ONUN YANDIRDIĞI OCAQ
Dəyişən zaman asta-asta üzdən baxanda
heç bir qeyri-adiliyi olmayan yerlərə tarix donu geydirir.
Aylar, illər, fəsillər sanki külək kimi, su kimi
öz yeknəsəq axarıyla izsiz ötüb keçir.
Amma baxırsan ki, insanın ağaran saçında,
çöhrələrə qonan qırışlarda qoyub
keçdiyi naxışlarla pıçıldayır ki, mən
varam, sənin çölündən yox, içərindən
keçib gedirəm, məni görmək üçün ən
azı özünə bax!" Torpağın üstündə
qalan nişanələriylə zaman dünənəcən
bomboş olan bir məskəni də ahəstə-ahəstə
rəngsizlikdən qurtarır, tarixləşdirir, yalnız ona
məxsus tərcümeyi-halla yükləyir.
İndi hamının yaxşı
tanıdığı o məkan vaxtı ilə düzənlik
olub. Həm də çox keçmişlərdə deyil, elə
on doqquzuncu yüzilin sonlarında, lap iyirminci əsrin əvvəllərində
də. Köhnə fotolar qalır. Ora futbol meydanıdır,
sonraların məşhur "Neftçi"si
oyunlarını orada keçirir. Ayrı bir zaman gəldi, həmin
geniş boşluqda 1940-cı illərdə Hökumət evi
tikildi, o sarayın qarşısında dövrün rəmzlərindən
olan Lenin heykəli ucaldı. Zəmanə o abidəni də
yıxdı, onminlərlə insanın hər il bir neçə
dəfə hökmən səliqəli sıralarla
axın-axın keçdiyi o meydana o heykəllə
yapışmış adı da apardı. El özü həmin
birzamankı boş əraziyə təzə ad qoydu:
Azadlıq meydanı.
İllər boyu yüz minlərlə, milyonlarla azərbaycanlı
bu meydandan adlamışdı. Onillər boyu neçə rəhbər
o kürsülərdən yüz minlərlə, milyonlarla azərbaycanlıya
üz tutaraq "Vətən" demişdi, "Xalq"
demişdi, "Azərbaycan" demişdi. O hündür
kürsüdən bu millətə - yüz minlərlə,
milyonlarla azərbaycanlıya böyük azərbaycanlı
Heydər Əliyev də üz tutaraq "Vətən"
dedi, "Xalq" dedi, "Azərbaycan" dedi. Amma heç
kəsin dilində "Vətən" sözü,
"Xalq" sözü, "Azərbaycan" sözü
Heydər Əliyevin dilində olduğu qədər inamla səslənmədi.
Azərbaycan xalqı ürəkli xalqdır. Ürəkli, yəni
duyğulu, həssas. Ürəkli, yəni cəsur, mərd.
Heydər Əliyev ürəkli adam idi. Ürəkli, yəni
cəsur və duyğulu. Ürəkli, yəni həssas və
mərd. Heydər Əliyev "Azərbaycan" deyəndə,
Heydər Əliyev "Xalq" deyəndə, Heydər
Əliyev "Vətən" deyəndə o kəlmənin
içərisinə ürəyini qoyurdu. Ona görə onun
dilindən qopan "Vətən" sözü də, onun
dilindən qopan "Xalq"sözü də, onun dilindən
qopan "Azərbaycan" sözü də hər bir azərbaycanlının
ürəyində əks-səda verirdi. Heydər Əliyev
ömrü boyu bu xalqın dilini sevdi. Heydər Əliyev
ömrü boyu bu xalqın mədəniyyətini, adətlərini,
ənənələrini sevdi. Heydər Əliyev ömrü
boyu bu xalqın üzərində yaşadığı
torpağı sevdi. Bu torpağın üstündə
ömür sürən hər bir vətəndaşı
sevdi. Heydər Əliyev çox vəzifələr
daşıdı, ömrü boyu çox peşələr
öyrəndi. Amma öyrəndiyi bütün peşələr
də, daşıdığı bütün vəzifələr
də əslində onun həyatının mənası olan
ali bir vəzifənin fərqli təzahürləri, başqa
çalarları, ayrı görüntüləri idi. Həmin
ali vəzifənin adı: Azərbaycançı!
Heydər Əliyev Yol Adamı idi. Ömrü boyu
çox yollardan keçdi. Çox yolların da ilk keçəni
özü oldu, o yolları özü açdı. Amma ilk dəfə
açdığı yollarda, addımladığı onacan
keçilmiş yollarda hamısı bütövlükdə
onun həyatının mənası olan böyük bir yola
qovuşurdu, həmin yolun hissələri idi. Bu böyük
yolun adı: Azərbaycançılıq. Millət hafizəsində
həmişəlik saxlamaq istədiyi övladlarını əbədiləşdirmək
üçün onların adına küçələr
verir, yollar verir. Heydər Əliyevin də adına Azərbaycanda
da, Azərbaycandan uzaqlarda da küçələr, prospektlər,
meydanlar, bağlar, xiyabanlar var. Bu gün var, gələcəkdə
yeniləri də olacaq. Amma Heydər Əliyevə
bağlı bir yol da var ki, onun adını daşıyan hava
limanından başlanır. Hava limanından başlanan yol səmaya
uzanır. Səmaya - demək, Sonsuzluğa. Heydər
Əliyevin açdığı azərbaycançılıq
yolu da o yola bənzəyir. Sonsuza qədər uzanan bir yol, əbədiyyət
üfüqlərinə baş alan yol. Millətimiz zaman-zaman
bu şərəf yolundan keçəcək - böyük
Heydər Əliyevdən yadigar qalan azərbaycançılıq
yolundan.
