Heydər Əliyevin
Vaqif sevgisi
Yalnız Nizami, Nəsimi, Füzuli kimi dünya
miqyasında tanınan poeziya nəhəngləri deyil, klassik
Azərbaycan ədəbiyyatının digər görkəmli
nümayəndələri də heç vaxt Heydər
Əliyevin diqqətdən kənarda qalmamışdılar.
Bu mənada xəlqi, realist Azərbaycan poeziyasının
banisi, şair və dövlət xadimi Molla Pənah Vaqif
(1717-1797) də istisna təşkil etməmişdi.
Həyatının faciə ilə sona
çatmasına rəğmən, yaradıcılıq irsinin
sonrakı taleyi baxımından Molla Pənahı müəyyən mənada bəxti
gətirən şairlərimizdən saymaq olar. Çünki əksər
klassiklərimizdən fərqli olaraq əsərlərinin nəşrinə
hələ XIX əsrin ikinci yarısında
başlanmışdı. Şeirlərinin mühüm qismini
ilk dəfə Mirzə Yusif Qarabaği toplayıb 1856-cı
ildə Dağıstanın Buynaksk şəhərində
"Vaqif və müasirini - digər" adlı kitabda nəşr
etdirmişdi. Məşhur qafqazşünas alim Adolf Berjenin
Molla Pənah Vaqif yaradıcılığından
çoxsaylı nümanələrin də daxil edildiyi "Qafqaz və Azərbaycanda məşhur
olan şüəranın əşarına məcmuədir..."
kitabı isə 1868-ci ildə Leypsiqdə, müəllifin
almanca müqəddiməsi ilə çap olunmuşdu.
Səməd Vurğunun "Vaqif" dramı sayəsində
xalq arasında böyük populyarlıq qazanan ("Hər
oxuyan Molla Pənah olmaz" - ata sözündən də
göründüyü kimi, şairə izzət və ehtiram əvvəldən
də varmış!) Vaqifin (1717-1797)
bədii yaradıcılığı və dövlətçilik
fəaliyyətinin geniş şəkildə öyrənilməsinə
əslində 1960-cı illərdə
başlanmışdı. Əlbəttə, bu mülahizə
heç bir halda ilk ədəbiyyat tarixçimiz Firidun bəy
Köçərlinin, yaxud Salman Mümtazın şairlə
bağlı qiymətli araşdırmalarını istisna etməməlidir.
Böyük söz ustadının 1967-ci ildə
geniş qeyd olunan 250 illik yubileyi də Vaqif şəxsiyyətinə
və poetik irsinə marağın artmasına əhəmiyyətli
təsirini göstərmişdi. Həmin dövrdə Azərbaycana
xalqının tarix, ədəbiyyat və mədəniyyətinə
dərin bələdliyi və sevgisi ilə seçilən
başqa bir milli ruhlu lider - V.Y.Axundov rəhbərlik edirdi. MK
birinci katibi kimi işə başladığı gündən
Moskvanın hədəfində olan Vəli Yusif oğlu
bütün çətinliklərə rəğmən,
Qarabağ xanlığının vəzirinə adına, xidmətlərinə
və şəxsiyyətinə layiq yubiley keçirə
bilmişdi. Həyatı, irsi və dövlətçilik fəaliyyəti
də yubiley ərəfəsində ciddi tədqiqatların
mövzusuna çevrilmişdi.
Etiraf etmək lazımdır ki, erməni faktoruna
görə Vaqifin təbliği həmişə müəyyən
çətinliklərlə bağlı olmuşdu. Bu istiqamətdə
atılan hər addım Qarabağa iddialarından heç
zaman əl çəkməyən erməni millətçilərinin
müqaviməti ilə üzləşirdi. Onlar bütün
vasitələrə əl atır, Moskvaya çoxsaylı
donoslar göndərir, hər vasitə ilə şairi gözdən
salmağa, Osmanlı və İran saraylarına xidmətdə
günahlandırmağa çalışırdılar.
Lakin həmişə belə davam edə bilməzdi.
