Söylü Ayaz qızı Ağazadənin timsalında
böyük zəhmət hesabına yetişdirdiyi,
uğurları ilə qürurlandığı neçə-neçə
şagirdləridir.
Söylü
Ayazqızının esseləri, hekayələri ilə
tanış olduqca müəlliminin - Ruhəngiz Əşrəfqının
dərin izlərini görmüş oluruq. Bəli, artıq
yazarlar sırasına bir ad da əlavə olundu. Bu adın
sahibi qələmi,
düşüncələri ilə özünü
doğruldan, ilk oxunuşda insanı özünə çəkən Söylü Ayazqızıdır.
Yazmaq,
şövqlə yaratmaq Ruhəngiz xanımın həyat
eşqi olsa da, ömrünü sevərək həsr etdiyi
müəllimlik peşəsi onun əsas yaşama sevincinə
çevrilib. Elə bu səbəbdəndə 2018-ci ildə
öz istəyi ilə Neftçala rayon Heydər Əliyev Mərkəzinin
direktoru vəzifəsindən azad olunmuş,
"bütün sənətlərin açarı müəllimlikdir"
inamı ilə elinin-obasının övladları yoluna
çıraq olmaq üçün bu sənətə
qayıtmağı özünə borc bilərək həyatının
ən böyük seçimini etmişdi. Elə həmin ildən
Ruhəngiz müəllimə Neftçala rayon
Xolqaraqaşlı kənd tam orta məktəbində direktor vəzifəsində
çalışır. Özünün də dediyi kimi
"həyatımın mənası, mayası, canı,
qanı olan bu sənət mənim bütün yaşam
tərzimi müəyyən edib". Hər il şagirdləri
rayon və respublika turlarında tədris etdiyi fənni təmsil
edərək uğurlu nəticələr
əldə edir, müəllimlərinin əməyi sayəsində
işıqlı sabaha daha da ruhlanırlar. Ruhəngiz Nəcəfova
2007-2008, 2012-2013-cü tədris ilinin "Ən yaxşı
yüz müəllim" müsabiqələrinin qalibi olub, dəfələrlə
rayon, respublika miqyaslı diplomlar, Fəxri fərmanlar, 2005-ci
ildə isə "Tərəqqi" medalı ilə təltif
edilib.
Bütün ömrü boyu oxuduqlarından, ustadlarından, müəllimlərindən aldığı mənalı mənimsəmələri, yaddaşının bu günə qədər aldığı ölməz qazancı sevərək şagirdlərinə ötürən Ruhəngiz Əşrəfqızı Nəcəfova hələ məktəb və tələbəlik illərində öz ədəbi düşüncələri, mülahizələri ilə ustadlarını kövrəltməyi bacarmışdı. Bu gün isə o, gələcəklərinə ümidlə baxdığı şagirdlərinin arasında onu nə vaxtsa kövrəldəcək, duyğulandıracaq ardıcıllarını soraqlamaqdadır. Uzun sənət dünyanızda və peşənizdə sizə, Söylü Ayazqızının timsalında sizi ruhlandıran bütün ardıcıllarınıza sonsuz uğurlar və nailiyyətlər arzulayırıq. Bundan sonra da yazın-yaradın və yeni-yeni əsərlər bəxş edin!
Nəzakət QULUQIZI
525-ci qəzet.- 2023.- 15 iyun.- S.15.