Doğum günü   

 

(Hekayə)

 

"De görüm, necəsən?"... Yaxınlarda motivasiya ilə bağlı bir kitabda oxumuşdu: "Hərdən güzgüyə baxıb öz əhvalınızı soruşun..." Heç olmazsa doğum günündə özüylə səmimi olmaq istədi. Bir pıçıldadı: "Necəsən?" Necə olacaqdı? zövqlü libası, saç ustasının səyi əvvəlki görkəmini qaytara bilmirdi. Rəngi-rufu avazımış, gözlərindəki işıq sönmüşdü. Yaxşı deyildi... Ona görə yox ki, yaşının üstünə yaş gəlirdi. Əksinə, heç vaxt öz doğum gününü belə həsrətlə gözləməmişdi. Xeyli vaxt idi, hər gün təqvimi işarələyir, ad gününə qalan günlərin hesab-kitabını aparırdı. Olan-qalan ümidini bu günə bağlamışdı...

Ev qonaq-qarayla qaynayırdı. Bir yandan da telefonu susmaq bilmirdi. Təbriklərin ardı-arası kəsilmirdi. Amma qiymətli hədiyyələr, gözəl diləklər gözündə deyildi. Heç kimdən yox, bu özəl gündə məhz ondan sürpriz gözləyirdi. Bilirdi ki, onun bir qərarlı addımıyla aralarındakı buz sədlər qalxar, hər şey dəyişə bilər. Ən azından palam-parça olmuş münasibətləri ya sapa düzülər, ya da... Digər ehtimalı beynindən qovmağa çalışırdı. Danışmadıqları, görüşmədikləri bu bir il ərzində içinə yüklənmiş bütün cümlələri, cavabsız sualları beynində saf-çürük edirdi. Amma anası demiş, 100 fikir bir borcu ödəmir ki... O gün anasıyla xeyli mübahisə etdilər. Eləcə israr edirdi ki, unutmalısan, vəssalam. Necə razılaşa bilərdi anasıyla? Sözlə deməyə var? Buna əməl etməyin qədər mümkünsüz olduğunu anası başa düşməliydi axı. Axı niyə içini isidən hissləri öldürüb boşluqla yaşamalıydı? Axı o boşluğu doldura biləcək bir nəsnə tanımırdı. Anası isə bir ucdan üyüdüb tökürdü: "Sevgi boş şeydir. Bu gün var, sabah yoxdur. O dediklərin eşq kitablarında, bir filmlərdə var. Bax, atanla görücü üsulu ilə evlənib necə gözəl yaşayırıq..." Yenə nələrsə söyləyirdi anası, amma artıq onu eşitmirdi. Qadının ağzı balıq kimi açılıb-yumulurdu, səs yox idi. Ya da var idi, ona dəyib qayıdırdı, divara dəyən kimi. Birdən bütün gücünü toplayıb bağırdı, , eynən, qışqırmadı, bağırdı: "Mənə unutmaqdan danışma. Bacarırsansa, mənə unutmamağın reseptini öyrət, ana!" O an susdu anası. Amma susan kimi bənizi bəmbəyaz oldu. Yazıq qadın qızından belə sifət gözləmirdi. Əslində anasını qınamırdı. Bəlkə   ekiz ruhların vəhdətindən  xəbərdar olsaydı, qızına haqq verərdi. Anlayardı ki, kitabları bağlansa da, yolları ayrılsa da, Tanrı tərəfindən içinə həkk  olunmuş ruh ekizini öldürə bilməz...

Telefonun ekranı yandıqca həyəcandan boğazı quruyurdu: "Bax bu dəfə o olacaq". Amma hər dəfə başqa birinin təbrik mesajı, zəngi... Bu müddət ərzində mexaniki şəkildə qonaqları salamlamış, neçə dəfə rəqs etmişdi, kimlərləsə qədəh toqquşdurmuşdu, hətta ad günü tortundan da dadmışdı. Amma etsə , dönüb-dönüb bir nöqtəyə baxırdı: kiçik qara ekrana. baş verirdisə, içində baş verirdi. Uzun müddətdir hiss edirdi ki, xarici görünüşü ilə daxili dünyası arasındakı bağ qopub. Bədəni fiziki anlamda yatıb-durur, yeyib-içir. Amma içi bir nöqtədə quruyub qalıb. Nəyə əl atsa da, bir tərpəniş baş vermirdi. Bir növ daxili iflic yaşayırdı. Boynuna alırdı ki, ilk dəfə "mən olmaq"dan yorulub. "Biz"i tanıyandan bu yana daha mən olmaq istəmirdi...