XX əsr yenicə bitmiş, XXI əsrin birinci onili təzə-təzə
yaşa dolurdu. Heydər Əliyevlə əbədi
ayrılıqdan hələ cəmi dördcə il
keçirdi. Hər biri Azərbaycanın böyük zəka
sahibi, müəllim, ustad kimi tanıdığı
üç görkəmli şəxsiyyətlə
üz-üzə idim, bir axşam Heydər Əliyevi
anırdıq, bu söhbətimizi bütün Azərbaycan
görürdü və gələcəyin azərbaycanlılarına
da həmin görüşdə söylənənlər
yadigar qalsın deyə bütün bunlar yazılırdı -
Azərbaycan Televiziyasının ekranındaydıq. İndi
artıq özləri də xatirəyə dönmüş həmin
üç hörmətli qonağımla birgə olduğumuz
o anlar da xatirəyə iki saat uzunluqlu bir lentin
yaddaşında Azərbaycan Televiziyasının xəzinəsində
qalmaqdadır. Doktor Cavad Heyət, akademiklər Fuad Qasımzadə,
Ağamusa Axundov. Hər üçü Azərbaycanın fəxri,
hər üçü ömrü boyu Azərbaycana xidmət
etmiş yurdçu, xalqçı insanlar. Özləri
böyük müəllimlər olan bu şəxsiyyətlər
ən misilsiz müəllim kimi baxdıqları Heydər
Əliyevin azərbaycançılığından bəhs
edirdilər.
Böyük azərbaycanlı Heydər Əliyevdən
millətimizə qalan miras zəngindir. Bu irsin içərisində
hər zaman ehtiyac duyacağımız, daim bu millətə
güc verəcək bir böyük amal da var: azərbaycançılıq
məfkurəsi. Bəlkə də həmin azərbaycançılıq
düşüncəsi və məfkurəsi Heydər
Əliyevin bütün fəaliyyətinin, yolunun və
ömrünün yekunudur. Bu məfkurənin millətimizə
nə verdiyi, nə verəcəyi, dünya boyu səpilmiş
xalqımızı qovuşdurmağa qadir hansı nadir güc
olması haqda söhbətlərin heç vaxt sonu olmayacaq.
Dördümüzün birgə olduğumuz axşamda
filosof Fuad Qasımzadə Heydər Əliyevin memarı
olduğu azərbaycançılıq məfkurəsinin mahiyyətini
açmaqçün onun şəxsiyyətinin təhlilindən
başlamışdı. Deyirdi ki, siyasi aləm, siyasi ideologiya
Ulu öndərin stixiyası idi. Elə bil ki, Allah ancaq onun
üçün yaratmışdı Heydər Əliyevi. Ona
görə də bütün siyasi xadimlərdən bir
çox üstünlükləri ilə fərqlənirdi.
Əli bəy Hüseynzadənin "Siyasət-ifürusət"
adlı bir əsəri var. Siyasəti cıdır
meydanına, siyasətçinin fəaliyyətini o meydanda at
çapan süvariyə bənzədir. Adam var ki, o meydanda
heç at minə bilmir, adam var ki, minir, amma birtəhər
sürür. Heydər Əliyev sözün əsl mənasında
siyasət cıdırında atını dördnala
çapan misilsiz bir çapar, mahir siyasət süvarisi idi.
Konstitusiya Komissiyasının üzvü olan Fuad
müəllim xatirəsini bölüşürdü:
"İyulun 2-si idi, 1995-ci il. Adətən iyulun 1-indən
biz universitetdə məzuniyyətə
çıxırıq. Mən adətən yayı Kislovodska
dincəlməyə gedirəm, ya da bağa köçürəm.
Hələ ki nə onu, nə bunu etmişdim - şəhərdəki
mənzilimdəydim. Televiziyada axşam saat 5 xəbərini izləyirdim.
Gördüm elan etdilər ki, yeni Azərbaycan Konstitusiyasını
hazırlamaq üçün komissiya yaradılıb, sədr
Heydər Əliyev özüdür. Bir-iki dövlət
xadiminin adını çəkəndən sonra keçdilər
bir neçə alimin, hüquqşünasın, filosofun
adı sadalandı və o sırada da mənim adım.
