Rəsul Həmzətovla küsüb barışmalarımız...
Rəsul Həmzətov-100
Müharibədən sonrakı illərdə Rəsul Həmzətov sovet dövrünün ən məşhur şairlərindən
biri idi. Onun Naum Qrebnyovun
və Yakov Kozlovskinin ruscaya çevirdikləri şeirləri
o zamanlar ən dəbdə olan rus şairlərinin poeziyası ilə müqayisə oluna bilərdi. Sözlərinə
yazılmış mahnılar,
xüsusən də
"Durnalar" mahnısı
xeyli populyar idi. Doğrudur, onu istəməyənlər
bütün bu uğurları, yaradıcılığının
bu səviyyəyə
yüksəlməsini tərcüməçilərin
ayağına yazır
və öz fikirlərini onunla əsaslandırırdılar ki, Həmzətovun yazdığı
dil dərin, zəngin hissləri, fəlsəfi fikirləri ifadə eləmək üçün çox kasıbdır. Bununla razılaşmayanlar isə
çox düzgün
qeyd edirdilər ki, əgər tərcüməçilər
belə istedadlıdırlarsa,
bəs nəyə görə özləri bu cür gözəl
şeirlər yaza bilmirlər? Hər necə olur olsun, Rəsul Həmzətov fenomeni bir neçə onillik ərzində sovet ədəbiyyatında
hadisə olaraq qaldı. Bu fenomenin əsasında onun təkcə poeziyası yox, həm də
parlaq qeyri-adi şəxsiyyəti dururdu.
O, öz sınıq-salxaq
ruscasında politbüro
üzvlərindən tutmuş,
adi sıravi dinləyicilərə qədər
hər kəsi iti yumoru, zarafatları
ilə güldürə
bilirdi. Onun bədahətən etdiyi zarafatlar, atmacaları dillər əzbəri idi. Bir dəfə böyük bir məclisdə kimsə qadınların şərəfinə
badə qaldırır,
bütün kişilərdən
ayaq üstə içməyi xahiş edir, məclisdə olan kişilər ayağa qalxırlar və Rəsul Həmzətov bərkdən
deyir: "Nə böyük təkəbbür".
Onun həyat yoldaşı qumıq qızı Patimat idi və
Rəsul Həmzətov
kiminləsə tanış
olanda özünü
belə təqdim edirdi: "Patimatika elmləri doktoru". Patimat xanım üçüncü dəfə
qız doğanda Rəsul teleqram vurur: "Pozdravlayu za postayanstvo" (prinsiplərində
dəyişilməz olduğuna
görə təbrik edirəm mənasında).
Moskvada hansısa böyük bir iclasdan isə
Həmzətov anasına
belə teleqram göndərir: Mahaçqala.
Anama. Rəyasət heyətində oturmuşam,
amma xoşbəxt deyiləm.
İlk dəfə Rəsul Həmzətovu bizim evdə görmüşəm.
Rəsul Həmzətov,
həyat yoldaşı
və atam Daşkənddən hansısa
bir iclasdan qayıdırdılar. Daşkənddən
Mahaçqalaya birbaşa
reys olmadığına
görə Həmzətovlar
bir neçə saat bizdə oldular. Yadımdadır, Patimat xanım gülərək danışırdı:
"Daşkənddə Rəsulun
şlyapası itmişdi
(Həmzətovun yox, atamın). Rəsul Rza kimdənsə soruşdu, ona dedilər ki, şlyapanı
raykoma göndəriblər.
Rəsul - onun raykomda nə işi var? - deyə cavab verdi - mənim
şlyapam partiya üzvü deyil axı?!"
Ərinin
zarafatlarına öyrəşmiş
Patimat xanım bu söhbətə də ürəkdən gülürdü. Həmin
gün dayım, geoloq Rəşid Rəfibəyli də bizdə idi. Həmzətov elə hey sorğu-suala tutmuşdu onu. Dağıstandan çıxa biləcək
faydalı qazıntıları
soruşurdu.
İkinci
görüşümüz də atamın evində oldu. Amma təəssüf ki, bu görüş o qədər
ürəkaçan olmadı
və hətta az qala dava-dalaşla
qurtardı.
Rəsul
Həmzətov Bakıya
Yazıçıların Qurultayına
gəlmişdi. Vaqif Səmədoğlu ilə
gəzirdik, birdən Vaqif dedi ki, - gedək bizə. Yəni Səməd Vurğunun ev-muzeyinə. Çünki həmin gün Rəsul Həmzətov da onlara gəlməliydi. Vaqifgildə
onunla görüşdük.
