Masallıda "Azərbaycan" jurnalının 100 illiyi qeyd edilib

 

Masallı rayon Mərkəzi Kitabxanasında "Azərbaycan" jurnalının 100 illiyi münasibətilə rayon yazarlarının görüşü keçirilib. "Göy Qurşağı" ədəbi məclisinin üzvləri, kitabxana əməkdaşları və digər qonaqların qatıldıqları tədbiri açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, kitab məbədi, bilik ocağı olan bu məkan hər zamankı kimi "Göy Qurşağı" ədəbi məclisinin tədbirlərinə ev sahibliyi etməyə hazırdır. "Göy Qurşağı" ədəbi məclisinin həmsədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Xanəli Tolış bu fikrə cavab olaraq deyib ki, mədəniyyət müəssisələrində məclisin yığıncaqlarının keçirilməsi rayonun mədəni həyatında canlanmaya zəmin yaradır.

Yazıçı Aliq Məmmədov, şair Allahverdi Bayrami vurğulayıblar ki, milli mətbuatımızın bənzərsiz örnəyi olan "Azərbaycan" jurnalının bu günlərdə 100 illiyi qeyd edilir. Bu ədəbi orqan təsis olunduğu vaxtdan bəri ədəbiyyatın təbliğində və istedadlı qələm sahiblərin tanımasında aparıcı rol oynayıb. "Azərbaycan" jurnalı fəaliyyəti boyunca çətin və dəyərli mərhələlərdən keçərək, müasir dövrümüzə kimi öz mövcudluğunu qoruyub saxlaya bilib.

"Talisman" qəzetinin baş redaktoru Rafiq Məmməd gənc yaşlarında "Azərbaycan" jurnalında şeirlərinin çap olunmasının onun sonrakı yaradıcılığına böyük stimul verdiyini diqqətə çatdırib. Masalı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva isə muzeyin ilk qurucusu olan atası Rəhim Tağıyevin yazılarının "Azərbaycan" jurnalında çap olunduğunu, jurnalın nüsxələrinin indiyə qədər ev kitabxanasında qiymətli vəsait kimi saxlandığını deyib.

Tədbirdə çıxış edənlərdən yazıçı-publisist Xodaşirin Cəbiyev (Cabbari), yazıçı Nazim Qərib, şair Əlimərdan İbrahimov və Məmmədağa Dadaşov "Azərbaycan" jurnalının fəaliyyəti, ədəbi mühitdə baş verən yeniliklər haqqında düşüncələrini bölüşüblər. "Göy Qurşağı" ədəbi məclisinin üzvlərindən Nazim Qərib, Qədiməli Eloğlu, Ədalət İsayev, Şirzad Ağayev və Bahadur Şıxlaroğlu öz yaradıcılıqlarından nümunələr oxuyublar.

 

Zəfər ORUCOĞLU

525-ci qəzet.- 2023.- 15 iyun.- S.12.