Üç gün sonra bizi Konstitusiya Komissiyasının ilk
iclasına topladılar və sonra başladıq tez-tez
yığışmağa. Birinci görüşümüzdə
əvvəl Heydər Əliyev özü geniş
danışdı. Azərbaycanın yeni yaradılacaq Əsas
Qanununu 20 dövlətin konstitusiyası ilə müqayisə
elədi, ardınca da təhlil apardı. İşin içərisində
olan adam kimi təsdiqləyirəm: Yeni müstəqillik
dövrü ilk Konstitusiyamızın banisi, əsas müəllifi
odur. Başlıca qayəsi də bu idi ki, Əsas Qanunumuzda azərbaycançılıq
ideologiyasına, Azərbaycan məfkurəsinə, Azərbaycan
müstəqil respublikasının inkişafına, Azərbaycan
xalqının yüksəlişlərinə kömək edən
nə varsa təməl olaraq əksini tapsın.
1990-cı illərin sonlarında mən Azərbaycanın
ilk müstəqil universiteti olan "Xəzər"də
departament müdiri işləyirdim. O arada Bakıda yeni fəaliyyətə
başlamış, dünyanın 50 ölkəsində tədris
aparan Amerika Universiteti məni dəvət etdi. Artıq
bütün dünyaya şaxələnmiş həmin şəbəkə
üçün də, elə respublikamızın elm-təhsil,
ictimai düşüncə həyatından ötrü də
tam yenilik olan bir işi mən Bakıdakı Amerika
Universitetində ilk dəfə gerçəkləşdirdim.
Orada 1999-cu ildə respublikada birinci dəfə Azərbaycanşünaslıq
kafedrası yaratdım və ölkə
ziyalılığının ən seçkin
simalarının iştirakı ilə hər ay müzakirəli
mülahizələri davam edəcək Azərbaycançılıq
lektoriyasını təşkil etdim. Ona görə də həmin
axşam Fuad Qasımzadənin söhbəti mənə
doğma olan bu səmtə yönəltməsi
görüşümüzü əvvəldən sonacan elə
bu son dərəcə vacib xətt üzrə aparmağa
sövq etdi.
Azərbaycançılıq Heydər Əliyevin
görümündə nə idi? Bu məfkurəni müxtəlif
yanaşmalardan qavrayanlar olub, yeniləri də olacaq. Azərbaycançılığı
milli-mənəvi dəyərlər toplusu kimi şərh edənlər
də var, buna millətimizin konsolidasiyasına xidmət edəcək
bir qəlib kimi baxanlar da. Heydər Əliyevin miqyaslı
baxışında azərbaycançılıq deyilərkən
ilk növbədə ağılda tutulan Azərbaycan dövlətinin
özü idi. O, müasir Azərbaycan dövlətini bir
mükəmməl müstəqil dövlət olaraq qurdu. Qadir
peşəkar olaraq həmin dövlətin möhkəm
bünövrəsini, sarsılmaz sütunlarını,
dayaqlarını yaratdı, dövlət
maşınının xırdadan tutmuş iriyədək
bütün ümdə hissəciklərini,
quruluşlarını şəkilləndirdi. Amma bununla bərabər,
daha mühüm bir işi gördü - millət quruculuğu
ilə məşğul oldu.
Millətin təfəkkürünə biçim vermək,
milləti dünya millətləri içərisində,
çağdaş xalqlar arasında uca məqama yetirmək,
onu zəka, zövq, əməlçilik baxımından daha
da yüksəltmək, kamilləşdirməkçün
çalışdı. Bu səyləri də onun azərbaycançılıq
fəlsəfəsinin özəyinə çevrildi.
O axşam azərbaycançılıq, Heydər
Əliyev ətrafında fikir mübadilələrimiz əsnasında
akademik Fuad Qasımzadə sərrast bir müşahidəsini
də bölüşərək demişdi ki, Azərbaycan XXI
əsrə qədəm qoyanda, Üçüncü minillik
başlananda Heydər Əliyev xalqa müraciətində 16
tarixi şəxsiyyətin adını çəkirdi.
Onların da çoxu filosoflar, mütəfəkkirlər:
Nizami, Tusi, Nəsimi, Füzuli, Mirzə Əli, Sabir, Mirzə
Cəlil, Cavid və digərləri. Heydər Əliyev
onların hər birini sadəcə alim, şair,
yazıçı deyil, mütəfəkkir
adlandırırdı. Ən əvvəl diqqəti onların
millət tarixindəki yerinə və izinə görə dəyərləndirirdi.
Onları islahatçı, qurucu, yeni yol açan, məktəb
yaradan adlandırırdı. Çünki o özü də
o cür idi.
Bayrağımızın üç rəngi bizim
qovuşan üç yolumuz, bir dövlət olaraq hər kəsə
bəyan etdiyimiz məramımızdır. Heydər
Əliyevin azərbaycançılıq təlimi o
üç ana yolun bünövrəsi üstündə
yarandı. Söz yox, bu milləti millət edən ilk təməl
kərpic ana dilimizdir. Və Heydər Əliyev dilimizi çox
sevirdi. Əlbəttə, öz doğma dilinə məhəbbət
hər insana əslində qanı ilə qismət olan bir
keyfiyyətdir. Ancaq baxın o dildə kim necə
danışır, onda həmin şəxsin dilə
sayğı və istəyinin həddini də təsəvvür
edəcəksiniz.
Azərbaycan dilini Heydər Əliyev qədər
iştahla, şövqlə, dildən, hər sözündən
bir ilham alaraq və sözün gücünü artıraraq
danışan ikinci adam təsəvvür eləyə bilmirəm.
