Sığortalamalımı, sığortalamamalımı?

 

"İcbari sığortalar haqqında" qanuna edilən dəyişikliyə əsasən, yaxın gələcəkdə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçiriləcək. Yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. Eyni zamanda bu sistem vasitəsilə hər hansı əmlakın sığortalanıb-sığortalanmadığını müəyyənləşdirmək mümkün olacaq və sığortasız evlərin sahibləri cərimələnəcək.

Qanunvericiliyə görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Bu baxımdan hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası məcburidir.

Hazırda Azərbaycanda icbari sığorta sahəsində daha çox zəif inkişaf edən istiqamətlərdən biri mənzil və evlərin sığortasıdır. Ekspertlərin qiymətləndirmələrinə əsasən, təkcə Bakı şəhərindəki mənzil və evlərin qiyməti 50 milyard manata yaxındır. Azərbaycanda icbari sığortalara nəzarəti həyata keçirən qurumun - İcbari Sığorta Bürosunun açıqladığı məlumata görə, ötən ilin sonuna ölkədə, ümumilikdə, 151 min ev və mənzil sığortalanmış vəziyyətdə olub. Sığortalana bilən əmlakların potensial sayı 1 milyondur. Bu da əmlak sığortasında penetrasiyanın, yəni bazarın əhatə göstəricisinin 15 faiz olmasının təsdiqi deməkdir. Dəyişikliklərdən sonra isə bu rəqəmin azı 2 dəfə artırılması gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, qanuna edilən dəyişikliyə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və İcbari Sığorta Bürosu arasında informasiya mübadiləsi həyata keçirmək üçün məlumat bazası yaradılacaq. Nəticədə İcbari Sığorta Bürosu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əmlakların sığorta olunub-olunmaması barədə məlumatları əldə edə biləcək: "Bu, vaxt tələb edən məsələdir. Lakin bu ilin sonuna kimi proseslərin tam şəkildə qaydasına düşəcək".

Sığortasız mənzil sahiblərinin cərimələnməsi məsələsinə toxunan ekspert bildirib ki, icbari sığorta olunmayan mənzillər üçün cərimə məbləği 40 manatdır. İnzibati Xətalar Məcəlləsinə görə, həmin cərimələr hər 20 gündən sonra ardıcıllıqla yazıla bilər. Mənzil sahibi 40 manat cəriməni 20 gün müddətində ödəməsə və əmlakını sığorta etdirməsə, o zaman həmin cərimə 20 gündən bir yazılacaq. Bu məsələ qanunla öz əksini tapıb. Müəyyən texniki məsələlər və informasiya mübadiləsi tam təmin olunana qədər güzəştlər tətbiq edilə bilər. Lakin vətəndaşlar buna arxayın olmamalıdır. Çünki qanunvericiliyin tələbi var.

R.Osmanlının dediyinə görə, icbari sığortanın məbləği bölgələr üzrə dəyişir. Bakı şəhərində icbari sığorta üçün ödəniləcək məbləğ 25 min, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 min, digər yaşayış məntəqələri üçün isə 15 min manat nəzərdə tutulub. Sığorta etdirmək istəyən şəxslər bu məbləğin 0,2 faizini sığorta üçün ödəməlidir. Yəni Bakı şəhəri üzrə 50, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üzrə 40 manat, digər yaşayış məntəqələri üzrə 30 manat ödənilməlidir. Bu ildə bir dəfə ödənilən sığorta növüdür: "İl tamam olduqdan sonra proses təkrarlanır. Burada sığorta şirkətləri müştəridən asılı olaraq müəyyən güzəştlər tətbiq edə bilər. Bu, sığorta şirkətlərinin öz işidir. Lakin rəqəmlər qanunvericiliklə müəyyən edilib".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə əsasən, insanlar on minlərlə, hətta yüz minlərlə manat pul ödəyib əmlak alır, amma əmlaklarının qorunması üçün ildə 50 pul ödəmək istəmirlər: "Müəyyən maarifləndirmə işləri aparılsaydı, könüllü olaraq ödəyərdilər. Təəssüf ki, bu da yetərincə aparılmır. 100 minlərlə çıxarışı olmayan, mülkiyyət hüququ tanınmayan yeni tikili binalarda evlər, fərdi həyət evləri var. Bunların da sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququ tanınmalıdır. Bu işlərlə paralel əmlakların çıxarışlarının verilməsi sahəsində ciddi addımlar atılmalıdır. Bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, qərarlar çıxsa da, reallıqda yaxşıya doğru heç bir addım yoxdur. Qərarlar, sadəcə, sənəd üzərində qalır. Həmin əmlakların da sığortalanması üçün də mütləq şəkildə onların mülkiyyət hüququ tanınmalı, çıxarışlar verilməlidir ki, sığorta sahəsində ikitirəlik yaranmasın. Çıxarışı olmayan mənzil sahibləri istəsələr də, evlərini sığortalaya bilməyəcəklər. Bu işlər paralel aparılarsa, sığorta sahəsində ciddi inkişaf olar".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkədə iqtisadi aktivlik, qazanc imkanları, sığorta bazarına güvən olmalıdır ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalasın, burada məcburiyyət ola bilməz: "Əmlakın icbari sığortası məntiqsiz, hətta hüquqazidd yanaşmadır. Biz əmlakımızı sığortalamaqda özümüz maraqlı olmalıyıq, bu, məcburi-icbari ola bilməz. İcbari sığorta kənar şəxsə dəyə biləcək zərərə görə ola bilər. Məsələn, avtomobillərin icbari sığortası zərər vurduğun avtomobilin zərərini qarşılayır. Ev-mənzil sığortası belə deyil axı. Sən öz mənzilini, məsələn, subasmadan sığortalayırsan, sən suyu açıq qoyursan, öz mənzilinə ziyan dəyir, sığorta bunu qarşılayır, amma sənin alt qonşuna da ziyan dəyir, onu sığorta qarşılamır, sən qonşuluq ədəb-ərkanına uyğun ona dəyən zərəri ödəməyə çalışırsan. Yəni burada icbarı sığorta məntiqi işləmir axı".