Atamın kim olduğunu bilən kimi başladı məni qınamağa: əgər Rəsul (yəni atam) Mahaçqalaya gəlsəydi,
mən onu vağzalda qarşılayardım.
Amma mən artıq iki gündür Bakıdayam, Rəsul isə heç görsənmir də. Mən də dilimdən bəlaya düşərək onu evimizə dəvət etdim. Atam nədisə,
yaxşı hiss eləmir
özünü - dedim
- amma sizi evimizdə görməyə
şad olar. Qonağımızın kefi
bir balaca kök idi, o dəqiqə razılaşdı.
Bu dəfə həyat
yoldaşı Patimat xanımsız gəlmişdi.
Onu Bakıda yaşayan Rəsul adında bir dağıstanlı müşayiət
edirdi. Mən zəng vurub valideynlərimə xəbər
verdim. Səməd Vurğunun övladları
- Yusif, Aybəniz, Vaqif, iki Rəsul
və mən atamgilə getdik. Yolda Həmzətovdan soruşdum ki, Dağıstandan
başqa da gələn
var? O, məzəmmətlə mənə baxıb: Bəyəm bir Həmzətov bəs deyil? - dedi.
Rəsul
Həmzətov türk
jurnalisti Həyati Asıl və yazıçı Anarla
Bizim evdəki məclisdə əvvəlcə hər şey qaydasında gedirdi. Hətta, Həmzətov "Literaturnaya
qazeta"da doğma dili haqda şeiri
çap olunandan sonra atamın ona təbrik teleqramı göndərməsini
kövrəkliklə xatırladı.
Sözləri dəqiq
yadımdadır: Bir şair
üçün o biri
şairin təbrikindən
yüksək nə
ola bilər?
Amma sonra... Görünür, səhərdən içdiklərinin
üstünə bizdə
vurduğu konyak da gələndə o, özünü
aqressiv aparmağa başladı. O ərəfələrdə
"Azərbaycan" jurnalında
atamın xalq ruhunda şeirləri çap olunmuşdu. Həmzətov atama üzünü tutub, - sən ki, həmişə
sərbəst şeir
yazmısan, başqa vəznlərdə də yazmaq bacarığını
nümayiş etdirmək
nəyə lazımdı?
- deyə yersiz etirazlarını bildirməyə
başladı.
Adətən, istənilən hücuma
sərt cavab verən atam qonaqpərvərlik göstərib,
ev yiyəsi kimi söhbəti zarafata salmaq istədi: Mənim şeirlərim haqqında
sən haradan bilirsən? Onlar ki, hələ tərcümə
olunmayıb... Sən də Azərbaycan dilini bilmirsən. Kim xəbər elədi bunu sənə? Həmzətov isə sakitləşmək bilmirdi,
elə hey nəsə
deyir, deyinirdi. Onda atam sərt
bir şəkildə:
"Nədi, səninlə
məsləhət eləməli
idim ki, nəyi, necə yazım?" - dedi.
Həmzətovu müşayiət edən
üçüncü Rəsul
birdən qəribə
şəkildə dəyişdi.
Valideynlərim onu çox nəzakətli, təvəzökar bir adam kimi tanıyırdılar.
Amma indi o, öz məşhur həmyerlisinin
yanında elə bil tamam başqa
adam olmuşdu. Özü də çox gülünc bir şəkildə guya nələrəsə
etiraz etməyə çalışırdı. Cibindən
balaca bir qutu çıxarıb açdı - qutunun içində Həmzətovun
müxtəlif mükafatlarını
gəzdirirmiş.
- Bu səndə var? - deyə atama Lenin ordenini göstərdi.
- Var, var
- deyə, atam gülə-gülə bu sərxoş, cəfəng
suala cavab verdi. Onda o, Lenin mükafatı nişanını
göstərib - Bəs
bu?
- O, yoxdur - atam yenə
gülərəkdən cavab
verdi.
- Mən də onu deyirəm - təntənəli surətdə
elan etdi.
Rəhmətlik Yusif bir az kəkələyə-kəkələyə
Həmzətova müraciət
edərək üçüncü
Rəsulu göstərib:
- On vaş ordenanosets?
("Bu, sizin orden daşıyanınızdır?") - deyə xəbər aldı.
Sən demə, Rəsul Həmzətov hər Bakıya gələndə
özü ilə gəzdirdiyi mükafatlarını
həmyerlisinə verirmiş
ki, sərxoş olanda
itirməsin.
Həmzətov bir az da coşdu: - Sizi (yəni Azərbaycan şairlərini - A.) kim tərcümə edir? Ancaq ikinci dərəcəli
şairlər. Bu yerdə
mənim səbrim tükəndi artıq.