Dilimizin necəliyi haqqında onun bu dəyərləndirməsi
də bənzərsizdir. Başqaları kimi sadəcə
şirin, gözəl, musiqili və başqa
yıpranmış bənzətmələri işlətmirdi,
Azərbaycan dili ləzzətli dildir söyləyirdi.
Azərbaycan
Televiziyasının "Əbədiyyət" verilişindəki
dəyirmi masamızda mən ana dilindən bəhs edincə
görkəmli dilçi alimimiz akademik Ağamusa Axundov dərhal
söhbətə qoşulmuşdu və Fuad Qasımzadə
kimi Konstitusiya Komissiyasının üzvü olduğunu
xatırlatmış, həmin komissiyanın ən gərgin
iclaslarından bir neçəsinin məhz dil məsələsinə
həsr edildiyini söyləmiş və cibindən bir vərəq
çıxarmışdı: "Mən bura gələndə
həmin o adını çəkdiyim komissiyada Heydər
Əliyevin çıxışından bir hissəni - onun dilə
öz münasibətini aydın şəkildə ifadə
etdiyi, yəni Heydər Əliyevin dil doktrinası
adlandırıla biləcək bir parçanı sizə də
necə var, o cür, dəqiqliyi ilə çatdırmaq
üçün yazıb götürdüm. Bu
çıxış 1995-ci il noyabrın 11-də olmuşdu.
Deyirdi ki, "İndi biz dövlət dilimizdə sərbəst
danışırıq və hər bir mürəkkəb
fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir.
Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından
üstün bir nailiyyətdir ki, bizim bir millət kimi
özümüzə məxsus dilimiz var və o da o qədər
zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz
dilimizdə ifadə eləyə bilərik".
Mənim yadıma gəlir, Fuad müəllim də
yaxşı xatırlayar. Universitetin 50 illiyi keçirilirdi,
1969-cu ildə oktyabr ayında. O vaxt Heydər Əliyev
üçüncü ay idi ki, Azərbaycanda rəhbərliyə
gəlmişdi. Azərbaycan Dövlət Universitetinin 50 illiyi
münasibətilə yaradılmış yubiley
komissiyasının sədri də o özü idi. Həmin
iclası Azərbaycan dilində açdı və Azərbaycan
dilində də çox yüksək, çox parlaq bir nitq
söylədi. Və bu, zalda çox böyük həyəcanla,
görünməmiş alqışlarla, həm də bir az təəccüblə
qarşılandı. Çünki həmin yığıncaq
beynəlxalq səviyyəli bir konfrans idi. Müttəfiq respublikalardan
da, xarici ölkələrdən də qonaqlar vardı. O
dövrdə isə nəinki belə tədbirlərin,
ümumən bütün böyük iclasların rus dilində
aparılması yazılmamış qayda idi. İndi isə
belə geniş əhatəli, xarici qonaqların, dövlət
və hökumət xadimlərinin qatıldığı iclası
Azərbaycan dilində açmaq, Azərbaycan dilində nitq
söyləmək, həm də bunu Mərkəzi Komitənin
Birinci katibinin etməsi heyrətləndirici hadisə idi. Sonra
neçə gün universitetdə gənclərin tənəffüslərdəki
müzakirələri ancaq bu haqda idi. İndinin cavanlarına
bütün bunlar qəribə gələr. O çağlarsa
hətta iştirakçıların əksəriyyətinin
ruscanı yaxşı bilmədiyi kənd təsərrüfatına
həsr edilmiş yığıncaqlar belə rus dilində
aparılırdı. Heydər Əliyevə xoş münasibəti
olan, onu ürəkdən istəyənlər hətta bir az
narahatlıq da keçirirdilər ki, görəsən, bunun
xatası çıxmayacaq?"
Fuad müəllim də bilir, o vaxt Kremlin göstərişi
vardı ki, birinci katiblər mütləq rusca
danışmalıydılar. Sovet ideologiyasının
tüğyan elədiyi bir vaxtda, Mixail Suslovun
qılıncının kəshakəs dövründə belə
cəsarət eləmək böyük risk idi. Amma Heydər
Əliyev qorxu üçün yaranmamışdı, o, qorxunu
yox eləmək üçün vardı".
Həyatlarının böyük hissəsi sovet
dönəmində ötmüş, həmin
çağların bütün
sıxıntılarını bilavasitə yaşamış
akademiklər Fuad Qasımzadənin, Ağamusa Axundovun xatirələri
əslində dövrün dil mənzərəsini aydın
göstərən tarixi sənədlərdir. Bəli, 1969-cu
ildə ayrı bir dil mühitinin, ayrı bir dil siyasətinin
aparıldığı və azərbaycancanın, milli
özünüifadənin təxminən yasağabənzər
səviyyədə olduğu məqamda respublikada ali partiya vəzifəsinə
yenicə başlayan Heydər Əliyev müəyyənləşdirilmiş
siyasi ülgülərə rəğmən ana dilində
danışırdı. Bununla da yalnız dilə deyil, həm
də daha geniş ölçüdə milli təfəkkürün
oyanışına xidmət edirdi. Amma dünya dəyişdi,
Azərbaycan müstəqilliyini bərpa etdi, daha
başımızın üstündəki kimlərdənsə
dil asılılığımız qalmadı. Heydər
Əliyevin böyüklüyü onda idi ki, bu dönəmdə
də dilimizə xidmətdə, dilimizə qayğıda yenə
qətiyyətli addımları ilə seçilməyi
bacardı, dilimizi daha əngin və yüksək üfüqlərə
ucaltdı.
