"Könlümün sevgili məhbubu" Quba  

 

Qubam haqqında bu yazını romantik şair Abbas Səhhətin məşhur "Vətən" şeirindən gətirdiyim bu sözlərlə başlamağım təsadüfi deyil:

 

Könlümün sevgili məhbubu mənim

Vətənimdir, vətənimdir, vətənim!

 

Vətən mənim üçün Qubadan, dünyaya göz açdığım qədim türk obası İspik kəndindən başlayır. Biz kənd uşaqları ilk dəfə ayaq açanda dəbdəbəli evlərdə yeriməmişik, həyətdə, torpağın üstündə gəzməyə başlamışıq. Uşaq ilk addımlarını atanda tez-tez yıxılır, təəccübdən ağzını açır torpaq ağzına dolur. Mən ilk dəfə beləcə İspik kəndindəki həyətimizdə yıxılanda ağzıma Quba torpağı dolub. Mən torpağın dadını ilk dəfə onda bilmişəm. Sonralar həmin torpaq məni görkəmli alim vətəndaş eləyib. Cəsur sovet kəşfiyyatçısı Nohan Vaysın qəhrəmanlığından bəhs edən "Qalxan qılınc"  filmindəki mahnı mənim gənclik nəğməmdir:

 

Hardan başlanır vətən, nədən başlanır vətən,

Əlifba kitabının ilk sətirlərindən

Əsgər ataların qəlbindən qopan

Məhəbbət andı ilə başlanır vətən.

 

Vətən insanın öz içindən başlanır: mahnı kimi, sevgi kimi. Vətən insanın arzularında əməllərində yaşayır. Mən Vətənim - Qubamı sətir-sətir əsərlərimdə 40 kitabıma, 300 məqaləmə köçürmüşəm. 70 yaşımın tamamına bir il qalır. Bu ömür ərzində heç vaxt Qubasız qalmamışam, hara getmişəmsə özümdən əvvəl Qubanın adını çəkmişəm. Bu ad mənim kimlik sənədim, şəxsiyyətimin möhürüdür.

Uşaqlarım həmişə Bakıdan Qubaya gələndə Qubanın ərazisinə girəndə xorla oxuyurlar:

 

Bir yanın şah dağı, bir yanın Xəzər,

Meyvəli bağların aləmi bəzər.

Sən belə deyildin əzəl, ay Quba,

qədər gözəlsən, gözəl, ay Quba.

 

 Qubanın təbiəti Allahın şah əsəridir, mənim Qubam gözəllər gözəlindən gözəldir. Bu diyarın həm hüsnü gözəldir, həm mənəviyyatı.

Qubada tarixi-ictimai mühiti böyük-kiçik münasibətləri ailə kultu müəyyənləşdirir. Qubalı ailəsi yüksək sevgi, sərt əxlaq, qarşılıqlı hörmət, sədaqət üzərində qurulur.

Qubanın tarixi haqqında yekdil bir fikir yoxdur. Bəziləri onu Nadir şahın sözü ilə əlaqələndirir. Nadir şahın qoşununu yara basır, şah qoşunu Qubaya Xaltan kəndinə gətirib orada yerdən çıxan isti suya salır. Ərazidən keçəndə bir qübbə görür buranı "Qübbəli şəhər" adlandırır. Əlbəttə, bu məlumatın elmi əsası yoxdur. Ruslar bir neçə il əvvəl Qubanın can şəhəri Dərbəndin 5000 illiyini qeyd edib, bu barədə sanballı bir kitab buraxdılar. Mənim dostum, ləyaqətli Qubalı ziyalı Əkrəm Qaflanoğlu bu yaxınlarda yanıma gəlmişdi, danışdı ki, Məkkədə olub heyrətə gəlib ki, Məkkənin qapılarından biri "Quba" adlanır. Bu eləyir VII əsr. Deməli, Quba hələ islamın meydana gəlməyi VII əsrdə nəinki mövcud, hətta məşhur imiş.

