ÜNVANI:
ƏBƏDİYYƏT
Dəyər həmişə dəyərdir.
Bir dəfinə yüzillərlə
dənizin dibində qala, bir xəzinə
ən uzun vaxt boyunca torpağın
təkində ola bilər,
amma qiymətini itirməz. Nə zaman üzə çıxsa, yenə qiyməti üstündədir. Başqalaşan
vaxt dəfinələrə,
xəzinələrə özünün
verdiyi qiyməti öz arşınına uyğun olaraq artıb-azalda bilər.
Amma mahiyyət dəyişməz.
Nə qədər küləklər əsib
keçə, dəyər
dəyərliyində qalacaq.
Arxada qalmış, keçmişin anlatdığı
bir həqiqət də budur ki, hər halda zaman ötdükcə dünənlərdən
saxlanc qalan xəzinələri yaradan
incilərin qiyməti
artır ki, azalmır.
20 ildir ki, onsuzuq. O, vaxt baxımından hələ bizə çox yaxındır.
10-15 il əvvəl Heydər
Əliyev bizə sanki məsafəcə indikindən də yaxın idi. Heydər Əliyevlə oturub-durmuş, onunla ünsiyyətdə olmuş,
çalışmış insanların əksəri həyatda idi, onun içərisindən
keçdiyi mübarizəli
zaman kəsikləri şahidlər
həyatda qaldıqca bizə daha əlçatan idi. XXI yüzil asta-asta yaşa dolduqca onların çoxunu alıb apardı. Onların xatirələriylə,
doğruçu yaddaşlarıyla
Heydər Əliyevin surəti bizə daha artıq yaxınlaşır, elə
bil aralıqdakı vaxt ayrılığı
da əriyib gedir, doğma surət ən xırda cizgiləriylə hər birimizə, hətta o böyük şəxsiyyəti
yaxından-uzaqdan tanıyanlara daha aydın görünməyə
başlayırdı.
Ulu öndərdən əbədi
ayrılıqdan az ötüncə onun əbədiyyəti haqqında
daha artıq düşünülməyə başlandı. Təzə
əsrin əvvəllərindəncə,
onsuz yaşadığımız
ilk illərindən etibarən
vaxt gedişiylə itirə biləcəyimiz Heydər Əliyevli xatirələri bir yerə cəmləmək,
həm də sabahınkı etməkçün
Azərbaycan Televiziyasında
"Əbədiyyət" sərlövhəli verilişlər
silsiləsini başlatdıq.
Hər növbəti ilin dekabrında həftələr boyu
"Əbədiyyət"in dəyirmi masası arxasında bir çoxu canlı klassik olan insanlar
toplaşırdı, xatirələr
bölüşürdü və nə acı ki, indi onların özlərinin də əksəri xatirədir. Üstündən
xeyli müddət sovuşarkən həmin yadigar lent yazılarını
seyr etdikcə sanki xəyalən Heydər Əliyevli günlərin axarına qayıdırıq.
...O axşam həmsöhbətlərimiz
Heydər Əliyevlə
onillərcə yanaşı
addımlamış, onun
müstəsnalığını müşahidə etməkçün
imkanları geniş olmuş, düşüncəsində
və qəlbində bu nadir şəxsiyyəti
daim sayğı ilə yaşadan şəxsiyyətlər idi
- akademiklər Teymur Bünyadov və Vasim Məmmədəliyev,
Xalq şairi Fikrət Qoca, həm sovet dönəmində, həm
müstəqillik dövründə
Ulu öndərlə birlikdə
işləmiş Fəttah
Heydərov. Birlikdəyik,
hamımız üçün
unudulmaz olan nadir insanı anırdıq. Əslində o axşam yalnız Heydər Əliyevli günləri anmaq məqamı da deyildi, yurdumuz, millətimiz, mənəvi
dəyərlərimiz ətrafında
düşüncə dəqiqələri
idi.
Bu suala həmişə cavab axtaracaqlar - bu gün də,
sabah da. Nədir Heydər Əliyev möcüzəsinin sirri?
O, böyük dövlətçi
idi, böyük siyasətçi idi, böyük təşkilatçı,
böyük qurucu idi. Hansı səmtə üz tuturdusa, orada böyük idi, misilsiz idi, qüdrətli
idi. Bəs nədir bu əbədi
böyüklüyün, daimi
qüdrətin hikməti?
Bəlkə də çətindən çətin
görünən bu sualın sadədən sadə bir cavabı
var. Heydər Əliyev
ömrü boyu dilimizə və elimizə bağlı oldu. Dilimiz və
elimizsə torpaqdır,
torpağın üstündə
nəsil-nəsil yaşamış
insanlardır, ata-babalarımızdır,
ata-babalarımızn minillər
boyu yaratdığı
mənəvi sərvətlərdir.