1981-ci ildə Şuşada Molla Pənah Vaqifin məzarı
üzərində əzəmətli məqbərə tikdirməklə
Heydər Əliyev bu "Qordiyev
düyününü" kəsib
atdı. Məqbərə təkcə böyük şairin
xatirəsini əbədiləşdirmədi, həm də onun
siyasi reabilitasiyası oldu. Əgər Moskva qərara
razılıq vermişdisə, deməli, Qarabağla
bağlı erməni iddialarına ən azı bu məsələdə
arxa çevirmişdi.
Şuşanın hər tərəfindən
görünən muzey-məqbərə kompleksi Cıdır
düzünə yaxın ərazidə inşa edilmişdi.
Dördkünc quruluşa malik, bəyaz mərmərlə üzlənmiş
türbənin inşa məsələsi həll edilərkən
ətrafdakı dağ mənzərəsi və spesifik şəhərsalma
xüsusiyyəti diqqətlə nəzərə
alınmışdı. Layihələndirmə zamanı Azərbaycanın
qülləvari türbələrinin kompozisiya elementlərindən
yaradıcı şəkildə istifadə edilmişdi.
Üstəlik, məqbərənin tikintisində xalq
memarlığının yerli ənənələrinə,
monumental-dekorativ və tətbiqi plastika vasitələrinə
yer verilmişdi. İnşası mübaliğəsiz şəkildə
əvvəldən axıra kimi Heydər Əliyevin nəzarəti
altında həyata keçirilən məqbərə əzəməti
ilə bir sırada poetikliyi, hətta romantikliyi və lirizmi ilə
də diqqəti çəkirdi. Sanki o, yalnız şairin
özünə deyil, həm də incə ruhlu ölməz
poeziyasına qoyulan abidə idi.
Az öncə də qeyd etdiyim kimi, Heydər Əliyev
Şuşada bu məqbərəni inşa etdirməklə bir
neçə prinsipial məqsəd güdürdü. İlk
növbədə onu Qarabağda Azərbaycan dövlətçiliyinin
tarixi mövcudluğuna abidə sayırdı. Respublika rəhbəri
Qarabağdakı erməni separatizminin tarixinə və əməllərinə
hamıdan yaxşı bələd idi. Ona görə bu
cür abidələrin olmasını zəruri sayırdı.
Təbii ki, həmin dövrdə xanlığın qurucusu,
Qarabağ hakimi Pənahəli xanın xatirəsini hər
hansı şəkildə əbədiləşdirmək
mümkün deyildi. Amma şair və dövlət xadimi Vaqiflə
bağlı təklif etiraz doğurmamalı idi. Musiqi və mədəniyyət
mərkəzi Şuşanın simvollarından biri kimi
düşünülmüş kompleks həm də şəhəri
daha yaxşı tanıtmağa xidmət edirdi.
Heydər Əliyev 1995-ci ilin iyununda, Şuşanın
işğal altında olduğu bir dövrdə Vaqifin xatirəsinin
əbədiləşdirilməsi ilə bağlı
atılmış addımı xatırlayıb sevinc
qarışıq kədər içərisində
demişdi: "Biz
Şuşada, Molla Pənah Vaqifin qəbri üzərində
gözəl bir məqbərə yaratdıq. Çox cəsarətlə
deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq
idi, gözəl idi. Biz o vaxt gedib onun açılışını
böyük bir təntənə ilə keçirdik. Orada
respublika ictimaiyyətinin nümayəndələri, ədəbiyyat,
incəsənət xadimləri iştirak edirdilər. Təəssüf
ki, indi Şuşa işğal altındadır. Ancaq mən əminəm
ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah
Vaqifin məqbərəsi də öz xalqımıza
qayıdacaq".
