VI Beynəlxalq Musiqi Festivalının Muğam axşamı konserti olub
Muğam aləmi VI Beynəlxalq Musiqi Festivalı davam edir.
525.az-ın
xəbərinə görə,
festivalın proqramına
müxtəlif ənənəvi
və yeni musiqi janrlarından ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və musiqi ifaçılarının
müsabiqəsi daxil edilib.
Ötən gün axşam
festival çərçivəsində Daş Salnamə Muzeyində muğam axşamı təşkil
olunub. Musiqisevərlər
muğam sənətinin
təbliğində böyük
rolu olan tanınmış və sevilən xanəndələrin
təqdimatında muğam
aləminə səyahət
ediblər. Muğam axşamında Xalq artisti Mənsum
İbrahimov, Əməkdar artistlər
Təyyar Bayramov, Babək
Niftəliyev, Sevinc Sarıyeva, eləcə də Aytən Məhərrəmova, Hüseyn
Məlikov, Mirələm
Mirələmov Rast,
Şur, Bayatı-Şiraz,
Segah, Humayun, Şüştər,
Çahargah muğamlarını
ifa ediblər.
Daş Salnamə Muzeyində həmçinin muğam ifaçılarının fotolarından
ibarət sərgi də təqdim olunub. Daha çox
muğam ifaçılarını
öz kamerasının
lentinə köçürən
özbəkistanlı fotoqraf
Hüsniddin Ato sənətçilərə sevgisini
onların fotoşəkillərini
bir araya toplayaraq nümayiş etdirib.
İyunun
19-da festival çərçivəsində
Azərbaycan Milli Konservatoriyasında
konsert proqramı olub. İranlı Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifa ediblər.
Musiqiçilərin çıxışı
böyük maraqla qarşılanıb.
Muğam aləmi VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində isə
əfqan rübabı
və hind sarodunun dünyaşöhrətli ifaçısı
Daud Xan Sadozai musiqi ansamblı ilə çıxış edib.
Daud Xan
Sadozai mütəmadi olaraq solo konsertlər
verərək müxtəlif
musiqiçilər və
nüfuzlu ansambllarla, eyni zamanda öz
ansamblı ilə çıxış edir.
O, ifaçısı olduğu
alətlərin klassik
və ənənəvi
folklor üslublarının
gözəlliyini, klassik
qəzəli böyük
incəlik və ornamentlərlə nümayiş
etdirməyə nail olur. D.Sadozai müntəzəm şəkildə
Avropa ölkələrində
ustad dərsləri və seminarlarda iştirak edir. O, həmçinin əfqan musiqisinin inkişafı, təbliği və qorunmasında göstərdiyi
xidmətlərə görə
2019-2022-ci illərdə Ağa
Xan Musiqi Mükafatına layiq görülüb.
Festival iyunun 25-dək davam edəcək.
525-ci
qəzet.- 2023.- 20 iyun.- S.9.