- Bizim şairləri təkcə Qrebnyov,
Kozlovski yox, Pasternak, Axmatova,
Selvinski, Luqovski, Svetlov, Simonov da tərcümə
edib - dedim və rusca Pasternakın
şeirindən parça
oxudum:
Yaxşı deyil məşhur
olmaq, tanınmaq
Yüksəklərə bu qaldırmır adamı
Nə lazımdır arxiv yığmaq, toplamaq
Matah bilib hər bir cızma-qaranı.
Yaratmaqda
məqsəd - fədakarlıqdır,
Haray-həşir deyil, deyil şöhrət də.
Ayıbdır heç nəyə
qadir olmadan
Hey adın çəkilə
sözdə, söhbətdə.
(tərcümə
mənimdir - A.)
Məclisdəkilərin hamısı bunu Həmzətova atmaca kimi qəbul
etdilər. O, ədəbiyyatımız
haqqında daha təhqiramiz danışmağa
başlayanda, Ənvər
Məmmədxanlı dözmədi,
ona aid biabırçı
bir faktı yada saldı. Şeyx Şamil türk casusu elan edildiyi illərdə Həmzətov
onun əleyhinə şeir yazmışdı,
dağlıların qəhrəmanını
çeçen canavarı,
inquş ilanı adlandırmışdı. Əlbəttə,
bu, çeçen və inquş xalqlarının sürgünü
zamanı ikiqat namərdlik idi. Həm də məlumdu ki, Şamil nə çeçen idi, nə inquş,
Rəsul Həmzətov
kimi avar idi.
Bu, əlbəttə, qurşaqdan
aşağı zərbə
idi, amma Ənvər Həmzətovun
sərxoş hərəkətlərinə
sadəcə dözmədiyi
üçün demişdi
bunu. Və Həmzətov da deyilənlərdən
qəzəblənib Ənvəri
kobud şəkildə
təhqir edəndə
Ənvər onu vurmaq istədi. Yaxşı ki, Yusif cəld reaksiya verib Ənvərin əlini tutdu, şillə Həmzətova
dəymədi.
Rəsul Rza Rəsul Həmzətovla
- Rəsul, sənin evində məni təhqir edirlər - deyə Həmzətov atama şikayət etdi.
- Özünü ləyaqətli
aparsan, heç kim səni təhqir
etməz.
Şərait gərginləşirdi. Amma birdən gözlənilmədən
Həmzətov:
- Olar, mən Mahaçqalanı sifariş
edim? Patimatla danışmaq istəyirəm.
- dedi.
- Əlbəttə.
O, sifariş elədi, tezliklə də birləşdirdilər.
- Patimat mən Rəsulgildəyəm. Hamı
sənə salam göndərir.
Deyək
ki, bunlar hamısı
sərxoş vəziyyətdə
deyilən sözlər
idi. Amma səhərisi
gün artıq sərxoşluqdan ayılmış
Həmzətov qurultayda
çıxış edib
- Azərbaycanda Səməd
Vurğundan sonra şair qalmayıb, - dedi.
Maraqlıdır ki, bu sözlərdən
sonra onu xeyli alqışladılar.
Mirzə İbrahimov, Məmməd
Rahim, Qılman Musayev ona sərt cavab
verdilər və salon
onları da sürəkli
alqışladı. Kütlə
psixologiyasını anlamaq
çətindir.
Sonralar
o, atamla Moskvada görüşüb. Öz
hərəkətlərinə görə (bizim evdəki söhbətlərə,
ya qurultaydakı çıxışına görə)
atamdan üzr istəyib və - "Niyə inciyirsən ki? Kefli olmuşam, sözdü də demişəm" - deyib.
Həmzətov atamın yubileyinə
təbrik teleqramı göndərmişdi.
"Əziz, Rəsul müəllim! Yubileyiniz sizə olan sevgi və hörmətimi
bildirmək üçün
məndən ötrü
daha bir bəhanədir. Sizin yaradıcılığınız uzun illər milyonlarla oxucuların sevincinə səbəb olur. Sizə əbədi ruh yüksəkliyi, möhkəm
cansağlığı və
parlaq sevinclər arzulayıram. Sizi bağrıma basıram. Rəsul Həmzətov".
Həmzətovlar ailəsi adından
daha bir teleqram oktyabr bayramı günlərində
və yəqin ki, anamın xəstəliyi ilə əlaqədar göndərilmişdi."Əziz
bacım Nigar, əziz dostum Rəsul, sizi övladlarınız ilə
birgə oktyabr bayramı münasibətilə
təbrik edirik. Arzu edirik ki, Nigar tez bir
zamanda sağalaraq hamımızı sevindirsin.