Bir haşiyə. Zaman keçdi və Heydər
Əliyevin uzaqgörənliklə dediyi bu inamlı sözlər
özünü doğrultdu. 2020-ci il noyabrın 8-də
ordumuzun qeyri-adi rəşadəti sayəsində şəhər
erməni işğalından azad edildi. On ay sonra, 2021-ci ilin
avqustunda isə tarixi Cıdır düzündə Vaqifin əvvəlkindən
də yüksək zövqlə bərpa olunmuş məqbərəsinin
təntənəli açılış mərasimi
keçirildi. Kompleksin qısa müddətdə əslinə
uyğun şəkildə bərpa edilməsinə Prezident
İlham Əliyev 2021-ci il yanvarın 14-də, işğaldan
sonra Şuşaya ilk səfəri zamanı göstəriş
vermişdi.
Niyə 14 yanvar? Bu tarixi dəqiqliyi ilə
xatırlatmağım təsadüfi deyil.
Açılış mərasimində çıxış
edən dövlət başçısı nə
üçün məhz həmin tarixin seçilməsinə
aydınlıq gətirərək ibrətamiz xatirələrlə
zəngin nitqində demişdi: "Bildiyiniz kimi, Molla Pənah
Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını
Ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü
ilə 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı
havada bu məqbərənin açılışı
olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o
vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir
hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər
Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri
kimi qələmə verməyə
çalışırdılar. Halbuki bunun üçün
heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə
almalıyıq ki, Vaqif tək şair yox, eyni zamanda,
Qarabağ xanının vəziri idi. Sovet dövründə
sovet ideologiyası, sovet hökumətinin tarixlə
bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin
qara ləkəsi kimi qələmə verilirdi. Bütün
bunlara baxmayaraq, Ulu öndərin iradəsi və qətiyyəti
nəticəsində bu məqbərə ucaldılmışdır
və bir daha Şuşanın Azərbaycan şəhəri
kimi təsdiqi öz yerini tapmışdır".
1982-ci ilin yanvarında məqbərənin
açılışında söylədiyi geniş nitqdə
Heydər Əliyev həm novator şair - Azərbaycan
poeziyasında xəlqilik və realizmlə səciyyələnən
yeni ədəbi məktəbin banisi, həm də siyasi xadim -
Qarabağ xanlığının vəziri kimi Vaqifin fəaliyyəti
üzərində geniş dayanmışdı. Onun şəxsiyyətinin,
xalq ədəbiyyatının ənənələrinə əsaslanan
yaradıcılığının Azərbaycanın yeni mədəni
intibahındakı yeri və rolundan danışmışdı.
Aydın məsələdir ki, respublika rəhbərinin regiona
gəlişi münasibəti ilə keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi
tam tərkibdə burada idi. Başqa cür də ola bilməzdi.
Heydər Əliyev isə əslində həmin mərasimdə
onlara dərs vermişdi. Yerlərini, vəzifələrini
göstərmişdi. Azərbaycan şairi Molla Pənah Vaqifin
şəxsiyyəti və yaradıcılığı
timsalında Qarabağda 150-160 il bundan əvvəl məskunlaşan
gəlmə ermənilərə başa salmışdı ki,
torpağın əsl sahibləri, onun təəssübünü
çəkənlər, keşiyində dayananlar, zəngin mənəvi
və maddi irsinə sahib çıxanlar kimlərdir. Heydər Əliyevin
iradəsi ilə Şuşada ucaldılan Vaqif məqbərəsi
yalnız konkret bir şairin abidəsi deyildi, bu məqbərə
daha çox türk-azərbaycanlı sülalələrin əsrlər
boyu Qarabağa hakimiyyət sürməsinin, dövlət
qurmasının bir simgəsi idi.
Gələcək nəsillərin öz yurdunun sahibi
olması üçün ucaldılmış ədəbi
qala idi. Əsrlər boyu Qarabağa xas olan təkrarsız sənətin
simvolu idi.
