"Əhsənüt-təvarix"  - "Tarixlərin ən yaxşısı": Şahin Fazilin tərcüməsində

 

Səfəvi və Osmanlı tarixinə və tarixşünaslığına dərindən bələd olan və bu mövzularda qiymətli monoqrafiyaları ilə tarix elmimizi zənginləşdirən Şahin Fazilahin Fazil oğlu Fərzəliyev) təqribən 24 il ağır zəhmətdən sonra Azərbaycan, Osmanlı və ümumən Şərq tarixi üçün çox qiymətli mənbə olan iki möhtəşəm əsəri farscadan ana dilimizə yüksək akademik səviyyədə tərcümə edərək elmi ictimaiyyətin ixtiyarına verdi. Bunlardan biri görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın (1560-1634) təqribən iki min səhifəlik "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi"), digəri isə İsgəndər bəyin tez-tez istinad etdiyi, tanınmış Azərbaycan tarixçisi Həsən bəy Rumlunun (1530-1578) "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") əsəridir. Hər iki əsər yazarlarının dövrün mövcud mənbələri əsasında  dərindən araşdırdığı, şahidlik etdiyi, bir çox hallarda iştirak etdiyi, yaxından izlədiyi hadisə proseslərin, hökmdarların digər mühüm şəxsiyyətlərin həyat fəaliyyətlərinin bənzərsiz salnaməsi sayıla bilər. İsgəndər bəy Münşi Türkmanın adı çəkilən əsəri ötən illərdə AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr edilmiş, elmi ictimaiyyət tərəfindən maraq təqdirlə qarşılanmışdı.

Bu yazımızda məhz "Həsən bəy Rumlunun "Əhsənüt-təvarix"inin bu günlərdə nəşr edilmiş birinci cildi haqqında şərhlərimizi düşüncələrimizi dəyərli oxucularla bölüşməyi lazım bildik.

"Əhsənüt-təvarixi"in bu cildi XV əsrdə tarixi Azərbaycan coğrafiyasında ətrafında yerləşən ölkələrdəki dövlətlərdən, o dövrdə cərəyan edən siyasi proseslərdən, tanınmış tarixi şəxsiyyətlərdən, dövlət, elm, ədəbiyyat xadimlərindən, davamlı müharibələrdən cürbəcür hadisələrdən bəhs etməklə həmin dövrün ümumi mənzərəsini əks etdirən mənbə kimi əvəzsizdir. Təsadüfi deyil ki, bu əsər Azərbaycanın, eləcə dünyanın tanınmış tarixçilərinin şərqşünaslarının ən çox istinad etdikləri mənbələr sırasındadır

"Əhsənüt-təvarix"in təqdim edilən nəşrinə  AMEA prezidenti, akademik İsa Həbibbəylinin yazdığı önsözdə Ş.Fazilin elmi-ədəbi fəaliyyəti yüksək dəyərləndirilməklə yanaşı, "Əhsənüt-təvarix"in  tərcüməsinin nəşrinin elmimizə əhəmiyyətli töhfə olduğu vurğulanır. AMEA Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov sözügedən mənbənin  qocaman şərqşünas alim Ş.Fazil tərəfindən ana dilimizə tərcüməsini "mühüm nailiyyət, həm mütəxəssislərə, həm geniş oxucu kütləsinə böyük töhfə" kimi dəyərləndirir. Kitabda habelə akademik Yaqub Mahmudovun çox geniş əhatəli məqaləsi yer alır. "Dörd yüz ildən sonrakı görüş, yaxud salnaməçi Həsən Rumlu tarixçi Şahin Fazil" adlanan bu məqalədə ömrünün 50 ilini tariximizin orta əsrlərə dair mənbələrinin  tarixşünaslıq materiallarının öyrənilməsinə sərf edən Ş.Fazilin bu elmi xidməti yüksək qiymətləndirilir. Eyni zamanda, "Əhsənüt-təvarix" təkcə Azərbaycan xalqının deyil, bir sıra yaxın-uzaq xalqların dövlətlərin siyasi, ictimai-mədəni tarixinə vəziyyətinə dair geniş məlumatlar verən qaynaq kimi xarakterizə edilir.