Heydər Əliyev ömrü boyu dilimizə, elimizə, mənəvi sərvətlərimizə
sahib oldu, gücü
o, əbədi yığdı.
Qədim
Antey əsatirində ibrət
var. Antey gücünü torpaqdan
alırdı. Ayağı
yerdən üzülən
kimi taqətdən düşməyə, zəifləməyə
başlayırdı. Heydər
Əliyev mübarizələrdən
keçdi, savaşlardan
keçdi, sınaqlarla
üzləşdi. Heç
vaxt gücü azalmadı, heç vaxt taqəti azalmadı. Həmişə
müvəffəq oldu,
həmişə qadir
oldu. Bütün sınaqlardan zəfərlə
çıxdı. Çünki
möhkəm təməl
üzərində ucalmışdı.
Çünki müdam
ayaqları torpaq üzərində idi, çünki həmişə
dilimizə və elimizə bağlı idi. Bu tükənməz qaynaqdan qidalananların, dildən və eldən qüvvət alanların gücü tükənərmi?! Heydər
Əliyevin ömrü
dilimizin və elimizin ömrü qədər olacaq.
Ağsaqqalımız, nurlu insan Teymur Bünyadov
tarixçi idi və Heydər Əliyevin də böyüklüyünü gərəyincə
təsəvvür etməkçün
onu Böyük Tarixin müstəvisində
nəzərdən keçirərək
deyirdi ki, dövlətçiliyimizin
3000 illik tarixi var.
Manna dövləti olub,
assurlara qarşı, midiyalılara qarşı
vuruşan başçısı
vardı - İzirtu. Atropat yaşadı - Makedoniyalı İsgəndərə
qarşı çox incə bir siyasət
apardı, xalqını
qorudu, hətta dünənəcən düşmən
olan tərəflə
gələcək sabitlik
naminə qohumluq əlaqələri yaratdı.
Cavanşir ərəblərə,
iranlılara, xəzərlərə
qarşı vuruşdu.
Bizim ən böyük dövlətlərimizdən
biri də Atabəylər dövlətidir.
Onun Şəmsəddin
Eldəgiz kimi müqtədir oğlu vardı. Qaraqoyunlu dövləti - Qara Yusif, Ağqoyunlu dövləti - Uzun Həsən və bizim böyük sərkərdəmiz, şair
şahımız Şah
İsmayıl Xətai.
Heydər Əliyev bu möhtəşəm qatarda olanların hamısından fərqlənir
və müstəqilliyimiz
yolundakı xidmətləriylə
bir çox cəhətdən önə
çıxır. Heydər
Əliyev tarixçi idi. Tarix fakültəsini
qurtarmışdı. Amma o, eyni zamanda həm
də ədəbiyyatçı
idi. Hansı sahədən bəhs edirdisə, o sahənin ən peşəkar mütəxəssisi kimi seçilirdi.
Bu, sərrast müşahidə
idi. Gerçəkdən
də Heydər Əliyevə ən çox yaraşan epitetlərdən biri elə "xalqşünas"
kəlməsi idi. Xalqşünas olmaq xalqı yaxşı tanımaqdır, xalqın
dəyərlərinə yaxşı
bələd olmaqdır.
Heydər Əliyev Azərbaycan dilini çox sevirdi və Azərbaycan dili Heydər Əliyevin ifasında tamam ayrı bir səslənişdə
zühur edirdi - daha da gözəlləşir,
daha artıq cazibə qazanırdı. Onun xalqın ürəyində özünə
yer tapmasının əsas səbəblərindən
biri də hər insanla öz dilində danışa bilmək, hər kəslə ünsiyyət qura bilmək qabiliyyəti, qılıqlı olmaq, hər kəsin qəlbinə yol tapmaq bacarığı idi.
Azərbaycan xalqının tanıdığı,
oxuduğu, abidə kimi etiraf etdiyi
çox kitablar var.
Amma bu kitablardan ikisi millətimiz üçün əl basılıb and içilən
sabit müqəddəs
kitablardır. Biri Əsas
Qanunumuzdur, digəri Quranımız. Və islami dəyərlərə
Heydər Əliyevin içərisində ömrü
boyu çox dərin bir rəğbət vardı.
Hətta sovet dönəmində, kommunist
rejiminin ən göz önündəki rəhbərlərindən olduğu
çağlarda da, özünün
etiraf etdiyi kimi, həmişə bu ideallar onun
içərisində yaşayırdı.