Vaqif məqbərəsi ilə eyni vaxtda Heydər
Əliyev Şuşada Vaqif Poeziya evini də
açmış, Vaqif Poeziya Günləri kimi yeni,
maraqlı, həm də tarixi torpaqlarına sahiblik
baxımından ölkəmizin sabahı üçün zəruri
bir ədəbi ənənənin əsasını
qoymuşdu. Poeziya evi və Poeziya günləri yalnız
Vaqifin deyil, klassik və müasir ədəbiyyatımızın
görkəmli nümayəndələrinin əsərlərinin
təbliğinə xidmət edirdi. Şuşada daim Azərbaycan
dilinin səslənməsi, ziyalıların - şair və
yazıçıların, alimlərin burada sadə
insanların arasında olmaları üçün stimul
yaradırdı.
1980-ci illərin əvvəlindən etibarən ənənə
halını alan Vaqif Poeziya Günləri bir qayda olaraq
şairin kiçik vətəni Qazaxda başlanır,
Qarabağın paytaxtında, Vaqif məqbərəsi
önündə başa çatırdı. Başqa sözlə
desəm, bu abidənin bazasında
klassik Azərbaycan ədəbiyyatının daha bir təbliğ
və tədqiq ocağı fəaliyyət göstərirdi.
İş elə gətirmişdi ki, 1987-ci ildə
Şuşada keçirilən sonuncu ümumittifaq miqyaslı
Vaqif Poeziya Günlərinin
iştirakçısı olmuşdum. Həmin ərəfədə
Nizami adına Ədəbiyyat İnstitutuna elmi işlər
üzrə direktor müavini vəziyyətinə təyin
edilmişdim. Deyəsən, adım nomenklatura siyahısına
düşdüyündən Mərkəzi Komitə tədbirdə
iştirakımı məqbul saymışdı.
Qarabağda erməni fitnəkarlığının
başlanmasına hələ bir neçə ay
qalırdı. Görünür, son hazırlıq işlərini
tamamlayırdılar. Şuşaya Qazaxdan avtobuslarla gəlmişdik.
Xankəndinin girəcəyində çoxsaylı heyətimizi
qabağına çıxan qarabağlı erməni şair
və yazıçılarının üzlərindən zəhrimar
yağırdı. Aydın məsələdir ki,
qarşılamağa da bizə hörmətdən yox, məcburiyyət
üzündən gəlmişdilər. Çünki hələ
"miatsum" şüarları ilə bütün regiona fəlakət
gətirmələrinə bir neçə ay qalırdı.
Amma nə qədər çalışsalar da, ürəklərində
yaşatdıqları qara niyyətləri gizlədə
bilmirdilər. Münasib fürsət saydıqları digər
məqsədləri isə müttəfiq respublikalardan gəlmiş
qələm adamları ilə "izahedici söhbət"
aparmaq, Qarabağın "tarixi erməni torpağı"
olduğunu onlara pıçıldamaq idi. Xüsusən,
Rusiyadan gələnlərin yanından əl çəkmirdilər.
Şuşanın hər yerindən görünən
Vaqif məqbərəsinə çatanda üzlərindəki
zəhrimar ifadəsi daha da qatılaşmışdı.
Heç şübhəsiz, ürəklərində Heydər
Əliyevin uzaqgörənliyindən hiddətlənirdilər.
Burada ünlü şairə abidə ucaltmaq, hər il minlərlə
insanı onun ziyarətinə gətirməklə
Qarabağı tarixi erməni torpaqları kimi təqdim etməklə
bağlı planlarına necə zərbə vurduğunu
yaxşı başa düşürdülər...
Məqbərələr, xüsusən də şair məzarları
üzərində məqbərələr nəinki hər
onillikdə, hətta hər əsrdə də tikilmir. Əlamətdar
haldır ki, Azərbaycan klassik şeirinin nümayəndələrinin
əbədi uyuduqları yerlərdə ucaldılan hər
üç məqbərədə Heydər Əliyevin
böyük əməyi var. Onlardan ikisi - Şuşadakı
Vaqif və Naxçıvandakı Cavid mavzoleyləri ölkə
başçısının təşəbbüsü, hətta
deyərdim ki, rəhbərliyi və gündəlik
qayğısı ilə inşa edilmişdi. Gəncədəki Nizami məqbərəsi
isə yenə də Heydər Əliyevin sayəsində əsaslı şəkildə bərpa
edilərək qədim Gəncənin rəmzinə
çevrilmişdi. Yalnız elə bu şeir-sənət məbədlərinin
inşası, abadlaşdırılması Heydər
Əliyevin klassik Azərbaycan ədəbiyyatının
nümayəndələrinə, ümumən mədəniyyətə
münasibətini aydınlaşdırmaq baxımından ən
gözəl örnəklərdir.