Kədər və xəstəlik sizin evdən uzaq olsun. Qoy evinizdə
həmişə sevinc
və xoşbəxtlik
olsun, qüssə, kədər isə ancaq şeirlərinizdə
olsun.
Zarema, Patimat, Rəsul Həmzətovlar".
1981-ci ildə Rəsul Həmzətov atamın vəfatı ilə əlaqədar başsağlığı
verdi.
"Çox kədərli bir xəbər mənə də gəlib çatdı. Əziz dostum Rəsul bizi tərk edib. Təəssüf edirəm
ki, bu günlərdə
mən sizinlə deyiləm, o kədərli
anları bölüşə
bilmirəm. Rəsul Rza sağdır. O, əbədi şair və əbədi dostdur. Onun xatirəsi
qəlbimdə həmişə
yaşayacaq. Rəsul Həmzətov".
Bu kədərli tarixdən çox-çox əvvəl
mən hələ gənc yaşlarımda Moskvada Mərkəzi Ədəbiyyat Evində təsadüfən Rəsul
Həmzətovu gördüm.
O, özünü elə
göstərdi ki, guya
məni tanımır.
Bəlkə də xatırlamırdı. Axı,
bizim evdə olan mübahisədən gör neçə il keçmişdi.
Əlbəttə ki, Qarabağ hadisələrinin
başlanğıcında onun
özünü aparması,
tutduğu mövqe ilə müqayisədə
bunlar çox xırda məsələlərdi.
Mərkəzi mətbuatda
ermənipərəst mövqeyini
bildirməsi Azərbaycanda
hamının hiddətinə
səbəb olmuşdu.
Moskvada Ədəbiyyat
institutunda onunla birgə təhsil almış və onun dostu sayılan
Nəbi Xəzri Rəsula ciddi etiraz dolu, açıq
və qəzəbli məktub yazdı.
Bir neçə il sonra mən Azərbaycan Yazıçılar Birliyinin
sədri kimi Həmzətovlarla İstanbulda
Əziz Nesinin yubileyində görüşdüm.
Gəmiylə Bosforda gəzinti zamanı Patimat xanım dedi ki, Rəsul Azərbaycanda ona olan münasibətə görə bərk fikir edir. Bu hadisələrin başlancığında
məsələni yerli-yataqlı
öyrənmədən nə
isə deyib və indi çox
peşmandı.
Biz üçümüz
söhbət edirdik. Əsasən Patimat xanım danışır,
Rəsul susurdu.
"Gəlin Bakıya. Televiziyada çıxış
edin. Öz mövqeyinizi bildirin və hər şey yerini alsın" - dedim
O, Bakıya gəlmədi.
Amma mənim ünvanıma
iki teleqramm vurdu. Qara Yanvarın
ildönümü və
Xocalı soyqırımı
barədə: "Bakı.
Azərbaycan Yazıçılar
Birliyi Anara. Azərbaycanda
Qara Yanvarın il dönümündə mən
sizinləyəm. Bacı
və qardaşlarımızın
həlak olması məni çox kədərləndirdi. Arzu
edirəm ki, belə bir hadisə heç vaxt, heç yerdə təkrar olmasın. Rəsul Həmzətov. Mahaçqala. 4 yanvar
1991-ci il".
"Bakı. Azərbaycan Yazıçılar Birliyi.
Anara. Bu günlərdə Azərbaycan
matəm içindədir.
Və biz qardaş yazıçılarla sizin
bu dərdinizə şərik olub inanırıq ki, ölkənizdə
sülh, əmin-amanlıq
bərqərar olacaq. Sizin Rəsul Həmzətov. Mustay Kərim, Musa Qali".
İstanbulda o, mənə Əziz
Nesinin yubileyindəki çıxışımı çox bəyəndiyini deyirdi, amma o, bizim dili bilmirdisə,
mənim çıxışıma
necə qiymət verə bilərdi?!
Moskvaya qayıdanda təyyarədə
o, məndən soruşdu
ki, niyə görə
Türkiyəylə Dostluq
Komitəsi yoxdur? Mən bunu bilə
bilməzdim. Onda dedi ki, bu məsələ
ilə məşğul
olacaq və təklif edəcək ki, mən o komitənin sədri olum: - Türkiyədə səni
yaxşı tanıyırlar,
gör necə isti qarşıladılar.
Söhbətimiz əsnasında Dağıstan
ədəbi mühiti
ilə daha sıx əlaqələrin
yaradılması üçün
yeni ideyalarımız ortaya
çıxdı. Sonralar
Rəsul Həmzətov
mənə bu haqda məktub da yazdı.