Akademik Vasim Məmmədəliyev
Heydər Əliyevi andığımız o axşamda mühüm
bir nöqtəyə diqqət yönəldir və sovet dönəmində
İslamın üzləşdiyi
maneələrdən bəhs
edirdi: "Sovet dövründə dinə
qarşı mübarizənin,
allahsızlıq siyasətinin
əsas hədəfi
İslam idi. Baxmayaraq
ki, ümumiyyətlə, ateizm
bir xətt olaraq götürülmüşdü,
amma İslama olan hücum, İslama olan həmlə başqa dinlərə olan həmlələrdən qat-qat güclü
idi. Heydər Əliyev də böyük bir siyasətçi, ictimai-siyasi
xadim kimi bunu çox gözəl bilirdi və o dövrdə Azərbaycanda çox müdrik bir din siyasəti aparırdı.
Təsadüfi deyil
ki, məhz Heydər Əliyevin birinci dəfə respublikaya başçılıq etdiyi
dövrdə o vaxtlar Zaqafqaziya Müsəlmanları
İdarəsi qısa
müddət ərzində
çox gücləndi
və bu, təbii ki, Heydər Əliyevin qayğısı
nəticəsində baş
verirdi. Heydər Əliyevin dayaq durması, dəstəyi olmasaydı, bunun həyata keçməsi qeyri-mümkün idi. Və bunu da mən təbii hesab edirəm. Çünki Heydər Əliyevin doğulduğu
ailə də dindar ailə idi, özü deyirdi ki, mən çox dindar ailədə böyümüşəm
- anam, atam namaz qılardı. Ən üzdə olan əlamətlərə
baxın: Əlirza - nədir? İki imamımızın adı
- birinci
imamımız Həzrət
Əli, səkkizinci imamımız İmam Rza.
Bəs özünün
adı? - Heydər. Bu
da Həzrət Əlinin
ləqəblərindən biridir.
Heydər - kükrəyən,
döyüş vaxtı
coşan şirə deyirlər. Ailələrindəki
başqa adları götürək. Həsən,
Hüseyn - qardaşların
adlarını, Cəlal.
Yəni bunların hamısı Quranla bağlı adlardır.
O kadrları biz ekrandan görmüşük, siz
həmin ziyarətdəydiniz,
bilavasitə müşahidə
etmisiniz. Heydər Əliyev Məkkədə
Qara daşı, Kəbədəki Həcər
ül-Əsvədi nə
cür məhəbbətlə
qucaqlayıb. Yəni orada onun üzündə
elə bir səmimi ifadə, elə bir ilahi
ovqat hiss olunurdu ki, doğrudan da, adam hiss edirdi, bu insan
ömrü boyu bu ziyarətin arzusunda olub. Amma ateizmin tüğyan etdiyi şəraitdə bu, mümkün olmayıb. Dövlətimiz
müstəqil olan kimi Heydər Əliyev xaricə ilk səfərlərindən birini
Səudiyyə Ərəbistanına
etdi, Allahın müqəddəs evinə
gəldi. Orada illərdən bəri ürəyində gəzdirdiyi,
qəlbinin ən dərin guşələrində
bəslədiyi imanı,
inamı Allahın evində büruzə verdi. Orada Heydər
Əliyevin fəxri qonaqlar kitabında yazdığı sözlər
var, sonralar çap da
olunub. Yazır ki, nəhayət, mən öz arzuma çatdım".
Allah məkansız, zamansızdır,
amma dilimizdə bir "Allah evi" deyimi də var. Həm də bu, sadəcə, məcazi bir deyiliş də sayılmamalıdır. Həqiqətən,
Allahın evləri çoxdur. Həm dünyada, həm də Azərbaycanda. Bunlar da
sıra-sıra
ziyarətgahlar, ibadətgahlar.
Və Heydər Əliyevin mənəviyyatımız,
milli əxlaqi keçmişimiz
qarşısındakı ən
böyük xidmətlərindən
biri də ondan ibarət idi ki, ziyarətgahlarımıza,
ibadətgahlarımıza son dərəcə nəvazişlə
və həssaslıqla
yanaşırdı.
Zamanında Əli bəy Hüseynzadə Bibiheybət
məscidinin rəsmini
çəkmişdi və
həyatının sıxıntılı
günlərində, kasıbçılıq
keçirdiyi əyyamlarda
o şəkli çıxarıbmış
satışa. Bir əcnəbi
də müştəri
çıxıb əsəri
almaq istəyirmiş.
Hacı Zeynalabdin bu qəziyyədən xəbər tutunca ingilisi qabaqlayır, qoyulan məbləği artıqlaması ilə ödəyir və Əli bəyin tablosunun ölkədən
kənara çıxmasının
qarşısını alır.