Yeri gəlmişkən, klassik sənətkarların həyatı,
mühiti, şəxsiyyəti haqda geniş məlumat əldə
etməyə imkan yaradan ev-muzeylərinin təşkili ənənəsi
də Heydər Əliyevin respublikaya rəhbərliyi
dövründə geniş vüsət almışdı.
1995-ci il iyunun 10-da o, Hüseyn Cavidin məqbərə və
ev-muzeyinin yaradılması ilə bağlı müşavirədəki giriş
sözündə demişdi: "Mən keçmiş təcrübəmdən
bilirəm ki, hakimiyyətdə olan şəxslər, orqanlar
bir məsələni həll etmək istəsələr, onu
edə bilərlər. Vaxtı ilə, 1976-cı ildə biz
böyük şairimiz Səməd Vurğunun 70 illiyinə
hazırlaşanda onun ev-muzeyini bir neçə ayın
içində təşkil etdik və bu muzey indi də fəaliyyət
göstərir. 1975-ci ildə biz böyük bəstəkarımız
Üzeyir Hacıbəyovun ev-muzeyini yaratdıq. Sonra Cəfər
Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm
böyük abidəsini, heykəlini qoyduq, həm də
ev-muzeyini yaratdıq. Böyük sənətkarımız,
müğənnimiz Bülbülün də ev-muzeyini
yaratdıq".
Şuşadakı birinci Vaqif məqbərəsinin
ömrü on ildən bir qədər uzun
sürmüşdü. 1982-ci il qarlı 14 yanvar günündə təntənəli şəkildə
açılan abidə 1992-ci il mayın 8-də erməni əsarətinə
düşmüşdü. Şuşadakı Azərbaycan izlərini
tamamilə məhv etməyə çalışan vandallar
Vaqif məqbərəsinə münasibətdə xüsusi
amansızlıqla davranmışdılar. Və bu da əslində
Şuşanın heç zaman erməni şəhəri
olmadığının başqa bir dəlilidir.
Çünki hətta cəngəllikdən
çıxmış bir tayfa da özünün
saydığı yerin ən gözəl abidələrini
darmadağın etməzdi. Əksinə, funksiyasını dəyişmək
hesabına da olsa qoruyub saxlamağa çalışardı.
Vandallarda isə xalqımıza, tarix və mədəniyətimizə
nifrət o qədər böyük idi ki, "qələbənin"
mənasını hər şeyi yıxıb-dağıtmaqda
görürdülər. Təəssüf ki, bu acı tale
Heydər Əliyevin fəxr
etdiyi Vaqif məqbərəsindən də yan keçməmişdi.
Bir haşiyə. Şuşanın
işğalından sonra Qarabağda milli
memarlığımızın əksər diqqətəlayiq
nümunələri kimi, Vaqif məqbərəsinin taleyi də
həmişə Heydər Əliyevi
düşündürmüşdü.
Çıxışlarının birində məqbərəni
"özü üçün iftixar mənbəyi"
saydığını açıq bildirmişdi.
Yaxşı xatirimdədir: 2001-ci ilin yanvar ayında Azərbaycan
və Ermənistanın Avropa Şurasının tamhüquqlu
üzvlüyünə qəbul edilmələri münasibəti
ilə hər iki ölkənin dövlət
başçısı Strasburqda idi. Yeni üzv olduğumuz
qurum sülhpərvərlik missiyasını göstərmək
üçün əslində formal xarakter daşıyan və
heç bir real nəticə verməyən
Əliyev-Koçaryan görüşü təşkil
etmişdi. Təbii ki, bundan əvvəl
işğalçı rejimin başçısı ilə
dünyanın müxtəlif şəhərlərində
keçirilən digər görüşlər kimi, bu dəfə
də hər hansı bir nəticə əldə olunmadı.