2001-ci il yanvar ayının 25-i idi və Azərbaycan
Avropanın ən mötəbər, dünyanın ən
üstün siyasi təşkilatlarından birinə - Avropa
Şurasına qəbul olunurdu. Əvvəlcə Avropa Evinin
qarşısında Azərbaycan Prezidenti Avropa dövlətlərinin
bayraqları sırasına üçrənglimizi
qaldırdı. Ardınca isə Parlament Assambleyası
kürsüsündən çıxış etməyə
başladı. O vaxt rusca Avropa Şurasının
işçi dilləri sırasında idi və həmin dildə
çıxışları digər dünya dillərinə
sinxron çevirən güclü tərcüməçilər
vardı. Məhz bu səbəbdən artıq müstəqillik
dönəmi idisə də, hələ də bir çox beynəlxalq
təşkilatlarda əksər danışıqlar,
çıxışlar rusca olurdu. Ancaq o gün Heydər
Əliyev Azərbaycan dilində çıxış edirdi və
bu gedişatı orada yalnız Bakıdan gedən nümayəndə
heyətinin üzvləri - dövlət adamları, siyasətçilər,
sənətkarlar, mədəniyyət, elm xadimləri deyil,
Fransanın müxtəlif şəhərlərindən,
qonşu Almaniyadan, Avstriyadan bu şad hadisənin
sorağını alaraq Strasburqa təşrif gətirmişAzərbaycan
diasporasının təmsilçiləri də izləyirdilər.
Heydər Əliyev ana dilimizdə Azərbaycanın
qüdrəti haqqında, Azərbaycanın gələcəyi,
millətimizin sabah içərisindəki yolu barədə
danışırdı. O mühacir soydaşlarımızdan
neçəsi qəhərlənmişdi. Onlardan biri -
Almaniyada yaşayan, əslən Güneydən olan Əsgər
Tacəhmədi mənimlə təəssüratını
bölüşürdü. Deyirdi ki, mənim yeniyetməlik
çağlarım Cənubi Azərbaycanda milli hökumətin
qurulduğu dövrə təsadüf edib. Bir illik
istiqlalımız dövründə ana dilində öz dərsliklərimiz
vardı, öz dilimizdə təhsil alırdıq,
bütün yazışmalar keçmişdəki kimi farsca
yox, azərbaycanca idi. Şah rejimi Milli Hökuməti devirdi, həmin
xoşbəxtliyi yenə itirdik. İndi mən Heydər
Əliyevin Azərbaycan dilində, ana dilində Avropanın tən
mərkəzində bu cür danışdığını
eşidəndə elə bil ki, təzədən doğuluram,
təzədən dünyaya gəlirəm, qürurlanıram və
Güneyin sabahına da daha artıq ümidlə baxmağa
başlayıram.
Ağamusa müəllim o axşam bunu da yada
salmışdı ki, 1978-ci ildə müttəfiq
respublikaların konstitusiyası qəbul olunurdu. O vaxt
SSRİ-nin konstitusiyası artıq qəbul olunmuşdu. Orada
da dövlət dili haqqında heç nə
yazılmamışdı. Müttəfiq respublikaların, hətta
Ukraynanın, Belorusiyanın konstitusiyalarında bu haqda
hansısa maddə, ya bir qeyd yox idi. Heydər Əliyev 1978-ci
ildə ziyalıları Mərkəzi Komitəyə dəvət
edir, məsləhət bilir ki, Kremlə kollektiv məktub
yazsınlar, dövlət dilimizin konstitusiyamızda ayrıca
maddədə əks olunmasını xahiş etsinlər. Hətta
müttəfiq respublikaların rəhbərlərindən bəziləri,
o cümlədən, Şerbitski Heydər Əliyevin əleyhinə
çıxmışdı ki, neynirsiniz dil məsələsini
konstitusiyaya salırsınız, bunun nə əhəmiyyəti
var? Heydər Əliyev də cavab vermişdi ki, siz
salmırsınız salmayın, özünüz bilərsiniz,
amma biz edəcəyik. Bu, bizim ana dilimizdir, azərbaycanlılığımızın
əsası, ən birinci əlamətidir, necə ola bilər
ki, Konstitusiyada əksini tapmasın?!