Və həmin Bibiheybət məscidi ilə bağlı ayrı bir xeyirxah işi
də artıq yeni
zaman içərisində Heydər
Əliyev yerinə yetirdi. Bibiheybət məscidini əsl möhtəşəmliyi ilə
bərpa etdirdi. Bu mənəviyyat və tarix abidəsini yenidən ucaltdı və bu yerdə
də tarixlər səsləşdi. Həmin
ucaltma, Bibiheybət məscidinin qayıdışı
əsnasında Əli
bəy Hüseynzadənin
yaratdığı rəsm
əsəri ən etibarlı qaynaq kimi kara gəldi.
O axşamkı həmsöhbətlərin
arasında Heydər Əliyevlə təmaslarının
yaşı ən çox olan Fəttah Heydərov idi. Və özü
də söhbəti elə ünsiyyətlərinin
tarixindən başlayaraq
demişdi ki, düz
40 il əvvəl o böyük
insanla ilk dəfə əl-ələ tutub görüşmüşük. Tarixçəni nağıl
edirdi: "O vaxtlar, sovet dövründə Naxçıvanın ənənəvi
yubileyləri keçirilirdi
- 20 illik, 30 illik. İş elə gətirmişdi növbəti
belə yubiley - 40 illiklə əlaqədar Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına Lenin ordeni verilmişdi və bu münasibətlə
1967-ci ilin 30 oktyabrında
böyük bayram təşkil olunmuşdu. Ancaq həmin gün o təntənələrdən
də əlamətdar
olan bir hadisə ilə yadda qaldı. Ozamankı respublika rəhbərliyi gəlmişdi Naxçıvana.
Heydər Əliyev Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
kimi onların arasında idi. Ovaxtkı Naxçıvan
bir ayrı Naxçıvan idi. Tədbir darısqal bir binada - internat
məktəbin akt zalında keçirildi. Xoş əhvali-ruhiyyənin
içərisində birdən
xəbər gəldi
ki, Heydər Əliyevə
general rütbəsi verildi
və o zaman o salondakıların
hamısı bir-bir qalxıb onu təbrik elədi. O gün indiki kimi gözümün önündədir. O zalda
çoxlu adam var idi. O vaxt zal
deyirdik, indinin ölçüsüylə ora
sadəcə böyük
otaq idi. Bu xoş xəbərdən birdən-birə sanki həmin otağın işığı artdı.
O işıq mənim
gözümdən heç
vaxt getmir. Heydər Əliyevin sovet dövründə Azərbaycandakı rəhbərliyinin
də şahidi olmuşam. İlk sözü
nə idi? Halallıqla işləyin,
təmiz işləyin,
xalqla, camaatla yola gedin, mehriban
rəftar edin, Azərbaycanı qaldırmaq
lazımdır.
İnanın, o dövrdə - 1960-cı illərdə kəndlərə
girmək mümkün
deyildi. Hamısı yastı-yapalaq komalar. Heydər Əliyev respublikaya rəhbərliyə
başlayandan az sonra qərar çıxartdı. Rayonlarımızda,
kəndlərimizdə camaat
özünə ev tikməyə başladı.
Bütün rayonlarda,
Azərbaycanın dörd
bucağında olan tarix, mədəniyyət abidələrini nəzarətə
götürdü, təşəbbüs
irəli sürdü
ki, çoxlu tarix-diyarşünaslıq
muzeyləri yaradılmalıdır.
Dedi və etdi. Çox maddi-mədəni sərvətlərimizi
də bu minvalla xilas etməyə müvəffəq
oldu".
Heydər
Əliyev səxavətli
bir insan idi və həmişə
xalqını sevindirmək,
ona nəsə bağışlamaq haqda düşünürdü.
Xalqını daha xoşbəxt,
daha rifah içərisində görməyi
umurdu və onun xalqına bağışlamaq istədiyi
ən böyük sərvətlərdən biri
ovqat idi. Ovqatısa yaradan ən əvvəl bayramlardır. O istəyirdi
ki, təqvimdəki qırmızı
yarpaqların sayı artsın, xalqın bayramları çox olsun. Heydər Əliyev bu mərasimlərin, bayramların
Azərbaycan çərçivəsində
çox ali səviyyədə qeyd edilməsinə həmişə
səy göstərirdi
və özü də həmin bayramlara qatılırdı.
Əziz Novruz haqqında onun bu sözləri unudulan deyil: "Novruz bayramı azərbaycanlıların ən
əziz bayramıdır.
Bu bayram min illər boyu xalqımızın qəlbinə daxil olub və çox
dərin köklər
salıbdır. Ona görə
də bu bayramı hər bir azərbaycanlı öz bayramı kimi bayram edir.