Protokola görə görüş başa çatandan
sonra binanı əvvəl erməni nümayəndə heyəti,
sonra isə biz tərk etməli idik. Qapının
önündə maşınların gəlməsini gözləyirdik.
Ermənilərə çıxmaq işarəsi veriləndə
Koçaryan vidalaşmaq üçün Azərbaycan
Prezidentinə yaxınlaşdı:
- Bir dəqiqə, - deyə Heydər Əliyev onu
saxladı. - Çoxdan soruşmaq istəyirdim. 1981-ci ildə
mənim təşəbbüsümlə Şuşada Molla Pənah
Vaqifin məqbərəsi tikilmişdi. Növbəti ildə
isə açılışı olmuşdu. Vaqif bizim
böyük şairimizdir. Həm də dövlət xadimidir.
Qarabağ xanlığının vəziri olub. O zaman
açılışa özüm gəlmişdim. Yəqin
ki, Vilayət komsomolunun məsul işçisi kimi siz də
orada olmuşdunuz. Bilmək istərdim
- məqbərənin indiki vəziyyəti necədir? Onu da
dağıtmısınız?
- Bizim başımız açılana qədər mərmər
üzlükləri, aliminium şəbəkələri
söküb aparmışdılar - deyə Koçaryan
süni canıyananlıq göstərməyə
çalışdı. - Amma karkası indiyə qədər
yerindədir.
Prezident bilərəkdən müraciətlə
bağlı protokol qaydalarını qəsdən pozub ənənəvi
"sizdən" "sənə" keçdi:
- Ümidvaram ki, bu işdə sənin əlin
olmayıb...
- Nə danışırsınız, Heydər
Əliyeviç, nə danışırsınız? - deyə
Koçaryan pərt halda mızıldanıb tələsik
uzaqlaşdı.
Heydər Əliyev onun arxasınca baxıb
başını buladı. Heç kimə müraciət etmədən
sanki öz-özü ilə danışırmış kimi:
- Ağ yalan danışır, - dedi.
-Quldurbaşının böyüyü elə
özüdür!"
Adətən düşmənə ölüm
arzulanır. Amma düşünürəm: nə
yaxşı ki, "Şuşa fatehi" bizim günlərə
qədər yaşadı. Şəhərin azad edildiyini, Vaqif
məqbərəsinin qısa müddətdə bərpa
olunduğunu, xarabazarlığa çevirdikləri
Şuşanın böyük bir tikinti-quruculuq
medançasına çevrildiyini öz gözləri ilə
gördü... Bu, qisasların ən yaxşısıdır!
Sovet İttifaqının sarsılmaz
göründüyü bir vaxtda Şuşada Vaqifə məqbərə
ucaldan Heydər Əliyev həm də ermənilərin uydurma
dəlillərə əsaslanan siyasi ambisiyalarına,
saxtakarlıq üzərində qurulmuş tarixi
iştahlarına zərbə vurmuşdu. Şuşa yüksəkliyindən
bütün Qarabağa açılan Vaqif məqbərəsi
heç şübhəsiz, 1980-ci illərin yalnız
memarlıq deyil, həm də mühüm siyasi layihələrindən
idi.
Açılışını Heydər Əliyevin
etdiyi ilk Vaqif məqbərəsinin ömrü qeyd etdiyim kimi,
cəmisi on il olmuşdu. Şuşanın azadlığa
qovuşması ilə ikinci həyat qazanan indiki məqbərənin
isə sonsuza qədər Azərbaycan şeirinin, Vaqif pərəstişkarlarının
qutsal ziyarət yeri olacağı heç bir şübhə
doğurmur.
Vilayət QULİYEV
525-ci qəzet.- 2023.- 17 iyun.- S.14;15.