Qeyd etmək lazımdır ki, əlimizdə olan "Əhsənüt-təvarix"in müəllifi Həsən bəy Rumlunun ("Rumlu" ifadəsi Ərzirum digər Anadolu torpaqları anlamında idi - E.M.) qeydlərindən məlum olduğu kimi, onun on cilddən ibarət olan, yaxud  on cilddə olması nəzərdə tutulan tarix əsərinin yalnız son hissəsidir ki, müəllif onu iki cilddə hazırlamışdı. Burada 1404-1405-ci ildən, yəni Əmir Teymurun nəvəsi Şahruxun Xorasanda şahlığa keçməsindən 1578-ci ilədək böyük bir coğrafiyada 174 ildə baş verən hadisələrdən söz açılır. Təsadüfi deyildir ki, Həsən bəyin əsəri zamanında, eləcə , ondan sonrakı illərdə dövrün salnaməçiləri, tarixşünasları üçün XV-XVI əsrlərə dair ən möhtəbər qaynaq kimi əsas götürülür. Məşhur "Tarixe-aləmaraye-Abbasi" kitabının müəllifi, görkəmli Azərbaycan tarixçisi dövlət xadimi İsgəndər bəy Münşi yazırdı: "Rumlu tarixçisi mərhum Həsən bəy o həzrətin (I Şah Təhmasibin) zamanında "Əhsənüt-təvarix" adlı elə bir kitab yazmışdır ki, ...bizdə elə yazmaq bacarığı yoxdur".

Həqiqətən , bu əsərdə haqqında bəhs edilən ölkələrin, xalqların, şəxsiyyətlərin, yer adlarının, işlədilən istilahların miqyası heyrətamiz dərəcədə genişdir. Xüsusilə , Azərbaycan dövlətləri olan Qaraqoyunlu dövləti onun hökmdarları Qara Yusif Türkman, Cahanşah Qaraqoyunlu barəsində müəllifin əsasən hüsn-rəğbətlə bəhs etməsi, Qara Yusifi gah "Türkman şəhriyarı", gah "İran padşahı", gah da "Azərbaycan şəhriyarı" adlandırması diqqətçəkicidir. Həsən bəy Qara Yusif haqqında yazırdı: "Qara Yusif cəng meydanında qantökən şir, işrət məclisində isə gövhərsaçan bulud idi. Ədaləti insafı ilə tanınmışdı, əliaçıqlığı ilə məşhur olmuşdu. Xoş əxlaqı ilə bütün adamlardan seçilirdi. Bütün işlərində o həmişə İlahi xofunu xatırlayır, insanlarla ədalətlə davranırdı... Üzüyünün üstündə bu sözlər yazılmışdı: "Ədalətlə işləyən adam məlik, zülmkarlıq edən adam isə həlak olar".

Ş.Fazilin orta çağların bəlağətli nəsr şeir dilini farscadan Azərbaycan dilinə üslubunu, vəznini ahəngini qoruyub saxlamaqla etdiyi tərcüməni oxuduqca bu qənaətə gəlmək olur ki, sanki qarşımızdakı  tərcümə əsəri deyildir. Müqayisə etdikdə, hətta bir çox hallarda tərcümə yazıldığı dildən təkmil poetik görünməkdədir. Belə yüksək poetik tərcümə bir daha Ş.Fazilin sıradan bir şair olmadığının  göstəricisidir.

Qüdrətli milli istiqlal şairimiz, şəxsən ünsiyyətdə olduğum dərin ehtiram bəslədiyim Bəxtiyar Vahabzadə (ruhu şad olsun!) şeirlərindən birində deyirdi:

 

...Qatlayıb dizinin altına qoyar

Alim Bəxtiyarı şair Bəxtiyar.