Vaxt vardı ki, bu bayram bəzi
səbəblərdən qadağan
olunmuşdu, ancaq onillikləri biz hamımız
bir yerdə yaşamışıq və
hamımız da bilirik
ki, heç kim bu qadağana fikir verməyibdir və bu bayramı
edibdir. Bu bayram elə bayramdır ki, burada hər bir insan onun
maddi vəziyyətindən
asılı olmayaraq bayram edir. Zəngin
adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan
insan da bu bayramı keçirir. Və o illər ki bizim ümumi xalq bayramlarının keçirilməsinə imkan
yox idi, onda da hər kəsin evində mütləq səməni
də vardı, hər kəsin evində rənglənmiş
yumurtalar da vardı, hər kəsin evində mütləq plov da vardı. Ən azı bu. Hər kəs aşağısı bunu edə bilirdi, amma kimlərsə bundan çox edə bilirdi. Amma o ailəni tapmazdın ki, bu bayramın əlamətlərini o günlər
istifadə etməsinlər
və bayramı qeyd etməsinlər. Ona görə Novruz azərbaycanlıların, Azərbaycan
xalqının qəlbinin
bayramıdır. Bu bayramı
heç kəs əmrlə yaratmayıbdır
və onu da demək istəyirəm
ki, zorla, əmrlə,
məcburi insanları
hansısa bayram etməyə məcbur etmək çətindir. Təbii ki, bəzən xüsusi siyasi məqsədlərlə hansısa
günləri də xalq bayram etməli
olur. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bu, baharın bayramıdır, təbiətin
bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn
bayramdır. Bu, azərbaycanlıların
bayramıdır. Bu bayram
bir də ondan fərqlənir və səciyyəlidir ki,
bu bayramda siyasi baxışlarından,
siyasi dünyagörüşündən
asılı olmayaraq hamı bayram edir. Əgər bu günü götürsək, iqtidar
da bayram edir, müxalifət də bayram edir. Bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da bayram edir. Amma bayramın qədim zamanlardan bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, bu bayramda qədim zamanlardan insanlar kin-küdurəti aradan götürürlər. Küsülülər
barışırlar, ziddiyyətlər
aradan götürülür.
Demək, bu, dostluq bayramıdır, bu, həmrəylik bayramıdır, bu, yüksək mənəviyyat
bayramıdır".
Bütün bu onsuz bəlli həqiqətləri,
amma bir az da artıq inam və qətiyyətlə Azərbaycan
xalqına üz tutaraq dilə gətirirkən Heydər Əliyev əslində çağırış edirdi.
Yenə Novruz gəlib, yenə birgəliyin, ülfətin,
səmimiyyətin, soyuqluğun
aradan getməsinin bayramı qapılarımızı
döyür. Biz də
bir-birimizə daha məhəbbətlə yanaşaq,
hikkədən, qəzəbdən,
bir-birinə kəc baxmaqdan qaçaq, Novruzla dolaq!
Mənəvi dəyər siqlətli
hər nəsnəyə, ən
başda isə mənəvi dəyərləri
daşıyan və yaradan insanlara Heydər Əliyevin özəl münasibəti
vardı. Onları qəlbinə yaxın tutur, imkanı çatdıqca da həmişə
onların yanında olurdu.
2007-ci ilin dekabrında televiziyada birlikdə olduğumuz həmin unudulmaz dekabr axşamında Fikrət Qocanın Heydər Əliyevli xatirələrini
dinləməzdən öncə
söyləmişdim ki, bütün
Azərbaycanın sevdiyi
şair qardaşımızın
keçən ay, bir
il əvvəl, beş
il qabaq yazdığı
çox gözəl şeirlər var. Onlar Azərbaycan ədəbiyyatının
sərvətləridir. O şeirlərinsə,
Fikrət müəllim
özü də təsdiq edirdi, həqiqətdə 2 imzası
olmalıdır. Çünki
onları tək Fikrət Qoca yaratmayıb. Heydər Əliyev olmasaydı, yaşayan-yaradan, ömrünü
davam etdirərək təzə şeirlərini
doğurmaqda davam edən Fikrət Qoca da olmazdı, ağır xəstəliyin
hökmü ilə şairin həyatı yarımçıq qırılardı.
Fikrət
Qocanın ciddi səhhət böhranları
ilə təkbətək
qaldığından xəbər
tutanda Heydər Əliyev artıq heç Bakıda da deyildi, Moskvada çalışırdı, SSRİ-nin rəhbərləri sırasında hər saatı gərgin iş-güclə dolu məşğul həyat yaşayırdı. Ancaq ürəyi Bakıda idi, Azərbaycanla idi. Fikrət Qoca kimi hər
dəyər daşıyıcısı
isə onunçün
həm də Azərbaycan demək idi.