İlahi, o ağrılı gündən sonra hər şey necə adiləşib, eyniləşib. Heç bir fiziki həzzin əvvəlki dadı qalmayıb: sevdiyi təamların, vurduğu ətirlərin, izlədiyi filmlərin, dinlədiyi musiqilərin. Hər şey boz rəngə bürünüb. Sanki hava da, mahnılar , filmlər , yeməklər boz rəngdədir, əsl mahiyyətini itirmiş kimidir. Çünki hər notda, hər ətirdə, hər dadda, hər misrada "biz" vardı. Artıq onları tək halda həzm edə bilmirdi. "Biz" olan hər şeyi - birgə gülüşlərini, davalarını, göz yaşlarını, baxışmalarını görmə trayektoriyasına ilişib qalmış  daha nələri dondurub, saniyə-saniyə, kadr-kadr xatırlamaq istəyirdi. Qorxurdu, günlərin bir günü yuxudan durub görər ki, hafizəsindəki o  sevimli obraz yoxa çıxıb, silinib. Arada fraqment-fraqment onun təsvirlərini çəkirdi: göz, saç ya əl fraqmenti. Bununla rahatlaşırdı. Amma heç vaxt onu bütövlükdə çəkməyə cəhd etməmişdi. Beynindəki "o" obrazı o qədər işıqlı idi ki, haqqını layiqincə verə bilməməkdən qorxurdu. Yaddaşını möhkəmlətmək üçün onun pazllarını qarşılaşdığı başqa oğlanlarda axtarırdı: "Bunda onun duruşu var, o birində isə barmaqları..." Xırda bənzərlik belə diqqətini cəlb edirdi. Uzun-uzun baxırdı o adama, baxdıqca da içi isinirdi. Sanki həmin an onunla qarşılaşmış kimi olurdu. Birdən lap yaxınlıqda kimsə güldü. Başını qaldırdı: qonşu oğlan idi. Qəribədir. İlk dəfə qonşu oğlanla onun təbəssümünü bənzətdi.

Saat 12-ni vururdu. Bu günün son akkordları... "Bəlkə gecənin ən son təbriki ondan gələcək?" Ovcunda sıxdığı telefonun qaralmış ekranına ani nəzər saldı bütün ruhuyla içindəki "Biz"in qırılıb sonsuzluğa yuvarlandığını duydu. O an qərarlıydı. Aralarındakı son bağı qoparmaq istəyirdi. Telefonun nömrəsini çıxarıb eyvandan aşağı tulladı. Qəfil isti bir təmas çiyinlərinə toxundu:

- Əllərin necə əsir... Əməlli-başlı donmusan ki... Üzün, gözün göyərib. Soyuq səni   almamış yaxşı-yaxşı pencəyə bürün.

Başını qaldırıb gözlərinə hərarətlə dikilmiş qonşu oğlana baxdı. Deyəsən, üzbəüz yaşadıqları bu illər ərzində ilk dəfə görürdü onun baxışlarındakı hərarəti. Ya bəlkə o heç vaxt belə baxmamışdı?..

- Bu gün yaman fikirliydin. Yoxsa, bir yaş da gəncləşməyin dərdini çəkirsən?

Gülüşdülər. Son günlər ərzində ilk dəfə üzü gülürdü. Qonşu oğlansa bundan xəbərsizdi:

- Şamları üfürəndə arzu tutmuşdun? Qoy tapım, sənin kimi gənc xanım ancaq böyük  eşq arzulayar...

Gülümsəməyə çalışsa da, titrəməsinin artdığını hiss etdi. Yavaş-yavaş içi donurdu. Şaxtanın əvvəlcə dərisini, sonra bircə-bircə daxili orqanlarını, iliklərini bürüyüb işğal etdiyini duydu. Yox, bu elə-belə baş vermirdi. Hardasa dərin qatlarda yanan sevgi çırağı dörd tərəfini bürümüş soyuğun təsirindən öləziyib, öləziyib sönürdü. Yavaş-yavaş uşaq vaxtı izlədiyi cizgi filmindəki qar kraliçaya çevrilirdi. Acı-acı gülümsündü: "Eşq..."

- Mən eşqə inanmıram ki...

- Necə yəni? Yəni heç?

- Heç. Əllə tutulmayan, gözlə görünməyən bir şeyə necə inanasan... Düz demirəm?

- Orası elədir. Amma bu leylilər-məcnunlar, əslilər-kərəmlər elə-belə yazılmayıb da.

- Elə məsələ ondadır ki, onlar hamısı nağıldır, əfsanədir. Reallıqsa daha sadədir. Olmayan bir şeyə inanaraq həyatı ötürmək olmaz...

- Yəqin ki. Maraqlı məntiqli yanaşman var. Ora bax, ora bax. Ulduz axır.

- Ay da, . Tez arzu tutaq:

Eyni anda pıçıldadılar:

- Hüzur...

Qonşu oğlan onun buz kimi barmaqlarından tutdu:

- Doğum günün mübarək, qonşu qızı. Yeni yaşın hüzurlu gəlsin.

- Sağ ol. Təsəvvür eləmirsən, bu təbrikin necə yerinə düşdü.

Dərindən nəfəs aldı. Soyuq hava ciyərlərini yaladıqca yüngülləşirdi. Ona elə gəlirdi ki, bu saniyələrdə içində əvvəlkindən fərqli, yeni bir mən doğulur. Pıçıldadı: "Yaxşıyam..."

 

Günel MEHRİ

525-ci qəzet.- 2023.- 20 iyun.- S.15.