Ssenarisini Mehdi Hüseyn Ənvər Məmmədxanlı yazan "Fətəli xan" filmində deyilir: " qədər ki, Bakı Azərbaycanın döyünən ürəyi, Quba təfəkkür mərkəzi olma-yacaq Azərbaycan azad ola bilməz".

Qubalılar bəşəri təfəkkürə, Şərq mənəviyyatına malik qəhrəman xalq, vətənçilik dövlətçilik amalı ilə yaşayan əsl vətəndaşlardır. Quba əhalisi polietnik, fəqət, türkəsillidir. Quba bu gün dövlətimizin yürütdüyü tolerantlığın  mükəmməl bir modelidir. Burada onlarla etnik qrup vətənçilik bağlantısı ilə mehriban yaşayır.

AMEA-nın Ədəbiyyat İnstitutunda baş elmi işçi işləyirdim. Bir gün Mərkəzi Komitədən gəlmiş direktorumuz, AMEA-nın müxbir üzvi, çox ciddi sərt Əziz Mirəhmədov məni yanına çağırdı. Kabinetə girəndə gördüm ki, iki müxbir üzvü - Əziz müəllim əslən qubalı, görkəmli dilçi Əliheydər Orucov söhbət edirlər. Salam-kəlamdan sonra Əziz müəllim dedi:

- Ministr (o mənə belə müraciət edirdi, bunun da öz tarixçəsi var), Əliheydər Qaşumoviçlə mərc gəlmişik: qubalıları fərqləndirən əsas xüsusiyyət hansıdır?! Bu suala gənc istedadlı qubalı kimi səndən cavab istəyirik. Ortada iki yüz manat var, cavabın bizi razı salsa, sən udub mərci aparacaqsan.

İlk ağlıma gələni dedim: qubalılar bəşəri düşüncəlidir, yerlipərəst deyillər. Əziz müəllim dedi: Əh, bunu biz bilirik, sən təzə bir söz de. Onda çoxdan düşündüyüm bir fikri söylədim: Qubada hansı qapını döysən, arxasından bir hakimiyyət çıxacaq.

Əliheydər müəllim durub məni qucaqladı. Əziz müəllimin sallaq dodaqlarına təbəssüm ( təəccüb) qondu. Dedi ki, bu iki yüz manat sənindir, ancaq bizə bir balıq qonaqlığı ver. Məclisdə çox maraqlı söhbətlər etdik...

Qubalılar yüksək qürura, aydın dövlətçilik təfəkkürünə malik, qanunlara hörmət bəsləyən ədalətli insanlardır.   

Bədnam "Türkmənçay" müqaviləsinə (1828), Azərbaycanı iki yerə bölən, işğal aktına qarşı ilk böyük etiraz - üsyan 1837-ci ildə Qubada baş vermişdi.

Məhəmməd Yarəlinin başçılığı ilə baş tutan üsyanda 12 min adam iştirak edirdi. Kortəbii kəndin üsyanı xəyanət nəticəsində məğlub olsa da, işğalçı Rus impe-riyasını kökündən sarsıdan tarixi hadisə idi. 15 nəfər fəal üsyançı Quba meydanında asılaraq edam edildi, Hacı Məhəmməd Sibirə sürgünə göndərildi, Yarəli qaçıb gizləndi gizli fəaliyyətini davam etdirdi.

Quba çox gözəldir: lacivərd vadilər, meyvəli bağlar, zümrüd meşələr, buz bulaqlar, təmiz hava s. Mənə şəxsiyyətimlə bağlı jurnalistlər sual verəndə həmişə demişəm: mən dağ uşağıyam, ruhum təbii gözəlliklərlə nəfəs alıb, uca Şah dağından qürur əzəmət, müqəddəs Baba dağından ülviyyət əxz etmişəm. Bu qənaət təkcə mənə yox, bütün istedadı, şəxsiyyətli, vətənpərvər, cəsarətli qubalılara aid "fəlsəfədir".