Fikrəti Moskvaya apartdırır,
Kreml xəstəxanasında
müalicə etdirib sağ-salamat halda Vətənə yola salır.
Fikrət
Qoca yadındaydı.
Lakin tək Fikrət Qocamı? Üç min ildən üzü bəri nə qədər Fikrət Qocalar vardısa, Azərbaycana qələmi
ilə xidmət etmiş seçkin ədiblərimizin, mütəfəkkirlərimizin
hər biri həmişə onun yadındaydı. Fikrət
Qocaya arxa durdu, onu faktiki
olaraq xilas etdi və xəstəlikdən
sonrakı illərin bir-birindən lətif şeirləri yarandı. Fikrət Qoca yaşadı və ədəbiyyatımıza, xalqımıza
xidmətlərini davam
etdirdi.
Fikrət
Qocanın həmin axşamın içərisindən
gələn bir az xırıltılı,
səmimiyyətlə daşan
həlim səsi yaddaşımda əks-sədalanır:
"Heydər Əliyevi
bu köməkləri
etməyə yönəldən
onun mənəviyyatı,
içərisi idi. Bəlkə də lap istəməsəydi belə,
daxili onu sövq edirdi ki, yardım əlini uzat. Təbiəti belə idi. Bəlkə mən heç layiq deyildim, amma o, özünə sadiq çıxırdı, bizdən
daha çox özünü razı salmaq, daxili tələbini ödəmək,
ürəyini sakit eləmək üçün
bütün bunları
edirdi. Əlbəttə,
Siyasi Büronun üzvü, dünyanın
yarısının rəhbərlərindən
biri idi. Elə çox vaxtımı vardı ki, hələ bir Fikrət Qocanı Bakıdan gətizdirsin, Macarıstandan həkimi çağırtdırsın, bununla məşğul olsun. Hər adamın işi deyil. Böyük insan işi görməyə qərar
verəndə sıfır
nöqtəsini tuturdu,
oradan başlayırdı.
Mənim yadımdadır,
Azərbaycana Mərkəzi
Komitənin katibi gələn günün səhəri yaşlı yazıçıları qəbul
etdi. Ondan bir gün sonra,
- biz onda gənc sayılırdıq, - doqquz
nəfərdik, bizi qəbul elədi və geniş söhbət apardı. Düzü, o zaman da biz Heydər
Əliyevi çox da yaxşı tanımırdıq.
Şəxsən biz bunu
bilirdik ki, "KQB"nin
generalıdır. Zənn
edirdik, ədəbiyyat,
mədəniyyət işlərinə
o qədər də fikir verməz. Düşündüyümüzün əksi oldu. Çox keçmədi, Bakı Sovetinin müşavirəsini keçirdi.
Orada Bakı Sovetinin rəhbərini durğuzdu ayağa, gözləmədiyimiz bir
sualı verdi ki, bu şəhərdə niyə gül yoxdur? Fikir verin.
Ölkə bərbad vəziyyətdədir, onu
bu vəzifəyə gətiriblər ki, təsərrüfatı
inkişaf etdirsin, sənayeni qaldırsın,
respublikanın ümdə
problemlərini həll
etsin, o isə soruşur, niyə Bakıda gül yoxdur? Bir az da əsəbi səslə deyirdi: "Mənə cavab ver. Niyə bu şəhərdə gül yoxdu? Bulvarda gül yoxdur, bir dənə
qızılgül gözümə
dəymir".
İndi bu dediklərim cavanlara əcaib gələr. Çünki
bulvar gül-çiçək
içərisindədir, o vaxtlarsa,
həqiqətən, gül
kasadlığı idi.
Bakı
Sovetinin sədri qalxdı ayağa ki, "bilirsiniz, əkirik, amma bulvarda gəzənlər
qoparıb aparırlar".
Heydər Əliyev razılaşmadı: "Bu, səbəb
deyil. Qoparırlar, kəsirlər, siz yenə əkin. O qədər əkin ki, gözləri öyrəşsin,
o qədər çox
gül olsun ki, kəsib, qoparıb aparmağı çatdıra
bilməsinlər".
Görürdük ki, respublikaya sahib çıxan
adam gəlib. Vətənə elə bir çiçək kimi baxan rəhbər
işə başlayıb,
sevinirdik, qürurlanırdıq.