 

Hər dəfə Ş.Fazilin yeni elmi əsərini, ya yeni "Divan"ını açanda istər-istəməz böyük şairimizin yuxarıdakı kəlamı yadıma düşür. Düşünürım ki, tarix elmləri doktoru, professor, tanınmış orta cağ tarixçisi, eyni zamanda təqribən beş min səhifəlik beş "Divan" (Divanlar Xəmsəsi) müəllifi Şahin Fazil şair ağırlığında alim, alim ağırlığında şairdir. Şeirləri kimi, tarixi tədqiqatları tərcümələri peşəsinə sevgidən İlahi töhfəsi olan ilhamından qaynaqlanır. Bir neçə ay bundan öncə iki kitabda, 1550 səhifədə nəşr edilən "Beşinci Divan"ında Həsən bəy Rumluya həsr etdiyi 28 beytlik qəsidəsi onun tədqiqatçılıq istedadı ilə ilhamının təbii vəhdətinin ifadəsidir.

Əvvəlcə Həsən bəy Rumlunun kimliyi haqqında qısa məlumat vermək istərdik. Təəssüf ki, o dövrün salnaməçiləri, təzkirəçiləri hökmdarlar hakimiyyətlər, siyasi çəkişmələr müharibələr haqqında xırda təfərrüatları belə qələmə aldıqları halda, özləri barəsində yalnız ötəri, qısa məlumatlarla kifayətlənmişlər. Öz yazdıqlarından məlum olur ki, Həsən bəy Qəzvin hakimi Əmir Sultan Rumlunun nəvəsi idi, hicri 937, miladi ilə 1530/31-ci ildə doğulmuşdu, atasını erkən itirmişdi, yaxşı təhsil almış, Şah Təhmasibin (şahlığı:1524-1576) yürüşlərində qorçi (şah qvardiyasının  döyüşçüsü) olaraq iştirak etmiş, 1578-ci ildən isə Şah Xudabəndənin (şahlığı:1578-1587) xidmətində olmuş, yaşadığı dövrün hadisələrini məharətlə qələmə almışdı. Həsən bəyin özünün yazdığına görə o, 12 cildlik tarix yazmağı, hər cilddə ötən bir əsri əhatə etməyi nəzərdə tutmuşdu. Haqqında bəhs etdiyimiz "Əhsənüt-təvarix"in XV-XVI əsrləri əhatə edən XI-XII cildləridir. Əvvəlki, cildlər tapılmayıb, bəlkə heç yazılmayıb da. Lakin, elə mövzular var ki, onlardan söz açanda Həsən bəy bunun əvvəlki cilddə yer aldığını yazır.

Yuxarıda qeyd olunduğu kimi, əldə olan Avropa dillərində qismən təqdim edilən bu son ikicildlik əsər həmin dövrdə Azərbaycan ərazisində, eləcə qonşu bölgələrdəki tarixi hadisələri əks etdirmək baxımından həm Şərq, həm Qərb şərqşünasları üçün hər zaman qiymətli qaynaq rolunu oynayıb. Yəni, Qaraqoyunlu, Ağqoyunlu, Azərbaycan Səfəvi dövləti, Osmanlı imperatorluğu, Teymurilər hakimiyyəti, Şirvanşahlar dövləti, onların qarşılıqlı əlaqələri, savaşları barışları haqqında ən qiymətli əsərlərdən biri məhz budur. 1405-ci ildən başlayaraq hər ilin əsas hadisələrini gələmə alan Həsən bəy bir sıra müasirləri ilə müqayisədə hadisələrə şəxsiyyətlərə münasibətdə əsasən tərəfsiz obyektiv mövqe sərgiləyir. Tərəddüdsüz demək olar ki, Həsən bəy həm istedadlı bir şair idi tarixi hadisələrin təsviri şərhi zamanı özünün digər şairlərin yüzlərlə şeir nümunələrindən yerində istifadə etməklə sanki onların nəzmlə rəsmini çəkib. Ş.Fazil isə həmin şeirləri məharət peşəkarlıqla fars dilindən Azərbaycan türkcəsinə  əsasən vəzni qafiyəsi ilə tərcümə etməklə ədəbiyyatımıza da öz töhfəsini verib.