"Əziz Anar! Biz sizin xalqlarımızın
yenilməz, etibarlı
dostluğunun təsdiqi
olan, ədəbiyyatımızın
təkcə bu gününə yox, həm də gələcəyinə xidmət
edən təklifinizi böyük məmnuniyyətlə
salamlayırıq.
İstənilən uyğun vaxtda
biz birgə tədbirlər
haqqında müvafiq razılığı (protokolu)
müzakirə edib imzalamağa hazırıq.
Müştərək planlar
haqqında konkret təkliflər hazırlanacaq
və sizə təqdim olunacaq. Sizə xoş arzularla. Elə indilərdə sənin yubileyin haqqında eşitdim. Ürəkdən
təbrik edirəm. Ümidvaram ki, səninlə
birlikdə Dağıstanda
qeyd edərik. Dərin hörmətlə
Rəsul Həmzətov.
D.R.Yazıçılar Birliyinin sədri 29 aprel 1998-ci il".
Çox təəssüf
ki, mən Dağıstana gedə bilmədim. Amma Rəsul Həmzətov Səməd Vurğunun 90 illiyində Bakıya gəldi.
O vaxtlar Prezident
Aparatında işləyən
şair Hidayət Rəsul Həmzətovun Bakıya gəlməsi tarixçəsini xatırlayaraq
yazır: "Mənim
Rəsul Həmzətovla
şəxsi tanışlığım
yox idi, ona görə Anarla məsləhətləşdim,
xahiş etdim, Həmzətova zəng vurub, onu yubileyə
dəvət etsin. Anar razılıq verdi, elə mənim kabinetimdən Mahaçqalaya zəng vurub onunla danışdı.
Rəsul Həmzətov
təbrik teleqramını
hara göndərəcəyini
soruşdu. Bu o demək idi ki, onun Bakıya
gəlmək fikri yox idi. Anar
müəllim dedi ki, siz çoxdandır
Bakıda olmamısınız,
gəlsəydiniz yaxşı
olardı.
Rəsul Həmzətov
xəstə olduğunu
deyərək nəinki
Mahaçqaladan, hətta
öz yaşadığı
evdən belə çıxmadığını söylədi. Bununla da söhbət bitdi. Amma Anar
ona bildirdi ki, onun dəvət
olunması məsələsi
ilə Dövlət müşaviri Hidayət məşğul olur. Anar kimi hörmətli
bir yazıçının
zəngi yerinə düşdü. Və bizim münasibətlərimiz
üçün gözəl
başlanğıc oldu".
Hidayət qeyd
edir ki, Prezident Heydər Əliyevin adından dəvət olunandan sonra Rəsul Həmzətov həyat yoldaşı ilə birgə Bakıya gəldi.
Öz çıxışında
Rəsul Həmzətov
dahi şairə böyük sevgisini, Azərbaycan xalqına isə dostluq münasibətlərini bildirdi.
Həmin gün
axşam Heydər Əliyev qonaqların şərəfinə verilən
ziyafətdə Rəsul
Həmzətovla bir yerdə onunla olan görüşlərini
yada salırdı.
Ömrünün axır illərində keçirdiyi infarktlardan sonra Rəsul Həmzətov daha içki içmirdi.
Xasiyyətində olan təzadlara, xüsusən sərxoş
olanda (bu da tez-tez olurdu)
davranışına, bizim
evdə olan mübahisəyə, qurultayda
yersiz çıxışına
və ən əsası Qarabağ konfliktində nalayiq mövqeyinə baxmayaraq, mənim onun haqqında isti xatirələrim var. Bəlkə də bu, onun parlaq
şəxsiyyətindən, şirin yumorundan, şəksiz istedadından
irəli gəlir. Bunlar hamısı onun bəzi hərəkətlərini ört-basdır
edirdi.
Onu axırıncı
dəfə Səməd
Vurğunun yubileyində
gördüm. Mahaçqalaya
onun öz yubileyinə dəvət olunsam da, təəssüf
ki, gedə bilmədim. Biz ora şair Mənsur
Vəkilovu göndərdik.
Mənsur özü danışırdı ki,
orada çıxışını
belə sözlərlə
tamamlayıb: "Əziz
Rəsul Həmzətoviç
dostunuz Səməd Vurğun sizsiz yaman darıxır".
Bir ay sonra Rəsul Həmzətov vəfat etdi.
Sentyabr, 2012-ci il.
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
525-ci qəzet.- 2023.- 15 iyun.- S.10;11.