Mən hələ o illərdə fikirləşdim
ki, ürəyimdən keçirdi
ki, nolaydı, müstəqil
olaydıq, biz də heç kimdən asılı olmayaydıq və meydanda da belə bir rəhbərimiz
olaydı.
Mən
o köhnə dövrün
respublikaya rəhbərlik
etmişlərinin hamısının
ruhuna baş əyirəm. Amma Heydər Əliyev kimi vəziyyətdən çıxmağı bilmək,
bir anda qərar qəbul etmək iqtidarı onacan heç bir rəhbərimizdə olmayıb axı! Yadımızdadır, ən
çətin vaxt,
1994-cü ildə, əli
hər yerdən üzüləndə televiziya
ilə xalqa müraciət etdi. Yəni ipin qırılan yeri idi. Xalq gəldi
töküldü meydana.
Onda başa düşüldü ki, bu, Heydər Əliyevə olan məhəbbətin gücüdür.
Bunu hamı gördü, ona hücum eləmək istəyənlər də
içəridən təslim
oldu, gəldi durdu onun yanında.
Yəni bu insanın şəxsiyyətindəki
qüdrət, lazım
olan anda - nə bir saniyə
o üzə, nə bir saniyə bu üzə, - qərar vermək qətiyyəti bir vergi idi".
...Tarix şərtqoymanı
sevmir, qəbul etmir ki, filan
iş filan cür olarsa, filan olardı. Olan olub, keçən
keçib. Amma hər halda bircə anlığa təsəvvür eləyək
ki, həmin sınaq anında o meydanda, o kütlənin qarşısında dayanan
Heydər Əliyev deyil, bir başqa
adamdır. Həmin şəxs çıxır
xalqın qarşısına,
müraciət edir, Heydər Əliyevin demiş olduğu sözlərin tam eynisini söyləyir. Mənimlə olun, ardımca gəlin deməklə deyil axı! O səsin aşıladığı qüvvət,
o çağırışın Heydər Əliyev ifasında insanların varlığına sirayət
edən cazibəsi olmayacaq. Heydər Əliyevdəki mənəvi
qüdrət xalqın
içərisindəki mənəvi
dəyərlərlə min
bir tellə bağlı olduğundan bu səsləşmə, bu həmahənglik yarana bilirdi.
Heydər Əliyev
millətinə üz
tutanda əmin idi ki, özünün
içərisindəki simlə
xalqın içərisindəki
sim eyni kökdədir. Ona görə heç vaxt xaric səslənməz,
bu sədanın mütləq əks-sədası
olacaq!
Söz sözü
gətirirdi və akademik Vasim Məmmədəliyev o axşam
bir hadisəni də xatırlamışdı.
Deyirdi ki, 1968-ci ildə İraqın Baş naziri Əbdürrəhman Bəzzaz
Azərbaycana gəlmişdi.
Neft Daşlarına getdi. Heydər Əliyev o zaman Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
idi. Mən də tərcüməçi
kimi bunları müşayiət edirdim. Dövlət rəhbərləriylə
yanaşı, o dəstədə
musiqiçilər də
vardı. Dənizin qoynunda, estakadalar üzərində görüşlər
oldu, rəsmi hissə qurtardı. Görkəmli gözəl
tarzənimiz rəhmətlik
Məmmədağa Muradov
da orada iştirak edirdi. Rəsmi hissə də, konsert də başa çatdı. Hamımız
göyərtədə oturmuşduq,
dincəlirdik - Baş
nazir, bizim dövlət, hökumət
başçıları, o cümlədən, musiqiçilər.
Rəhmətlik Heydər
Əliyev qəfildən
çöndü tarzənə
sarı: "Məmmədağa,
bəlkə bir "Xaric segah" çalasan?!" Məmmədağa
tarını köklədi.
Çalırdı, hamı
məftunluqla dinləyirdi,
arada Heydər Əliyevin astaca səsi gəldi: "Məmmədağa, sən
Allah, müxtəsər
eləmə, ötürdüyün
şöbəni də
çal".
Vasim müəllim
deyirdi ki, mən özüm də tarçalan olmuşam, muğamları
şöbələriylə, guşələriylə yaxşı
bilirəm, ancaq Heydər Əliyevin belə peşəkarcasına
söylədiyi xahiş-irada
mat-məəttəl qaldım.
Mənim o axşamdakı
"Heydər Əliyev
olmasaydı, nə olardı" deyişimin müqabilində
Fikrət Qoca qayıtmışdı ki,
onu da gördük.
Bir müddət Heydər Əliyev olmadı, istefa verib Kremlədən ayrılandan, Moskvadan Azərbaycana gəlib Naxçıvana sığındığı
vaxtlarda sanki ədəbiyyat da başladı sönməyə.