O axşam ana dilimizdən danışırdıq,
zaman-zaman dəyişdirilmiş əlifbamızdan söz
açırdıq, Heydər Əliyevin ən çətin əyyamlarda
millətin özünüifadəsi üçün daim
yollar aramasından bəhs edirdik və bu söhbətlər o
məclisin ən sinli qonağı Cavad Heyəti riqqətə
gətirirdi. Çünki o da eyni yolun yolçusu, həyatı
boyu bu amal uğrunda ən dönməz mübarizlərdən
olmuş bir insan idi. Onun yaratdığı, İranda azərbaycanca
nəşr etdirdiyi "Varlıq" dərgisi Heydər
Əliyevin sovet dönəmində dilimizi, milli kimliyimizi maneələrlə
dolu və güzəştsiz siyasi müstəvidə qoruyub
parlatması qədər qəliz və qəhrəmanlıq
sayılası siqlətə malik fədakar xidmət nümunəsi
idi.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
sovet dönəmində Azərbaycan Respublikasından
SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində
oxumağa 17.000 gəncimiz göndərildi. Bu da Heydər
Əliyevin azərbaycançılıq siyasətinin, millətin
gələcək inkişafı barədə
düşüncələrinin başqa bir ifadəsi idi. Gəncləri
göndərirdi ki, getsinlər, mükəmməl bilik, bizdə
tədris edilməyən, amma bizə çox gərək olan
bəzi ixtisaslara da yiyələnsinlər, Azərbaycana
qayıtsınlar, Azərbaycanı bir az da qüvvətli eləsinlər,
yaxud hətta getdikləri ölkələrdə qalsalar belə,
orada Azərbaycanı yaşatsınlar, Azərbaycan
adının ehtiramla səslənməsinə vasitəçi
olsunlar. Ancaq eyni niyyətlərlə bir ölkədən
xaricdə təhsil almağa öyrəncilər yollamaq
yalnız o dövrün hadisəsi deyildi. Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində də 100 cavanı
göndərmişdilər ki, getsinlər, Avropada təhsil
alaraq geri dönsünlər, gənc müstəqil dövləti
irəliyə aparmaqda yardımçılara çevrilsinlər.
Amma dəyişən siyasi iqlim onların hamısının
taleyini müşküllərə ürcah etdi.
Hansıları qayıtdısa, həbslərə,
sürgünlərə mübtəla oldu, kimlərsə
ömrü boyu siyasi mühacir ömrü yaşadı. Amma
vaxtında İrandan da 1943-cü ildə 100 nəfəri
Türkiyəyə göndərmişdilər ki, təhsil
alsınlar. Onların sırasında gənc Cavad Heyət də
vardı. Bunu mənə vaxtı ilə London Universitetinin
professoru olmuş, dünyaca məşhur şərqşünas
alim Turxan Gənceyi söyləmişdi. O özü də həmin
100-dən 1-i idi. Deyirdi ki, bizimlə eyni vaxtda oxumağa gedənlərin
arasında Cavad Heyətlə yanaşı, Həmid Nitqi də
vardı. O, hüquq təhsili aldı, Türkiyədə
hüquq üzrə doktorluq dissertasiyasını da uğurla
müdafiə etdi, Cavad Heyət təbabəti seçdi. Amma
tale elə gətirdi ki, milli maraqlar öz bilavasitə işləri
ilə məşğul olmaqla yanaşı, onların
üçünü də milli mübarizələr, dil, ədəbiyyat,
mənəvi dəyərlər uğrunda
çalışmalara yönəltdi, onların hər biri
ardıcıl və mətin azərbaycançıya,milli
kimliyimizin mötəbər keşikçisinə
çevrildi. Onların arasındasa bunu özünə də
elə o vaxt efirdə də, xalqın qarşısında da
söyləmişdim ki, ruhca Heydər Əliyevə ən
qohum sayıla biləni Cavad Heyət oldu.
Doktorla söhbətimizi oradan başlamışdım
ki, dil, milli kimlik məsələləri
duyğularımızla nə qədər bağlı olsa da,
bu ümdə məsələlərə ömür həsr
edib millətə xeyir işlər görmək istəyində
olanlar heç vaxt hissə qapılmamalıdır. Hansısa
məqamda ifrata vararsan, çılğınlıq edərsən,
bundan böyük məfkurə zərər çəkər.
Heydər Əliyev də bu böyük Azərbaycançılıq,
Vətənçilik yoluna çıxarkən yalnız Azərbaycanın
üç il, beş il sonrasına baxmırdı, çox
uzaq gələcəyə də baxırdı. Millət taleyi
ilə, dilimizlə bağlı hansısa vacib qərar qəbul
etmək anı yetişəndə bunu özü tək
etmirdi, son sözü xalqın ixtiyarına buraxırdı.
Bu yanaşma doktor Cavad Heyətin döşünə
yatmışdı, qayıtmışdı ki: "Yüzdə-yüz
razıyam. Çünki milli məsləhət vacibdir,
xüsusən də ümummilli məsələlərdə.
Azərbaycan termini hamını içərisinə alır.