Qubanın dağ kəndlərində - Xınalıqda, Haputda, Əlikdə, Cekdə, Buduqda, Qırızda yaşayanlar çox qədim xalqlar, müxtəlif dilləri olsa da, etnik türklər alban tayfalarının varisləridir. Bunu hər şeydən əvvəl onların tarixi, məişət, quruluş, adət-ənənələrdə təzahür edən dünyagörüş sistemi deyir.

Mənim dostum, şair tədqiqatçı Cabir Albantürk, Alpan-alplar kəndi (bəlkə Alban!) haqqında çox mənalı bir kitab yazıb.

Qubada gəlinlər dağlara baxanda qaynatasını görübmüş kimi utanaraq yaşmaqlanırlar. Ümumən, Quba əhalisi unikaldır: kişilər uca boylu, sarışın, mavi gözlü, qıvrım saçlı, üzügülər -  təbəssümlü, cəsarətli, güclü, fəqət mehriban xeyirxahdır. Bizim kənddə heç adını, kimliyini soruşmadan böyük inam etibarla gələn qonağı evə dəvət edir, ən yaxşı yeməkləri, ən bahalı yorğan-döşəyi qonaq üçün saxlayırlar.

Quba qadınları-qızları gəlinləri heç kimə bənzəməyən xüsusi bir aləmdir. Quba xanımları da, qamətli, bəyaz sifətli, əsasən mavi gözlü, gülərüzlü, səmimi, mərhəmətli, cəsur sevməyi bacaran, zora boyun əyməyən mərd, namuslu qeyrətlidir. Bir sözlə, Qubanın xanımları öz hüsnləri ilə bu mahalın təbii gözəlliklərinə gözəllik qatırlar. Qubamın qızlarını düşünəndə hürufi şair-filosof Nəsiminin:

Səni bu hüsni-camal ilə, kamal ilə görüb

Qorxdular həq deməyə, döndülər insan dedilər.

dahi "Qəlb şairi" (E.Bertels) gözəllik məhəbbət nəğməkarı Füzulinin:

Heyrət ey büt! Surətin gördükdə lal eylər məni,

Sürəti-halım görən, surət xəyal eylər məni.

beytləri yada düşür. Quba gözəllərinin qarşısında heyrətdən donub qalmamaq, həyəcandan  dili tutulub lal olmamaq mümkün deyil...

Qubanın təbiəti gözəl, torpağı bərəkətlidir. Lakin bu gözəllik, ümumən gözəl təbiət Allahın töhfəsidir.  Biz insanlar bu təbiətə heş bir şey əlavə etməmişik.

İndi isə bir qədər gözəlliyi ilə hamını heyran edən Qubanın bugünkü problemlərindən danışmaq istəyirəm.

Quba rayonu, yumşaq desəm,  ictimai diqqətdən kənarda qalıb. Buranın gözəl əhalisi bir çox problemlərlə üz-üzədir.

Həmin  problemlərdən bir neçəsini qeyd edim:

1. Vaxtilə Quba Konserv zavodu bütün SSRİ-ni məhsulla təmin edirdi, orada minə yaxın adam işləyirdi dolanırdı. Təəssüf ki, bu gün bunu görmürük;

2. Qubada zavod fabriklər, məsələn, Kiçik müəhərriklər zavodu var idi. İndiki vəziyyətdə onun bərpasına ciddi ehtiyac var;

3. Şəmsəddin Xanbabayev icra hakimiyyətinin başçısı olduğu illərdə qonşu Xaçmazı xeyli inkişaf etdirdi. Yaxud da götürək elə Qusarı. Qusar bu gün Avropa şəhərlərinə oxşayır. Lakin Quba haqqında bunu demək mümkün deyil;