Ekspertin dediyinə görə, sığorta şirkətləri dövlətdən yardım gözləməmələdirlər. Əslində normal, rəqabətli mühit yaratmalıdırlar və normaq rəqabətli mühitdə cəlbedici məhsullar, sığorta paketləri təqdim etməlidirlər ki, insanların özlərinə maraqlı olsun. Dünya təcrübəsində sahibkar ilkin olaraq vergi problemi ilə yanaşı, sığorta problemini də həll edir ki, bu kimi hallarda dəymiş ziyanın ödənilməsi mexanizmi yaransın. Azərbaycanda indi icbari qaydada bunu etmək çox çətindir: "Əslində, sığorta şirkətləri çalışırlar ki, bu, icbari qaydada olsun, dövlət qanun çıxarsın ki, hamı öz əmlakını sığortalasın. Bu, doğru yanaşma deyil. Bu, sığorta məhsullarının cəlbediciliyini azaldır və insanlarda öhdəlik hissi yaradır. Bu günə qədər sığorta şirkətlərinin vətəndaşlarla işləmə mexanizmlərində kifayət qədər problem olub və inamsızlıq mühiti yaranıb. Vətəndaşlar sığorta haqqına əlavə vergi yükü kimi baxırlar. Əslində, burada vətəndaşlar özləri maraqlı olmalıdır. Sığorta şirkətləri də yaxşı məhsullar təqdim etməlidirlər ki, vətəndaş özü müraciət edib müqavilə bağlasın. Ona görə burada dövlətdən yardım gözləməkdənsə, sığorta şirkətləri rəqabətli mühit haqqında düşünsələr və insanların inamını qazanacaq addımlar atsalar, bu, ümumilikdə sığorta mədəniyyətini formalaşmasına səbəb olan faktora çevrilə bilər".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, səxsin öz daşınmaz və daşınan əmlakını sığorta edib-etməməsi onun şəxsi işi olmalıdır: "Bizdə isə bunu da icbari ediblər. Əlbəttə, başqa ölkələrin də adını tapıb deyə bilərlər ki, filan ölkədə də belədir. Bütün hallarda bu, Konstitusiyada əks olunmuş mülkiyyət hüququnun pozulmasıdır. Burda maraqlı tərəf sığorta şirkətləridir. qiyməti bir milyon olan daşınmaz əmlakın (məsələn, yaşayış evinin) sığortası ilə uçuq daxmanın sığorta qiyməti eynidir. Sığorta hadisəsi zamanı ödəniş də eynidir. Bu, sadəcə absurddur və yalnız pul qazanmaq üçündür. Bəziləri deyir ki, əmlak sığorta olunmayanda dövlət sığortaçı qismində çıxış etməyə məcbur olur . Onsuz da gələcəkdə də belə olacaq. Niyə? Əvvəla, böyük dağıntılar zamanı onsuz da sığorta şirkəti bütün xərcləri qarşılaya bilməyəcək. Hətta dünyanın ən güclü sığorta şirkətləri zəlzələ, sunami kimi böyük təbii fəlakətlər nəticəsində baş vermiş dağıntıların əvəzini ödəyə bilmir. İkincisi, Azərbaycanda az qala əmlakın 50 faizi dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmayıb. Rayonlarda yaşayış və kiçik qeyri-yaşayış sahələri var ki, rəsmən dövlət reyestrində əmlak kimi qeydə alınmayıb. Həmin əmlaklarla bağlı hadisə baş verəndə kim ödəniş edəcək? Sığorta şirkətləri yenə də kütləvi surətdə evlərə gəlib hədələyici elanlar yayırlar və iyunun 1-də İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin tətbiq olunacağını bildirirlər. Bu o deməkdir ki, əgər fiziki şəxs evini icbari sığorta etdirməsə, hər 20 gündən bir cərimə olunacaq. Bu, bir ilə təxminən 550 manat edir. Nə baş verəcək? Yüzminlərlə insan ya pul olmadığına, ya məlumatsızlığa görə evini sığorta etdirməyəcək. İllərlə belə davam etdikdə yüz milyonlarla cərimə toplanacaq. Axırda məcbur olub cərimələri ləğv edəcəklər".

Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev vurğulayıb ki, daşınmaz əmlakın icbari sığortası üzrə bazar potensialı böyükdür və sistemli tədbirlər nəticəsində bu sığorta növü üzrə penetrasiya ən az 2-3 dəfə artırıla bilər. Çıxarışsız əmlaklar da qanunvericiliyə əsasən sənədləşdirildikdən sonra qurulmaqda olan elektron sistem vasitəsilə avtomatik olaraq sığortaya cəlb olunacaqlar: "Daşınmaz əmlakın icbari sığortası növündən istifadə etməyən mülk sahibləri müəyyən cərimə və məhrumiyyətlərlə də üzləşə biləcəklər. Daşınmaz əmlakların satınalması və girov əməliyyatları zamanı bu sığorta növü aidiyyəti qurumlar tərəfindən mütləq tələb olunur".

Millət vəkili Vüqar Bayramov bildirib ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər: "Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 17 iyun.- S.8.