Azərbaycançılıq hamını ehtiva edir. Amma bunun
yanında bu böyük insan - rəhmətlik Heydər
Əliyev Azərbaycan türk dilinə eşq dərəcəsində
bağlı idi. Sübutu onun nitqi, danışdığı
o gözəl dil idi. O, böyük bir natiq idi. Amma əgər
Azərbaycan dilini incəliklərinə qədər
yaxşı bilməsəydi, ürəyində dilə bu qədər
məhəbbət olmasaydı, o cür parlaqlıqda
danışa da bilməzdi. Mən dəfələrlə həm
onun rəsmi nitqlərinə qulaq asmışam, həm də
çox görüşlərimiz olub. Hər dəfə də
bu qənaətim bir qədər də sabitləşib. Həm
də o, ana dilimizi yalnız Azərbaycanda deyil, bütün
dünyada yaymağa çalışdı və buna müvəffəq
oldu. Yadımdadır, Parisdə Şərq Dilləri
İnstitutu vardı, indi də var, 50 il əvvəl mən
oraya getmişdim və etiraz etdim ki, siz niyə Türkiyə
türkcəsini burada oxudursunuz, bizim Azərbaycan türkcəsini
oxutmursunuz? Mən bununla bağlı ora ayrıca məktub da
yazdım. Və bu, yadımdadır, oranın Lui Bazen
adında müdiri vardı. Məşhur alim idi. Vaxtı ilə
onunla da bu barədə mübahisəm olmuşdu. Bir nəticə
hasil edə bilmədik. Amma rəhmətlik Heydər Əliyev
iş başına gələndən və Azərbaycanı
dünyada müstəqil bir dövlət kimi tanıtmağa
başlayandan sonra orada - Sarbonnaya bağlı Şərq Dilləri
İnstitutunda da Azərbaycan dilini oxutmağa
başlamışlar. Bunun kimi İngiltərədə də,
Amerikada da Azərbaycan dilini universitetlərdə tədrisə
qoymağa, proqrama saldırmağa müvəffəq oldu. Bu da
onun Azərbaycan dilinə olan bağlılığını
gözəl bir şəkildə ifadə edirdi".
...Heydər Əliyev ilk gəncliyindən hərbçi
olmuşdu və hərbçi olmasından yana ixtiyarı
vardı ki, üstündə silah gəzdirsin. Amma hərbçilər
üçün vaxtaşırı keçirilən
atıcılıq məşqlərindən savayı odlu
silahdan istifadəyə heç vaxt ehtiyac duymadı. Heydər
Əliyevin bütün siyasi ömrü boyu istifadə etdiyi tək
güclü silah DİL idi. Heydər Əliyev Azərbaycan
dilində düşüncələrini insanlara o qədər
ifadəli, o qədər təlqinedici bir tərzdə
çatdıra bilməsəydi, dünyanı ölkə-ölkə
gəzib məmləkət-məmləkət səpilmiş
azərbaycanlılarla görüşərkən vətəndən
ayrı düşmüş soydaşlarımızı bir yerə
necə yığa, onların birliyinə nə təhər
nail ola bilərdi? Heydər Əliyev öz təsirli nitqinin
içərisindəki gücün, Azərbaycan dilinin onun təqdimindəki
cazibəsi vasitəsilə dünya boyu dağılmış
azərbaycanlılarımızı ortaq və qutsal bayraq
altında bir yerə cəmlədi, onları azərbaycançılıq
idealı ilə qovuşdurmağı bacardı.
Birgəliyimizin o qayıtmaz axşamında akademik
Ağamusa Axundov bir xatirəsini də söyləmişdi ki,
1994-cü ildə İstanbulda keçirilən Zirvə
toplantısından qayıdarkən səmada, təyyarədə
Heydər Əliyev onu və daha dörd nəfər alimi
çağırır yanına (Ümumən bu da Heydər
Əliyevin şakərlərindən idi - uzun uçuşlar
zamanı həmişə ya təyyarə boyu
addım-addım irəliləyib yol yoldaşlarının
hamısı ilə hal-əhval tutar, çox taxta arxasında
əyləşən şahmatçılarla eyni vaxtda oynayan
qrossmeyster kimi qısa dəqiqələr ərzində
hamı ilə ən ümdə mətləblər barədə
fikir bölüşməyə macal tapar, ya da məsləhət
bildiyi bir neçə nəfəri hava gəmisindəki
kabinetinə dəvət edərək hansısa önəmli
mövzularla bağlı müzakirələr aparardı).
Çağırır Ağamusa müəllimgili,
akademiyanın Dilçilik İnstitutunda aparılan işlərlə
maraqlanır və deyir ki, tədqiqatlar aparırsınız, əsərlər
yazırsınız, lüğətlər çap edirsiniz,
bunlar çox yaxşı, ancaq unutmayın ki, əsas vəzifəniz
həm də xalqa nitq mədəniyyətini öyrətməkdir.
Elə bu xatirə də bir daha nişan verir ki, Heydər
Əliyevin millət, dil düşüncələri sadəcə
bir vətənpərvərin pərakəndə təəssüratları
və təşəbbüsləri deyil, içərisindəki
oturuşmuş bir sistemin ifadəsi idi. O, dövlətçilik
zərgəri, idarəçilik sərrafı, sahib olduğu
bütün imkan və bilikləri gərək olan hədəfə
istiqamətləndirməyin ustası idi.