4. Rayon rəhbərliyi əhalinin problemləri ilə maraqlanmır, rayon sakinləri onları, digər vəzifəli məmurları axtaranda tapa bilmirlər;

5. Qubada müəyyən bir durğunluq hökm sürür - hamını hər şeydən "razı salmaq" kursu hökm sürür, adamlar pıçhapıçla danışır;

6. Kəndlər qazlaşdırılmayıb. Məsələn mənim İspik kəndim Qubadan vur-tut 9 kilometr məsafədədir, burada meşələri qırıb odun yandırırlar, kəndarası yollar isə bərbad vəziyyətdədir;

7. Qubada bəzi kəndlər hələ XIX əsrdə rusların verdiyi adla adlanır - Aleksevka, Petropavlovki, Vladimirovka. Mənim bağ evim Aleksevka kəndindədir. Deməyə utanıram, türkün düşməni olan I Pyotrun, rus çarı Alekseyin adlarını bu vaxta qədər saxlamaq görəsən kimə nəyə lazımdır ki?;

8. Digər rayonlarda rəhbərlər həmin rayondan çıxmış görkəmli ziyalılarla mütəmadi maraqlanırlar. Təəssüf ki, Quba haqqında bunu demək olmaz. Hər yay üç ay doğma rayonumda olur, Diaqnostika mərkəzində hemo-dializ olunuram, bu tibb kollektivindən yerlə-göy qədər razıyam. Burada bütün ağır xəstələr diqqət qayğı ilə əhatə olunub. Amma rayon rəhbərliyindən heç kim gəlib soruşmur ki, necəsən? Təkcə, Quba muzeyinin direktoru Məryəm Hacıyeva mənimlə əlaqə saxlayır.

Qeyd edim ki, mən bu yazını bitirəndən sonra Prezidentin sərəncamı ilə Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olundu. Gəlin ümid edək ki, Qubaya yeni təyin olunacaq icra başçısı sələfinin buraxdığı səhvləri təkrarlamaz, rayonun inkişafı əhalinin rifahı naminə səylə çalışar.

Bir vətəndaş alim - Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor olaraq Azərbaycanın hər yeri mənim üçün əzizdir. Mən bunu hələ 2006-cı ildə çap olunmuş "Azərbaycançılıq" kitabımla təsdiq etmişəm. Mən hər şeydən əvvəl bir türkəm, türkçü ziyalıyam, türk müsəlmanam ən başlıcası bir İspikli, Qubalıyam. Bütün bunlarla fəxr edir, indi qalib ölkənin vətəndaşı kimi şərəflə, millətimin vəziyyətinə uyğun yaşayıram, böyük ailəm - dörd övladım, səkkiz nəvəm var.

Bilirəm, bu yazıda canımın, ruhumun, eşqimin, zehnimin, namusumun Vətəni Qubama övlad sevgimi çatdıra bildimmi? Qubanın hüsnü, gözəlliyi qüruru qarşısında vəcdə gələrək mən doğma diyarıma bir "Quba" şeiri həsr etmişəm. Orada belə misralar var:

 

Dikib gözlərimi Şah zirvəsinə,

Bəhrəli bağların aynası Quba.

Ağappaq don geyib Şahın qarından

Azəri yurdunun çalması Quba.

 

Quba tarix boyu zirvədə olub, gələcəkdə ucalıqda olacaq. Yarım əsr bundan əqdəm mən Bakıya universitetə gələndə özümlə Şah dağın vüqarını, Baba dağın ülviyyətini, bir qubalı  olaraq kişiliyimi, istedadımı gətirmişəm. İndi - 70 yaş ərəfəsində deyirəm: Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Azərbaycan mənim vətənim, Quba onun ürəyimlə bitişik yeridir.

 

Nizaməddin Şəmsizadə

525-ci qəzet.- 2023.- 20 iyun.- S.11.