Həsən bəy Rumlu tarixi-siyasi hadisələrlə yanaşı, dövrünün ədəbiyyatına da yaxından bələd idi onun əsərində bir sıra Azərbaycan şairlərinin həyatına yaradıcılığına, dünyagörüşünə dair qiymətli məlumatlara rast gəlirik. Məsələn, Xorasan hökmdarı Şahruxa törədilən qəsdlə əlaqədar Həsən bəy yazır: "Bu il Şahrux padşah Heratın came məscidindən çıxdığı vaxt hürufilərin sərdarı olan Mövlana Fəzlullah Astrabadinin (Nəimi - E.M.) müridlərindən Əhməd Lur adlı bir kətan geyimli şəxs şikayətçi kimi əlində bir kağız tutduğu halda ona yaxınlaşdı. O həzrət (Şahrux - E.M.) mülazimlərindən birinə onun məqsədini öyrənib ərz etməsini buyurdu. Əhməd Lur qabağa gəlib, padşahın qarnına bir bıçaq sapladı..."

Yaxud, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin ölümü barəsində oxuyuruq: "Bu il Seyid Nəsimi öldürüldü... Bunun səbəbi onun cavan birinə  bağlanması idi... Bir gün Hələb üləmalarından biri ondan soruşdu: "Sən bu cavanın üzündə görmüsən?"  Dedi: "Onun çöhrə aynasında Haqqın surətini müşahidə edirəm". ...  Alim  dedi: "O cavanı biz görürük, amma  Haqqın  surəti bizim gözümüzə dəymir". Dedi: "Bu Qaf dövlətinin Ənqa quşu sizin qabiliyyətinizi (yəni görmə bacarığınızı - mütərcim) özünə yuva edə bilməmiş, səadətin Hüma quşu isə o böyük kölgəni sizin həşəmət başınıza salmamışdır". Seyid Nəsimi o alimin arasında bu söhbət olduqdan sonra o şəxs üləmaların yanına getdi, onun dediklərinə bir neçə yalan sözlər artırdı. Seyid bir gün bu qəzəli dedi:

 

Həqbin nəzər olmazsa,

görməz məni bir kimsə,

Allahın üzün görməz, xudbinsə əgər gözlər.

 

 

Qəlb ayinədir öylə, varsa görüşə təşnə,

Musa kimi həzrət tək Tur içrə camal izlər.

 

 

Göz var isə hər kəsdə gördükdə o rüsxarı,

Ənvare-təcəllanı bizlər kimi seyr eylər.

 

 

Gəldi o üzün kəşfi "Allah cəmil" ilə,

Ölgünsə əgər bir qəlb bu şərhə söz söylər?

 

 

Rüxsarın ilə verdin göz nuru Nəsimiyə,

Görmürsə səni, qeyri bir şəxsi görər gözlər?

 

(Qeyd: Əsərdəki digər şeir qəzəllər kimi, Nəsiminin farsca yazdığı bu qəzəlin tərcüməsi Şahin Fazilə məxsusdur).

Bu qəzəli təqdim edəndən sonra Həsən bəy yazır: "O cavan daim Nəsiminin beytlərini söylərdi. Onu tutub soruşdular: "Bu, Nəsiminin şeiridir, yoxsa sənin? Dedi: "Mənim şeirimdir". Onu dar ağacından asmaq istədikdə, Seyid Nəsimi özünü çatdırıb: "Mənim şeirimdir" dedi. Buna görə Seyidin dərisini soydular. Dəri soyulan vaxt həddindən çox qan axdığı üçün rəngi saraldı. Ona "Rəngin niyə saraldı?" sualı verildikdə, dedi: "Mən eşqin doğulduğu yerdən zahir olan eşq asimanının günəşiyəm. Günəş isə qürub vaxtı saralır".

 

(Ardı var)

 

 

Eynulla MƏDƏTLİ

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

525-ci qəzet.- 2023.- 20 iyun.- S.13.