Müdrik dövlət adamı Süleyman Dəmirəl
bir dəfə söylədi ki, yaxşı siyasətçilər,
güclü dövlət xadimləri dar gün
üçün saxlanılan altuna bənzərlər. Ancaq
bir şərtlə ki, altuna bərabər o insanlar özlərini
qoruya da bilələr. Heydər Əliyev Azərbaycan
xalqının millətin, yurdun dar gününə ümidlə
saxlanmış xəzinəsi kimidir. Bir
üstünlüyü və hünəri də bu oldu ki,
bütün başqa məziyyətlərindən başqa
özünü qorumağı da bacardı. Sanki artıq
bütün ümidlərin qırıldığı yerdə
O ALTUN qayıtdı, millətinin önünə
çıxdı və XX əsrin son onilinin
uçurumlu-yarğanlı yollarından yurdunu və
xalqını şərəflə keçirərək məsud
sabahlara aparan rəvan yola çıxartdı.
Azərbaycançılıq azərbaycanlının
özünü dərk etdiyi gündən yaranmış bir
düşüncədir. Nizami Gəncəvi də əslində
azərbaycançı idi, azərbaycançılıqla məşğul
olurdu. Xaqani də, Fələki də, Nəsrəddin Tusi də,
Nəsimi də, Füzuli də, Xətai də, bizim yaxın
yüzillərin Mirzə Fətəlisi də, Mirzə Cəlil
də, Mirzə Ələkbər Sabiri də, 1920-ci illərin
böyük azərbaycanlı siyasətçiləri,
dövlətçiləri də. Onlar hamısı azərbaycançı
idilər, azərbaycançılıqla məşğul
olurdular. Heydər Əliyevin bu düşüncəni illər
boyu, əsrlərcə içərisində
daşımış bütün böyük azərbaycanlılardan
fərqi ondan ibarət oldu ki, o, azərbaycançılığı
bir məfkurəyə, millət xəttinə, məktəbə
döndərdi, ideya sisteminə çevirdi. Bunu bir irs, bir sərvət
olaraq millətinə yadigar qoyub getdi. Arxayın getdi.
Çünki yaratdığı, həyatının mənası
olan azərbaycançılıq məfkurəsini davam etdirməyi,
yaşadaraq ona daha da rövnəq verməyi layiqli bir
övlada, etibarlı davamçıya, sınanmış məsləkdaşa
etibar etdi.
Bunlar unudulmaz Heydər Əliyevin sözləridir:
"Mən arzu edərdim ki, hər bir ölkədə azərbaycanlılar
daha da həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə
yardım etsinlər, bir-birinin dərdinə yansınlar".
Babalarımız uca dağlar başında ocaqlar
qaladılar. Bu ocaqlar bu dağdan o dağa "mən
burdayam" xəbərini çatdırdı. Bu tonqallar bu
qayadan o qayaya "mən sizinləyəm"
sorağını yetirdi. Min illərdir ki, Azərbaycanın
neçə bucağında, elə Abşerondakı müqəddəs
adlı Məhəmmədi kəndində Tanrının
yandırdığı ocaq yerin təkindən
püskürüb çıxır. Min illərdir ki, haqdan
yanan bu ocaq sönmür. Min illərdir ki, bu alov
dalğalanır, yerin, yurdun, torpağın Azərbaycan
insanına sevgisi kimi alışmaqda davam edir.
Böyük azərbaycanlı Heydər Əliyev
yurdumuzu, ölkəmizi bir ulduz kimi parlatdı. Azərbaycanı
Azərbaycan boyda möhtəşəm bir ocağa döndərdi.
Bu möhtəşəm Azərbaycan ocağının
şölələri dünyanın dörd bucağına
çatdı. Dünyanın dörd bucağındakı əlli
milyondan artıq azərbaycanlıya yetişdi. Hər bir azərbaycanlıya
istisini, işığını bağışladı və
hər bir azərbaycanlıya babaların minillərdən gələn
hikmətini, sözünü,
pıçıltısını çatdırdı.
Söylədi ki, bu ocaq sənin ocağındır. Söylədi
ki, bu yurd sənin yurdundur. Söylədi ki, bu can Azərbaycan
sənin Azərbaycanındır. Söylədi ki, sən bu
ocağınkısan. Söylədi ki, sən bu yurdunkusan.
Söylədi ki, sən bu can Azərbaycanınsan. Möhtəşəm
Azərbaycan ocağı zaman ötdükcə daha qüvvətlə
yanacaq. Yandıqca da hələ dünyanın neçə
ölkəsində, neçə şəhərində,
neçə evində yeni-yeni Azərbaycan ocaqlarını
yandıracaq. Azərbaycan ocaqlarının sayı
çoxaldıqca bu möhtəşəm, bütöv Azərbaycan
ocağı da daha gur yanacaq.
Zaman içində möhtəşəm Azərbaycan
ocağı şölələndikcə hər bir azərbaycanlının
ürəyində də böyük Heydər Əliyevə,
o böyük soydaşa, o böyük azərbaycanlıya minnətdarlıq
oyadacaq. Azərbaycanlılar dünya boyunca Vətən
Ocağının istisindən güc aldıqca bu gün və
bütün sabahlarda ona minnətdar sevgilərini,
salamlarını göndərəcəklər və daha
inamla səslənəcəklər ki, biz Azərbaycanlayıq,
deyəcəklər ki, biz birgəyik, söyləyəcəklər
ki, biz səninləyik, biz Vətənləyik!
15 iyun 2023
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 17 iyun.- S.10-11.