Yadınızdadır, bizim
"Qobustan" jurnalı
rəngini itirmişdi.
Vaxtilə rəngli çıxan jurnal, xalça eskizləri, rəssamların əsərlərinin
illüstrasiyaları çap
olunan jurnal ağ-qara buraxılmağa
başlamışdı. Heydər
Əliyev gələndən
sonra təzədən
rəng də qayıtdı, əvvəlki
ruh da.
...Heydər Əliyev
yaxşı anlayırdı
ki, Azərbaycanı Azərbaycan edən nəyin rəngi solursa, işığı
azalırsa, bundan Vətən, millət itirir.
Bilirdi ki,
ədəbiyyatın işığı
sönəndə mənəviyyatın
işığı sönür.
Bilirdi ki, xalqa yüzilləri adlayıb gələn mənəvi dəyərləri
daha da yovuq
edən yazıçının,
sənətkarın ömrünün
işığı sozalanda
mənəviyyatın işığı
keçər. Bunları
hiss etdiyindən daim sərvaxt idi, həmişə onların yanında idi.
Heydər Əliyevin
ən seçkin keyfiyyətlərindən biri
onun xeyirxahlığı,
nəcibliyi idi. Çünki o, mənəvi
dəyərlərin ucasında
dayanan keyfiyyətin məhz xeyirxahlıq, nəcabət olduğunu bilirdi. Və bu, onun daim
riayət etdiyi düsturlar idi.
2007-ci ilin o axşamında
bir saat boyunca Heydər Əliyevin mənəviyyat
dünyasındaydıq.
İnsan niyə
muğama qulaq asır? Qulaq asır ki, mənəviyyatı
zənginləşsin.
İnsan niyə
şeir oxuyur? Oxuyur ki, içəridən saflaşsın, daxildən
göyçəkləşsin, mənəviyyatı zənginləşsin.
İnsan niyə sənət əsərinin
seyrinə dalır, sehrinə düşür?
Yenə eyni cavab! Bu, minillərdir
belədir, bu gün də həmin təhərdir, gələcəkdə də
belə olacaq. Heydər Əliyev də Azərbaycanın o sərvətlərindəndir ki,
onun haqqında xatirələrə dalmaq,
söz açmaq mənəviyyatı zənginləşdirən
dəyərlər barədə
düşüncələrə dalmaq deməkdir.
O ağacların boyu uca olur
ki, sağlam torpaq üzərində dikəlirlər.
O ağacların ömrü uzun olur ki, rişələri
torpağın dərinlərinə
işləyir. Heydər
Əliyevin boyu həmişə uca oldu. Çünki o, Azərbaycan torpağı
üzərində yüksəldi
və həmişə
də Azərbaycan torpağına sadiq qaldı.
Heydər Əliyevin
siyasi ömrü uzun çəkdi və amma onun
xalqın yaddaşındakı
ömrü qat-qat uzun olacaq, sonsuzluğa
qədər uzanacaq. Çünki o, həmişə
xalqı ilə nəfəs aldı, daim nəbzi xalqı ilə birgə vurdu, müdam millətinin və yurdunun dünəni, indisi və gələcəyi ilə bağlı düşündü, çalışdı.
Heydər Əliyev
ömrü boyu iftixar etdi ki,
o, azərbaycanlıdır. Millətimiz də həmişə fəxr duyacaq ki, onun
bunca uca bir övladı oldu. Heydər Əliyev atalar sözü kimi pak, mənəviyyatla zəngin bir ömür yaşadı. Onun həyat yolu, şəxsiyyəti və şərəfli ömür yolu da bir ata
sözünə, bir ibrətə dönərək
xalqımızın mənəviyyat
xəzinəsinə əlavə
olundu.
Ömrü boyu
mənəviyyat xəzinəmizin
keşiyində dayanmış,
ömrü boyu dilimizin, elimizin qoruyucusu olmuş Heydər Əliyevin ömrü və şəxsiyyəti də,
yolu da mənəviyyat
xəzinəmizə bir
töhfəyə çevrildi.
Xalqın mənəviyyat
xəzinəsinə töhfə
verənlər, xalqın
yaddaşına yaşarı
imza atanlarsa, əbədiyyət qazanırlar.
Heydər Əliyev haqqında əsl böyük sözü, əsl iftixar və qürur qiymətini millətimiz tarixin gələcək yüksəkliklərindən də
hər zaman söyləyəcək. Tarixin
ucalarısa əbədiyyətdir.
Heydər Əliyevin qisməti və alın yazısı olan əbədiyyət.
12 iyun 2023
Rafael Hüseynov
525-ci qəzet.- 2023.- 15 iyun.- S.8-9.