Tarixi Şuşa Bəyannaməsinin 2 ili
Azərbaycan-Türkiyə münasibətlərinin tarixində Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. İki il əvvəl,
2021-ci il 15 iyun tarixində
Şuşada imzalanmış
Bəyannamə iki qardaş ölkənin münasibətlərini yeni müstəviyə
çıxaran tarixi və siyasi önəm kəsb edən müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə
ölkələrimiz arasında
əməkdaşlığın bütün aspektləri əhatə olunub. Sənəddə hər iki ölkənin müdafiə
sənayesi, milli təhlükəsizlik
məsələləri, iqtisadi,
siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki
imkan və potesialların birləşdirilməsi
əksini tapıb. Bəyannamədə
100 il bundan əvvəl
imzalanmış tarixi
Qars müqaviləsinə
istinad edilir. Həmçinin, 1994-cü il fevralın
9-da imzalanmış "Azərbaycan
Respublikası və Türkiyə Respublikası
arasında dostluq və hərtərəfli
əməkdaşlığın inkişafı barədə
Müqavilə"nin və
"Azərbaycan Respublikası
və Türkiyə Respublikası arasında əməkdaşlıq və
qarşılıqlı yardım
haqqında Protokol"un,
eləcə də
2010-cu il avqustun 16-da imzalanmış
"Azərbaycan Respublikası
və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq
və qarşılıqlı
yardım haqqında Müqavilə"nin rəhbər
tutulduğu bildirilir. Sənəddə ən vacib məqamlardan biri şübhəsiz ki, müdafiə sahəsində
əməkdaşlıq və
qarşılıqlı hərbi
yardım məsələləridir.
Qeyd olunub ki, iki dövlətin ərazi bütövlüyünə,
suverenliyinə üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Sitat:
"Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə,
suverenliyinə, ərazi
bütövlüyünə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına və
ya təhlükəsizliyinə
qarşı üçüncü
dövlət və ya dövlətlər tərəfindən təhdid
və ya təcavüz edildiyi təqdirdə, Tərəflər
birgə məsləhətləşmələr
aparacaq və bu təhdid və ya təcavüzün
aradan qaldırılması
məqsədilə BMT Nizamnaməsinin
məqsəd və prinsiplərinə müvafiq
təşəbbüs həyata
keçirəcək, bir-birinə
BMT Nizamnaməsinə uyğun
zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr
yolu ilə müəyyən edilərək
birgə tədbirlər
görülməsi üçün
müdafiə ehtiyaclarının
ödənilməsinə qərar
veriləcək və
Silahlı Qüvvələrin
güc və idarəetmə strukturlarının
əlaqələndirilmiş fəaliyyəti təşkil
olunacaqdır".
Bu müddəa əlbəttə
ki, həm Ermənistana,
həm də digər dövlətlərə
Azərbaycan və Türkiyənin mühüm
mesajıdır. Şuşa
Bəyannaməsi ilə
Türkiyə açıq
şəkildə Azərbaycanın
ərazi bütövlüyünün
pozulması, dövlət
sərhədlərinə təhdid
kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq
ictimaiyyətin diqqətinə
çatdırır.
Bu gün Azərbaycan-Türkiyə
münasibətləri özünün
ən yüksək zirvəsindədir. Yenidən
Türkiyə Prezidenti
seçilmiş Rəcəb
Tayyib Ərdoğanın
ilk dövlət səfərini
Azərbaycana etməsi
bunun daha bir nümunəsidir. Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğanla birlikdə
mətbuata bəyanatında
qeyd edib ki, əldə edilmiş bütün uğurların
təməlində Türkiyə
və Azərbaycan arasında olan qardaşlıq əlaqələri
dayanır. Hər iki dövlət başçısı öz
çıxışlarında Şuşa Bəyannaməsinə
də toxunublar. Prezident İlham Əliyev bildirib ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma
nəticəsində Türkiyə
və Azərbaycan rəsmən müttəfiq
oldu.
Rəcəb Tayyib Ərdoğan
isə vurğulayıb
ki, Şuşa Bəyannaməsinin
müddəalarını bundan
sonra da uğurla həyata keçirməkdə
qərarlıyıq və
bu məsələdə
güzəştə getməyəcəyik.
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Şuşa Bəyannaməsi
Azərbaycan ilə Türkiyənin qardaşlığını
bütün dünyaya
nümayiş etdirən
bir mesajdır: "Azərbaycan Prezidenti
İlham Əliyev və
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan arasında iki il əvvəl iyunun 15-də Şuşada
imzalanan Bəyannamə
iki qardaş ölkə arasında tarixi münasibətlərin
yeni mərhələsinin əsasını
təşkil edir. Hazırda Azərbaycan-Türkiyə
münasibətləri ən
yüksək zirvədədir.
Bu zirvənin ən yüsək nöqtəsi
isə ötən il iyunun 15-də iki ölkə arasında Müttəfiqlik haqqında
Şuşa Bəyannaməsinin
imzalanmasıdır. Ümumiyyətlə,
ölkələrimizin əməkdaşlıq
münasibətləri unikal
müttəfiqlik nümunəsidir.
Azərbaycan Prezidenti
İlham Əliyev və
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan tərəfindən
imzalanmış Şuşa
Bəyannaməsində strateji
əhəmiyyət kəsb
edən bütün əməkdaşlıq istiqamətləri
əhatə olunur. Bəyannamədə beynəlxalq
müstəvidə birgə
əməkdaşlıq, siyasi
münasibətlər, iqtisadi-ticarət
əlaqələri, mədəniyyət,
təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin, Bəyannamədə
enerji təhlükəsizliyi,
Cənub Qaz Dəhlizinin Türkiyə,
Azərbaycan və Avropa üçün önəmi göstərilir".
Deputat əlavə edib ki, Şuşa Bəyannaməsində
hərbi əməkdaşlıq
amilinə də xüsusi yer verilib: "Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini
təmin edəcəyik.
Müdafiə sahəsində
əməkdaşlıq və
qarşılıqlı hərbi
yardım məsələlərinin
Bəyannamədə əks
olunması tarixi nailiyyətdir. Ölkələr
bundan sonra da bir-birinin təhlükəsizliyini
təmin edəcək.
Müdafiə sənayesi
sahəsində əlaqələrin
inkişafı ölkələrin
hərbi qüdrətini
artıracaq. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin
müasir tələblərə
uyğun olaraq yenidən formalaşdırılması
və modernləşdirilməsi
istiqamətində birgə
səylərin göstərilməsi,
müdafiə qabiliyyətlərinin
və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə
yönələn tədbirlərin
həyata keçirilməsi,
iki ölkənin silahlı qüvvələrinin
birlikdə fəaliyyət
qabiliyyətinin artırılması,
müasir texnologiyalara
əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı
və bu məqsədlə səlahiyyətli
struktur və qurumların əlaqəli
fəaliyyətinin təmin
edilməsinin təşviq
olunması ilə bağlı da razılığa
gəlib".
Millət
vəkili onu da vurğulayıb ki,
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır: "Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi. Əminliklə söyləmək olar ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Eyni zamanda, Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzi hesab oluna bilər. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Həmçinin, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Eləcə də, Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bundan başqa, sənəd Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artıracaq. Digər bir vacib məqam ondan ibarətdir ki, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə ucaldır".
Pərvanə SULTANOVA
pervane525@mail.ru
525-ci
qəzet.- 2023.- 15 iyun.- S.4..